Hər şeyi başqa cür düşündük əvvəl, Yaş ötdü, hər şeyin tərsini gördük. On bir il məktəb bitirdik, fəqət Yaşadıq, həyatın dərsini gördük; Kiçikkən yüz işə meyil salanlar, İndi ölüm-zülüm bir işə girib. Körpəykən divlərdən qorxub yatanlar, İndi divlər ilə döyüşə girib!.. Hər yerdə bir ocaq-od çatan oğlan, Vaxt gəldi, bir anlıq sönmək istədi. Uşaqkən quşlara daş atan oğlan, Böyüdükcə quşa dönmək istədi… Sularda balığı xoşbəxt görənlər, Bilirəm, fikriniz dəryada qalıb. Məftildən düzəldib maşın sürənlər, İndi görürəm ki, piyada qalıb. Çərpələng uçurram hərdən havaya, Nə dərd görübdürsə yerdə, qayıtmır. Gizlənqaç oynu da dəyişib artıq, Qaçan elə qaçır, bir də qayıtmır… Dünyanı gözəl tək görən gözəllər, Gəlib bu dünyanın çirkinə düşüb. Gəlinciyin ərə verən gözəllər, İndi gəlin olmaq fikrinə düşüb… Hər yerdə bir ocaq-od çatan oğlan, Vaxt gəldi, bir anlıq sönmək istədi. Uşaqkən quşlara daş atan oğlan, Böyüdükcə quşa dönmək istədi.. * * * Hərə bir zümzümə edir keçmişdən, hərə içində bir bəstə saxlayır. məni bu od-ocaq qızdırmır daha, məni xatirələr isti saxlayır: gəlib məhləmizdə az tutmayıblar, qızlar gəlinciyi, donu əlimdə. mən də böyüməyə tərəf qaçardım, qarğı atım vardı, onun belində. gedib kitablarda quş axtarardım, rəsm dəftərimə şəkil çəkməyə. “klas”a bir yastı daş axtarardım, indi daş gəzirəm bir ev tikməyə. deyimmi xəlvətcə ağac başına çıxıb yuvaları yoxlamağımı? körpə budaqlardan yay-ox düzəldib, günahsız göy üzün oxlamağımı? canım bahasına ala bilmərəm, suyu qiymətinə satdıqlarımı. sonradan səngərdə döyüşən gördüm, taxta avtomatla atdıqlarımı. götürüb üstünə adımı yazdım, bir arxa tulladım, getdi, gəlmədi- mənim uşaqlığım, ax… uşaqlığım, kağız gəmilərdə batdı, gəlmədi…
© 2020 - Created by İLK XEBER.