Mətbuat Şurası "Koronavirus: xüsusi karantin rejimində medinın fəaliyyəti" mövzusunda onlayn konfrans keçirib

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Koronavirus: xüsusi karantin rejimində medinın fəaliyyəti" mövzusunda onlayn konfrans keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrdə infeksiyanın qarşısının alınmasına yönələn kifayət qədər məqsədyönlü tədbirlər reallaşdırılmaqdadır. O, ölkəmizin mövcud istiqamətdə nümunəvi fəaliyyətlə fərqləndiyini vurğulayıb. Bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində dövlətimizin məsələyə həssas münasibətinin nəticəsidir. Həm dövlət başçımızın, həm də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus təhlükəsi ilə bağlı xalqa ünvanladıqları müraciətlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti vətəndaşının yanındadır və tam gücü ilə dünyanın üzləşdiyi qlobal bəlanın fəsadlarının aradan qaldırılmasına çalışır, bütün zəruri tədbirləri gerçəkləşdirir. "Hesab edrəm ki, mediamızın üzərinə də kifayət qədər vəzifələr düşür. Biz bu vəzifələrə ümumən məsulyyətlə yanaşıldığını görürük. Ona görə də çətin şəraitdə çalışan, yüksək əzmkarlıq göstərərək əhalinin maarifləndirilməsində yaxından iştirak edən hər bir media təmsilçisinə təşəkkürümüzü bildiririk. Onların əməyi ən xoş sözlərə layiqdir", - deyən MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum indiyədək koronavirus dövründə media fəliyyətinin müxtəlif təzahür formaları ilə bağlı bir neçə dəfə jurnlistlərə müraciət edib, müvafiq tövsiyələr ünvanlayıb. Qurum Beynəlxalq Jurnalistlər Federasiyasının tövsiyələrini də jurnalistlərimizə çatdırıb ki, bu da son dərəcə vacib məqamdır. "Tövsiyələrimiz nədən ibarətdir? Təbii ki, biz ilk növbədə juranlistlərimizin peşəkar olmalarını istəmişik. Əlbəttə, pandemiya şəraiti həm ölkəmiz, həm də jurnalistlərimiz üçün indiyədək keçilməmiş yoldur. Vətənizimin, xalqımızın, vətəndaşımızın mənafeyi baxımdan bu yolda düzgün istiqamət götürməliyik. Düşünürəm ki, müəyyən istisnalarla bunu edə bilirik. Digər tərəfdən, pandemiya şəraiti bir çox problemləri üzə çıxartdığı kimi, mediamızdakı çətinliklərini də üzə çıxartdı. Jurnalist adı ilə sui-istifadələr var. Müəyyən şəxslər saxta jurnalist vəsiqələri satmaqla məşğuldurlar. Bu kimi hallar hüquqi məsuliyyət kontekstində dəyərləndirilməlidir və tədbirlər görülür. Həqiqi jurnalistlər prosesə dəstək verməlidirlər və verirlər. Biz aktiv olmalıyıq. Eyni zamanda onu da bildirməliyik ki, xüsusi karantin rejiminin tətbiqi həqiqi jurnalistlərin fəaliyyətinə də təsir göstərir. Onlar həkimlərimiz, polislərimiz, eləcə də iş başında olan digər sahələrin təmsilçiləri kimi həyatlarını riskə atırlar. Bir daha deyim, fədakarlıq göstərirlər. Bəli, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah kütləvi informasiya vasitələrinin karantin dövründəki iş sərbəstliyinin olduğunu açıqlayıb. Yəni media fəaliyyətinə icazə verilən sahədir. Spekulyasiyalara qarşı isə əmək müqaviləsi tələbi nəzərdə tutulub. Əlbəttə, biz bu gün problemlərdən danışırıqsa, onları müzakirəyə çıxarırııqsa, bilməliyik ki, bir çox həmkarlarımız frilanser, bloger kimi çalışırlar. Onlar əmək müqaviləsi ilə deyil, xidməti müqavilə ilə işləyirlər. Biz Operativ Qərargahla danışdıq. Hesab edirəm ki, bu şəxslərlə bağlı problem olmamalıdır. Onlar müvafiq qaydada öz icazələrini alıb işlərini görə biləcəklər. Eyni zamanda Operativ Qərargahla razılığa gəldik ki, frilans fəaliyyət göstərən jurnalistlər Mətbuat Şurasına müraciət etsinlər. Şura onların siyahısını hazırlayaraq qərargaha təqdim etsin. Bu çətin durumdur və fərdi yanaşılmalıdır. Hər bir halda biz kimlərin