“İSMARIC” doğru deyil, İSMARIŞ olmalıdır...

Dil müzakirələri gedir. Vaxtilə paylaşdığım qeydləri xatırladım. Bəzilərini təkrar paylaşmaqda, elə bilirəm, fayda var: “İSMARIC” doğru deyil, İSMARIŞ olmalıdır... Bu zavallı “ismarış” sözünün ən azından Azərbaycan ədəbiyyatında hansı orfoqrafiyada işləndiyi, xalq içində hansı orfoqrafiyada tələffüz edildiyi nəzərə alınmalıdır… Hansısa “ağıllımız” ANS-dəmi, ya başqa bir TV-də vaxtilə bunu “ismarıc” deyib, bu da düşüb bəzilərinin dilinə. Söz “ismarlamaq” feilindən düzəlmədir. “İsmarlamaq” feil kimi “Kitab-Dədə Qorqud”- dan tutmuş ədəbiyyatımızda yetərincə işlənmiş sözdür. Necə ki, “vurmaq”dan, “vuruş”, görməkdən “görüş” alınır, “ismarlamaq”dan düzəlmə isim də eləcə təbii halında olur “ismarış”. “Vuruc”, yaxud “görüc” necə əcaib səslənirsə, bu “ismarıc”ı da eyni əcaiblikdə qəbul edin, lütfən. Koroğlu dastanında keçir: "Aşıq sazla dediyi kimi sözlə də Məhbub xanımın ismarışını Koroğluya yetirdi". Nağıllarımızda da var. Nağılların birindən sitat: "Padşah zənəninə ismarış göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir sümüyü bərkisin, gələr onda..." "FALAN", yoxsa "FILAN"? Əlbəttə, "FİLAN"! Dilimizdə ərəbcədən alınma sözlərdən biri də “filan” sözüdür. Ta bu günlərə qədər “filan” kimi səslənən bu sözü indi yanlışlıqla başlayıblar “falan” olaraq tələffüz etməyə, yazmağa. Qədimlərdən bu günlərimizə qədərki bədii ədəbiyyatımıza dair bütün nümunələrdə “filan” gedir. Füzulidə də belədir: “bihudədir ol qamu fəsanə, Kim, aşıqdir filan filanə”. Ümumiyyətlə, Türkiyə türkcəsində də hər zaman “filan” olub. “Falan”ı orada onların şou-biznes adamları söz dövriyyəsinə salıbmış. İnternetin bir forum iştirakçısı yazır: “benim ve sosyal çevrem için 2000'lere kadar falan yerine söylenen sözcüktü. 2000'ler geldi, filan gitti falan geldi ben anlamadım...” “Filan” sözündən düzəlmə “filankəs” də var. Hələ ki, “falankəs” deyənə, yazana rast gəlməmişəm. Buna da şükür HANSI Kİ...? Əksər qəzet və saytların mətnlərində dil savadsızlığından gəlmə belə bir ifadə işlədirlər - "hansı ki". Məzmundan hiss edirsən ki, bunu "hərçənd", "baxmayaraq ki" mənasında anlayırlar. Özü də çox zaman cümlənin başında yazırlar. Əvvəlki cümlə ilə məntiqi bağı saxlamaqdan ötrü. Çoxlarının danışıq dilinə də sirayət edib. DƏXİLSİZ…? Son illər gənclərimizin danışıq dilində, yazılarında rast gəldiyim bir söz var: “dəxilsiz”. “Yersiz, aidiyyatı olmayan, dəxli olmayan” mənasında işlədirlər. Yanlış sözdür. “Dəxli olmayan”ı guya qısaldaraq “dəxilsiz” halına salmaqla yanlışlığa yol verirlər. Sözün əsli “dəxil” deyil ki, buna “siz” də əlavə edəsən. “Dəxil” sözünün dilimizdə mənası “sığınan, himayə axtaran, kömək istəyən”dir. “Dəxl” sözü bir başqa məsələ ki, mətləbə “dəxli” olan da məhz bu sözdür. “Əlaqə, münasibət, aidiyyat” mənasını verən söz. Sözdüzəltmənin qaydasına görə, gərək “dəxlsiz” olsun, amma bu da tələffüzdə “x”-dan sonra “i”-ni istəyəcək. Danışdıqları kimi yazanlar yenə də “dəxilsiz” yazacaqlar və təhrifli bir mənanı ifadə etmiş olacaqlar. Yaxşı ki, bu söz bədii ədəbiyyatımıza hələ yol tapmayıb... “KÖHLƏN”, YOXSA “KƏHƏR” Milli dilin özünün elə qərarlaşmış sözləri var