Sayıqlama

Onda isti idi, çox isti, çox, çox... Kösövə dönmüşdü rəngi bəxtimin, Dedin Afrikada belə isti yox... Sən də yanımdaydın, yadındadırmı? – Ayağı yalındı zənci bəxtimin. Sonra birdən-birə soyudu hava, Sən məni tərk edib getmişdin onda. Bilmirdim, söyləyim kimə mərhəba, Kimə əlvida... Gələn soyuğamı, gedən sənəmi? – Hər şeyi tarimar etmişdin onda... Sibir soyuğuydu iliyimdəki, Təkcə yağış yağdı qar əvəzinə. Həsrətin yanında bu soyuq nə ki... Yalxa köynəyimi gün aparmışdı, Yolu donun kəsdi tar əvəzinə. Səni xatırladım yağış səsinə, O vaxt da beləcə yağırdı kədər. Soyuqluq düşmüşdü kölgəsiz tinə, Arxanca atmağa hirslənəndə, Qara daş deyilmiş bu kömür qədər. Ayrılıq səmtinə əsirdi külək, Sabahın lənəti axşam dönürdü. Üstümə gəlirdi ac canavartək, Dünyaya bəyandı yalquzaqlığım, Gözümdə son çınqı ümid sönürdü. Əvvəlki istilər indi donurdu, Buzunu açmazdı istixanalar. Pöhrə şitilləri, heyif, don vurdu... Xatirə şəklidir donan qığılcım, Nə olsun işıqlı çəkilişi var. İstixanadakı soba soyuqdu, Çatmadı tüstünün heç hara səsi. Bəlkə də, yolunu kəsən uyuqdu, Çırpındı, çırpındı əsir küləklər, Çırpıldı,döyüldü cığara səsi. Deyən tavan vurur üşütməm yenə, Çıxıb kəlləçarxa hərarətim, vay! Od kimi yatağım bumbuz nəm yenə, Sərsəm yol gəlirəm sənsizliklərə, Varmı qayıtmağa cəsarətim, vay... Deyirlər hər gecə sayıqlayıram, Dəyir kəlmə-kəlmə sözüm dişimə. Arabir qarışıq nəsə sayıram... Artıq danışdımsa məni bağışla, Bilmədən ilişdim özüm dişimə... 25.07.2016.