Elbəyi CƏLALOĞLU Çox yaxın keçmişdə “Borçalı Cəmiyyəti”nin ofisində və bunun davamı olaraq, Tiflisdə, M.F.Axundovun ev muzeyində Borçalı ziyalılarının iştirakı ilə Hüseynqulu Məmmədlinin 100 iliyinə həsr olunmuş tədbir keçirildi. Ziyalı təbəqənin Hüseynqulu müəllimi xatırlaması onun hansı əlamətlərini əhatə etdiyi barədə bir neçə kəlmə yazmaq qərarına gəldim. Əvvəlcə qeyd edim ki, Hüseynqulu müəllimin böyük oğlu, folklorşünas-alim, aşıq sənətinin tədqiqində kifayət qədər əməyi olan Elxan Məmmədli ilə tanışlığım 40 il əvvələ, təxminən 15-16 yaşında olduğum vaxtlara təsadüf edib. Bu yaxınlaşmamızın kökündə yenə də aşıq sənəti, saz dayanır. Elxan müəllimin elmi fikirləri, folklor sənətimizlə bağlı söhbətləri elə o vaxtdan diqqətimi çəkib. Sonralar onun qardaşı Eldar müəllimlə də yaxın münasibətlərimiz yarandı. Beləliklə, anladım ki, bu ziyalı ailənin su içdiyi bir mötəbər bulağın, isindiyi pak ocağın olması mütləqdir. Bir ağac nəhəngdirsə, demək ilk növbədə onun kökü sağlam və nəhəngdir, elə bu ocağın böyüyü Hüseynqulu müəllim kimi. 1919-cu ildə Borçalının Faxralı kəndində doğulmuş, 1947-ci ildə APİ-nin filologiya fakültəsini bitirmiş Hüseynqulu Məmmədli ömrünün 30 ilini “Kitabi-Dədə Qorqud” abidəsinin araşdırılmasına həsr etmişdir. “Dədəm Qorqud gəzən yerdi bu yerlər...”, “Dünyanı düşündürən “Dədə Qorqud””, “Görüm Faxralının biri olsun beş”, “Qorqudşünaslığa dair biblioqrafik kitab” və digər kitabların müəllifidir. Bütün bunlar deməyə əsas verir ki, bəhs etdiyimiz ocağın düşüncə təməlinin milli kökümüz olan “Dədə Qorqud”a dayanması, gözümüz önündə onun barəsində aydın mənzərə yaradır. Hüseynqulu müəllim araşdırmalarını bu istiqamətə yönəltməklə hansı məqsədləri güdürdü? Əlbəttə ki, bu, düşünülməmiş ola bilməzdi. Ondan başlayaq ki, məhdud insanları çox görmüşük, sayları çoxdur, onlar ona görə məhduddurlar ki, məqsədləri mədələrini şenəltmək və var-dövlət hərisi olmaqdan o tərəfə keçmir. Ona görə mövqeləri də yoxdur, mövqe və məqsəd olmayan yerdə isə, təbii ki, məntiq də olmaz. Əgər, üsulundan asılı olmayaraq hər hansı idarə sistemi varsa, demək yönəldənlər və yönləndilənlər var. Yönəldənlər arasında elə adamlar var ki, onlarda millət və mənəvi dəyərlərdən əsər-əlamət yoxdur. Onların ümidinə qalsa, bəşəri cahilliyə, vəhşi həyat tərzinə və beləliklə də dünyanı başlanğıc nöqtəsinə qaytararlar. Hüseynqulu Məmmədli kimi nadir şəxsiyyətlər isə ömrünü həyatın, bəşərin, dünyanın inkişafına yönəldirlər, milləti, yaxud da ölməzliyin, əbədiliyin həyata keçirilməsinin əsas qüvvəsini öz çiyinlərində daşıyır, mənəviyyatı və maddi dəyərləri özlərində birləşdirirlər. Bu cür insanlar hər nəyi varsa dünyaya, bəşəriyyətə verirlər, özlərinə isə yalnız yaşamaq üçün zəruri olan qədər alırlar. Onlar çox gözəl bilirlər ki, inkişaf yalnız əxlaqla mümkündür. Əxlaqı formalaşdıran isə tarixi keçmiş, millilik, öz mədəniyyətini sevmək, özgə millət və mədəniyyətlərə hörmət bəsləməkdir. Hesab edirəm ki, elə bu səbəblə “Dədə Qorqud”u araşdıran Hüseynqulu müəllim öz tarixi keçmişimizi, milli və mənəvi mövcudluğumuzun və ya etnik orqanizmimizin müqəddəs başlanğıcını, milli əxlaqımızı, milli mədəniyyətimizi araşdırmaqda haqlıdır. O, tədqiqat əsərləri vasitəsilə bizlərə milli kökümüzün sağlam olduğunu, tarixi keçmişimizin saf düşüncə üzərində qurulduğunu, qəhrəmanlıq tariximizin ağıl, güc və ədalət üzərində cərəyan etdiyini isbat etmişdir. Bütün bunları araşdırmaqla Hüseynqulu müəllim özündən sonrakı nəsilə ilk növbədə əxlaqlı, ədəbli olmağı, sonra isə bu mənəvi dəyərlərə dayanaraq bəşəri düşünmələrini təlqin etmişdir. Əlavə etmək istəyirəm ki, bütün zamanlarda ən çox oxunan və ya indiki terminlə desək “bestseller” dediyimiz kitabların hamısı ideoloji əsaslara və fəlsəfi fikirlərə dayanır. Əsərlər bu dediklərimi özündə ehtiva etdikdə oxucular onu axtarıb tapırlar. Bu gün populyar hesab etdiyimiz əsərlər əsasən həmin bu qəbildəndir. Və inanıram ki, Hüseynqulu müəllimin alimlər tərəfindən sevilən, izlənən, barəsində bəhs etdiyimiz araşdırmaları da bir zaman sadə oxucu diqqətini geniş şəkildə çəkəcəkdir. Yuvarlaq olaraq demək istəyirəm ki, Hüseynqulu Məmmədli kimi şəxsiyyətlər öz yaradıcılığı ilə, həm də Azərbaycan və ümumilikdə Türk varlığını, onların əzəmətini dünyaya yayırlar. Hüseynqulu müəllimə 100 illiyini keçirdiyimiz bu günlərdə Allahdan rəhmət diləyir, ruhu şad olsun, deyir və davamçılarına can sağlığı, zehin açıqlığı arzulayıram. Bakı, 03 aprel 2020-ci il.
© 2020 - Created by İLK XEBER.