ki, bunların da mənasının fərqinə varmadan yanlış olaraq biri digərinin ekvivalenti kimi işlədilir. Son vaxtların şeirində "kəhər" sözü "köhlən"i sıradan çıxarmaqdadır. Halbuki, "kəhər" məfhumu atın cinsini – keyfiyyətini deyil, rəngini nişan verir, yəni kəhrəba çalarında atın rəngini. Bu mənada folklordakı "gün çıx, gün çıx, kəhər atı min çıx!" ifadəsi günəşin qırmızıya – kəhər atın rənginə çalan zahiri görünüşünə işarədir. Həmçinin səmənd, göydəmir, boz, kürən, ağ sifətlərini artıranda aydınlaşır ki, söhbət hansı rəngdə olan atdan gedir. "Köhlən" isə cins mənasındadır, qoçaq, hünərli, mötəbər at mənasında! Bu atın rəngi qara da (Koroğlunun Qıratı kimi), ağ da (Napolyonun Ağ atı kimi), boz da (Qaçaq Nəbinin Boz atı kimi) ola bilər. Yaşlı nəslin əsərlərində köhlənlə kəhər heç vaxt eyniləşdirilməmişdir. Axı "kəhər madyan", "kəhər yabı" deyilər, "köhlən madyan", "köhlən yabı" deyilməz. Bütün bunlara baxmayaraq kəndi, onun hər üzünü yaxşı bilən də, bilməyən də "kəhər" sözünü köhlən at mənasında şeirlərində sağa-sola səyirdir: "Hər igidin heç olmasa bir kəhəri olsun gərək", "Şəhər bizi maşınlarda gəzdirir, dağlar bizi kəhərlərdə görübdür". Hətta tanınmış şairlərimizdən biri "kəhər ləpələrin köpüklü yalını" təsvir edir, bir başqası isə yazır ki, "yağış ətri gələn bu yaz günləri bənzəyir sahibsiz ağ kəhərlərə". Ağ kəhərlər! Bu, lap ağ oldu. Kəhərin köhlən yerinə işlədilməsi nasirlərə də sirayət edib. Onlardan birinin yazısında oxuyuruq: "Kəndli həyətini mal-qarasız, bostansız təsəvvür etmək mümkündürmü? Hələ onu deyək ki, kəhər atdan imtina etmək nə qədər düzgündür? Axı o igidlik rəmzidir" (?!) - Qasım Qasımzadənin "DİL CƏBHƏSİNƏ ƏSGƏRİ BORC" məqaləsindən AXIRINCI OLMASIN, AXARINCI OLSUN…çox komik Hansısa bir "ağıllı"mız deyib "axırıncı olmasın, axarıncı olsun" :), bu savadsız "axarıncı" sözü də düşüb gənclərin dilinə. İngiliscə "last but not least" ifadəsinin bənzərini yaratmaq istəyiblər, alınmayıb. Bu ifadədə "axırıncı olsa da önəmi heç də az olmayan" nəsnəni ifadə etmək məqsədi güdülür. Bizim "ağıllılar" istəyiblər söz düzəltsinlər və mənanı belə dərinləşdirsinlər ki, yəni sənin bu uğurlarının davamı gəlsin. Sözləri qafiyələndirmə xatirinə qrammatik bir mənasızlığa varıblar. Çünki "ıncı" şəkilçisi sıra saylarını bildirir. "Axarlı olsun" mənasını "axarıncı olsun" kimi vermək? Çox komik. ÇATIŞMAMAZLIQ", "GÖRMƏMƏZLIK"... Savadsızlığın fəsadlarından biri də bəzi yanlış sözlərin dilimizə girib bir növ vətəndaşlıq haqqı qazanmasıdır. "Çatışmamazlıq", "görməməzlik" qəbilindən sözlər kimi. Təəssüf ki, çox az adam bunları öz nitqində, yazısında işlətmir... Bəllidir ki, birinicinin əvəzinə "çatışmazlıq" olmalıdır, ikincinin əvəzinə isə "görməzlik". Sözün yaranmasının qrammatik məntiqi sadəcə belədir. Məsələn, utanmaq - utanmaz - utanmazlıq; dinmək - dinməz - dinməzlik; və s. Yəni ayrılıqda "çatışmamaz", "görməməz", yaxud "utanmamaz", "dinməməz" mənasız olduğundan bunlara isimləşdirən şəkilçilər əlavə edilə bilməz. İndi Azərbaycan dilinin izahlı lüğətində "görməzlik" ifadəsi keçsə də orfoqrafiya lüğətlərində bu, ixtisara düşüb. İxtisar aparanlar üçün "görməməzlik" daha doğru sayılır