Yarımçıq qalan yuxuların davamı olmur

Adam mışıl-mışıl yatır ha... Orda şirin-şirin yuxular görür ha. Gördüyü hər şeyə inanır ha... Özü də bilmədən çöhrəsində arı bir təbəssüm, məmnunluq təbəssümü yaranır ha... Onu deyirəm. Bilirisiniz, niyə belədi? Çünki insanın yalana ən səmimi inandığı vaxt yuxu vaxtıdır... Səni dünyanın sərt reallığının dəhşətlərindən ayırıb bir ovuc ümid verir, bir nəfəslik açır sanki bəzi yuxular. Orda bir kokteyl olur - anlayış, təzahür və hadisələrin dünyanın sərt qanunlarına meydan oxuyan bir kompozisiyası, konfiqurasiyası və bunların belə olmasından doğan hisslər kokteyli. Orda saitlərin alliterasiyası, samitlərin assonansı da ola bilər. Yaxınlar uzaq, uzaqlar yaxın olur.. Bəzi adamlar elə ömrünü yuxudakı kimi keçirir... Deyəsən, Seneka “Lusilliyə tərbiyəvi məktublar”ında yazırdı ki, hər kəsə inanmaq və heç kəsə inanmamaq – hər ikisi nöqsandır. Birincisi nəcib nöqsan, ikincisi xətərsiz nöqsan. Yəni əgər birinə inanmış kimi göstərib, amma bütün ehtimal olunan risk faktorlarını nəzərə alıb işini buna görə tutursansa, ən azı xəyal qırıqlığına uğramırsan. Birinicidə isə aldanış riski çox yüksəkdir. İnsanlara hüsni-zənlə baxmaq (yaxşı görmək) ziyanlı, riskli olsa da, onun daxilən saf, bir qədər də sadəlövh olmasının göstəricisidir. Mən Don Kixota çox bənzədiyimi bilirəm və bundan qətiyyən narahat deyiləm. ... Kinolarda rast gəlmiş olarsınız, bir balaca uşaq dənizin sahilində oturub özü üçün qumdan qəsr ucaldır, nə qədər həvəslə, zövqlə onun hasarını çəkir, bürclərini qurur. Son nöqtəni qoymaq ərəfəsində nataraz bir adam ayağı ilə onun qəsrini tapdalayıb keçir. Bax o vaxt o uşaq hansı hissləri keçirirsə, hüsni-zənlə qurduğu qəsrlər uçanda da insan o hissləri keçirir. Elə dediyim yuxudan oyananda da. Kiminsə sözüdür, dünya yaşamaq üçün çox qəddar yerdir. Onun qəddarlığı həzin yuxulardan sonra daha aydın sezilir – ağ rəng fonunda qara rəng daha aydın seçilən kimi. Bu dünyada yalanlara inanmaqla keçən ömür də bir yuxu kimidi... Sadəcə, bu halda anlayış, təzahür və hadisələrin dünyanın sərt qanunlarına meydan oxuyan və məmnunluq verən kompozisiyasını sən özün qurursan... Ayıq vaxtı. Amma yuxuda imiş kimi. Özünü uşaq sadəlövhlüyünə qoyub qurursan bu kompozisiyanı. Bu yuxudan da nə vaxtsa ayılırsan. Şirin bir yuxudan oyanan insanın ilk ahı “sabah” sözünə qovuşub, substansiyalaşıb sanki. Elə o biri yuxudan oyanışın özü də bir sabahdır. Və o yuxudan oyanan insanın ilk sözü bu olur: “İlahi, yenə də mi burdayam? Yenə də mi həmin mühit, yenə də mi həmin məkrlər, yenə də mi kamuflyaja çevrilmiş həmin saxta təbəssümlər və sözlər... Sonra eyvana çıxır, bir siqaret yandırıb tüstüsünü ciyərlərinə çəkir, daha sonra isə Yasamalın sabah səmasına ötürürsən. Sürəkli bir yağış yağır. Sanki əvvəli və sonu bilinməyən bir yağış. Sanki əzəldən başlayıb qiyamətə qədər davam edəcək bir yağış. O damcılar milyon illərdi torpaqla atmosfer arasında ölür, dirilir. Buluddan ayrılıb daş kimi üzüaşağı gedəndə hansı pəncərənin arxasında kimin hansı ovqatda olması, kimin hansı xəyalının nəyə dəyib necə çilik-çilik olması o damcıları əsla maraqlandırmaz. Bir qırtım da etina etməzlər. Sur-sumbatları məhkəmə divarı kimidi. Sənə bir faniyə baxan kimi baxarlar... Onlardan sənə dost olmaz. Onlar sənin monoton və asosial həyatına qoyulmuş fon musiqisi kimi bir şeydir. Dəfələrlə səmimiyyətlə, uşaqcasına inandıqlarının qurduğun kompozisiyanı qəddarcasına dağıtmasının yaratdığı assosiasiyaya bəstələnmiş bir rekviyemə də bənzəyir. Minor ovqata tam uyğundur. Səs rejissorunu əsla qınamaq olmaz. Amma çox qəddarcasına seçilib. Olsa-olsa arada bir şimşək çaxıb sənə acıq verən o yağış damcılarını göstərə bilər. Bu, sənin əleyhinə olan məhkəmə qərarı kimidir. Yaxşı tərəfi odur ki, qeyri-müəyyənliyə son qoyur. Buna da şükür. Dünyada heç nə qeyri-müəyyənlik qədər dəhşətli olmur deyirlər. Xeyirli bazar günləri...