Bugünkü kimi yadımdadır, hər şeyə deyinib narazılıq etdiyimiz günlərdən biri idi. Xəbər çıxıd ki, Çində əhaliyə yarasadan koronavirus yayılıb. Səslər hələ də qulağımdadır. Yarasanın kökünün kəsilməyini arzulayan kim, onu yeyənlərə qarğayan kim. “Kreativ” qarğışlar savaşan ər-arvadın bir-birinə atdığı qab-qacaq kimi havada fırlanıb yerə düşürdü. Yaxşı deyiblər: “Hirsli başda ağıl olmaz”. İt-pişik yeyənlərə necə acıqlandılarsa, yadlarına düşmədi ki, “qarğış qarğanan yerdə qalar”. Qarğışları “ağızlarından düşüb sinələrinə yapışdı”. Axırda koronavirus Azərbaycana da yayıldı. Ətrafımdakılar asqırıb-öskürənə şübhəli baxmağa başladılar. Elə bil indiyəcən bir kəs də ictimai yerlərdə asqırıb camaatın beynini silkələtməyib. Elə bil bir kimsənin xırıltı ilə öskürdüyü zaman ürəyi bulanıb kənara qaçmayıb. Elə bil özü ömründə bir dəfə də olsun “gəzmədir, hər yerdə var” deyib xəstə vəziyyətdə işə gəlməyib. Elə bil bu vaxtadək qrip olub 40 dərəcə hərarətdə yanıb sayıqlamayıb. Elə bil heç vaxt zoğal mürəbbəsi ilə çay içib, tərləyib paltarlarını qurutduğundan evdəkiləri pəncərə-qapını açmağa məcbur edən bu olmayıb. Aləm qarışdı. Məsələ getdikcə uzandı. Əsəbi zəif olanlar depressiyaya düşdülər, sadəlövh adamlar inanıb dərd çəkdilər. Kasıb ailələrə bəla gətirən bu zəhirmar artıq günün mövzusuna çevrildi. Yavaş-yavaş söhbət “Feysbuk”a çatdı. Seyrək-seyrək statuslar görünməyə başladı. Hərə bir fikir bildirirdi. Maşallah, dostların da hamısı söz adamları, qəşəng-qəşəng rəylər “qələbəlik” yaratmışdı. Birdən zibil atmaq üçün evdən çıxmağa icazəyə ehtiyac olmadığı xəbəri yayıldı. Ondan sonra bütün statuslardan “zibil” yağmağa... bağışlayın “zibil” sözü oxunmağa başladı. Elə mən də şuluqluq salıb qohumumdan yazmışdım. O, dünyasını dəyişənəcən qapısını döyüb zibil pulu istəyən şəxs: “mən kartofu qabıqlı yeyirəm, zibilim olmur” sözlərini eşitdi. Ağlıma gəldi ki, görəsən, qohumum sağ olsaydı, sözünün üstündə dura bilərdimi? Bəlkə də, vəziyyətlə bağlı evdə darıxıb zibil atmağa çıxmaq üçün qabıq yeməyi tərgiyərdi. Beləliklə, hər işdə olduğu kimi, bu işdə də ağını çıxardıq. Əvvəlldən məzmunsuz-məntiqsiz yazanlara mövzu tapıldı. Hekayə, şeir basabası yarandı. Bütün bunlar miladdan, bağışlayın, karantindən əvvəl baş vermişdi. Bir gün acı xəbər aldıq: karantin elan olunacaq. Olundu da. Bu dəfə hamı ondan yazdı. Koronavirus karikaturaya, uşaq rəsmlərinə mövzu oldu. Şəbədə edənlər də saysız-hesabsız. “Feysbuk” “Göz yaşı içində gülüş”ə çevrildi. Azad gəzib-dolaşanlar, evə yalnız yatmağa gələnlər evdə qalmaqdan fəryad qopardılar. Gündəlik çörək puluna möhtac qalanların “Feysbuk”da olmadıqlarındanmı, ya sıxıldıqlarındanmı statusları görünmədi. (Bəlkə də, mən rast gəlmədim) Bir qismini dükanda istədiklərini ala bilməyəndə görüb üzüldüm. “Evdə qal” sloqanı tüğyan edir. Qalırıq. İşimizi evdən davam etdiririk. Yazmağa əlimizə fürsət keçib. Amma şəhərin, insanların, havanın xiffətini