“Abbasın oğlunun meyidini gətiriblər”. Bu xəbər bir an içində kəndə yayıldı. Camaat Abbasın evinə tərəf gəlməyə başladı. Kənd adamları son vaxtlar bir neçə belə ölüm hadisəsi görmüşdü. Bu beşinci gənc idi ki, kəndə cənazəsi gətirilirdi. Yenə elə bildilər ki, Rusiyadan gətiriblər. Rusiyada ölənlərin, daha doğrusu öldürülənlərin sayı çoxaldıqca camaat daha təəccüblənmirdi. Abbasın həyətinə yığışan kənd camaatı öz aralarında söhbət edirdilər. -Bunudamı Rusetdə öldürüblər? -Bilmirəm. Vallah, orada olar, daha harada olasıdı ki? Kimsə dedi ki, məncə bunu Rusetdə öldürməyiblər: -Deyəsən, Gürcüstanda öldürüblər! -Ay balam, bizimkilər Gürcüstana gedən deyillər. Bu yazıq hardan gedib ora çıxıb? -Orda erməni çoxdur, yəqin ermənilərin əlinə keçib! -Gürcüstanda iş yox, güc yox, özləri acından günorta dururlar, buna nə iş olasıdı? -Rəhmətlik özü elə deyirdi. Bir varlı adamın fermasında işləyirmiş! Hüzr yerində adamların sayı çoxaldıqca fikirlər də çoxalır, müxtəlif mülahizələr söyləyirdilər. Kişilər həyətə yığışmışdılar. Qadınlar gəldikcə evə keçirdilər. Həyətdə çadır qurulur, stol və skameykalar düzülürdü. Odun yaran, samovara od salan, qazanlara su daşıyanlar, öz işlərini görürdülər. Yas yerində qohum-əqrəba, qonum-qonşu əl-ayaq eləyir, məclisi yola verirdilər. Hamı təmənnasız köməyini əsirgəmirdi. Evdə vay-şivən idi. Anası, bacısı saçlarını yolurdular. Abbas gələnləri qarşılayır, yer göstərir, söz soruşanlara cavab verirdi. Gələnlərdən kimsə Abbasa dedi: -Ay Abbas, vaxt gedir. Ağsaqqallar məsləhət görürlər ki, gün əyilməmiş meyidi yuyub dəfn eləmək lazımdır. Mollaya de, qoy arvadları sakitləşdirsin, meyidi yuyub götürmək lazımdır. Molla evə girdi və qadınlara: -Analar, bacılar, mərhumu yuyub torpağa tapşırmaq lazımdır. Bir gün yaranan bir gün öləcək. Bu mərhumun da taleyi bura qədər imiş. Tanrı bunu öz dərgahına apardı. İzin verin meyidi yuyat yerinə aparsınlar. Cənazə evin ortasında üzü qibləyə qoyulmuşdu. Üstünə qırmızı kəlağayı salınmışdı. Təmiz yorğan-döşəyin altından xalça döşənmişdi. Molla həyətə tərəf səsləndi: -Gəlin, götürün! Kişilərdən beş-altı nəfər içəri girib xalçadan tutdular və qaldırmağa başladılar. Anası özünü meyidin üstünə salmaq istədi. Tutdular, qoymadılar, dizinə, üzünə-gözünə döyə-döyə qışqırıb ağlayırdı. Yuyat yeri hazırlanmışdı. Molla şəriət qanunlarına uyğun olaraq kəfənləmə işinə hazırlıq görmüşdü. Kəfən, pambıq, əlcək, iki ədəd paltar sabunu, qoltuğun altına qoyulan söyüd çubuğu və digər lazım olan şeyləri hazırlamışdı. Meyidi yumağı cavan bir oğlan öz üzərinə götürmüşdü. Kənddə cavanlar bu işə girişmirdi, çoxu qorxurdu, qorxmayanlar da ya istəmirdilər, ya da ağsaqqallar qoymurdular. Bu oğlan isə Qarabağ döyüşlərində iştirak etmişdi və gözünün qabağında nər igidlər həlak olmuşdu. Dəfələrlə gənc döyüşçü dostlarının meyidini yumaq məcburiyyətində qaldığından indi heç nədən çəkinmədən bu işə girişmişdi. Abbas da onun sözünü çevirmədi, oğlu ilə bu oğlan bir sinifdə oxumuşdular. Yuyat yerinin yanında dəli kimi vurnuxan bir adam Əlişin diqqətini cəlb elədi. Bu qonşu kənddən olan Xuduş idi. Xuduş özündə-sözündə deyildi. O tez-tez yuyat yerinə yaxınlaşır, içəri boylanmaq istəyir, geri dönüb bir-iki addım aralanırdı. Kişinin narahatlığı da bitib-tükənmək bilmirdi. Onun bu hərəkətlərini görənlərin hərəsi bir şey fikirləşirdi: “Yazıq, bu cavan oğlanın ölümünə çox yanır, deyəsən”. “Yəqin qohumudu, ya dostudu, ya da bir kənddəndirlər”. Əliş həmin adamı yaxşı tanıyırdı. Xalası onların kəndində ərdə idi. Əliş də xalasıgilə tez-tez gedirdi və Xuduşu xalasıgildə çox görmüşdü. Xuduş