"Molla Nəsrəddin" jurnalı və qızların təhsili məsələsi

Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də, elə birincisi təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə qızların təhsilə cəlb olunması və onların sahib olduğu təhsil səviyyəsidir. Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də, elə birincisi təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə qızların təhsilə cəlb olunması və onların sahib olduğu təhsil səviyyəsidir. Bir kişinin və ya oğlanın təhsil alması, sadəcə, bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının və ya bir qız uşağının təhsil alması bir nəslin təhsil almasına bərabərdir. Məhz bu düşüncənin fərqində olan H.Z.Tağıyev Müsəlman Şərqində ilk Qızlar Məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanlarla əslində bir neçə nəslin təhsil almasına şərait yaratmış oldu. Bütün zamanlarda yaşayan qabaqcıl ziyalılarımız qızların harada və hansı dildə təhsil almasına qarşı olmayıb, buna nail olmağa çalışıblar. Məlum həqiqətdir və bunu elm də sübut edib ki, uşaqlara zəka geni atadan deyil, məhz anadan keçir. Genetik tədqiqatın təsdiqindən əlavə, hamıya məlumdur ki, ailədə atadan çox ana uşaqla təmasda, ünsiyyətdə olur və onun tərbiyəsində böyük rolu olur. Odur ki, ananın təhsilli olmasının uşağın gələcəyinə birbaşa təsiri var. Məhz bu səbəbdəndir ki, qadın azadlığı, qızların təhsili məsələsi Vətənin gələcəyi, inkişafı üçün dəridən-qabıqdan çıxan "Molla Nəsrəddinin" və molla nəsrəddinçilərin bir nömrəli məsələsi olub. Onlar bu yolda bir ordudan artıq iş görüblər. Qadın hüquqları uğrunda mübarizə, şəksiz ki, riskli iş idi. Məsələn, Ordubadın din xadimləri C. Məmmədquluzadəni lənətləyən vərəqələr yayır, onu öldürməklə hədələyirdilər. Tiflisdə jurnalın redaksiyasında dəfələrlə axtarış aparılmış, hücumlar edilmişdi. C. Məmmədquluzadənin həyatı daim təhlükədə idi. Jurnalda Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı kimi görkəmli yazıçı və şairlər dəstəsinin əsas məqsədlərindən biri də xalqın maariflənməsi və qızların təhsilə cəlb olunması məsələsi idi. Onlar fikirlərini təsirli şəkildə daha çox insana çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir, Azərbaycan dilində məzəli zarafatlar, felyetonlar, yumor və satira, lətifələr, söhbətlər və ləzzətli karikaturalar təqdim edirdilər. Mollanəsrəddinçilər ana dilinin şirinliyindən istifadə edərək Azərbaycan nəsri və poeziyasında yeni üslubun müəllifləri oldular. Jurnalın səhifələrində dərc edilmiş parlaq və cəsarətli əsərlər sonralar Azərbaycan bədii ədəbiyyatının və publisistikasının qızıl fonduna daxil oldu. Jurnal 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, 1919-cu ildə Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsində də az rol oynamayıb. Yalnız Azərbaycan Milli Kitabxanasında bu jurnalın köhnə surətlərini vərəqləyərkən onun müəlliflərinin və rəssamlarının nə dərəcədə cəsarətli və istedadlı insanlar olduğunu başa düşürsən. Jurnal 1931-ci ilə qədər fəaliyyət göstərdi. Yazıçı sovet dövründə də jurnala redaktorluq edir, yeni Azərbaycan əlifbasının tətbiqi istiqamətində fəal iş aparırdı. Amma «Molla Nəsrəddin» sovet hakimiyyəti illərində çox yaşamadı. 1930-cu illərin əvvəllərində hakimiyyət orqanları Mirzə Cəlildən tələb etdilər ki, sovet ideologiyasına uyğun gəlməsi üçün jurnalın adını dəyişdirib “Allahsız” qoysun. Jurnalın əvəzsiz redaktoru bolşevik senzurası ilə barışmadığı üçün tezliklə baş redaktor vəzifəsini tərk etdi. Müsəlman Şərqinin mətbuat tarixində Azərbaycan dilində ilk satirik jurnalın əhəmiyyəti ölçüyəgəlməzdir. Onun fəaliyyəti Azərbaycanda qadın hüquqsuzluğunun aradan qaldırılmasında və qızların təhsilə cəlb olunmasında çox böyük rol oynadı, «Molla Nəsrəddin» Azərbaycanda demokratik mətbuatın inkişafına böyük təsir göstərdi və çox qısa müddətdə təkcə Azərbaycanda deyil, həm də bütün Yaxın və Orta Şərq ölkələrində ən çox oxunan nəşrə çevrildi. Mövcud olduğu 25 il ərzində onun 800 nömrəsi işıq üzü gördü. “Molla Nəsrəddin” XXI əsrin insanını da ruhlandırmağa davam edir. Hazırda da Azərbaycan mətbuatında C,Məmmədquluzadə ədəbi məktəbinin layiqli davamçıları var və yetişməkdədir . Gülyaz ƏLİYEVA