Varvarizmlər efirdə meydan sulayır, səhvlər ayaq açıb yeriyir...

Dil də cəmiyyət kimi daim inkişafdadır. Cəmiyyət öz inkişafında, yenidən qurulmasında indiyəqədərki yaranmışlardan, var olanlardan necə təcrid oluna bilmirsə, dil də eləcə heç bir zaman çərçivəsində əvvələ yox deyib yaşaya bilməz. Ona görə də dilin inkişafından danışanda onun yaranışını mərhələ-mərhələ izləməliyik. Bu izləımə zamanımıza gəlib çatan mənbələr üzərində olmalıdır. Bu yazılı mənbələr nə vaxtsa yazılmış dövlət sənədləri, yazılı və yazıya alınmış şifahi xalq ədəbiyyatidır. Əlbəttə, az və ya çox dərəcədə hər bir dilin milli xüsusiyyətlərini özündə əks etdirən belə yazılar mövcuddur. Bu yazilar dövrün ədəbi dilidir. Bugünkü ədəbi dil xüsusiyyətlərindən danışarkən hər bir araşdırıcının dövri ədəbi dilə hörmət və ehtiramla yanaşma borcu var. Həm də nitqində dövri ədəbi dil nümunələrindən istifadə edən istər mütəxəssis, istərsə də digər sənət sahibləri bu xüsusiyyətlərin mükəmməlliyini qorumalıdır. Bu gün istifadə etdiyimiz, mən deyərdim ki, bəzilərinin korlanmağa doğru (bilərək, ya bilməyərək) sürüklədikləri ədəbi dilimiz yuxarıda qeyd etdiyimiz zəmində yaranıb və əsrlərin bizə bəxş etdiyi ən dəyərli töhfədir. Bu xəzinəni qorumalıyıq, qoruya bilməsək, korlamamalıyıq. Biz söykəndiyimiz dil ağacının kökündə dayanan klassik ədəbiyyat nümunələrindən bü gün necə istifadə edildiyinə diqqət etsək, üzərimizə düşən vəzifələri necə yerinə yetirdiyimiz aydın olar. Güllü Muradova “Şəbi-hicran” oxuyur: M.Füzuli: a) “Məni candan usandırdı, cəfadan yar usanmazmı!?” (yorulmazmı!?) b) “Mənə tən eyləyən qafil səni görgəc utanmazmı!?” G.Muradova: a) “Məni candan usandırdı, cəfadan yar uTanmazmı!?” b) “Mənə tən eyləyən qafil səni görCƏK uSanmazmı!?” (bezməzmi?) M.Füzuli muradım şəmi; qamu bimarinə (qamu - hamı); qəmim pünhan tutardım mən (qəmimi gizli saxlayardım); güli-ruxsarinə (gül üzünə), rindi-şeydadır, degildim, əfğan deyir G.Muradova muradıN Səmi; qəmu bimarinə (qəm və xəstəsinə); qəmu pünhan tutardım mən (qəm və gizli tutardım mən); gülÜ rüxsarInA (gül və üzünə), rindU şeydadır, deyildim, əfqan və s oxuyur. (tələffüz qaydası Kamran M.Yunisin ifası ilə müqayisə edilib). Hər birimizin Könül Xasıyevanın ifalarına, təmiz səsinə. ahənginə məhəbbətimiz var. Amma heç kəsə “Elə bəndəm” mahnısının mügam hissəsində “Ləhni-Davud ilə min təxti-Süleymanə dəyər” əvəzinə “ləhəni” deyib sözün mənasını bərbad etməyə haqq verilmir. Hətta xatırlaya bilmədiyim bir müğənni İmadəddin Nəsiminin “Neylərəm” qəzəlindən istifadə edərkən “Dilbər aydır, ey Nəsimi, sabir ol qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm”. - əvəzinə “Dilbər ÖLDÜ, ey Nəsimi, sabir ol qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm” – səsləndirirdi. Bir qədər də “Yutub”da mahnı və muğamların adlarının yazılması ilə əlaqədar düşüncələrimi bildirmək istərdim. Bu adları müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, müxtəlif ölkələrin musiqisevərləri oxuyurlar. Bu adları gördükcə adamın musiqi dinləmək həvəsi qalmır: “Yar bizə qonax gələcək”,  “Taği Salahoglu-Nazli Nigarim”, “İstemir meni mugami“, Güllü Muradova – FUZÜLİ /ŞHEBİ HİCRAN, Güllü Muradova – Sari Galin, İmamyar Hasnov& Nermine Memmedova – Ay ışığında (əgər “i”hərfi yoxdursa, “Nermine”də niyə var?), Fərhad Soltani – FUZULİ kantatası və s. Sanki bu sözlər Azərbaycan dilinə haradansa gəlib. “Quql”da da peşmansan klassik ədəbiyyatdan bir nümunəyə baxmalı olasan. Ahh, necə bərbad, necə xanəxərab aləmdi bu!? Səhvlər ayaq açıb yeriyir. Əlbəttə, bu tamam başqa bir növzudur. Əvvəlki məqaləyə rəy yazanlardan mənə irad tutan olmuşdu ki, gərək Zaur Kamalı Z.Baxşəliyevdən ayırmayaydın. Biri zibilləyir, digəri tapdalayıb xıncım-xıncım edir. Mən də “Xəzər” TV-də 20.11.2018-ci il tarixdəki “5də5” verilişinə baxmağı qərara aldım. Nəticəmi sizinlə bölüşürəm. 