edirik. Azadlığın həsrətini çəkirik. Böyük azadlıq eşqi ilə yaşadığımız halda, indi küçəyə çıxmaq azadlığımızı itirmişik. Lap çoxdan bir lətifə oxumuşdum. Bir dost digərinə məsləhət verir: “Özünü xoşbəxt hiss etmək istəyirsənsə, dar ayaqqabı geyin. Ayaqların sıxılacaq, narahat olacaqsan. Belə olanda onu soyun. Gör özünü necə azad və xoşbəxt hiss edəcəksən...” Azadlığımız əlimizdən çıxdı. Hava da icazəli oldu. İndi səbirsizliklə “dar ayaqqabını” çıxarmağı gözləyirik. Şəbədələrdən yorulduğumdan ciddi imza sahiblərinin bu barədə düşündüklərini oxumaq istədim. “Nədən başlayım?” deyə götür-qoy edirdim ki, “Feysbuk”da gözümə tanış sima sataşdı – Nəsimi Nəbizadə. Ağlıma gəldi ki, görəsən, hörmətli aparıcımız bu barədə hansı fikirdədir, mövzuya necə yanaşır? Beləliklə, 8103-süz onun profilinə daxil oldum. Deyəsən, elə vaxtında getmişdim. Gördüm ki, Nəsimi müəllim pandemiya haqqında geniş status yazıb. Rəylərə baxmadım ki, görüm dostları onunla razıdırlar ya yox? Elə oğurluğa düşmüşkən əlimə gələn ilk qəniməti götürüb heç kim görməmiş geri qayıtdım. Gətirdiyimi “mışka”dan vörd proqramına boşaldıb nəzərdən keçirdim. Aparıcı əvvəldən belə bir bildiriş yazıb: tam ciddiyəm...” Bundan sonra uzun bir status başlayır: “Mən onsuz da ilk gündən bu koronavirus söhbətinə barmaqarası baxıram... soyuducudan, krandan həmişəki kimi bumbuz, çiy su içməyə, tərli-tərli nazik əyinlə çölə çıxmağa, evdə, həyətdə corabsız gəzməyə, gündə iki dəfə soyuq duş almağa və s. davam edirəm... yeri gəlmişkən, mövzu barədə bir neçə gün öncə status yazıb, məsələnin əsl mahiyyətini öz düşüncəm çərçivəsində açmağa çalışmışam... (bu postun altında həmin statusu təkrar paylaşacam) Bayaq bir video izlədim... deyir, Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər gün planetdə soyuqdəymənin müxtəlif növlərindən, hətta adi zökəmdən (qrip) yüzlərlə, minlərlə adam ölür... bəli, bizim sətəlcəm, meningit, nə bilim qaymarit və s. dediyimiz xəstəliklərdən... zatən ölümcüldü bu adları sadalananlar... bu vaxta qədər bəyəm ölüm olmurdu...? Sual verə bilərsiniz - belə kütləvi deyildi axı...?! mən həmin videonu yayanların yerinə cavab verim... olurdu, sadəcə, bu qədər tirajlanmırdı... ajiotaj - sözü yada salın... həə, hamı sayır bu dəqiqə... İtaliyada bir gündə 700-dən çox ölüm faktı sayılıb... ola bilər, mən demirəm ki, virus yoxdur, var, hətta təhlükəli səviyyədədir... necə ki, tarixdə müxtəlif zamanlarda, fərqli xəstəliklər baş qaldırıb, yayılıb... mən sadəcə buna konkret ad qoyub, "təzə bəla" donu biçilməsinin əleyhinəyəm... insanlar stresə düşür, bu daha dəhşətlidir və bəlkə də, həyatında bu vaxta qədər 100 dəfə soyuqlayan, zökəm tutan birisi bu periodda xəstələnir, diaqnoz (gülməlidir, yoluxma səbəbi bəlli olmayan, vaksini tapılmayan xəstəlik və diaqnoz) qoyulur, karantinə götürülür və... ürəyi partlayıb stresdən ölür... təəccüblənməyin, insandı da... unutmayaq ki, əsəbdən, stresdən, həyəcandan