İnsanlığın hekayəsi

 (Bu, müharibə və insanlıq haqqında hekayədir. Hansı dilə çevrilsə o xalqın hekayəsi olsun) Müharibə yenə də kəndlə bir-birinə sarılmışdı. Nə qadınların qeybətinə məhəl qoyur, nə də bu mənzərəni seyr edən uşaqlardan həya edirdilər. Kəndin bütün hər yerinə əl gəzdirən müharibə özündən razı halda kişilərin nə edəcəyini gözləyirdi. Əsəbləri gərilmiş kişilər də öz növbələrində əllərinə silah alıb bu utanmazı kənddən qovmaq, ona layiq olduğu cəzanı vermək üçün bütün qüvvələrini səfərbər etmişdilər. Bu odun-alovun içində özünü qorxudan ora-bura vuran qoca və əlsiz-ayaqsız adamların əzabı müharibəyə ləzzət edirdi. Uşaqlarçün silahı oyuncağa çevirdiyindən qürurlanırdı. Torpaq sinəsinə atılan güllələrə, mərmilərə susur, adamların yaralarına baxdıqca öz yarasına ağlamağa utanırdı. Göy üzününsə güllələri tutub saxlamağa gücü çatmırdı. Cazibə qüvvəsinə uduzurdu.  Baş verənləri laqeydliklə  seyr etməksə Günəşlə Ayın öhdəsinə düşmüşdü. Yer üzündəki hadisələri müşahidə etdikcə  planetlər çaşıb qalmışdılar. Heç Göydə bir-birinə bu cür pislik edənlər yoxdur. Müharibənin Yer üzündə belə arın-arxayın gəzməyindən, göstərdiyi ədəbsizlikdən bezən kənd sakinlərinin daha inana bildikləri heç kəs qalmamışdı. Baş götürüb başqa bir kəndin qoynuna sığınmağa can atsalar da heç orada da rahat yaşayacaqlarına ümid etmirdilər. Müharibə onların ev- eşikləri, mal-mülklərindən betər ümidlərini, inamlarını  məhv etmişdi. Neçə illərdir insan kimi yaşamağı unudan kənd sakinlərininin ümidləri günəşin biryolluq sönməyinə, bu işgəncələrdən birdəfəlik qurtarmaqlarına  gəlirdi. Müharibə etməkdən əl çəkməyən, insan qanı içməkdən doymayan adamlara inamları çoxdan itmişdi. Onları kim xilas edəcəkdir, insanlarmı? Bəs onda bu müharibəni edənlər kimlərdir ? Müharibəyə məcburən təslim olan kəndin ortasında balaca bir uşağın əlindən tutub güclə yeriyən bir qadın görünürdü. Üst-başlarının hisindən yanmış evdən götürülən əşyaya bənzəyirdilər. Görünür, belə bir məqamdan xilas olmuşdular. Onların arxasınca hərbi geyimdə bir nəfər də gəlirdi. Ana-balaya yardım etmək niyyəti olduğunu  elə uzaqdan da duymaq  olurdu. Qadın isə bunu istəmir, arabir hərbçidən dala qalır və yaxud da uşağı qucağına almaq istəyəndə ona mane olurdu. Getdikcə onlar kənddən uzaqlaşırdılar. Artıq evlər də seyrəkləşirdi. Üç-dörd dağılmış ev gözə dəyirdi. Nə uşağın, nə də qadının taqəti qalmamışdı. Bayaqdan bəri qadını kömək etmək istədiyinə inandıra bilməyən hərbçi yenə də təmkinini pozmadan  mülayim tərzdə: – Qorxmayın, – dedi – pis niyyətim yoxdur. Kömək etmək istəyirəm. Qadın dinmədi. Yerindən də tərpənmədi. Qorxudan büzüşən uşaq  vaxtı keçmiş meyvəni xatırladırdı. Uzun zaman davam edən ağır günlər onu kətan üzərində rəngi qarışmış  portretə çevirmişdi. Elə bil bu portreti ancaq