jurnalist olduqlarını bilirik. Bu sayaq hallar üçün Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupumuz fəaliyyətdədir. Anlaşılmaz durumlar yaranarsa, jurnalistlər qrupun üzvlərinə müraciət edə bilərlər. Hər bir halda media nümayəndələrimiz də dərk etməlidirlər ki, bu durum ekstremal səciyyə daşıyır. Hər kəs öz məsuliyyətini anlamalıdır. Əgər jurnalist öz işinə gedirsə, getməlidir, ancaq kimsə jurnalist statusundan hansısa şəxsi məqsədini gerçəkləşdirmək üçün yararlanmamalıdır. Qəbul edilməlidir ki, məhdudlaşdırıcı rejim ümumən hər kəsə aiddir. Burada kiməsə sərbəstlik verilibsə, buna peşə fəaliyyətinin əhəmiyyəti nəzərə alınaraq gedilib", - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib. Toplantıda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu cür həssas durumlarda vətəndaş həmrəyliyi və vəhdətinin olmasının vacibliyini əsaslandırıb və bu baxımdan media orqanlarının üzərinə son dərəcə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. A.Quliyev vətəndaş cəmiyyəti institutlarının koronavirus təhlükəsinə qarşı maarifləndirici missiyası barədə məlumat verib. O, həmçinin medianın və sahə QHT-lərin birgə əməkdaşlığının vacibliyindən söz açıb. Mövcud istiqamədə əlaqələndirmənin gücləndirilməsi üçün QHT-lərlə media orqanlarının birgə konfransının təşkili təklifini irəli sürüb. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev medianın koronavirusla mübarizə şəraitindəki fəaliyyətini iki aspektdən dəyərləndirib. O, həm jurnalistlərin vətəndaşları maarifləndirmə missiyasına toxunub, həm də bildirib ki, peşəkar media fəaliyyəti dezinformasiyaların qarşısının alınması, mümkün təşvişlərdən qorunması deməkdir. Bu isə ümumən ölkənin təhlükəsizliyi baxımdan son dərəcə böyük önəm daşımaqdadır. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında bildirib ki, həqiqi jurnalislərimiz koronavirus pandemiyası şəraitində vətəndaşlarımızın təhlükəsizlik, gigiyena qaydaları ilə bağlı maarifləndirilməsində kifayət qədər ardıcıllıq və peşəkarlıq nümayiş etdirirlər. Bir sıra nöqsan və çatışmazlıqlar da diqqətdə saxlanılmalı və bu sayaq toplantılarda geniş müzakirəyə çıxarılaraq araşdırılmalıdır. U.Rəhimoğlu mövcud məqamı əsas tutaraq xüsusi karantin rejimi dövründə jurnalistlərin iştirakı ilə onlayn konfransların mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili qeyd edib ki, media koronavirusla mübarizədə kifayət qədər məsul və aktual missiya yerinə yetirir. Bu missiyaya zərər gətirən meyllər aradan qaldırılmalıdır, buna görə də jurnalist həmrəyliyinin olması şərtdir. A.Mərzili eyni zamanda jurnalist əməyinin stimullaşdırılması üçün əlavə tədbirlərə ehtiyacın olduğunu da diqqətə çatdırıb. MŞ İdarə Heyətinin üzvü, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli rəhbərlik etdiyi redaksiyada jurnalistlərin koronavirus təhlükəsi şəraitindəki həm yaradıcılıq fəaliyyətinə, həm də virusdan qorunmaq üçün gördükləri işlərə diqqət çəkib. O, eyni zamanda ümumən hazırkı dövrdə jurnalist fəaliyyətindəki bir sıra nəzərəçarpan məqamları sadalayıb. Baş redaktor bu baxımdan bəzi media təqdimatlarının, xüsusən televiziya materiallarının və proqramlarının keyfiyyətinə nəzarət edilməsini mühüm sayıb. E.Mirzəbəyli əlavə edib ki, media insanlarda pessimizm deyil, optimizm, xoş ovqat, ruh yüksəkliyi yaratmalıdır, bayağılıq yolverilməzdir. MŞ İdarə Heyətinin üzvü Azər Həsrət hazırkı durumda ciddi media orqanlarının siyahısının tərtib edilməsinin vacibliyini əsaslandırıb. O, bu yolla spekulyasiyaların qarşısının alına biləcəyinə əminliyini deyib. A.Həsrət onu da bildirib ki, bəzi telekanallarda pandemiya təhlükəsini, "evdə qal" çağırışını