Dilimiz - mənəvi abidəmiz     

          Dilimizin saflığının qorunması barədə çox yazılır, müzakirələr aparılır, mülahizələr söylənilir. Artıq neçə illərdir ki, düşünən xalq, ilk növbədə ziyalılarımız dilin korlanması ilə mübarizə aparırlar. Dili korlayanlar arasında radio-televiziya işçiləri, müxtəlif verilişlərdə nitq mədəniyyəti normalarına düzgün əməl etməyən aparıcıların öz yeri var. Son vaxtlar müxtəlif TV kanallarında yayımlanan Türkiyə istehsalı filmlərin, bu ölkə ilə sıx gediş-gəlişin dilimizə töhfə etdiyi türk “ədalı“ sözlər... o qədər amil var ki...    Bu səbəbləri ziyalılarımız hələ də araşdırıb izah etməkdədirlər. Əslində bu amillərin çoxu elə 100 il bundan əvvəl də var idi - XX əsrin əvvəllərində də  ziyalılarımız eyni halla mübarizə aparır, o səbəbləri aradan götürməyə çalışır və ziyalıları da buna çağırırdılar. Bu mübarizədə Mirzə Cəlil, Firudinbəy Köçərli, Həsən bəy Zərdabi, Üzeyir bəy  Hacıbəyli xüsusi qeyrət nümayiş etdiririb. Əslində dilimizin saflığına zərər gətirən, onu yad ünsürlərlə korlanmasına, başqa dillər tərəfindən assimilyasiyasına çalışan, ümumi axara qrışıb vahid bir dilə qovuşmasına rəvac verən də elə ziyalılar idi.  Məncə, onlar qədər heç kim dilimizi “zibilləyən“,”küncə” sıxışdıran, alçaldan, dillər arasına çıxmasına mane olan olmayıb. Bunu sadə xalq heç vaxt etməzdi, edə bilməzdi və etmək də istəməzdi. Türkiyədə və  Avropa ölkələrində  təhsil almış, həyatının müəyyyən kəsiyini orada keçirmiş, elm və mədəniyyətimizə, bəlkə də, nələri isə bəxş edə bilmiş, ədəbiyyat  aləmində, F.Köçərlinin dediyi kimi,  “at oynadıb cövlan edən“ bu cür ziyalılarımız,  heyif ki, ana dilimizə saymazyana yanaşmış, onu olduğu halında qəbul etməmişlər..  Əli bəy  Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Hadinin... ədəbiyyatımıza gətirdiyi osmanlı türkcəsinə xas ağır ifadə və ibarələr sanki onu xalq dilindən ayıran ağır bir baryerə,  xalqla ziyalılar arasında bitən  nəhəng bir dağa bənzəyirdi. Halbuki, xalqını ürəkdən sevən, onu həqiqətən qaranlıqlardan işığa çıxarmaq istəyən, xalqının imzasını imzalar içində görməyi arzulayan əsl ziyalı gərək onun başa düşdüyü sadə dildə - ana dilində yaza idi, xalqın  həyatından, dərdindən danışaraq onu öz dilində dindirə idilər - hansı ölkədə təhsil alıb gün keçirmələrindən asılı olmayaraq....   Tarixən də əvəzsiz söz ustalarımız - Xətayilər, Qurbanilər, Nəsimilər, Füzulilər, Vaqiflər, Vurğunlar.. bu dildə yaratdıqları gözəl söz-sənət incilərini xalqa öz dillərində təqdim etdikləri üçün onun qəlbində yer tutmuş, əsərlərini onun  mənəvi dünyasında sərgiləyə bilmişlər. Dünya ədəbiyyatında bir fenomenə çevrilmiş, əsərləri bütün xalqlar tərəfindən sevilə-sevilə oxunan Lev Nikolayeviç Tolstoy deyirdi: “Xalq da bizim kimi insanlardır, intəhası, bizdən çoxdurlar və gerçəkliyə qarşı daha tələbkar və daha həsssdırlar... bizim üçün o qədər də yaxşı olmayanın onlar üçün lap yaramaz bir şey olduğunu  etiraf  etməliyik...”.  