tünd, qarışıq rənglərdən çəkmişdilər. Uşaq anasının əlindən tutub yazıq-yazıq hərbçiyə baxırdı. Hərbçi onu ovundurmaq üçün verəcəyi bir şeyi olmadığından, sadəcə uşağın üzünə gülümsünməklə kifayətləndi. Bu gərgin anlarda ana-balanın ehtiyacı olduğu dincliyi onlara vermək üçün çıxış yolları düşünən hərbçinin alnı yığışmış, qaşları bir-birinə daha da yaxınlaşmışdı. Gərgin olmağına baxmayaraq arabir balacanı sakitləşdirmək üçün onun başına sığal çəkməyi də unutmurdu. Qadın isə bundan narahat idi.  Hərbçinin bu yolla uşağın ürəyini ələ almaq istədiyini düşünürdü. Yol boyu daxili təlatümlər içində çırpınan qadının təlaşını  hərbçi  hiss etməmiş deyildi. O başa düşürdü ki, qadın ondan qorxur, pis niyyətdə olduğundan şübhələnir. Bu da ona ağır gəlirdi. Az qalırdı ki, bu şübhələrin ucbatından özünə nifrət eləsin. “Bir qadında bu dərəcədə qorxunu biz yaratmışıq” fikri beynindən güllə sürəti ilə keçdi. Bu mənəvi işgəncə onu düşmən zərbəsindən pis ağrıdırdı. Amma susurdu. Arabir uşağa mehribanlıq göstərib onu ovundurmaq istəyini nəzərə almasaq hərbçi qadına dil töküb onu inandırmaq üçün heç nə etmirdi. Yenə də uşağa tərəf əyildi və gülümsünərək dedi: – Sizin əsgərinizəm. Məndən qorxma. Qadının etirazına məhəl qoymadan uşağı qucağına götürdü.  Bu dəfə uşaq dartınıb onun qucağından düşmək istədi. Hərbçi onu buraxmadı. Bayaqdan bəri çöhrəsini tərk etməyən xoş ifadə ilə yenə də uşağa ümid verməyə çalışdı. Uşağın qarşısında günahkarmış kimi vəziyyətdən çıxmağa can atırdı. Sanki onların evsiz- eşiksiz, sahibsiz qalmaqlarına səbəb o idi.  Bu anlarda ana-balanın hərbçidən başqa üz tuta biləcəkləri kimsə olmadığından o son dərəcə mehriban rəftar edirdi. Etdiyi rəftarın heç biri qadının qorxularının azalması üçün deyildi. O həmişəki kimi yenə də cismi ilə mənəvi dünyasının arasında çəkdiyi sərhəddində dayanmışdı. Daxili aləmində yaratdığı nizam-intizam onun fiziki davranışlarını komandir kimi tənzimləyirdi. Bayaqdan bəri eyni yollarla irəlilədiyi qadından minalanmış zona kimi uzaq dururdu. Hərbi qaydalar kimi beyninə bircə şeyi həkk eləmişdi. Onları xilas etmək. Bu niyyəti üçün heç özünü göylərdən göndərilmiş mələk kimi də hiss etmirdi. Uzun illərin qanlı döyüşləri onu miflərdən, romantik duyğulardan qoparmışdı. İndi  yalnız reallıqla yaşayırdı. Amma indi yaddaşını qurdalayıb uşaqlıqda eşitdiyi nağılları xatırlamağa çalışdı. Uşağı ovundurmaq istədiyindən bu “əziyyətə” qatlaşdı. Bu dəfə əvvəlkindən də mülayim görünərək uşaqdan soruşdu: – Mənə nağıl söyləyə bilərsənmi? Hərbçiyə ürkək-ürkək baxan, üzündən məsumluq yağan zavallı uşaq başını “yox” mənasında buladı. – Onda mən sənə söyləyimmi? – deyə hərbçi əl çəkmədi. – Anamın qucusunda getmək istəyirəm. – Uşaq dodağının altından mızıldandı. – Sən ananın dincəlməyini istəmirsən? Uşaq dinmədi. Deyəsən, hərbçi