Tarixdə bu gün

1907-ci ilin 12 aprelində Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi,  Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib  anadan olmuşdur. O, Bakı pedaqoji texnikumunu bitirmişdir (1923-1927). 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1939-1951), dosent (1951-1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir. Ədəbi yaradıcılığa 1934-cü ildən başlayan M.Təhmasib "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirmişdir. "Bir qalanın sirri" (1960), "Onu bağışlamaq olarmı?" (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. "Azərbaycan xalq dastanları (orta əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1965). 1946-1977-ci illərdə "Koroğlu", "Molla Nəsrəddinin lətifələri", "Aşıq Ələsgər", "Kitabi-Dədə Qorqud", "Azərbaycan dastanları" və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışmışdır. Çiçəkli dağ (nağıl-pyes) (1935), Azərbaycan folkloru kursu (1940), Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar) (1941), Azərbaycan xalqının qəhrəman oğulları (1942), Azərbaycan xalqının dastanları (1972) və s. kitabların müəllifidir. Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabr ayının 5-də Bakıda vəfat etmişdir.