Gedəcəyəm bu şəhərdən bu gecə, bəlkə elə indi, indi, indicə, düşünürəm əllərimdə saçlarım qayıtmayım bu şəhərə ölüncə. Qayıtmayım... dalımca at qara daş, nə dost tapsın məni, nə qohum , sirrdaş , elə gedim izlər özün itirsin yollar da karıxsın, qalsınlar çaş-baş. Yollar da karıxsın... itən kölgəyə, bu qəfil gedişə, çarpaz döngəyə, saralsın gözlərin kökü həsrətdən ümidlər üzülsün, dönə, dönməyə. Ümidlər üzülsün...sən şəhərlə qal, boğazını sıxan küt qəhərlə qal, axtarsın gözlərin küçəbəküçə gedim... sən açılmaz bu səhərlə qal! 10.04.2020 Qaçaq ümidlər Novruzgülünün ətriydi burnumdakı... itdi, itdi necə tər idi o qoxu yel sovurdu ... bitdi, bitdi. Heyyy, o günlər… Nə dağ idi dağ üstündən tale mənə çəkdi, çəkdi nə tum tapdı ömür ləki hey başımda əkdi, əkdi. Göyərdilər... Yarpaq dedim bircə dənə xəzəlləri tökdü, tökdü əl atdım bir ümid tutam yer kürəsi çökdü, çökdü. Yıxıldım... Təpə gördüm, dizin-dizin iməklədim… baxdı, baxdı mən qalxdıqca dərdim qaçıb dağ başına qalxdı, qalxdı. Tuta bilmədım... 06.04.2020
© 2020 - Created by İLK XEBER.