bu dəfə siyasətə keçmişdi. Uşağın ən zərif hisslərini titrətməyi bacarmışdı. Bu qədər qorxunc bir mühitdə hərbçinin üzündəki  xoş ifadə necə gözəl göründüsə uşaq da, elə  qadın özü də bir qədər sakitləşdi. Onun xoş rəftarı xeyli vaxtın dəhşətlərindən sonra əmin-əmanlıq  təsiri bağışladı. Bu anlarda ən çox ehtiyac duyduqları bu idi. Övladına görə dözdüyü çətinliklərin arxada qalmasını gənclik illərində arzusuna çatacağı günü gözlədiyindən artıq  gözləyirdi. Balasını sağ- salamat bir yerə çatdırsaydı dünya gözlərində təzələnərdi. Bu uşaq onu ölməyə qoymayan son və ən böyük səbəb idi. Hərbçinin üzündəki xoş ifadə ona  bu müsibətlərin bitəcəyinə, mütləq sülhün bərpa ediləcəyinə dair imzalanmış dövlət əhəmiyyətli rəsmi sənəd təsiri bağışlayırdı. Elə bil onun üzündəki cizgilər yox qadının oxumaq istədiyi cümlələr idi.  Qadın rastlaşdıqları andan indiyəcən etdiyi  inadkarlığını bir az yumşaldaraq: – Bizi hara aparırsınız? – deyə soruşdu – Qonşu kəndə gedəcəyik, – hərbçi  cavab verdi. – Artıq burda heç kəs qalmayıb. Buralar təhlükəlidir. Qadın heç nə deməyib onun arxasınca getməyə başladı. Amma torpağa tum kimi səpilmiş cəsədləri  uşağın  görməsindən narahat olduğundan əlini uzadıb oğlunun gözlərini tutmaq istəyirdi. Buna görə cəld hərbçiyə yaxınlaşıb ayaqlarının üstünə qalxdı. Boyu çatmadı. Hərbçi onun nə etmək istədiyini anladı. – Üzüyuxarı tutmuşam, –  dedi, –  gözlərini yumub, yatmaq istəyir. ”Müharibələrdə olub həmişə. Öyrəşib hər şeyə. Bizim kimi nə qədər bədbəxt adam görüb” –  deyə qadın yanında başqası da varmış  kimi pıçıldadı. Sonra da dərindən ah çəkərək – Yazıq uşaq onsuz da hər şeyi gördü –  dedi,  –bilmirəm uşaqda sonra qorxu qalacaqmı. Qabaqda asta-asta gedən hərbçi xeyli vaxt dinmədi. Qadının bunu kimə söylədiyi bəlli deyildi. Lakin o başqa şeyə görə susurdu. Uzun zaman dinməz- söyləməz addımladılar. Onlar uzaqlaşdıqca yalnız qalan kənd sanki onların arxasınca məyus-məyus baxırdı. Artıq kəndin bitməyinə də az qalmışdı.  Bundan sonra nə kəndi, nə də hara gedəcəyini bilməyən qadınla uşağı nələr gözləyəcəyini heç kim bilmirdi. Ağır dəqiqələr xeyli davam etdi. Nəhayət, hərbçi sükutu pozaraq dilləndi: – Bizimkilərlə gedərsiniz. Onlar sizə kömək edəcəklər. Qəsəbədə xəstəxana da var. “Qəsəbədə” Deməli, bizi harasa göndərəcək. “Xəstəxana da var”  – Qadın başa düşdü ki, onun bayaqkı sözünə görə deyirdi bunu. Araya  təzədən sükut çökdü. Uşaq yavaş-yavaş yuxuya getdi. Arabir diksinməklə anasını təzədən qorxudurdu. Hərbçinin dediyi qəsəbəyə yetişmək üçün var-gücünü toplayırdı. Onlar hey irəliləyirdilər. Hərbçinin bu anlarda nə düşündüyündən xəbərsiz olan qadın bəzən özünü yad  kişi ilə addımladığı üçün qınayırdı.  “Bəlkə, qəbahət edirəm – deyə düşünürdü. – Axı mən onu tanımıram, niyyətindən xəbərim yoxdur”. Bu düşüncə ağlına gələn kimi  özündən yenicə uzaqlaşdırdığı qorxu təzədən bürüdü onu. Bu qorxu hissinin gözünə qatılan daha çox  abır- həya hissi idi. “Birdən kənddən sağ qalan tanış- bilişlərdən kimsə görər məni, haqqımda nə düşünərlər?” deyə narahatçılıq keçirirdi. Lakin birdən- birə bu fikrinə görə özünə bərk acıqlandı. – Hər şeydən xoflanıram – dedi. Bu ölüm anında ağlıma belə qaragüruh fikirlər gətirirəm. Bəyəm kəndin o biri sakinlərini də beləcə xilas etməyiblərmi? Bir də ki, axı mən ərimə söz vermişəm ki, balamızı qoruyacam. Dözdüyüm bütün çətinliklər balama görə deyilmi?” Qadın için- için ağlayırdı. Arabir gözünü silib oğluna baxır və təzədən yaraları göynəyirdi. – Əllərim quruyardı kaş.. – dedi, o dəhşətli məqamı – ərini təkbaşına dəfn etdiyini xatırladı – özüm torpaq tökdüm onun üstünə”. Qadının ağladığını hiss etsə də hərbçi ona tərəf baxmırdı. "Ağlayıb sakitləşsin” deyə düşünürdü. –  “Bundan başqa yazığın əlindən nə gəlir ki”  Qadın da onun düşündüyü kimi ağlayıb bir azca sakitləşdi. Sakitləşən andan da yenə hərbçidən şübhələnməyə başladı. – “Niyə ona inandım” – deyə yol boyu təkrar-təkrar düşünməkdən əzbərlədiyi bu fikri yenə də beynində dolandırdı. “Bəlkə, elə düşməndir. Yox bəs bizim dilimizdə necə danışır?” –  Birdən  yadına son zamanlar tez-tez işlədilən bir söz düşdü. “Düşmənin dilini öyrənmək lazımdır. Bəlkə, elə bu da bizim dili elə buna görə öyrənib”. – Bu evdə bir az dincələk. Sonra təzədən davam edərik. Hərbçinin səsi onu düşüncələrdən ayırdı. Onlar bir evin qarşısında dayandılar. Şübhələrinin fırtına qopartdığı bir məqamda bu heç də onun ürəyindən olmadı. Əksinə daha çox qorxdu. “Necə yəni “bu evdə dincələk.” Bu neynəmək istəyir. Dincəlmək vaxtıdır bəyəm?” Qadın onun göstərdiyi evə tərəf çöndü. Yan-yörəsindəki evlərlə müqayisədə bəxti gətirən evlərdən idi. Dağılmamışdı. Hərbçi əvvəlcə uşağı qadına verib özü içəri keçdi. Bir az sağa-sola boylanıb qadına başı ilə “gəl” işarəsi verdi. Qadın isə yerindən  tərpənmədi. Oğlunu qucağına bərk-bərk sıxıb dəhşətli baxışlarla hərbçiyə baxdı. İçəri keçsə hər şeyin bitəcəyini düşünürdü. Onun tərpənmədiyini görəndə bu dəfə hərbçi hövsələsizləşdi. Üzündəki əvvəlki ifadəsi itdi. Bir az sərt tərzdə: – Bacı – dedi – burda əsassız fikirlər üzündən vaxt itirmək olmaz. “Deməli, ondan niyə çəkindiyimi bilir” Elə bil qadının ürəyini bir anlıq kimsə ovcunda sıxdı. Çırpındı. Bədəni əsdi. “Gör başıma nə gəldi!” deyə gizlincə fəryad etdi. “Buna niyə rast oldum. Ölsəydim bundan yaxşı idi”. Qəlbində bəxtinə üsyan edən qadının qulaqlarında hərbçinin sözü səsləndi. “əsassız fikirlərə...” Boşuna deyilən sözə oxşamır” Deyiləni etməkdən başqa çarəsi qalmayan qadın qapıya tərəf getdi. Qorxa-qorxa otağa daxil oldu. – Bura bizimkilərin nəzarətindədir. İçəri keçin. Qadına  uşağı çarpayının