K.Uşinskinin dilimizi məhv edən “vəsiyyəti”

“Feysbuk” sosial şəbəkəsi həyatımıza elə möhkəm “bağlarla” birləşdirilib ki, artıq sözümüzə qüvvət vermək üçün az qala kitablardan yox, ordakı statuslardan, şərhlərdən sitat gətirək. İnsafən, maraqlı paylaşımlar edənlər olur. Məsələn, xeyli vaxt bundan qabaq bir şəkil görmüşdüm. Ötürdüyü mesaj təsirli idi.  Yəqin ki, çoxunuz görmüsünüz. İdeya müəllifi də,  paylaşan da yaxşı iş görüblər. Şəkildəki iki balaca oğlan uşağı hərəsi ananın bir əlindən tutub özünə tərəf çəkir. “Mənim anamdır” cümləsinin çərçivədə, bərli-bəzəkli yazılması əsas fikrin qabardılmasına yönəldilib. Hər iki oğlan eyni sözü deyir. Həmin şəkil aşağı hissədə təzədən iki fərqlə  verilib. İkincidə ana qocalıb çarəsiz-çarəsiz baxır ki, hansı övladı ona sahib çıxacaq. Qardaşlar isə əlləri ciblərində üzlərini yana tutublar. Bu dəfə ikisinin də fikri belədir: – “Sənin anandır”. O ananın taleyi də bizim anamızınkına bənzəyir. Azərbaycanı deyirəm. O Azərbaycanı ki, Almas İldırım görürdü onun aqibətini, o ananı ki, dərdini  şair oğlu çəkir, “Qoynunda Şimaldan gələn qonaq gəzir...”deyir. Bax o Şimallı qonaq da, ondan neçə əsr əvvəl gələn qəsbkarlar da bizi anamızın dilindən uzaq saldılar. Şeirə çevrilən ağrılarını duymadılar. Çünki ağının deyildiyi dildən “yaxşısını” tapmışdılar. Həmin xalqdır binaların üzərində qeyri dillərdə yazılan yazılara biganə qalan, həmin xalqdır hərəsi bir dil öyrənib özünükünü unudan, “sənin dilindir sən qoru” deyib qardaşına yönəldən. Bu məqamda “Feysbuk”da gördüm həmin şəkli çərçivəyə salıb “yazının divarından” asıram. Yaxşı-yaxşı baxın. Dillə bağlı bizə qədər də çox deyilib, çox yazılıb, biz də çox dedik, çox yazdıq. Oxumuşuq ki, rus mütəfəkkiri K.Uşinski deyib bir milləti məhv etmək istəyirsənsə, birinci onun dilini əlindən al. Rəhmətliyin başqa mənada söylədiyi bu fikirdən siyasətçilər öz istədikləri kimi faydalandılar. Hegemon dövlətlər ata nəsihəti bilib də həmin aforizmi bizə tətbiq etdilər. Uzun müddət rəsmi dairələrdə ərəb, fars, rus dilləri işlənməsinin dilimizə vurduğu yaradır ki, bu gün də üç kəlməmizdən biri öz sözümüz deyil. O “nəsihətin” nəticəsidir ki, şəhərdə gözə dəyən bir çox lövhələrin üzərində ana dilində bir kəlmə də görmürük. Gördüklərimiz isə qrammatik baxımdan bərbaddır. Bu da dil qanunlarına bələd olmadığımızın göstəricisidir. Fədakarların küçələrdə monitorinq aparıb çəkdikləri qalaq-qalaq şəkillərdən albom düzəltmək olar. Adına “millət albomu”, “dil albomu” - nə deyirsiniz deyin, amma baxın. Və düşünün. Dillə bağlı konkret faktlara söykənən, etiraz motivli “şəkilli yazılar” Vasif Sadıqlı, Fizzə Heydərova, vətəndaş yanğısı ilə Gülyaz Əliyeva, mövqeyimi açıqlayan bir neçə yazı da mən və digər ziyalılar yazmışıq. Bu mövzuda Cabir Novruzun tövsiyəsinin (“Gələcəyə çox da ümid bağlamayın”) əleyhinə gedib gələcəyə çox, lap çox ümid bağlayırıq. İnanırıq ki, bu zəhirmar virusla mübarizə bitən kimi, yəqin ki, dilini korlayan viruslara qarşı da aidiyyatı qurumlar tədbir görəcəklər. Televizor adlı əşyaya qarşı antipatiyam olduğundan o işləyən saatlarda həmin otağa keçmirəm (bu barədə bir dəfə yazmışam.) Müğənni olsaydım, Barış Manço kimi mən də televizor üçün oxuyardım ki, mövsümlər gəldi keçdi baxışmayalı. Sonuncu dəfə adam kimi (yəni divanda əyləşib) televizora baxanda çox gənc idim. Uzun illərdir ki, televiziya proqramlarından imtina etmişəm. Dərzidə, gözləmə salonlarında və