Ana dilimizin başına “tac” qoyanlar

Dəyərli oxucularımızı yormamaq, eləcə də  ingilislər demişkən “vaxt qızıldır” kəlamına  riayət edərək  birbaşa mətləbə keçməyi lazım bilirəm. Mətləb isə bundan ibarətdir ki, son günlər yenə də Ana diimizə, əsrləri, qərinələri  adlayıb gəlmiş, milli ədəbiyyatımzda, folklorumuzda, danışığımızda özünə möhkəm yer eləmiş, oturuşmuş, işlək sözlərimizə qarşı yeni  bir “hücum” başladılıb. Sən demə “yetim” sözü bizim bu günkü həyat tərzimizlə, “yüksəlişimizlə, “mədəni səviyyəmizlə”, milli “humanizmimizlə”  bir araya sığmır. (?!)  Və   “uyğun gəlmədiyi”  üçün də bu sözün  KİV-lərdə, TV-lərdə, gündəlik yazımızda, adi danışıqda işlədilməsi məqbul sayılmır.(?!) Onun əvəzinə  kiməsə “vəhy” kimi nazil olmuş  – “ata-anasını itirmiş” ifadəsinin daha “sanballı” olması iddia edilir. Bundan əvvəl də  bəziləri daha uzağa gedərək dilimizdki “əlil” sözünü “fiziki məhdudiyyəti olan(lar)” şəklində işlədilməsini məsləhət bilmişdilər. Bəli, bu sırf rəsmi üsluba aiddir və protokol ifadədir. Məsələ orasındadır ki, diimizdəki “əlil”, “şikəst” və bu kimi  çoxlu sayda sözlər var ki, həm ədəbiyyatımızda, həm publisistikamızda, həm də adi danııq dilimizdə çoxdan  “vətəndaşlıq” hüququ qazanıb. Digər tərəfdən “əlil” sözünün ifadə etdiyi məna ilə “fiziki məhdudiyyəti olan” deyimi arasında böyük fərq var. Təsəvvür edin, dilimizdəki  “qız” sözü ilə “arvad”, “cavanəzən” sözü ilə “xanım”, “oğlan” sözü ilə “kişi” və sair bu qəbildən olan sözlərin məna yükü  arasındakıı fərqi görməməyin  nə boyda fərq olduğu aksiomadır, yəni sübuta ehtiyacı yoxdur. O ki qaldı “yetim” sözünə onu heç bir qurama, qondarma, əndrabadi, süni söz birlşməsi ilə əvəz etmək mümkün deyil.Yetim sözünün etimologiyası. ifadə dərinliyi, məntiqi spektri, məna çaları, semantikası tamamilə fərqlidir. “Ata-anasını itirmiş”, yaxud “ ata-ana himayəsindən  məhrum olan” ifadəsi  heç vaxt  “yetim” sözünü əvəzləyə bilməz. “Ata-ana himayəsindən  məhrum olan” ifadəsi tamamilə və bütünlüklə rəsmi üsluba aiddir  və “protokol sözü”  sayılır. Digər tərəfdən “ata-anasını itirmiş” deyimi də “yetim” sözünü heç bir vəchlə əvəz etmir və edə də bilməz. Baxın, osmanlı türkcəsində də “öksüz” sözü ilə yanaşı “yetim” sözü də işlədilir. Ümumiyyətlə, üç kəlmədən ibarət olan “ata-anasını itirmiş” ifadəsi nə danışıq dilimizdəki, nə folklor nümunələrimizdəki, nə də milli  ədəbiyyatımızdakı “yetim” sözünün poetikasını, bədii emosionallığını, məna yükünü əvəz edə bilməz. “Yetim” kəlməsi ilə ifadə olunan yüzlərlə atalar sözü və məsəllərimiz, nağıl və rəvayətlərimiz hər hansı bir məmurun şəxsi mülahizələrinin kölgəsində qala bilməz. Dil və təfəkkür sahəsindən xəbəri olmayan, diletant adamların DİL  FAKTORUNA  hər hansı  müdaxiləsi yolverilməzdir. Məncə Ana dilimizin saflığı, qorunub saxlanması, dövlət dili səviyyəsində işlənməsi və gələcək nəsillərə çatdırılması üçün hər bir soydaşımız məsuliyyət daşıyır. Bu inzibati məsuliyyətdən qat-qat daha təsirli olan bir məsuliyyət –VƏTƏNDAŞLIQ  MƏSULİYYƏTİDİR. S.A.(sözardı) Dünyanı bürümüş bu “taclı virus” pandemiyası zamanında Ana dilimizin başına “tac” qoymaq əslində dilimizi “virusa” yoluxdurmaq cəhdindən savayı bir şey deyildir. Dəyərli dostlar, bu gün bizlər özümüzü pandemiya təhlükəsindən necə qoruyuruqsa, bu ölüm saçan virusdan necə xilas olmağa çalışırıqsa, ANA DİLİmizin saflığını, gözəlliyini, zənginliyini, əbədiyaşarlığını da beləcə qorumağa, hifz etməyə borcluyuq. Bu həm də hər bir azərbaycan türkünün borcudur.