azarkeşlik etdiyi futbol komandasının oyununu izləyərkən həmin komanda uduzanda ölən adamlarıq biz... belə faktlara nə qədər desən rast gəlmək olar... bir misal da çəkim bu "ad qoyma"ya... Mərkəzi Amerika, Karib dənizi hövzəsi və ətrafı ölkələri tez-tez "vuran" dağıdıcı küləklər... hamısına ad qoyublar... özü də qadın adları... (bəlkə də, məhz dağıdıcıdı olduğu üçün və siz bu fikrimi zarafat hesab edə bilərsiz... N.N.) ay qardaş, qasırğadı da bunun adı... indi bu da onun kimi... yəni, rahat olun biraz... inanın, mahiyyət və məqsəd alayıdı... və bir neçə gün öncəki statusum... korona - III Dünya müharibəsinin "Barbarossa"sı insan yaranandan müharibələr başlayıb... əfsanəyə inansaq və nəzərə alsaq ki, o vaxt yer üzündə cəmi 4 nəfər yaşayırdı, o zaman ən dəhşətli "müharibə" Habillə Qabil arasında baş verib və həmin "müharibə"də bəşəriyyətin dörddə biri məhv olub... bu vaxta qədər iki dünya müharibəsinin ikisi də ötən əsrdə qeydə alındı... bu, insan oğlunun yaranışından bəri nə qədər vəhşiləşdiyinin və artıq vəhşiliyini gizlədə bilməməyinin, hətta vəhşiliyin özünün nə qədər vəhşiləşdiyinin sübutudur... üçüncü böyük müharibənin dünyanın sonunu gətirəcəyi barədə çox yazılıb, çox deyilib... ötən iki dünya müharibəsi həm də planetin bölüşdürülməsi ilə yadda qalıb ki, elə müharibələrdən əsas məqsəd də budur... yəni dünyanın siyasi xəritəsi - ölkələrin sərhədləri dəyişib... kimisi ərazisini genişləndirib, kimisi "yoxa" çıxıb... koronavirus III Dünya mühribəsidir... bu müharibəni başlayanlar hələ dünyanın sonunu istəmir, onlar yaxşı bilir ki, planetdə hələ nə qədər istismar olunmalı ölkə - sərvət var və həmin sərvətlərin onların əlinə silah, od-alov, bomba ilə keçməsi bumeranq effekti ilə nəticələnə bilər, yuxarıda qeyd etdiyim kimi özləri də məhv olarlar... ona görə də belə bir yol düşünülüb, tapılıb... virus bir müddətdən sonra böyük ölkələrdən "çəkiləcək"... hazırda virusa qarşı axtarılan vaksin "tapılacaq" və həmin böyük ölkələr "qurtulacaq"... bundan sonra hər gün qulaqlarımızın eşitdiyi səhiyyəsi zəif olan ölkələr - yəni kiçik ölkələrin ərazisində əsl dəhşət başlayacaq... bu "sərhədbağlama" oyunu da boş-boşuna deyil... proses artıq başlayıb... məşhur anekdotda deyildiyi kimi "əzrayıl" hamını bir yerə toplayır... kiçik dövlətlər və xalqlar həmişə böyüklərə mane olub... belə dövlətlər mütləq böyüklərin tərkibinə keçməli, xalqları isə azalmalı və kimlər üçünsə işləməlidir... çünki sürətlə artırlar, bu isə ehtiyatı tükətmək anlamına gəlir... görünür, SSRİ-nin dağıdılması düzgün siyasət deyilmiş və ya 30 ildə bundan kim nə götürməli idisə, götürdü...” Öz-özümə düşündüm ki, çoxunun ağlından keçirdiyi bu fikirləri, deyəsən, bircə o yazıb. İradə Tuncayın yazısını isə “Ədalət” portalından oxudum. Canıma da yağ kimi yayıldı. Mövzunun ağrılı tərəfinin birini də o yazıb: “Dünya təcrübəli adamların ağlı, gənc adamların enerjisi, gücü ilə dönür. İndi yeni