Mən səni tanıyanda yaralıydın - qəza keçirmiş təki. Bu yaraların ilk andan səni gücsüzləşdirdiyini, qüvvəni tükətdiyini sezdim. O da sezilirdi ki, daxili yaralar xarici yaralarını görünməz edir. Əslində, əlim səni qaldırmağa qalxsa da, daxili bir qüvvə onları geri qaytarıb, yardım hissini əngəlləyirdi. Ancaq bütün bu yaralar gözünün içindən fışqıran və özünə yol açan işıqları boğa bilməmişdi. Məni məhz, o işıq səni yaralı qoyub getməkdən çəkindirdi. Əllərindən tutdum, qaldırmağa çalışdım səni. Bunu gözlərinə baxmadan etdim. İçimdə baş qaldıran: – "Yenə problem axtarırsan özünə?" – sözlərini boğmaq üçün gözlərinə baxmağa çəkindim. Məhz o işığın, o ziyanın bu sözləri mənə xatırladacağından və ən çətin anda səni çarəsiz buraxacağımdan qorxdum. Əslində, özümə görə çəkinsəm də, əsas məsələ bu kritik anlarda səni tək qoymamaq üçün idi. Mən səni tanıyanda yaralıydın. İki uşağınla həyatda tək qalmışdın. Səndən gedənlə ayrılıb, başına toplamışdın iki uşağını, elə evini-eşiyini də.. .Onların da, özünün də yetimliyini köksünə sıxıb yaşamağa və yola davam etməyə qərar vermişdin. "Nə baş verirsə-versin, nə yaşanır, yaşansın, mən uşaqlar üçün güclü olmalıyam" – demişdin. Bu, bəlkə də, çətinliklərə fikrin və düşüncənin immunitet möhkəmliyinin təzahürü idi. Bəlkə də, İlahi gücün beyində ağılla, ürəyin tarazlıq bərpa etmə çaxışı idi. İndi soruşulsa, bilməzsən və ya izahını da verməyə çətinlik çəkərsən. Amma irəli baxmalıydın. Sən də elə etdin – irəli baxdın. İşıq gələn tərəfə yol aldın. Zamana buraxdığın keçmiş bütün ağrı-acısı ilə yaşanmış və bu günə gəlib çıxılmışdı... ...Mən səni tanımağa başlayanda o vaxt oğlunun on, qızının isə səkkiz yaşı vardı. Dörd nəfərlik ailə indi həyata üç nəfərlə davam etməliydi. Əsas simalardan biri cərgədən çıxmaq qərarı vermişdi. Burda zorla gözəllik mümkün olmazdı... Arxada və tənhalıqla çarpışmada kimin qalmasından asılı olmayaraq gedən getmişdi. Günahın hər iki tərəfdə olmasından çıxış edərək, gedənə qal, qalana get deyib uzaqlaşmaq da, uzlaşmaq da çox çətindi... Həyat isə davam etməliydi. Ən azından uşaqlara görə hər şey gözə alınmalıydı. Sən aldın gözə bütün bunları. Gerçək fikirlərlə olanları müzakirədə ağlın sənə sirdaş olmuşdu. Mən səni tanımağa başlayanda əlini çox şeydən üzüb, uşaqlarının əlindən yapışmışdın. Dünənə qədər tarazlığın əks tərəfdə qərar tutduğunun fərqindəydin. Sən həyata sıfırdan başlamalı olduğunu da düşünmüşdün. Birgə yaşanan illəri təhlil etmişdin. Gedəndə axtardığın günahların çoxunun səndə olduğu qənaətinə də gəlmişdin. Ancaq daha bu günahların etirafı və üzrxahlığı heç nəyi dəyişməyəcəkdi. İrəli baxmaq gözlərin işi olsa da, ağılın gözü əsasdı burda. Burda bəsirət gözündə ömür yoluna təkrar baxış da vardı... Yola tək qanadla davam etdin... ...