1300 il əvvəl ulu Dədəm Qorqud irəlicədən görürdü ki, elə vaxt gələcək ki, "ulu-kiçi" (böyük- kiçik) qalmayacaq. Ata-ananın oğula, qıza şəfqəti, mərhəməti olmaya... Atalar durarkən oğulları söyləyə. Analar durarkən qızlar buyruq eləyə" (Anar, "Dədə Qorqud dünyası"). Yaradıcı adamın ən böyük istedadı uzaqgörənliyidir. Əziz Nesin də "İndiki uşaqlar möcüzədir" deyəndə bu günü görürdü. Doğrudan da elə vaxtda yaşayırıq ki, "böyük" sözü kiçilib. Pərvanə Bayramqızının "Uçurum" hekayəsindəki Rəhmana müsbət, yaxud mənfi qəhrəman kimi baxmağı yazımın sonuna saxayıram. Rəhman bizim bu günümüzdə yaşayan, "ipə-sapa yatmayan" dəli-dolu gəncdir. "Ərincək" Rəhman iki ayağını bir başamağa dirəyib evlənmək istəmir. İndiki bir çox gənclərimiz kimi. Niyə?.. Kəndin ağsaqqalları ondan evlənmək razılığı almaq üçün növbəyə düzülüb. Bu dəfə növbədə Abbas kişidir. Sözünün üstündə möhkəm duran Rəhmanın artıq kəndin ağsaqqaalarını görəndə allergiyası başlayır. Qapıda onları görən kimi üzündən "narazılıq" oxunur. Yüksək texnologiyaların gənclərin (təkcə gənclərinmi?) tərbiyəsinə, sevgisinə, ailə dəyərlərinə təsirini bu hekayənin qayəsi hesab edirəm. Pərvanə xanım Rəhmanın "noutbukdan da qız tapmaq olar" düşüncəsini yerində vurğulayır. Texnologiya inkişafdır. Amma... Bu gün Vətənin körpələrinin müəyyən qisminin ata-anasız böyüməsinin, ata öyüdünə, ana nəvazişinə, mərhəmətinə həsrət qalmasının bir günahkarı da texnoloji uğurlardır. İsmət, namus, qeyrət, ailə münasibətləri az tapılan nəsnəyə çevrilməkdədir. Ona görə "nəsnə" deyirəm ki, müqəddəs əxlaqi fəzilətlər dəyərini itirdikcə insanlıq, sevgi, bala məhəbbəti, hörmət, qayğı ölür. Ölümə sevinməzlər. Amma kəndin ağsaqqalı Abbas kişi sevinir ki, Rəhmanın atası vaxtında ölüb, vaxtsız ölüb demir. Ona görə belə deyir ki, Rəhmanın bu gününü görməyib "bəxtəvər" ata. Bəli, Abbas kişi mənəviyyatsız deyil. Neyləsin, ağsaqqal "hirs"ni "vaxtında ölmüş" atanın üstünə tökür. Amma hekayədə elə incə məqamlar var ki, düşüncəsinə, cəsarətinə görə Rəhman mənim gözümdə ucalır. Ona haqq qazandırıram: "Yaxşı da, Abbas əmi. sənə and verirəm oxuduğun Qurana, heç Güllü xalaya həmdəm olmusanmı, yazıq arvadın bir dəfə də olsun, nə istədiyini soruşmusanmı, bircə dəfə əl-ələ verib gəzməyə çıxmısınızmı? Hə?.. Yazıq qadın sənə palçıqlı ayaqlarını yumaq, nəslinə qulluq etmək üçün lazım olub. Səhərdən axşamacan qarışqa kimi torpaqda eşələnib yornuq düşəndə bir dəfə də olsun nəvaziş göstərməmisən. Həmdəm olmaq bunamı deyirsən, Abbas əmi?". Hekayənin əvvəlində tənbəl, bir az da dardüşüncəli gənc kimi tanıdığım Rəhmanın Abbas kişiyə ağzını açmağa macal verməyib birnəfəsə söylədiyi monoloqdakı məqamların hansı ilə razılaşmırsınız ki? Burada ağsaqqala hörmətsizlik yox, həqiqətin gözünün içinə dik baxmaq cəsarəti gördüm. Məni qınayanların çox olacağına inanıram, bəlkə elə Pərvanə xanım da. Amma sözümdə qətiyəm. Bu gün ən az tapılan da cəsarətdir. Yenə də mentalitet özünü ortaya atacaq. Mən mütiliyə dəstək verən, insanlığı alçaldan mentalitetə düşmənəm. İqtisadçıların sözü olmasın, bu gün orta statistik ailələrin əksəriyyəti bu vəziyyətdə deyilmi? Onda niyə Rəhmanları qınayaq? Rəhman düz deyir də, min cür zülmlə qız böyüdən ata-anaların qızları ərə gedəndən sonra ərindən qorxub aylarla qoca ata-anasının üzünü görmür. Yaxud Vətəni qorumağa gedən kasıb balaları ya əlil oub ata-anaya gözdağı olur, ya da şəhid. Bəli, Pərvanə Bayramqızı çoxunun tüfeyli, "ərincək" hesab etdiyi Rəhmanı müsbət qəhrəman səviyyəsinə qaldırıb. Amma bilmirəm mənim qənaətimlə razılaşacaqmı? Özü bilər. Haqlı tənqidə hazıram. İnsan xarakterini açmaq yazıçının peşəsidir, uğurudur Rəhmanı mənim gözümdə qəhrəman edən Pərvanə xanımın təxəyyülüdür, realist düşüncəsidir. Rəhman həm də xeyixahdır, mərhəmətlidir.Tənha qocaların qayğısına qalmağı düşünəndə mənəvi dünyası üzə çıxır. Sonda Rəhmanın "gözlərini bir nöqtəyə dikib, dərin fikrə getməsində" bir ümid işığı da gördüm ... Rəhman müsbət qəhrəmandırmı? VAQİF OSMANOV 14.04. 2020.
© 2020 - Created by İLK XEBER.