Tolstoy öz dövrünün ədiblərini xalqın başa düşdüyü dildə, onun anladığı tərzdə yazmağa çağırırdı. Özlərini ziyalı, xalqı avam hesab edərək onu özündən ayrı salan yazarlara anladırdı ki, əslində xalq və  qeyri- xalq - ziyalılar deyə belə bölgü yoxdur, eyni bilikləri hamı bilir - bəziləri bir az çox, bəziləri isə az qavrayır. Hətta mən elə savadlı mujik tanıyıram ki, universitetdəki namizədlərdən daha üstün oxuyub – öyrənmə  bacarığına malikdir... Buna  görə də həyat da xalqı öyrətməyə çalışmaqdansa, əvvəl özümüz öyrənməliyik ki, xalqa da nəsə verə bilək, onunla birlikdə öyrənməliyik”. Ədib məsləhət görürdü ki, yazıçılar yazdıqları əsərləri sadə xalqa: nökərlərinə, lakeylərinə, karetaçılarına, aşpazlarına... oxusunlar, bir cümləsini başa düşməsələr, cırıb yenidən yazsınlar...  Dünya ədəbiyyatı şedevri “Hərb və sülh“ün dilinin yalnız ziyalılar tərəfindən anlaşılması qənaətindən doğan məyusluq onu bu tövsiyələri verməyə vadar etmişdi.. Görəsən, bizim ziyalıların bir çoxu niyə xalqa yaxın gəlmədilər, onu sevmədilər, onu öz dilində dindirib dərdini anlamadılar ? Görkəmli şair-dramaturq  H.Cavid,  bəşəri mövzulu, qlobal problemlərin bədii həllini verdiyi müxtəlif janr və həcmli sənət inciləri ilə şöhrətlənib. Ədəbiyyatımızda və mədəniyyətimizə böyük xəzinə bəxş edən H.Cavid əsərlərini Türkiyə türkcəsi ilə yazmış, onları qəliz ifadə və ibarələrlə ”zənginləşdirmişdir“. Cavidin böyük şair kimi yetişməsində Türkiyə həyatının, Türkiyə ziyalı mühitinin, sözsüz ki, təsiri olmamış deyil. Hər bir sənətkarın da nitqinə onun həyat tərzinin, yaşdığı mühitin, ətrafının, mənsub olduğu sinfin də təsiri olmamış deyil, bu mənada ədibin yaradıcılığına, onun nitqinə, dilinə məkan, zaman və subyekt  baxımdan hansısa amillərin təsir etdiyini nəzərə almamaq olmaz. Bununla belə, şair bir əsərini belə ana dilində yazmayıb. Ədib ümumtürk dilinin işlədilməsini təqdir edirdisə, bir ziyalı kimi bunun özü də reallıqla səsləşəcək bir ideya deyildi. Görkəmli alimimiz Tofiq Hacıyevin  dəyərli fikirləri bir daha təsdiq edir ki, bu qondarma dil ümumi bir dil kimi türkdilli xalqlar arasında işlənsə də, türk dilləri ailəsinin fərqli  xüsusiyyətlərə malik ayrı-ayrı qruplarına (qıpçaq, qarluq, oğuz...) mənsub olan xalqlar bu ümumi  dil xatirinə öz doğma dillərindən imtina edə bilməyəcəklər... Digər tərəfdən, məsələn: Bu bir həqiqətə bənzər xəyali-müzlimdir, Ki, pişgahi-nigahında şöylə dalğalanır .... (“ Bakıda“) misralarında ərəb-fars sözlərinin mənasının anlaşılması üçün, yəqin,  mütəxəssislərin də bir çoxu lüğətdən istifadə etməlidir. Halbuki Nəsiminin dili daha sadə, daha anlaşılan, daha xəlqidir: “ Sığmazam...” qəzəlini isə kiçik yaşlı məktəblilər də könüllü olaraq oxuyub-əzbərləyirlər... Bu gün də xüsusən gənc yazarların  yaradıcılığında Türkiyə türkcəsində söz və ifadələr işlətməsi qıcıq doğurur. Onlara demək istərdik ki, dilimizi artıq kəlmələrdən, yad ünsürlərdən xilas etmək üçün öz dilimizdə danışın: Azərbaycan dilində, ana dilində çox danışın! Ana dilində mükəmməl danışın! Dilimizi  yad kəlmələrlə, zərərli ünsürlərlə  bayağılaşmaqdan, zəifləməkdən, unudulmaqdan qoruyaq! Babalarımızın unikal yadigarı olan bu canlı mənəvi abidəni gələcək nəsillərə layiqli bir töhfə kimi ərməğan edək!