Qorxu Mən qorxmuram bir ordudan Güllə yağar üstümə Qorxuram ki, qəm yandırar El yığılar tüstümə Qorxmuram ki, xəncər vurar Kürəyimdən bir namərd Qorxuram ki, didər, yeyər Ürəyimi ağır dərd. Heç qorxum yox Nəsimitək Haqq yolunda soyulum Qorxuram ki, el-obamdan Eqoisttək qovulum. Vurulmuşam Vətənimə Ondan əziz nə sevgili. Ruhum ona məktub yazır Kömək edir ana dili. Qısqanmıram bu eşqimi Qoy sevsinlər məni kimi. Sevməsələr qorxuram ki, Böləcəklər iki-iki. “Fəxriyyə” Sözləri yersiz yerə işlətməyi sevmirəm Yaman xəsis olmuşam bu ədəbi dünyada. Lazım olduqca bir-bir götürürəm kəlməni Dövrəsində bol olan sudan götürmür ada. Birinin kədərinə “nə pis oldum” demirəm Bir yardımı bu sözdən daha üstün tuturam. “Qurban olum balama” ifadəsindən isə Balam üçün anbaan özüm qurban gedirəm. Yaxşı işi övlada nümunətək birinci Özüm göstərib də mən duyuram bu sevinci. Yalan danışmayaraq yalanı pisləyirəm Ləyaqət mən özüməm əyani sübut kimi. Qocalığı sevmirəm Qocalıqdan yazıram ara-sıra indidən Ömürdən ötən hər il saçımızda indi dən. Nurdan düşmüş gözünü eynəklə əvəz edən Qocaları sevsəm də, qocalığı sevmirəm. Dünya çiçək biz də ki ləçəyində arıyıq, Nə qədər çəkiriksə, şirəsindən doymuruq. Qüvvəsini itirmiş “şanısı” qırıq-qırıq, Qocaları sevsəm də, qocalığı sevmirəm. Yerimək arzusuyla taqətsiz ayaqları Əsaya dəyişən an dünyadan küsür qarı. Uçub tökülür onda onun ömür divarı Qocaları sevsəm də, qocalığı sevmirəm. Ömrün lojalarında yerimizi tutmuşuq, Qocalıq bir tamaşa - səhnəsi uçuq-muçuq. Seyr etdikcə Tanrıya bəzən üsyan etmişik Qocaları sevsəm də, qocalığı sevmirəm. 01.07. 2016 İlhamına bürünüb dönüb şeir olasan, misra-misra sökülüb bəndlərdə yığılasan. Nidan, sualın, nöqtən – hisslərin duyğuların. Yazılasan cildlərə söz kimi, cümlə kimi. Alıb oxuyalar kaş .... Gözlərdən ürəklərə axdıqca kəlmə-kəlmə dünyadan qurtulasan. Heyif ki, nədənsə mən yazammıram bu axşam . Qələmlə sirdaş olub şairləşə bilmirəm, Misralara çevrilib şeirləşə bilmirəm. Qanmaz olmaq Nə fikir et qəlbini üz, Nə doğmaya nə yada yan. Lazım deyil nə haqq nə düz? Nə yaxşıdır qanmaz olmaq. Nə ədalət axtar, ara Nə rüşvətin dərdini çək, Səni bəs kim düşünəcək? Nə yaxşıdır qanmaz olmaq. Millət dərdi sənə qalıb? Düşmən yurdu səndən alıb? Qanan daim tez qocalıb Nə yaxşıdır qanmaz olmaq. Dünya beşik yatdıqca yat Yuxu yozub kitab “yarat” Kimə qalıb bu kainat Nə yaxşıdır qamaz olmaq. Nə tapmısan bu qələmdə? Ömrün kədər, qüssə, qəmdə Çalış bacar bunu sən də, Nə yaxşıdır qanmaz olmaq. 2015
© 2020 - Created by İLK XEBER.