Bütöv Azərbaycan Ocaqları (BAO) Milli Məclisin qəbul etdiyi qanunla bağlı bəyanat yayıb

Azərbaycan Ocaqları (BAO) Azərbaycan Respublikasın Milli Məclisinin I oxunuşda qəbul etdiyi “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanuna etiraz olaraq bəyanat qəbul edib. Xeberdar.net məlumat verir ki, bəyanatın mətni aşağıdakı kimidir: Bütöv Azərbaycan Ocaqlarının BƏYANATI Azərbaycan Milli Şurası mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edib, Azərbaycan xalqının çox əsrlik dövlətçilik ənənələrini dirçəldərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi iki ilə yaxın müddətdə öz ərazisində tam dövlət hakimiyyətinə malik olmaq, müstəqil xarici və daxili siyasət yürütmək üçün çox böyük işlər gördü. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı parlament dünya parlamentləri içərisində demokratik parlamentlərdən biri idi. Bu dövlətin hökuməti, ordusu, maliyyə sistemi xalqın mənafeyinə əsaslanaraq fəaliyyət göstərirdi. Azərbaycan bir çox xarici dövlət tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin ağır beynəlxalq durumda bu milli dövlət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan ərazisinin işğalına başladı, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə son qoydu. Bunun ardınca milli hökumətimizin yerində yaratdığı Azərbaycan Sovet Respublikasının müstəqilliyini tanıyan RSFSR, onun təşəbbüsü ilə1922-ci ilin 30 dekabrında yaradılan SSRİ-nin timsalında bu işğalçılıq faktını bir daha təsdiqləmiş oldu.27 Aprel İşğalı Azərbaycana ağır fəlakətlər gətirdi. Sonralar, 71 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii sərvətləri amansızcasına istismar olunur, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur. Təqdim etdiyimiz bu açıqlama Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əksini tapmışdır. Həmin Aktın birinci maddəsində göstərilir ki, “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”. İkinci maddəsində isə “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” əksini tapmışdır. Təəssüf hissi ilə qeyd edək ki, Azərbaycan Respublikasının fevralın 9-da formalaşan VI çağırış Milli Məclisi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqında Konstitusiya Aktının maddələrini pozaraq 30 mart 2020-ci il tarixdə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanunu I oxunuşda qəbul edib. Buradan belə çıxır ki, Milli Məclis səlahiyyət həddini aşaraq Konstitusiya Aktında göstərilən “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” maddəsini pozaraq Azərbaycan Sovet Sosialist Respublikasının varisi kimi çıxış etmişdir. Əslində, təklif olunan medalın bu adda adlandırılması Azərbaycan Konstitusiya Aktının maddələrini pozmaqdır. İkincisi, isə 1941-45-ci illər müharibəsi İkinci Dünya müharibəsinin tərkib hissəsidir. Bütün dünya ictimaiyyəti də bunu bu adda qəbul edir. Bu mənada Milli Məclisin qəbul etdiyi düzəliş 28 aprelin İşğal Aktı kimi qəbul edilməsinə şübhə yaradır. Onlar bu düzəlişi qəbul edəndə mərhum Prezident Heydər Əliyevin 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub” söylədiklərinə də qeyri-səmimi yanaşmadır. 27 Aprel işğalı Azərbaycan xalqının təkcə ərazisinin işğalı ilə nəticələnmədi. Bu işğal təfəkkürümüzü işğal etdi. Minlərlə aydınlarımızı, insanlarımızı məhv etdi. Milli kimliyimizi dəyişdirdi. Tariximizi, ədəbiyyatımızı, fəlsəfəmizi, incəsənətimizi işğal ideologiyası əsasında formalaşdırdı. Tarixi torpalarımızın bir hissəsində qondarma Ermənistan Respublikası yaratdı. Azərbaycanın ürəyində "Dağlıq Qarabağ" adlı qondarma erməni vilayəti təşkil etdi. Ermənistandan minlərlə soydaşımızıdoğma torpaqlarından sürgün etdi. 1988-ci ildə ermənilərin xeyrinə siyasət yürüdərək Azərbaycanı yenidən müharibəyə cəlb etdi. Buna etiraz edən dinc Azərbaycan xalqını 1990-cı yanvarında Bakı şəhərində, Neftçalada, Cəlilabadda, Lənkəranda, Gəncədə qanına qəltan etdi. 1992-ci ildə imperiya hərbiçiləri (1991-ci ildən yenidən Rusiya Federasiyası adlanmağa başladı) erməni separatçıları ilə birlikdə Xocalıda soyqırım törətdilər. Azərbaycanın rayonlarını işğal etməkdə ermənilərə ən böyük yardımlar etdilər. Bütün bunların kökü məhz, 1920-ci il 27 apreli işğalı ilə başladı. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, millət öz demokratik Cümhuriyyətinə sahib çıxdığı kimi, onun işğal tarixini də özünün silinməz yaddaşına yazmalıdır. 1920-ci il 27 aprel işğalı XVIII əsrin sonlarından başlayaraq Azərbaycanda davam edən Rusiya müstəmləkəçilik siyasətinin davamı olmaqla, 1991-ci ilə qədər davam etmişdir. Bütün bunları nəzərə alaraq hesab edirik ki, 27 aprel 1920-ci il tarixi Azərbaycanda İşğal Günü kimi qeyd olunmalı, təqvimimizə qara gün kimi düşməli və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanuna yenidən baxılmalıdır. Bütöv Azərbaycan Ocaqları. Bakı, 16 aprel 2020