Qulamhüseyn Əlibəyli: “Tezliklə yeni dəyişikliklərin olacağına ümid edirik”

“Tezliklə yeni dəyişikliklərin olacağına ümid edirik”. Bunu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli "ilk xeber.org" saytına bildirib. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə postpandemiya dövründə Azərbaycanda islahatlar davam etdiriləcəyi barədə Prezident İlham Əliyevin fikirlərini şərh edən Q. Əlibəyli bildirib ki, siyasi münasibətlər sahəsində müəyyən dəyişikliklər özünü göstərir. "Mövcud siyasi partiyaların əksəriyyətinin sədrləri ilə görüşlərin keçirilməsi, parlamentin  və onun daimi komitələrinin rəhbərliyində azlıqda qalan partiyaların təmsil olunması, illərlə dövlət qeydiyyatına alınmayan 2 siyasi partiyanın dövlət qeydiyyatına alınması yeni siyasi münasibətlər konfiqurasiyasının formalaşmasına kömək edən amillərdir. Bu amilləri nəzərə almaqla, karonavirus pandameyasına qarşı mübarizənin ön plana çıxdığı bir şəraitdə siyasi islahatların davam etdiriləcəyi barədə dövlət başçısının bəyanatları tezliklə yeni dəyişikliklərin olacağına, iqtidar-müxalifət münasibətlərində dialoq mühitinin müntəzəm xarakter daşıyacağına, hər iki tərəfi narahat edən problemlərə dair ortaq mövqenin formalaşdırılması və onun həyata keçirilməsi mexanizminin yaradılacağına ümidləndirir".