20.11.2018 “Xəzər” TV “5də5” Zaur Kamal (qalın şriftlə verilmiş ifadələr Zaur Kamala məxsusdur.) 1. Orada filan-filan var – ifadə söyüş kimi işlənərdi. 2. Belə bir ifadə də var, belə bir söz var ki, insanın xoşbəxtliyi onun kiminlə ailə qurmasından çox şey asılıdır. -- Bir dilçi axtarıram bu cümləni təhlil etmsin. 3. Yollar tıxacdır, şəhər qarma-qarışıb, 4. Deyirəm bəzi müğənnilərimiz, utanmır, qızarmır... ay balam, sən Röyasan, Aygünsən, Brilyantsan, Xumarsan, ...Gəlir oturur, yanında fişəng və s. İntonasiya da Zaur Kamalın fikrinə aydınlıq gətirmir ki, tamaşaçı bu küçə sözləri ilə rəğbətləndirilmənin kimə aid olduğunu anlasın. Çünki mən özlüyümdə bu sözlərin davamını adı çəkilən müğənnilərə aid edə bilmədim. Əslində bu sözlər adı çəkilməyənlərə aid idi. Amma aparıcı intonasiyası... 5. Kim harda itdi, tapırıq - dəvət olunmuş müğənnidir o itən. 6. Sürprizlərimiz də var Günelə, qoy dəlsin, onun başına oyun açacam, müğənni isə... 7. Superdir, klip də superdir - dilimizdə bu “super” sözünün qarşılığı yoxdurmu? və s. Yeri gəlmişkən, Eyyub Yaqubovu “Ağabala Çaykovski” kimi vağzal mahnısı ilə efirə kim buraxır, adam mat qalir. Rəhbərlik nə fikirləşir? Bəyəm kim kanalda bir məlum zaman kəsiyinə sahib olsa, oradan istədiyini bu millətin başına tökmək hüququ var? Ağabalanın arvadının “Maskovski”, saatının “Kremlovski” və nə bilim nələrinin “haraiski” olması torpaqlaının 20%-i düşmən əsarətində olan xalqın gələcəyinə nə aşılayır? Eyni zamanda, bir mahnı mətnində ədəbi dil normalarının bu qədər pozulması telekanal rəhbərliyinin doğma dilimizə etinasızlığının göztəricisi deyilmi? Üzdəniraq “Nə ondandı, nə bundan” adlanan bir küçə zınqırığında (bağışlayın, mən onu nahni adlandıra bilmədim) neyləyirsən seygahı, neyləyirsən dəstgahı, səninküdür ürək çalan Amerikanski oğlan, firminnidü oğlan, simpatiçnidü, əsil müsəlmandu bu, kişidü bu, qəqeşdü bu” kimi sözlərlə bayağı bir VƏSF mərasimi təşkil edən Eyyub Yaqubov sonda bu əsil müsəlmandan əl çəkib “Hərənin əqlinə nə gəlir ifa eləyir, musiqini zay eləsək, bizlər üçün ar olsun, qoymuyun siz bu muğamatı xar olsun“ deməklə sözün əsl mənasında, xar olmayanı xar edir. Biz hara gedirik!? ATV kanal bu bayağılıqlarla hara gedir!? Deyə bilərsiniz ki, Eyyub Yaqubov bununla bayaqı kimisə tənqid edir. Bəyəm bayağını bayağı sözlərlə tənqid etmək lazımdır!? Həm də efirdən. Bu ifadakı sözlərlə dilimiz çeynənirdisə, oxunan segahla muğamatımız tapdalanırdı. Ölkə rəhbərliyinin muğam sənətinə yüksək qiymət verdiyi bir vaxtda televiziya ekranlarından muğamı elə əzmək olmaz. Deyim ki, tək budur? Yox, oturub mövcud yerli kanallarımızı araşdırsaq, şit verilişləri gündəmdən çıxarsaq, kanallar boş qalar. Gəlin milli zövqümüzü, milli əxlaqımızı, ən əsası gələcəyimizi şit, bayağı verilişlərlə korlamayaq. Qol çırmayıb, sən tarlaya çıxanda. Səs yayılır hər mahala, Sürəyya. ...Əməyin azad, diləyin azad, Ay ellər qızı, Bu şən ölkəmin bəxtəvər qızı. Bu mahnıdakı çağırış mənim pioner başımı bəxtəvərliyin şəfəqlərinə necə bürüyürdüsə, pambıqçı olmaq istəyirdim. Müəllim yox, həkim yox, hüquqşünas yox... Mən keçmişə qayıtmağı təbliğ etmirəm. Amma bu gün Vətənə bu "vətənin daşlarında mamır olub bitməyə" (ifadə M.Araza məxsusdur) hazır olan vətənpərvər gənclər yetişdirən mahnılar vacibdir. Mahnılarımız da, televerilişlərimiz də, radio dalğalarından gələn səslər də, mətbu orqanlarının səhifələrindəki çağırışlar da bir istiqamətə  - vətənpərvərlik istiqamətinə yönəlməlidir. Heç bir tərbiyə özbaşına kamilləşmir. Sima CƏFƏROVA ilkxeber.org