əsaslandırmaq üçün seçilmiş forma və metodlar qıcıq doğurur. Belə qeyri-peşəkarlıqlar diqqətə çatdırılmalıdır və onlara qarşı ictimai qınaq artırılmalıdır. Konfransa Çindən qatılan, bu ölkənin populyar "CCTV" telekanalının beynəlxalq əlaqələr şöbəsinin müdiri Malik Əyyub Çin mediasının koronavirus pandemiyası şəraitindəki fəaliyyətindən söz açıb. O, eyni zamanda bu xəstəliyin yayılması ilə bağlı beynəlxalq media şəbəkələrində Çinə qarşı formalaşdırılmış antipatiya meylləri barədə ətraflı məlumat verib, dünya mediasının xarakterik iş xüsusiyyətlərindən söz açıb. Medianın cəmiyyəti ruh yüksəkliyinə, həyata səsləməsinin vacibliyindən danışan MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu istiqamətdəki peşəkarlıq tendensiyalarının daim diqqətdə saxlanılmalı, müzakirəyə çıxarılmalı olduğunu bildirib, onlayn konfransın bu baxımdan mühüm əhəmiyyət daşıdığını deyib. Şimali Kipr Türk Cümhuriyyətinin Mətbuat Şurasının İdarə Heyətinin üzvü Gökhan Güler, həm Türkiyədə, həm də ŞKTC-də koronavirus infeksiyası ilə bağlı xarakterik məlumatları diqqətə çatdırıb. O, mövcud istiqamətdə medianın dezinformasiyalardan uzaq, obyektiv fəaliyyətinin zəruriliyinə cəmiyyətin maraq və mənafelərinin təminatı baxımından aydınlıq gətirib. MŞ İdarə Heyətinin üzvü, "Cümhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov çıxışında bildirib ki, koronavirus şəraiti media fəaliyyətinin hüquqi əsaslarına yenidən baxılmasını aktuallaşdırdı. Aşkar göründü ki, müstəqil jurnalist fəaliyyətinin - blogerliyin kütləvi informasiya yayıcılığının forması kimi qanunlarımızda yer almasına ehtiyac var. R.Becanov həmçinin belə günlərdə jurnalistikanın cəmiyyətin psixoloji durumunu yüksək tutmaq üçün çalışmasını da müstəsna fəaliyyət istiqaməti kimi vurğulayıb. Bunun əksinə olan meyllərə jurnalist ictimaiyyətinin reaksiya verməli olduğunu deyib. MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl koronavirus şəraitində jurnalist əməyinin müstəsna əmək olduğunu vurğulayıb və təklif edib ki, bu istiqamətdə düşündürücü təqdimatları ilə seçilən jurnalistlərin əməyinin stimullaşdırılmasına yönələn işlər görülsün. "Afn.az" saytının redaktoru Səbuhi Qafarov da çıxışında gərgin əməyi və zəhməti ilə seçilən jurnalislərin əməyinin nəzərə alınması təklifi ilə çıxış edib. O, eyni zamanda onlayn şəraitdə media fəaliyyəti ilə bağlı öz təcrübəsini toplantı iştirakçları ilə bölüşüb. "Region plyus" jurnalının baş redaktoru Namiq Mayılov diqqəti jurnalistlərin daha çox koronavirusla bağlı açıqlanmış rəqəmlərə həssas yanaşmalarının əhəmiyyətinə çəkib. O bildirib ki, bəzən məsələyə etinasız yanaşma siyasi spekulyasiyalar üçün meydan verir. Bu baxımdan Azərbaycanın media təmsilçilərinin də həssaslığı şərtdir. "Bakutime.az" saytının baş redaktoru Zaur Mirzəzadə hazırkı şəraitdə Mətbuat Şurasının vahid jurnalist vəsiqəsi mexanizmi tətbiq etməsini vacib sayıb və bildirib ki, bu yolla media adından sui-istifadələr aradan qaldırıla bilər. Baş redaktor çıxışında həmçinin ölkəmizdə "Könüllülər ili" elan olunması ilə əlaqədar jurnalist tələbələrdən ibarət könüllü dəstələrin yaradılmasını təklif edib. O, eyni zamanda jurnalistlərin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış qanvermə aksiyasına qoşulmasının əhəmiyyətini də əsaslandırıb. "Konkret.az" saytının baş redaktoru Fadil Paşayev bildirib ki, koronavirus infeksiyası ilə mübarizə mövcud istiqamətdə təbliğatın metodologiyasının hazırlanmasına ehtiyacın duyulduğunu göstərdi. O, bu istiqamətdə müvafiq işlərin görülməsini təklif edib.
Görüntünün olası içeriği: 13 kişi, Azer Hasret, Asif Merzili ve Nicat Huseyn Daglar dahil