s. yerlərdə məcburən izlədiyim proqramlardan iyrənərək baxmıram. Bu illər ərzində zövq almaq üçün iki-üç nəfər sanballı ziyalımızın çıxışını izləmişəm vəssalam. Nəhayət, son günlərin karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydalardan xəbər tutmaq üçün özümü bu “işgəncəyə məruz” qoyub, bir neçə verilişi izləməli oldum. Amma hansı məqsədlə ekrana yaxın əyləşdiyim yadımdan çıxdı. Özümü nitq polisi kimi hiss etdim. İki-üç verilişə baxmaq xeyli material toplamağıma imkan verdi. Veriliş gedə-gedə apardığım qeydlərin çoxunu indi oxuya bilmirəm. Aparıcıların nitqi kimi qarışıqdır. Onların “kələ-kötür” nitqini dinləyəndə mənə elə gəldi, necə ki, yollar ayaqlarımızı ağrıdır, eləcə də bu əyri-üyrü tələffüzdən sözlər inciyir. Qulaqlarımız da bir yana, yazıq ana dili nələr çəkir. Son vaxtlar “bilməzsən”  sözünü “bilmərsən” kimi deyənlər də artıb. Dillərinə hardan düşüb, - bilmirəm. “Speys” telekanalındakı aparıcını dinləyirəm ki, vəziyyətdən məlumatım olsun. Vaxtımın çoxu onun “xəbər verdiyim kimi”, “qeyd etdiyim kimi”, “dediyim kimi” ifadələrindən axırda hansını seçəyini gözləməyə getdi. “...ayın 20-dək fyaliyət göstərəcək” cümləsini də sonra başa düşdüm ki, “fəaliyyət” demək istəyir. “Real TV”-dəki qonaqsa maska düzəltməyi öyrədirdi, bildirdi ki, bunu düzəltmək çox “hasantdır”. Brilyant Dadaşova gül kimi xatirəsini işlətdiyi ifadə ilə İctimai kanaldakı verilişdə eybəcərləşdirdi: “Mirzə Babayev bərkdən oxuyana deyirdi ki, niyə anqırırsan?”. Aparıcı Saleh Bağırova tutacağım iradın isə onun savadına, mədəniyyətinə heç bir zərəri yoxdur. O da etiraz edib deyə bilər ki, əksər ziyalılar  “Rəcəbovu –  Rəcəbıv”, “Babayevi –  Babaiv” kimi tələffüz edir, burda nə var ki? “Hasant” sözünü bu verilişdə də işlətdilər.  Bu da onu göstərir ki, çoxumuz “asan” əvəzinə bu cür deyirik. Elə mənim yaxınlarım da. Ola bilsin, mənim tələffüzümdə də bəzi qüsurlar var. Siz də mənə xəbərdarlıq edin. Beləliklə, gec də olsa, ana dilini qorumağa birinci özümüzdən başlamış olarıq. “Material toplamaq üçün” “Yutub”a da baxmışam. Beş-on mahnı da dinləmişəm. Burda da mahnıdan çox qrammatik səhvlərə başım qarışmışdı. Səhvlərindən yazdım, mahnılardan yazmaqsa indiyə qaldı. Sovet dönəmində yazılan mahnılarda da ifaçıların xətalı tələffüzünü eşidirik. Məsələn, Polad Bülbüloğlunun “ot qoydun gözümə” oxuması dinləyicidə başqa təsəvvür oyada bilər. Azərbaycan dilini bilməyən Manana Caparidze  “məhəbbət”lə “Məhəmməd”i ayıra bilməsin, Polad Bülbüloğlu da “ot”la “od”u. Son dövrlər bəstələnən mahnıları hesablasaq, onca dənəsini dinləyirəm. O da sözü, bəstəsi, ifası yerində olanı. Yaxşı musiqi ilə pis musiqini seçmək üçün musiqişünas olmağa ehtiyac yoxdur ki. Bilmirəm Musa Musayevin mahnıda “ğ” hərfi əvəzinə “q” demək adətindən özünün, ya da duet ortağının xəbəri var ya yox, (“Sönmüş ocaqıma dönürəm”), (“Qıyma ömrümün cavan çaqına” ) əgər yoxdursa, mən xəbər edirəm. Könül Kərimovanın ötən illərdə ifa etdiyi mahnılardan dinlədiklərim var, amma bu marağın onun “Vüsal bizim, həsrət bizim Özün söylə gəl, əzizim, Sevgi dolu qəlbimizi Biz açmasaq, kim açarmı?” oxumasına irad tutmağıma heç bir dəxli yoxdur. Rədif pozulmasın deyə yersiz halda “açarmı” soruşmağın nə mənası var? Yazıda söhbət səhv oxunan sözlərdən gedir. Bu ağrıya dözə bilmirik, ümumilikdə mahnı mətnlərindəki qüsurlardan yazsaq, “ot” püskürərik, “ot” tutub yanarıq. Pərvanə BAYRAMQIZI İlkxeber.org 3 aprel 2020