İndiki halda böyük uşaq dördüncü sinifdə oxuyurdu, kiçik ikinci sinifdə. O ilin sentyabrında uşaqları məktəbə yola salanda əvvəlcə onların nə geyinəcəyi barədə çox baş sındırmışdın. Dolabı açıb uşaqların məktəb formalarını axtarmışdın: "Bu geyimmi, yoxsa bu köynəkmi, bəlkə, bu donu?" – yüz dəfə onları götürüb-qoymuşdun. Nə geyinəcəksiz? – sualını verməyə də çəkinmişdin.. .Bir vaxtlar ailəyə bu qədər diqqətsiz olduğun üzə çıxmasın deyə susmuşdun. Bu, əslində sənin işə qapanıb, ailədən uzaq düşməyinin bir daha təsdiqi idi. Bu, gerçəkliklə üzləşməyin, evin birinci rəhbərinə diqqətsizliyinin təzahürü idi. Sabiri sevə bilməməyin çox mətləbləri dolaşıq salmışdı ailə dönəmində. Özünü və sevgini ancaq işinə vermişdin. İndi bunları demək və etiraf etmək mənasızdı. Sonrakı peşimanlığın isə bu ana heç kimə faydası yoxdu. Mən səni tanıyanda, ən kiçik detallarla ailənin problemlərinə vaqif olmaqda baş sındırmaqdaydın: "Mən işə gedəndə uşaqları kim qarşılayacaq, kim yedirəcək, kim dərslərini oxuması üzərində dayanacaq?" – deyib baş sındırmışdın. İşdə də baş həkimlə bu məsələləri müzakirə etməyə can atmışdın. İllər öncə baş həkim Sandra xanım da iki uşaqla tək qalmışdı. Çox çətinliklərlə üzləşmişdi. İşçilərinin gözü qarşısında xeyli müddət yalnızlıq adaptasiyası yaşamışdı. O da öz dostları ilə düşdüyü çətinliklərdən çıxış yolu axtarışında olmuşdu. Müzakirələrdən özünə lazım olan məqamları əxz etmişdi. Mən səni tanıyanda sən də yaxşı məsləhət və fikirə aclıq hiss etməkdəydin. Zaman ayağı yelli, başı alovlu ötməyindəydi”. Ana, mən hazırlığa getmək istəyirəm, yoldaşlarımdan geri qalıram”... “Ana, mən də idmana getmək istəyirəm” “Ana, mənə kitab lazımdı”... “Ana, mənim idman ayaqqabısına ehtiyacım var”. Qarşıda ona qayğılar və ehtiyaclar içərisində gerçək bir həyat başını yelləyirdi... ...Səbirə səbrinin çəkişməsində ağlının çəkdiyi tərəfə getməyə üstünlük vermişdi... Sandra ilə görüşəndə ağlının gəldiyi son qənaətini onunla bölmüşdü: – Xatırlayırsan, Sandra, sənə Mahir haqqında demişdim. Tələbə vaxtından mənə aşiq olduğunu, Sabir məni qaçırtdıqdan sonra onun baş götürüb təhsil adı ilə Almaniyaya getdiyini? - Əlbəttə, xatırlayıram. Onu sevdiyini demişdin. - O artıq Almaniyadan geri dönüb. İşdən sonra bir saatlıq görüşdüm onunla. Vəziyyəti öyrənəndən sonra ayrılanda mənə evlənmək təklif etdi... “Səbirə, bir dəfə zaman dəyərləndirməsi edə bilmədiyimdən və istəmədən və çarəsizliklə səni başqasına vermək məcburiyyətində qalmışdım, indi nə olursa-olsun, daha səni heç kimə vermərəm” – dedi Mahir. -Bildiyin, evlənmə təklifi etdi mənə. Həkim xanım Mahirin sözlərinin, fikirlərinin axışında gözlərindən çıxan işıqlı halələri unuda bilmirdi. Hey gözlərinin qabağında zərrin şəfəq süzülən o bir cüt göz canlanırdı... Sanki keçmiş yenidən yaşanırdı, tələbəlik illəri bu günə daşınmışdı. Tələbə vaxtı da beləydi. Dərs danışanda da müəllimə dikilən gözləri sanki işıq səpirdi ətrafa. Ağıl, zəka və müdriklik saçılırdı Mahirin gözlərindən. Siması elə bil nur topasıydı. Arada gözləri Səbirənin gözlərinə sataşanda isə utancaq bir görkəmin ətrafında zərrin şəfəqlər daha da çoxalırdı. Bunu təkcə Səbirə anlayırdı. Hətta xarici dil dərsi deyən Nazilə müəllimə bu işıqlı