bir epidemiya yaradıblar tülkülər – yaşlı adamlara psixoz, gərəksizlik sindromu aşılamaqla. Dünyada da yaşlı adamlar hər kəsə gərəklidir. Sizlərin beyninə yeridilən heçnəçilik, heçkimçilik də təcrübəli ixtiyarların qələmiylə həll olunur. Kissinceri tanıyırsız ? Onun məsləhətlərindən yararlanır dünyanın böyük ölkələri. Və onun yetişdirdiyi adamlar idarə edəcək gələcəyi... Efirlərdə qısqırdıb küçələrə buraxdığınız tülkücüklər kütləvi heçnəçilik yayarkən, bir təcrübəli adam tapılmır "DUR” deməyə. Xalqı soyub yığdıqları pullarnan cəmiyyətin yaşlı üzvlərinə hədyan yazdıranlar da adətkərdə olublar bir növ. Vərdişdir... Onlara sərf edir – nə qarışıqlıq olsa, yenə onlar yararlanacaq. Bulanıq suda balıq tutmağa vərdiş edənlər”. Elə “Ədalət”dən aralanmamış gözümə yeni bir yazı sataşdı: "Dünyanın hər yerində bu infeksiya minlərlə insanın həyatına son qoyub. Belə bir vəziyyətdə yeganə çıxış yolu özünütəcriddir. İnsanlar ünsiyyətlərini minimuma endirməklə özlərini və yaxınlarını bu bəladan qoruya bilər. Bu, həm də Allah qarşısında bir məsuliyyətdir. Hər bir insan ona verilən can əmanətinə görə Allah qarşısında məsuliyyət daşıyır. Qurani Kərimdə də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar deyir ki, Allah məni qoruyar. Amma ağılsız insanları Allah qorumur. Ona görə də insan ehtiyatlı davranmalıdır, İnsan ehtiyatsızlıqdan virusa yoluxub ölərsə, intihar, başqasını yoluxdurarsa, qatil hesab olunur. Ona görə də mən vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar”. Bunu da “Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. Mövzunu çox gözəl fikirlərlə tamamlasam, yaxşıdır. Bu çətin günlərdə ağlınıza yaxşı fikirlər gətirsin: “Biz evimizə döndük! Aeroportlardan, əyləncə, istirahət və alış-veriş mərkəzlərindən, kafe-restoranlardan yığışdıq... Evin ən möhkəm qala, ailənin ən etibarlı institut olduğunu təzədən dərk etdik. Günün qəhrəmanı evinə və ailəsinə sığınan, axıracan bu ortamı tərk etməyən, buna iradəsi çatan insanlar olacaq. 21-ci əsrin Nyu-Yorkundakı ev anlayışı 12 min il əvvəlin Qobustanındakı mağara anlayışı ilə inanılmaz dərəcədə üst-üstə düşdü. “İldırım çaxan kimi” bir nyu-yorklu biznesmen eynən adı məlum olmayan yarıçılpaq əcdadımız kimi öz mağarasına sığındı və çoxdan unutduğu bir hikməti bütün məziyyətləri ilə anlamış oldu. Ölməyə vətən yaxşı Bu həqiqəti dərk etdiyimiz halda hər yerdən öz vətəninə qaçan, xaricdəki rahat şəraitini atıb sərhəddəki karantin çadırlarını seçən yüzlərlə insan gördük. İstirahətini yarımçıq qoyub vətənə qayıdan nə qədər imkanlı ailələr oldu. Birdən, uzaqlarda ölərəm vahiməsi ilə... Evi qalaya çevirməliyik ki, vətəni evə çevirək. Vətəni evə çevirməliyik ki, dünyanı vətənə çevirək”. Şərif Ağayarın yazısındandır. Daha nələr yazacağımızı isə qarşıdakı günlər özü “təyin edəcək”. Günlərin də “səlahiyyəti” yoxdur. Onun da alnına nə yazsalar, qisməti elə olur. 10 aprel 2020
© 2020 - Created by İLK XEBER.