Zaman ən vicdanlı hakimdir...

Əkrəm Bəydəmirli Bu gün dünyanı bürüyən, heç bir sərhəd, varlı, kasıb tanımayan koronavirus cəmiyyətlərdə kifayət qədər problemlər yaradır. Sosial çətinliklər, psixoloji sarsıntılar, işsizlik insanların həyatında acı iz buraxır. Lakin inanmaq lazımdır ki, bu da keçəcək. Marginallaşmış, zobiləşmiş, həddindən artıq aqresivləşmiş cəmiyyətlərin, ümumilikdə, dünyanın  saflaşmasına ehtiyac var. Müşahidələrimə  əsaslanaraq COVİD-19 pandemiyasına fərqli akspektən yanaşmaq istərdim. Bəlkə də mənim fikirlərimdə yanlışlıq var. Lakin qənaətim belədir ki,  bu vaxta qədər hegemon dünya iqtisadiyyatında davam edən proseslər, ətraf aləmə qənim kəsilərək kütləvi silah istehsalı, həmin silahların sınağı, dünyada ərzaq təhlükəsizliyi, keyfiyyətsiz qida  problemi, insan sağlamlığıından daha çox kəskin iqtisadi maraqlara hesablanan dərman istehsalı və biznesi öz acı nəticələrini göstərməliydi. Ötən dövrə nəzər salsaq görərik ki, dünyada, o cümlədən Qərbdə liberal dəyərlər mahiyyətini itirirdi.  Əvəzində  qorxulu millətçilik əhval-ruhiyyəsi genişləndi.  Digər tərəfdən dini qütbləşmə,  antiislam meyllərinin güclənməsinə dəstək olan bəzi mərkəzlərin təxribatçı  layihələri reallaşdı. Həmçinin terrorizmin genişlənməsində maraqlı  qüvvələrin  strateji hədəfləri, sanki  dirijor çubuğu ilə idarə olunan terror təşkilatları və  başqa faktorlar  dünya üçün xoşagəlməyən tendensiyalara rəvac verdi. Digər bir məqama diqqət yetirmək istərdim. 2001-ci il 11 sentyabrda ABŞ-da  baş verən terror hadisələri dünyanın siyasi sistemini dəyişdi.  Məlum hadisələrdən sonra humanizm prinsipləri daha da unuduldu. Dünyada bu qədər zorakılıq,  müharibələrə təhrik, dinc insanların qətlə yetirilməsi halları, təbiətin harmoniyasının pozulması və ona qarşı  kobud müdaxilələr,  humanizm ideyalarının tamamilə itməsi  nəticəsiz ötüşə bilməzdi. Yekunda bütün bunlar baş verir. COVİD-19 pandemiyası daha təhlükəli formada özünü göstərir. Şübhəsiz ki, dünyada keyfiyyətsiz qida  problemindən, onun yaradacağı fəsadlardan, xəstəliklərdən heç kim  sığortalanmamışdı. Dünyanı bürüyən koronavirus  problemi bizdə bədbinlik yaratmamalıdır. Bu bəlanın dəf edilməsində  Azərbaycan həkimlərinin, bu sahədə əməyi olan bütün insanların fədakar fəaliyyətlərini yalnız alqışlayıram. Belə çətin vaxtlarda milli həmrəyliyimiz, məsuliyyətli davranışımız zəruridir  Axı biz hamımız eyni gəminin sakinləriyik. Çox güman ki, bu, gəmi  fırtınaları keçəcək. COVİD-19 pandemiyası müvəqqəti xarakter daşıyacağına ümid bəsləməklə yanaşı qeyd etməliyik ki, koronavirusun törətdiyi fəsadlar uzun illər boyu təsirini göstərəcək. Həkimlərlərin, dünyada tibb sahəsi üzrə tanınmış ekspertlərin mülahizələrini izləyəndə bu qənaətə gəlmək olar ki,  koronavirus yalnız səhiyyə problemi deyil. Bu, həm də bizim duymadığımız, bilmədiyimiz çox dərin ilahi həqiqətlərin göstəricisidir. Əslində insan halal pula və Tanrı təbəssümünə ehtiyacı olan varlıqdır. Bu ilahi gerçəyi dünyaya islam sivilizasiyası diktə edir. Bu heç də  mücərrəd anlayış, gəlişi gözəl ifadələr deyil. Çağdaş dünyanın bəzi məkanlarında  islam sivilizasiyasından bu, dininin adını çəkmədən  müəyyən məqamlarda bəhrələnirlər. Onu da qeyd edək ki, islam dini  bir mədəniyyət, elm dini olmaqla bərabər sivilizasiyalı düşüncə deməkdir. İslam dini  insanları ən ali varlıq kimi dəyərləndirir, ona  qiymət verir. Deməli, dünyanın  bəzi dairələri istisna olmaqla islami  dəyərlərə, ən əsası ilahi eşqə yaxınlıq  xeyli  güclüdür. Bu yaxınlıq  insan faktorunda,  insana  dəyər kimi baxılmasında  özünü büruzə verir. Müqəddəs  kitabımız olan Qurani-Kərimin  49-cu surəsinin 13-cü ayəsində  yazılır:  “Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara  və qəbilələrə ayır­dıq ki, bir-birinizi tanıyasınız”. Quranın  bu ayəsinin təsirindən  BMT-nin  İnsan  Hüquq­ları Bəyannaməsinin birinci maddəsi  yaranıb. Həmin  sənəddə göstərilir: “Bütün insanlar öz hüquqları  etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir  və onlar qardaşlıq münasibətində olmalıdırlar”.  Bu da  islam  dininə istinad olun­maqla  insana verilən  dəyərdir, ilahi eşqin təzahürüdür. Dini dəyərlərin əbədi olduğu daha qabarıq şəkildə önə çəkilir. Deməli bəşəriyyəti, həm koronavirus bəlasından, həm də digər fəlakətlərdən islam sivilizasiyası xilas edə bilər. Zaman ən vicdanlı hakimdir. Koronovirus bəlasında günahı olanları zamanın hökmünə buraxaq. Dünyasını dəyişənlərə rəhmət, xəstəlikdən əziyyət çəkənlərə şəfa diləyək.