Gülqədəm Mirzəzadə
Kəndimiz Kür çayının sahilində yerləşir. Bizim evimizlə Kür çayını kəndi yarıya bölən magistral yol ayırır. Kür çayının üzbəüz sahili yaşıllıqdı. Kiçik yaşlarımın dövründən baxanda ağacların başı buludlara dəyəcək qədər hündür görsənirdi və bu ərazini meşə adlandırırdıq. Hər il Kür çayı daşar, Kürqırağı evlərin bir neçəsi zərər görərdi. Buna görə bir az kənddən aralı Kürdən ikinci qol çəkmişdilər...
Uşaqkən anamla çay kənarına gələrdim. Qadınlar paltarları suya
çəkər, farış adlanan su qablarında (səhəng) evə su daşıyardılar. Yaxşı yadımdadır, bir dəfə səhər çayın üstünün qəhvəyi rəngli böcəklərlə örtüldüyünü gördük. Bir gün sudan istifadə etmək mümkün olmadı. Səhər isə yenə çay öz axarında, üzbəüz sahildəki ağaclar öz yaşıl görkəmində idi...
Vaxtilə həsrətlə duruşuna, yorğa yerişinə, şahə qalxaraq kişnərtisi ilə uşaqlığımızı vahimələndirən atların saxlandığı vadidə indi çaqqallar, tülkülər məskən salıb. Bu gün uşaqlığımın dəli Kürlə bağlı xatirəsini sahildəki tuqay meşəsində dəfn etdim...
Suyun təminatının məhz Kür çayından, meşələrin görkəminin sahildəki yaşıllıqdan ibarət olduğuna inana-inana mən bu kənddə böyüdüm. İnsanlarını, daşını, torpağını, lilli suyunu, palçıqlı yollarını, uşaqlıq xatirələrini sevdim bu kəndin. Ən yaxşı kənd, ən yaxşı insan, ən yaxşı məktəb, ən yaxşı müəllim, ən yaxşı sinif yoldaşları düşüncələrini bu günümə daşıya bildim. Yenə uzun müddət uzaqlaşdığım kəndimizdəyəm. Dəyişən nə varsa düşüncələrimdəki keçmişlə uyğunlaşdıra bilirəm. Çağlamayan dəli Kürdən savayı...
Daşanda suyu magistrala qədər yüksələn dəliliyindən əsər-əlamət qalmayıb daha. Üstünü qəhvəyi böcəklər örtəcək qədər bol sulu deyil. Evlər subasmadan zərər görməsin deyə Kürün kəndin içərisindən keçən hissəsinin suyu tamamilə azaldılıb. Tuqay meşəsi adlandırılan ərazi yalnız yulğun kollarından ibarətdir. Vaxtilə həsrətlə duruşuna, yorğa yerişinə, şahə qalxaraq kişnərtisi ilə uşaqlığımızı vahimələndirən atların saxlandığı vadidə indi çaqqallar, tülkülər məskən salıb. Bu gün uşaqlığımın dəli Kürlə bağlı xatirəsini sahildəki tuqay meşəsində dəfn etdim...