gözlərin sahibi Mahirin daha uzaq üfüqləri fəth edəcəyini demişdi: – “Mahir ürəyindən süzülən o işıqla daha uzaq məsafələri qət edəcək, uğurlara imza atacaq inanıram” ...Sonra əlavə edib vurğulamışdı: – “Bu oğlan kiminlə evlənsə, xöşbəxt edəcək öz yarısını”. Mahir yaman utanıb, qızarmışdı. Bu sözlər necə var eləcə ilişib Səbirənin yaddaşında qalmışdı. Qat-qat beynindəki xatirat dəftərində toplanmışdı. -Sən nə dərin xəyala daldın, ay Səbirə? Sandranın səsi onu fikrindən ayırmışdı. -Bu gün vaxt ayır həmkarımızla görüşək – deyəndə Səbirə rəfiqəsinin ürəyindən olan təklifinə sevinmişdi. -Yaxşı. – deyib Sandranın otağından çıxmışdı. Çıxan kimi telefona sarılmış, elə dəhlizdəcə Mahiri yığmışdı. -Sənin vaxtın var, o gün sənə haqqında danışdığım rəfiqəmlə görüşməyə? Hər üçü o gün təyin etdikləri vaxtda dəniz kənarındakı kafelərin birində görüşmüşdülər. Sandra sual vermiş, Mahir də işıqlı gözlərinə bürüyüb suallara yerli-yataqlı cavablar vermişdi. Sandra xanım onların şəxsi həyatı ilə bağlı məsələlərə müdaxilə etmək istəməmişdi. Ancaq işlə əlaqəli, gələcəklə bağlı və əhatəli söhbət etmişdilər. Bir həftə sonra viza üçün sənədlər təqdim olunmuşdu. Səbirə və Mahir vaxtdan istifadə edib kəbin də kəsdirmişdilər. Kəbin kəsən xanım da “Nə işıqlı insandı” – deməkdən özünü saxlaya bilməmişdi. Almaniya səfirliyindəki viza işinə baxan kişi də: “indi belə insanlar çox azdı”- demişdi Mahirin işıqlı, nurlu simasını görəndə. Səbirə uşaqları xaricə getmək üçün hazırlayıb qurtarmışdı. Sənədləri də ayrıca bir qovluğa yığıb əl çantasına qoymuşdu. Bu da hava limanı... Hər bir qəbildən insan övladının arzuları ardınca uçduğu ürəyinin götürdüyü məkanlara çatacağı xəyallar ormanı. Havadan havaya adamları çatdıracaq bir nəhəng mərkəz. Qoşa qanadlı yuvada sənə bir neçə saat doğmalıq bəxş edən Göylər Məkanı. Uşaqlar ilk dəfəydi təyyarə görürdülər. Bu nəhəng dəmir ev onlara çox əsrarəngiz bir hiss vermişdi. Bu uşaq ömrünün birinci uçuşu idi, deyə hər ikisinin gözlərində qorxu və həyəcan olsa da, üzlərində bir sevinc də qaynayırdı. Dodaqlarının qaçan yerində, xəfif təbəssüm bucağında razılıq var idi.. .Qızın əlindən Mahir tutmuşdu, oğlanın əlindən də Səbirə. Sandra onlarla görüşüb işə geri qayıdacaqdı. Ona nə qədər desələr də, həm Səbirənin, həm də Mahirin təkidinə baxmayaraq, o bir dost kimi hava limanına gəlmişdi. Onların xahişlərinə qətiyyətlə: “Bir də nə vaxt görüşəcəyimiz bəlli deyil, imkan verin ayrılanda yanınızda olum” – demişdi. Gedəndə isə orda təkcə Səbirənin bildiyi və bu yaxınlarda aralarında olan bir fikri xatırlatmışdı: “İşıq ləkə götürmür, bütün qaranlıqlar ondan qaçır. Zülmət və qaranlıq işıqda boğulur“... Dörd nəfərlik bu dəstə artıq təyyarədə öz yerlərini tutmuşdu. Hərə səyahət öncəsi qəlbinin özünə bəlli dualarında idi. Həqiqət Haqqda təcəllə edər. Bu uçuş da həqiqət tərəfə yol alacaqdı. Sevgi və xöşbəxtlik üçün təşnələrin istəkləri Cırtdanın işıq görünən tərəfə getmək fikrinə tən gəlirdi.
© 2020 - Created by İLK XEBER.