“Polis əməkdaşı vətəndaşdan sənəd tələb edəndə özünü təqdim etməlidirmi?”-BAŞ REDAKTOR İBRAHİM MƏMMƏDOV VƏ EHSAN ZAHİDOVA MÜRACİƏT ETDİ…

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri cənab İbrahim Məmmədova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki cənab Ehsan Zahidova Hörmətli İbrahim müəllim, Hörmətli Ehsan müəllim, Mənim üçün aydın olan, amma bəzi Dövlət Yol Polisi (DYP) nümayəndələrinin israrla əksini sübut etməyə çalışdığı bəzi məqamlara aydınlıq gətirməyinizi xahiş edirəm: 1. KİV nümayəndələri DYP əməkdaşlarına, yaxud digər polis nəfərlərinə vəsəqə ilə yanaşı iş yerindən arayış təqdim etməlidirlərmi? 2. KİV nümayəndələrinin öz şəxsi nəqliyyat vasitələrini Elektron Hökumətin İnkişafı Mərkəzi İcazələrin Alınması və Monitorinqi Sistemində qeydiyyatdan keçirərək müvafiq qaydada icazə almaları onların qarşısına tələb kimi qoyulubmu? 3. Əgər KİV nümayəndələri polis əməkdaşlarına vəsiqə ilə yanaşı iş yerindən arayış təqdim etməli deyillərsə, həmçinin ortaqlıda media təmsilçilərinin öz şəxsi nəqliyyat vasitələrini Mərkəzi İcazələrin Alınması və Monitorinqi Sistemində qeydiyyatdan keçirmələri və icazə almaları barədə tələb yoxdursa, o zaman Yeni Salyan Yolunda, Su Oyunları İdman Sarayının yaxınlığında post quran polis nəfərləri, xüsusilə də Səbail rayonu DYP əməkdaşları hansı qərara əsaslanaraq belə bir tələb irəli sürürlər? 4. Polis əməkdaşı vətəndaşdan sənəd tələb edəndə özünü təqdim etməlidirmi? Əgər etməlidirsə, o zaman yuxarıda qeyd etdiyim ərazidə xidməti vəzifələrini icra edən DYP əməkdaşları üçün xüsusi karantin rejimində özünü təqdim etməmək kimi istisnalar nəzərdə tutulubmu? 5. DYP əməkdaşının KİV təmsliçisinin, yaxud sıravi vətəndaşın üzərinə çımxırması, kobud şəkildə çığıraraq “sür” deməsi xüsusi karantin rejiminin tələblərinə daxildirmi?Mən qanunlara və peşə prinsiplərinə əməl edən, bütün dövrlərdə ictimai maraqları öz şəxsi maraqlarından üstün tutan, gecə-gündüz bilmədən vətəndaşları marifləndirməyə çalışan, dövlətini və xalqını sevən bir jurnalist, söz və fikir adamı kimi ən adi ictimai davranış qaydaları haqqında məlumatsız olan bir DYP təmsilçisinin aşağılayıcı rəftarına layiq olmadığımı düşünürəm. Eyni zamanda hesab edirəm ki, Daxili İşlər Nazirliyi əməkdaşları, tibb işçiləri vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün fədakarlıq nümayiş etdirirlər. Amma Azərbaycanın peşəkar Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin də eyni fədakarlıqla çalışdıqları qənaətindəyəm!
Elçin Mirzəbəyli,
“Xalq cəbhəsi” media qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü ilkxeber.org