Azərbaycanın Uşinski sevdalısı - pedaqoq Hüseyn Əhmədov

Mehriban  Sərdarova müəllimi olmuş akademik  Hüseyn Əhmədovun vəfat etdiyini yazdı. Onun  gözəl natiq olduğunu, çıxışlarını şeir kimi oxuduğunu və doyulmaz söhbətlərindən yazıb onu xatırladı. Mən də onu - Hüseyn Əhmədovu 2000-ci illərdən tanıyirdım. Onun prorektor işlədiyi özəl universitetdə olan bir ədəbi tədbirə məni də dəvət eləmişdilər. Bir mövzu ilə bağlı çıxış etdim. Sonda rəhbərliyə çağırıb mənə iş - dərs deməyi təklif elədilər. Əsas iş yerim vardı, bu əlavə işə də razılıq verdim. Sonra akademiklə, Hüseyn müəllimlə görüşlərimiz çox oldu. Bir kitab hazırlayırdı, Cənubi Azərbaycanla bağlı materiallarda bir az yardımçı oldum. Cox sadə, diqqətli və nəcib insan idi. O qədər insanlara kömək etdim ki... Amma o, fərqli idi, insanın əməyini dəyərləndirirdi. Deyirdi ki, sən çox isləyib işlərimizi yoluna qoydun, dərslərə girməyə də bilərsən. Təbii ki, dərsləri keçirdim. Və o dərslərə girib oturar, hərdən də tələbələrə zarafatla deyərdi ki, bu müəlliməni qoruyuruq, kim incitsə, özündən küssün. Heç illərlə işlədiyim yerdə belə "atayana" qayğı və qiymət gorməyən biri üçün bu, böyük dəyər idi. Mehriban xanım, belə yaxşı insanlar həyatdan köçəndə də, doğrudan da, xatirələrdə yaşayır, mənən ölmürlər. Fikir  məni 15  il  əvvələ apardı. Hamının Azərbaycanda bəzi özəl universitetlərin səviyyəsindən xəbəri var, elə  bəzi dövlət  təhsil ocaqları  da  istisna  deyil. BDU- nun jurnalistika  fakültəsində az müəllim tapılardı  ki, iki-üç yerdə  işləməsin. Bir  dəfə rəhmətlik Şirməmməd müəlim kafedrada yığışıb oturanda bizə məhrəmliklə bir söz dedi; - Bilmirəm , yaxşıdımı, pisdimi, sizləri  də oda atmışam, bu dəmir-qayda  qanunla (fakültə, bəlkə  də, ölkədə yeganə yer idi  ki, orda  rüşvət qəti  qadağan idi, bunun bünövrəsini Şirməmməd  Hüseynov fakültənin dekanı olduğu  illərdə  qoymuşdu). Bax  beləcə o  bir çox  müəllim həmkarlarım kimi əsas  iş  yerindən  başqa bir  neçə yerdə işləməli olurduq. Beynəlxalq Universitetdə dərs keçdiyim tələbələrin içində ən çox Elmar  və Pərvanə yadımda qalıb (Söhbət 2000-ci ilin  əvvəllərindən  gedir). İkisi də əlaçı idi. Özəlliklə Elmar çox  çalışqan və ağıllı  idi. Keçilən dərslə bağlı aramsız suallar  verirdi. Mən də çox zaman dərsdən əlavə mövzulara da  toxunmalı  olurdum. Bir  dəfə  o  mənə  Əlyazmalar Fonduna  getmək  istədiyini söylədi, ona yardım  etməyimi xahiş elədi. Mən ona  dəstək  oldum. Onların  hər  ikisindən bir müəllim kimi çox  razı idim. İmtahanda da ən  yüksək  qiyməti  məndən  alırdılar, bu  da bəzən  kafedrada  narazılıq yaradırdı. Universitetin öz “qanunlar”ı  olsa da, mən  qarışmırdım, kənarda idim. O  universitetdə rus bölməsində  də dərs  keçirdim. Çalışqan qızların çoxluq təşkil etdiyi bir qrup vardı. Bir  neçəsinin valideyni Rusiyada  yaşayırdı. Həm qayğılı, həm  də kövrək idilər. Şəlalə adlı  bir qızla dostlaşmışdıq, həmişə  kədərli olurdu. Bir  dəfə  onu danışdırdım, ondan sonra  doğmalaşdıq. Şəlaləni sonralar təsadüfən iş  yerimin qarşısında  gördüm. Üstümə  uzun illərin həsrətli  doğmaları  kimi  elə gəldi  ki, məni  də  kövrəltdi. Sonralar eşitdim ki, Elmar İTV-də çalışır. Bir gün məni tədbirlərdən birində  görəndə  yanıma  gəldi, hal-əhval  tutandan  sonra qayıtdı ki, bir  yerdə  çalışdığımız  həmkarlarla  söhbət eləyəndə məndən soruşurlar  ki, bunları  hardan bilirsən? O  da  deyib  ki, müəllimlərimdən. Deyiblərmiş ki, sən ”Özəldə oxuya-oxuya bunları  bilirsən, biz  “Dövlət”də oxusaq  da,  xəbərsizik bu öyrəndiklərindən. Hüseyn Əhmədov hər  işini bilən köhnə  hörmətli  pedaqoq və kişilərdən idi. O  özəl  universitetə başqa universitetlərin ən nüfuzlu (özümü bu sıradan saymasam  da) təhsil işçilərini cəlb edə bilirdi. Ruhu  şad olsun! Pərvanə Məmmədli ilkxeber.org