Alışdığım adamsan

Sən mənim həyatıma gec gələn ilk baharım, Bir az yasəmən ətri,  bir az da ki dumanla. Qışda açan çiçəyim, yaz çağı yağan qarım, Səndən vəfalı çıxan həsrətinə zamanla Alışdığım adamsan... Basdırdım o sevgini, arxasınca yas tutub, Sən gördüyün o qəlbi indi bulud, sis tutub. Uzun gecələr boyu şəkillərinə üz tutub Danışdığım adamsan... Çəkir mənim səbrimi sınağa Allah yenə, Sənə gəlib çatmadı o çəkdiyim ah yenə, Xəyalınla  gah küsüb, birdən olur gah yenə Barışdığım  adamsan... Mən qorudum bu eşqi içimdəki o qışdan. Sənə xəbər yolladım küləklərdən, yağışdan, Zənglərini açmayıb sonra dostdan-tanışdan Soruşduğum adamsan... Zaman yaddaşımızdan bir gör nələri sildi, Amma yadigar qalan məktublardı, şəkildi. “Kim daha tez unudar” – deyə gör neçə ildi Yarışdığım adamsan... Yarışdığım adamsan... 08.07. 2019 Tutsaydım əlin, yarı buraxmazdım ölüncə, Ayüzlü o dildarı buraxmazdım ölüncə. Görsəydim əgər boynuna möhkəm sarılardım, Etməzdim həya, arı, buraxmazdım ölüncə. Qoy bilsin onun həsrətinə mən necə dözdüm, Dərd-sərimə  səbəbkarı buraxmazdım ölüncə. Bir kimsəyə meyl eyləməz idim mənim olsa, Düz əhdi, düz ilqarı buraxmazdım ölüncə. Mən bülbülü olsaydım o gül üzlü nigarın, Bir ləhzə yaxın xarı buraxmazdım ölüncə. Doymazdım əgər versə izin seyr eləməkdən, Hüsnün kimi gülzarı buraxmazdım ölüncə. Onnan yüzü  gəlsə, qələmi qoymaram əldən, Xatun, yenə əşarı buraxmazdım ölüncə. 26.07.2019