Bizim sevgimizə oxşayır yağış - İqbal Nemət

Redaksiyadan:  Əziz oxucular, tanınmış jurnalist-publisist İdris Heydərlinin aşağıda sizə təqdim edəcəyimiz "Şair sözü kölgədir" adlı yazısı Yardımlı rayonunda yaşayıb yaradan şair İqbal Nemətə həsr olunub. Qeyd edək ki, İdris Heydərli həmin yazısı şairin koronavirusa həsr etdiyi "Gəlmə Yardımliya gəlmə" şeiri barədədir. Bu maraqlı yazını  çap etməklə yanaşı, İqbal Nemətin də bir neçə şeirini sizin diqqətinizə çatdırmağı özümüzə borc bildik.
Qarşıma bir video çıxdı, İqbal Nemət, Şeir deyir. "Gəlmə Yardımliya gəlmə" deyir virusa, Və söz qoşur, Sözlə məna yaradır. Kimdir şair? Nədən biz şair sözünə inanarıq? Dilin diri olmasını qoruyan söz şeirdir, Şeir səsin və sözün tilsimli düyünüdür,əzbərini poza bilməzsən,xəyaların çata bilmədiyi yerə şeir sözü ilə çatarsan. Yazı cümləsi yaddaşsızdır,şeir isə yaddaşın unuda bilməyəcəkləridir, Azərbaycan şeirlə inşa edilib,hələ də şeirdə yaşar, Cümlələrin oxunmamasının səbəbi budur, Vətən bizim yaddaşda şeirdədir, Biz o vətəni cümləyə çevirə bilmədikcə, Sözün əzbərinində dalay dalaya davam edirik. Azərbaycan ədəbiyyatı son yüzildə şeirin cümləsini tamamlamadığı üçün sözbazdır, Şairdədir məsələ,şeirdə deyil, Şeir hər zaman diridir,şairlərdir ölü. İqbalın şeiri diridir,sözü diridir, Diri sözü ədəbiyyat edən cümlə yoxdur deyə dərd çəkirik, Sağ ol, Şair, Sağ ol, İqbal, Sözün diridir deyə, sevdim, sözünü, Gəlmə dediyin dərdə dərd içində yaşayanların tamaşasını göstərdin, Özünü göstərən şairə şeir göstərdin, Sözümüzün qədəri nə boydadırsa,o boydayıq. Şeir zibilliyindən xilas olmanın yolu "küllük"dür, Küllük yandırılan zibillikdir, Yanan küllüyü güllüyə çevirəcək şairə,şeirə hər zaman ehtiyacımız var, O varla Vətən yenidən inşa edilsin, Cümləsi şeirinin sabiti olsun, Şairlər peyğəmbər sözünün kölgəsidirlər, qardaşım, Yolun açıq olsun, yaz, Diri sözə ölüm yoxdur.
Gəlmə Yardımlıya, amandı gəlmə!
(koronavirusa müraciət)
Yeyirik, fındığa, qoza çıxmışıq
Birtəhər işığa, qaza çıxmışıq,
Vallahi zülümnən yaza çıxmışıq,
Gəlmə Yardımlıya, amandı gəlmə!
İstidə ölürsən sərində deyil,
Hər şey üzə çıxıb dərində deyil,
Bizdə haqq-ədalət yerində deyil,
Gəlmə Yardımlıya, amandı gəlmə!
Danışıb dinmirik, dilimiz yoxdu,
İş yox işləmirik, tərimiz yoxdu,
Bu dağdan qaçmağa yerimiz yoxdu,
Gəlmə Yardımlıya, amandı gəlmə!
Sən elə zibilsən yoluxan bilmir,
Öldün molla gəlmir, dostun ötürmür,
"Bizim sifətimiz masqa götürmür"
Gəlmə Yardımlıya, amandı gəlmə!
Pisləri yaxala, düşməni öldür,
Yeri üçcə milyon erməni öldür,
Razıyam sonra da, gəl məni öldür,
Gəlmə Yardımlıya, amandı gəlmə!
Öldürüb düzürsən, sonra sayırsan,
Birindən çıxırsan, minə yayırsan,
Bizim ,"virusları" tanımayırsan?
Gəlmə Yardımlıya, amandı gəlmə!
Bircə girişi var baxa bilməzsən,
Hər tərəf sərhəddir yıxa bilməzsən,
Girsən birdəfəlik çıxa bilməzsən,
Cəlmə Yardımlıya, amandı gəlmə!
*********
Gülürəm!
Nə yaxşı ki, təbəssümün hələ var,
Havadayam baxıb yerə gülürəm.
Mən satdığım alınmadı çox heyif,
Bu bazara, bu alverə gülürəm.
Ac utandı, utanmadı tox aldı,
Biri heç nə, biri isə çox aldı,
Evdə qaldıq, yardım edən çoxaldı,
Xəcalətdən axan tərə gülürəm.
Yuvarlanıb yumru gəzən dunyada,
Dodaq büzən, ağız büzən dunyada,
Hər tərəfi hamar, düzən dinyada,
Gizlənməyə yoxdu dərə gülürəm.
Sənətkarı naşı etdi bu dövran,
Nanəcibi kişi etdi bu dövran,
Çox erkəyi dişi etdi bu dövran,
Xoruz oldu çilli fərə gülürəm.
Dayan İqbal, o ağzını yum dedi,
Kim apardı, kim daşıdı, kim yedi
Onda barı qiymətimiz üç idi,
Yavaş-yavaş endi birə gülürəm!