xalası ərinin qohumlarından idi. Xuduş da Əlişi yaxşı tanıyırdı. O, Əlişə yaxınlaşdı, qoluna girib: -Əliş, qadan alım, gəl, meyid yuyulan yerə gedək. -Nə var orda, qoy yusunlar. -Qadan alım, gəl girək, ürəyim partlayır. -Sənin ürəyin niyə partlayır ki? -Soruşma, sən balanın canı, gəl mənnən ora girək, meyidə baxmaq istəyirəm. -Baxmaq istəyirsən, gir bax, məni neynəyirsən? -Nə olar, mənnən gir. -Ə-ə, camaat baxır, mən kiməm ora girim, deməzlər ki?.. -Heç nə deməzlər, gəl girək, qurban olum sənə! Qoy son dəfə onun üzünü görüm. -Ə-ə, xalxın uşağının üzünü görmək nəyinə lazımdır? Abbas gəlir, özünü ələ al. Abbas onlara tərəf yaxınlaşdı. Nəsə demək istəyirdi, demədi... Başını aşağı salıb yuyat yerinə yaxınlaşdı. İçəri girmədi. Bir az dayanıb camaatın içinə qayıtdı. Xuduş çırpına-çırpına qalmışdı. Hönkürməkdən özünü güclə saxlayırdı. -Ay Əliş, bunu hansı qolu çürümüş öldürüb? -Deyirlər, Gürcüstanda öldürüblər! -Gürcüstanda nə gəzirmiş ə-ə, bu? -Nə bilim, işləyirmiş! Bir fermerin yanında mala baxırmış! -Nə mal? -İnək, camış! Mal bilmirsən nədi? -Nəyin üstündə öldürüblər? -Düzünü Ənvər bilir. Ənvərdən soruş. Meyidi Gürcüstandan o gətirib! -Əliş, qadan alım, Ənvərlə münasibətim yoxdu, ucundan, qulağından nə eşidibsən, danış! -Vallah, ay Xuduş, mən Ənvərin yalançısıyam. Deyir ki, bu rəhmətlik bir varlı adamın fermasında işləyirmiş. Fermada bundan başqa ana-bala olan iki qadın da varıymış. Qadını fermanın yiyəsi saxlayırmış, sonra da qızını ələ alıb. Bir sözlə, hər ikisini arvad kimi saxlayırmış də-ə, özün başa düş. Bu rəhmətlik də qıznan başlayıb him-cimləşməyə. Ənvər deyir qızı gördüm, keçiləsi can deyildi. Fermer duyuq düşüb, bir gün bu rəhmətliyə deyib evlən bu qızla! Özün də götür, çıx get burdan! Bu rəhmətlik də deyəsən, yekə danışıb, kişiyə də bir şillə vurub! Kişi də tapancanı dirəyib ağzına, güllə boynunun dalından çıxmışdı. Kişi bunları Ənvərə özü danışıb. Təsadüfə bax ki, kişi Ənvərin soldat yoldaşı olub, deyirmiş ki, sən gəlməsəydin meyidin dalınca gələnlərin hamısını bu qoduğun yanına sərəcəkdim. Anaları namaz üstə imiş. Qurban olsunlar sənə! Ənvərin deməyi, o olmasa heç meyidi də vermirmiş. Gələndə də deyib ki, hara şikayət eləmək istəyir, eləsin. Gəlib onu arvadının pastelində gəbərdərəm! Meyidi yuyub qurtarmışdılar. Molla qüsul suyunu töküb kəfənləməyə başladı. Tabutu gətirdilər. Molla meyidi tabuta qoymağa razılıq vermirdi. Deyirdi “tabut xristianlar üçündü, bizim şəriətdə belə şey yoxdur”. Lakin Abbas “qoy mənim oğlumun yeri rahat olsun” deyib tabuta qoydurdu. Əslində, bu Abbasın arvadının tapşırığı idi. Cənazəni qibləyə çevirdilər, camaat da üzü qibləyə düzüldü. Molla Quran oxudu, mərhuma halallıq istədi, üç dəfə yerdən qaldırıb-endirdilər. Nəhayət, tabutu çiyinlərinə qaldırıb qəbristanlığa tərəf üz tutdular. Qadınlar qəbristanlığa getmirlər, arxadan tükürpədici nalələr eşidilirdi. Xuduş Əlişnən yanaşı addımlayırdı və Əliş onun iniltisini uzun illər unuda bilməyəcəkdi. Xuduş hey suallar verir, ağlını itirmiş adamlar kimi qəribə sözlər danışırdı. Axırda Əliş dözməyib dilləndi: -Ayə, Xuduş, heç dədəsi səni kimi haray-həşir salmır, sakit olsana! -Ay Əliş, ayə qadan alım, mənəm onun dədəsi! O Abbasın oğlu deyil, mənim oğlumdu. Əliş uzun illərdən bəri gəzən söz-söhbətin təsdiqini Xuduşun özündən eşitdi. Rəhmətlik elə bil Xuduşla bir alma idi, yarı bölmüşdülər. Abbas öz kəndlərindən elə Xuduşun əlindən köçüb gəlmişdi. O, Xuduşla arvadının məhəbbət macərasını bilirdi. Kənddən köçməklə Xuduşun “atasını yandırmışdı”. 25.12.13, Bilgəh qəsəbəsi
© 2020 - Created by İLK XEBER.