"Bu, sistemlilik və geniş müzakirə tələb edən mövzudur"

İndi, demək olar ki, dəb  düşüb, bir az zarafatla, bir az gerçək kimsə keçmişdə olanlardan danışanda deyir: indikilər bilməz, o vaxt filan şeylər vardı, filan hadisə olmuşdu, filan oyunlar oynardıq və s... İndi mən də demək istəyirəm ki, "indikilər bilməz", vaxt vardı, sərnişin avtobusları dayanmadan işləyərdi, basabaslar, tıxaclar olardı, mən də yarızarafat, yarıgerçək, şikayətli, şikayətsiz "Marşrutnamə" adlı yazılar yazardım. Elə bu yazının da bir hissəsi həmin dövrana aiddir. Dövran dedim, yadıma "ov", "öv" birləşməsi düşdü. TV kanallarının xəbər proqramlarının bəzi aparıcılarının dili ilə desək, "az sonra"... Avtobusda yanımda ana-bala əyləşiblər, söhbət edirlər. Uşaq gah ordan-burdan, gah məktəbdən, dərsdən, müəllimdən danışır, gah da yollarda mağazaların adlarını oxuyur. Bir mağazanın üzərinə “Flo” yazılmışdı. Oxuyur: “f, l, o . Ancaq bunu FOLO da demək olar”. Anası: ”Axı orada FLO yazılıbsa, o, necə FOLO oxunsun?”- deyə sual verir oğluna. Uşaq cavab verir: “Mən də bilirəm e, F L O yazılıb, elə yazılsa da, FOLO da oxuna bilər də”… Ana isə razılaşmadı yenə də. Gülmək məni tutdu, bir istədim deyim ki, bala, səndə günah yoxdur, günah orfoepiyanı fərdi prosesə çevirənlərdədir. Ancaq demədim. Uşaq da deyir nə olar ki, FLO yazılanda? Mənim kefim istəsə, FOLO da deyərəm… Necə deyərlər, bu orfoqrafiya-orfoepiya qəliz məsələdir, Qəlizdir, həm də vacibdir. Eləcə də müəllimlik ki var, ondan daha qəliz məsələdir, ancaq qəliz olduğundan daha çox vacib məsələdir, vacib olduğundan daha çox şərəfli işdir… Di gəl ki, evdə öz uşaqlarına müəllimlik eləmək də hər kəsin işi deyil. Mən boynuma alıram, evdəkilərimlə çox da bacara bilmirəm. Hərdənbir otuzdururam onları qarşımda, sual-cavab edirəm. Elə cavablar verirlər ki, verəcəyim suallar da yadımdan çıxır. Bu gün, türkiyəlilər demiş, bir daha dənədim.  Sual-cavabımıza baxın, kurikulum üsulu ilə qiymətləndirmə aparın: – Dil nədir? – İnsan orqanı. – Dili öyrənən elm? – Dilçilik. – Dilçiliyin şöbələri? – Polis şöbəsi, qəbul şöbəsi… – Danışıq üzvləri? – Ancaq ağız, sözün çıxış nöqtəsidir . – Saitlə samitin fərqi? – Samitlər ağızda maneəyə rast gəlir, saitlər heç nəyə rast gəlmir. -Bəs başqa fərq? -Saitlər qırmızı rənglə yazılır, samitlər göy . -Səs dəyişkəndir, yoxsa hərf? -Əlbəttə, səs. Çünki hərədən bir səs çıxır... Bax belə...Hərədən bir səs çıxır dedilər, radioda rast gəldiyim bir veriliş yadıma düşdü. Verilişin adı qulağıma şillə kimi dəydi. Biz - dilimizin təəssübünü çəkənlər, dilimizi təmizləməyə çalışanlar,  bir yandan orfoepiya məsələsinə görə narahatıq, digər tərəfdən isə dilimizi yad sözlərdən təmizləməyə çalışdığımız halda, başqa biriləri (başqaları dediyimiz bəzi jurnalistlər, TV, radio işçiləridir ki, onlar dilimizi daha çox qorumalıdırlar, çünki daha çox təbliğ edirlər gün ərzində) radioda yarı əcnəbi, yarı öz dilimizdə veriliş ortaya çıxarır. Nə imiş bu verilişin adı : "Zvukunuz gəlsin" . Bax belə edirlər ki, uşaq da "hərədən bir səs çıxır" deməyə məcbur olur. Əcnəbi sözlərdən söz düşmüşkən, yuxarıda qeyd etdiyim mağaza adı, yüzlərlə bu cür əcnəbi adlar dilimizə ziyandan başqa bir şey deyil. Məgər dilimiz o qədər kasaddır  ki, biz bu qədər əcnəbi adlara üstünlük veririk?! Məncə, deyil, söz kasadlığından deyil, şöhrətpərəstlikdəndir... Orfoepiya məsələsinə qayıdaq. Yuxarıda qeyd etdiyim "dövran" sözünə toxunmayıblar, ancaq bəzi sözlər var ki, onların tələffüzü ilə nə şagirdlər razılaşa bilirlər, nə də biz. Bu sözlər barədə həmkarlarımız çox yazıb, çox qeydlər edib, iradlarını bildiriblər. “Dövlət”, “dovşan”, “MÜƏLLİM”, “müasir”, “müəllif”  kimi bir sıra sözlərdə səs düşümünün olması haqlı narazılığa səbəb olur . Narazıların sayı bu qədər çoxdursa, onda bu orfoepiya qaydaları kimlərin rəyinə əsasən hazırlanır? “Qızlar”, “qazlar”, “ulduzlar” sözlərinin sonluqlarının tələffüz formasının da [ -dar ] şəklində olması ilə razılaşmaq olmur . Tələffüz qaydalarında mübahisə doğuran məqamlar çoxdur, lakin yazdığı kimi danışmağı, eləcə də danışdığı kimi yazmağı da doğru hesab etmirəm. Adını xatırlaya bilmədiyim məşhurlardan birinin belə bir fikrini oxumuşdum illər öncə: "Yazdığı kimi danışmaq süni təsir bağışlayar, danışdığı kimi yazmaq bəsit görünər". Çox doğru fikir olduğunu düşünürəm. Doğrudur, dil zoru sevmir, rahatlıq istəyir, asanlığı seçir, lakin bu rahatlıq da qaydalar daxilində olsa, daha rahat olar. Sonu q ilə bitən bəzi sözlərin [ x ] kimi tələffüzü ilə razılaşmayanlar olsa da, bu cür tələffüzü  doğru hesab edirəm. Düşünürəm ki, belə sözləri yazıldığı kimi tələffüz etdikdə danışıq çox süni alınır. İstər şeir söyləyəndə, istər nağıl danışanda, istərsə də hər hansı bir məruzə söyləmək olsun, elmi müzakirə olsun, "yataq”, “yarpaq”, “torpaq”, “uşaq”, “ocaq”, “qucaq” və s. bu kimi sözlərin tələffüzü hazırda olan tələffüz qaydalarına əsaslananda dil daha təbii, daha canlı olur. Ümumiyyətlə, dil o zaman gözəl olur, fikrin ifadəsi o zaman mükəmməl olur ki, dilin fonetik, leksik və qrammatik qaydalarıa əməl olunsun. Əslində, bu, sistemlilik və geniş müzakirə tələb edən mövzudur .... Pərvanə O-nurlu ilkxeber.org