“On yeddi”yə daha çələng düzmürəm, Aramızda hey salıbdı davanı. Bilirsən ki,”Ayrılığ”a dözmürəm, Dəyişərsən “on səkkiz”də havanı. Səhərlərim saçlarının rəngidi, Qollarımdan asılıbdı dan yükü. Bu həsrətim uzaqların cəngidi Elə bilmə bu, sevdanın son yükü. İşıq kimi tut üzünə yenə də Mənim qəlbim kağız kimi bəyazdı. Qaranlığı qalasan da sinədə İsinməzsən, payız elə payızdı. Cəm elədim, bircə- bircə təkini, Könlümdə yaz təzə çiçək açırdı. Bu sevgidə istəmirdim ”iki”ni, Zəndin yenə bir fürsəti qaçırdı. Daraldıqca ümidlərin dalanda, Xəzan yellər saçlarını darayır. Unudulub aramızda olan da, İndi bizi xatirələr arayır... Çəkilirsən uzaqlara yenə sən, Dolanırsan xəyallarda yüz yeri. Demirəm ki, şahlığından enəsən, Saxla bir az qayıtmağa üz yeri. Axır hələ aramızdan gur sular, Bu günə də ”allah-kərim” deyərsən. Xəbər alıb məni bir də sorsalar, Bir də “canım”, bir də “ərim” deyərsən. “On yeddi”yə daha çələng düzmürəm, Aramızda hey salıbdı davanı. Bilirsən ki, “ayrılığ”a dözmürəm, Dəyişərsən“on səkkiz”də havanı. Tur eşqim Fərəhim, sevincim Göy qurşağında, Tur Eşqimi yenə Turda ocaq çat. Qorqud işığında, Qor işığında Alova bürünüb Yurda Ocaq çat. Kiminə uzaqdı seçdiyi ada, Kiminə xalıdı, həvədi yollar. Hardasa yaddaşım qalanır oda, Hardasa kəsişir əbədi yollar. Tutmuşam üzümü dönüşə tərəf, Dolanıb gəzsə də ruhum min yeri. Asılıb gedirəm Günəşə tərəf, Əlindən buraxma, saxla sən Yeri. Çəmənə bürünüb üzü göylərin, Yanır ulduz-ulduz burda çiçəklər. Dolub-boşaldıqca gözü göylərin, Günəşə boylanır Turda çiçəklər. Bu da bir sevdadır, keçdi demə sən, “Əvvəl”dən öndədi “sonra”nın özü. Məcnun da, Leyli də heçdi demə sən, Axı mənim Eşqim Tanrının özü.
© 2020 - Created by İLK XEBER.