*********
Ehtiyac
(dostların xahişi ilə)
Dovşana döndərdi nər kişiləri
Qaçanın yoldaşı oldu ehtiyac.
Qapıdan çıxartdıq pəncərəmizdən
Axıb evimizə doldu ehtiyac.
Yatdıq darı gördük, dar yuxumuzda,
Xəstəlik tapıldı bir çoxumuzda,
Ölüncə fırlandıq öz oxumuzda
Yorulduq, yerində qaldı ehtiyac.
Qurudu bağımız barlı ölkədə,
Üşüyə bilmədik qarlı ölkədə,
Dilənçi doğulduq varlı ölkədə,
Bizi qapı-qapı saldı ehtiyac.
Oğullar qocaldı qul bazarında,
Rüşvət moda mindi pul bazarında,
Kəbinlər kəsildi dul bazarında,
Çoxunun arvadı oldu ehtiyac.
Söylə, yalanmıdır dediyim sözlər?
Yalan danışmaqdan qızardı üzlər,
Az olduq, daz olduq, qaz olduq bizlər,
Dartıb tükümüzü yoldu ehtiyac.
*********
Əlvida...
Niyə itirmisən ara vaxtını,
Başına sığal çək dara vaxtını,
Mən ki çox sevmişdim qara vaxtını,
Bir vaxt oxşadlğım telə əlvida.
Bitməyən bitməzi bitirəcəkdi,
Əsərək həsrəti götürəcəkdi,
Söz verdi,səni də gətirəcəkdi,
Əsdi gətirmədi, yelə əlvida.
Dirilən ölərkən, ölən dirildi,
Yarımçlq nağıllar bax bitirildi,
Bu ürək bir toxum becərə bildi,
Dərə bilmədiyi gülə əlvida.
Cütü əzizlədin, təki təklədin,
Azalda bilərdin, nədən yüklədin,
Ən əziz nəğməmi bəmə köklədin,
Içimdə boğulan zilə əlvida.
Agıllı gözlədim, naşı gətirən,
Düşünə bilməyən başı gətirən,
Yaşımın üstünə yaşı gətirən,
Səni düşündüyüm ilə əlvida.
*********
Əlvidasız get...
Sən gəlmədən öncəydi bütün bunlar,
Qaranlıqdan qorxmağım,
özümü sıxmağım, özümdən çıxmağım.
Öncəydi umidsizliyim.
Divar kimiydim kar, kor, söz keçməyən... cansız.
Və bir gün sən gəldin
Görmədiyim, bilmədiyim yerdən,
sualsız, cavabsız özün kimi,
gəlişin də gözəl oldu üzün kimi.
Səni o üzdən sevdim
Hec kimə qarışmadan,
Heç kimdən soruşmadan,danışmadan lal kimi gəldin.
Özünlə məni də gətirdin mənə,
əhsən sənə...
Sən gəlmədən öncəydi..
Dünyamın iki rəngi dəyişə bilirdi, ağı və qarası...
və bir də tənhalığımın sağalmayan yarası.
Sən gəlmədən öncəydi fəsillərin yoxluğu,
yaşanmayan illərin çoxluğu.
Payız kimiydi bütün fəsillər,
Hər ildə uç dəfə köçürdüm payızdan-payıza...
Sən gəlmədən öncəydi
sevgi serlərimin qırıq misralarında çabaladığım anlar.
Və bir gün sən gəldin,
Yenidən doğuldum.
Bu dəfə anamdan yox, gətirdiyin sevgidən doğuldum.
Dəyişdiyimi düşunmüşdüm,
heyif, çox heyif...
Indi yenə də gedirsən!
Səbəbsiz gəldiyin ücündür bəlkə,
sənə qal da deyə bilmirəm,
Hələlik...
get, amma əlvidasız get...
Əlvida boyda bir ağrını daşıya bilmərəm daha,əzizim!
*********
Bizim sevgimizə oxşayır yağış...
(evdə qalanlar üçün)
Gəl sənə yağışı anlatım bir az,
Bu gün qonaq olaq göy qurşağına.
Hərəmiz bir rəngin izinə düşək,
Süzülüb tökülək çay qırağına.
Bu gün güvəndiyim yerdi göy üzü,
Buludlar içində saxlayım səni.
Axım damcı-damcı göydən yerəcən,
Qoşulub yağışa ağlayım səni.
Hələ də yaramız hesaba gəlmir,
Torpağın çatını hey sayır yağış.
Gah yağır, gah kəsir,dəyişə bilir,
Bizim sevgimizə oxşayır yağış.
Bu qədər yaxşının, pisin içində,
Göy üzü görəsən qamçılar kimi?
Gəl sənə yağışı anlatım bir az,
Bir az da oynayaq damcılar kimi.
*********
Necəsən?
Mən uzaq düşmüşəm, sən yaxındasan,
Əvvəlim, axırım, yönüm necəsən?
Başını dik saxla başı olan kəs,
Ay sənin başına dönüm necəsən?
Qurban qarasına, qurban ağına,
Yüz dəfə gedərəm dost ayağına,
Dağ göstər oxşasın Vətən dağına,
İçinə düşdüyüm zülüm, necəsən?
Oxuyub, öyrənib, bilənlər getdi,
Süpürüb, dalınca silənlər getdi,
Quru nəfəs kimi gələnlər getdi,
Ölən sənə getdi, ölüm, necəsən?
İqbal, yurdsuz qalan elin eldimi?
Uzağa gedənin dönüb gəldimi?
İçim parçalandı torpağım kimi,
İçimdən xəbərsiz çölüm, necəsən?