Bəsti İsmayılova "Mənə bir sərgi salonu verin!" - Rəsul Rza Mənə bir sərgi salonu verin! Nə geniş olsun dünya qədər, nə elə hündür olsun ki, ətəyində qala uzun kölgələr Mənə bir sərgi salonu verin! Orda bir insan şəkli asacağam - adi bir insan. Nə elə kiçik ki, məhəl qoyan olmaya, nə elə böyük ki, baxanda qorxasan. Orda bir insan şəkli asacağam, görünsün dünyanın hər yerindən, Bir insan şəkli asacağam ... Bir yanda Cordano Brunonun külü, Bir yanda Məhəmmədhəsən kişi - ömrü, günü yollara tökülü... Bir şəkil, min baxış! Jurnalist qardaşımızın şəkli, gördüyünüz şəkil! Aydın Canıyev Ağdamdan yazır... gözlərinə ağ dama -dama yazır! Arzuları yollara tökülü... Şəklə baxıram... Aparıb asacağam Rəsul Rzanın arzuladığı sərgi salonundan... Ya da Pikassonun "Gernika"əsərinin bir küncünə yapışdıracağam... Onsuz da "Gernika"da min cür şəkil var... Heç bir muzey gidinin bu şəklə şərh vermək şansı yoxdur... Çünki şəkil özü danışır... danışacaq! Şəklə baxın!.. Aydın müəllim istəsə, Yevlaxın çıxacağında, Bərdənin girəcəyində, Tərtərin ortasında, Quzanlıda Dram teatrının qabağında... Şahvəllərdə şəkil çəkdirib paylaşardı... Amma etməyib... Adam Ağdama aparmayan bir yolun ortasında oturub... yollar uzun, yolçu yorğun ...Məhəmmədhəsən əmi kimi! Gedə bilmədiyi ziyarətgaha gedənlərin ardınca ağlayır, Həzrət Abbasa şikayət məktubu yollayır,-gedə bilmədim, qoymadılar,-deyir... Çöməlim damının dibində, domuşub demisini tüstülədir... Belə çəkdirib Aydın Canıyev bu şəkli. "Quzu-quzu" çəkdirib… Tarkan digər sənətçilər kimi dağda, bağda, laləlikdə yox, toz -torpağın içində "Quzu-quzu" oxuduğu kimi çəkdirib... Aydın müəllim də Babəkin qolları kimi sındırılmış dəmir yol relslərinin üstündə, ətraf zibillik içində… quzu-quzu oturub... Ətrafda "Quzuların səssizliyi" - Oskarlıq bir səssizlik!.. Beyin fırtınası keçirir amma...Üzünə yansımış bir əzabın, xəcalətin çizgiləri ilə birgə şəkil çəkdirib, bir qarabağlı kimi bağrını yarıb çəkdirib. "Tikanlıqda şarkı söyləyənlər" kimi, "Küləklə sovrulanlar" kimi... çəkdirib …Bir gün Ağdama gedəsi olsaq, bu şəkli Ağdam Diyarşünaslıq Muzeyindən asacağam... O muzeyi mənə verin!.. Bir çağırış da var bu şəkildə... Gəlin,-deyir,- gəlin! Bakı -Ağdam qatarına minik başlasın!Yenə o kobud vücudlu, kobud səsli konduktor desin ki, Ağdama çatırıq, tələsin!.. Azərbaycanın o başında doğulub bu başına Qarabağa sevgi ilə gəlibmiş... Bu şəkildən həm də sevgi yağır - Qarabağ sevgisi! Yolun düşsə, bu dünyaya bir də gəl! Yolun düşsə, buralara bir də gəl!..
© 2020 - Created by İLK XEBER.