Əflatun Amaşov: "Jurnalistika da koronovirus pandemiyasından zərər görən sahədir..."

Koronavirus pandemiyası ilə mübarizədə həkim və hüquq-mühafizə orqanları ilə yanaşı, KİV nümayəndələri də böyük fədakarlıq və ikiqat məsuliyyətlə fəaliyyətlərini davam etdirirlər.
Mediamız karantin dövründə həm insanları məlumatlandırır, həm də maarifləndirir. Elə bu səbəbdən jurnalistlərin sərbəst fəaliyyətinə Operativ Qərargah tərəfindən icazə verilib. Əfsuslar olsun ki, bu səlahiyyətlərdən sui-istifadə halları da çoxalmağa başlayıb. Son günlərdə adına “reket jurnalistika” dediyimiz “peşə” ilə məşğul olan qruplar saxta jurnalist vəsiqələrinin satışına başlayıblar. Ötən gün Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışlar satarkən saxlanılıblar. Araşdırma zamanı müəyyən olunub ki, hər iki şəxs xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından öz mənafeləri üçün yararlanmaq niyyətinə düşüblər.
Məsələni “Sherg.az”a dəyərləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, saxta jurnalist vəsiqəsi ilə bağlı MŞ-da məlumatlar daxil olur.
Şura sədrinin sözlərinə görə, indiki dövrdə bu məsələyə hüquq-mühafizə orqanları həssas yanaşmalıdır:
“Əlbəttə, konkret mexanizm elektron əmək müqaviləsidir. Karantin dövründə qayda-qanuna riayət edilməsi üçün bu mexanizm tətbiq edilməlidir. Ancaq əmək müqaviləsi olmayan jurnalistlər də var. Onlar xidməti müqavilə üzrə çalışırlar. Kifayət qədər məhsuldardırlar. Deyək ki, öz məhsullarını hansısa KİV-lərə sataraq həyatlarını təmin edirlər. Təbii ki, fiziki şəxs kimi qeydiyyatda olduqları üçün vergilərini ödəyirlər. Bu şəxslər vergi qeydiyyatında olduqları üçün “Asan imza”ya sahibdirlər və onun köməyilə “icaze.e-gov.az”a daxil olub, özlərinə icazə ala bilərlər. Bu yolla fəaliyyət azadlığı əldə etmək mümkündür”.
Ə.Amaşov son günlər gündəmə gələn mediaya birdəfəlik yardım məsələsinə də münasibət bildirib:
“İndiyədək də Azərbaycanda media orqanlarına birdəfəlik yardımlar edilib. Bu yardımların bölüşdürülməsi mexanizmi var. Heç şübhəsiz, jurnalistika da koronovirus pandemiyasından zərər görən sahədir. Eyni mexanizmlə bu sahəyə də yardım göstərilməsini mən də dəstəkləyirəm və buna ehtiyacın olduğu qənaətindəyəm. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev mediaya hər zaman diqqət və qayğı göstərib. Bu, artıq ənənə halını alıb. Əminəm ki, belə çətin şəraitdə də həm jurnalist fəaliyyətinin ictimai spesifikası və əhəmiyyəti, həm də media orqanlarının gördükləri zərərin nəzərə alınması istiqamətində işlər reallaşdırılacaqdır”.