üstünə qoymağa kömək etdi. Otağın sol tərəfindəki pəncərə sınıq idi. Bayır görünürdü. Qadının diqqətini ilk çəkən də elə bu oldu. Amma güllədən sınana oxşamırdı. Heç divarlarda da güllə izi yox idi. Hələki müharibə buralara gəlməyə gecikmişdi. Hərbçi onları evdə qoyub özü bayıra çıxdı. Siqaret yandırdı. O həyətdə var- gəl etdikcə, qadın otaqda  tir-tir əsirdi. Hər an başına nəsə gələcəyini gözləyirdi. ”Bu nə etmək istəyir” Vahimə onu  bürümüşdü. – “Ay Allah, bu nə zülümdür bizə...” Fikrini tamamlamağa uşağın qəfil diksinməsi  imkan vermədi. – Can bala, – dedi – sənin indi çöllərdə qalan vaxtın deyil”. Oğluna baxdıqca intihar etmək fikrinə düşdüyünə görə qarğadı özünə. – Bəs bu yazıq necə olar onda. Onu ki...–  sözünün arxası dilindən çıxmadı. Elə bu vaxt  hərbçinin hündür boyunun qapı ilə bərabər durduğunu göründü. –   “Yoxsa içəri gəlmək istəyir..” Qadın arxaya çəkildi. Geri dönüb uşağa tərəf əyilib çarpayıda oturdu və balasına sarıldı.  Bu anlarda oğlunun onu qoruya bilməsini dəhşətli dərəcədə arzuladı. Balaca bir uşağa qısılacaq qədər tək, köməksiz olduğundan acizləşdi. Qadın sanki baxışları ilə yalvarırdı. Necə olur olsun  hərbçinin ürəyində mərhəmət hissi oyatmaq və onu edə biləcəyi pislikdən çəkindirmək istəyirdi. Hərbçi qadının  bu lal düşüncələrini duyduqca üzündə qəzəb hiss olunurdu. Əvvəlcə ürəyində “Belə çətin  anlarda bunun ağlına gələnlərə bir bax” deyərək onu qınadı. Amma bir qədər sonra yumşaldı, qadına haqq qazandırdı. “Yazıq qadın  ağlı kəsəndən bu xofla böyüyüb. Ölümlə həyat arasında qaldığı bir vaxtda  belə  canından çox ləyaqətini qoruyur”. O içəri keçmədən elə qapının ağzındaca: – Sizi narahat etməyəcəm, azacıq  dincəlin sonra gedərik – deyərək kənara çəkildi. O qapıdan çəkiləndə qadın dərindən nəfəs aldı, gedib tələsik cəftəni bağladı. Təzədən qayıdıb   çarpayıda oturdu. Həyəcandan əsirdi. İndi saat çıqqıltısı əvəzinə o ürəyinin döyüntüsünü eşidirdi. Öz- özünə pıçıldadı. –  Deyəsən,  cəhənnəm əzabını elə bu anlarda yaşayıram. Ölməyə nə var ki. Canım qurtarar. Bir də ki, ölənlərdən artıq deyiləm ki. Bircə balamı sağ- salamat çıxarım burdan, sonrası Allah biləndir. Necə olur-olsun dözməliyəm. Bircə balama heç nə olmasın. Onun hönkürtüsü otağa yayıldı.  Yaxşı ki, hərbçi getmişdi onun səsini eşitmədi. Hava qaralırdı. Qadınsa yatmaq istəmirdi. Ağlına cürbəcür fikir gəlirdi. Heç aclığı da yadına düşmürdü.  Bağlamadakı çörəyi oğluna saxlayırdı. Uşaq öz evlərində imiş kimi rahatca yatırdı. Bu ağır sükutu pozası heç nə yox idi. Qadın başqa məşğuliyyəti olmadığındanmı, ya qadın marağındanmı  evə göz gəzdirdi.  Yox, deyəsən, yan- yörəsinə bu dəfə onu boğan hisslərdən yaxa qurtarmaq üçün boylanırdı. Yoxsa bu anlarda başqasının evinə baxmağa həvəsi olmazdı. Bu evdə kim bilir hansı bəxtəvər ailə yaşayıb. Yazıqlar kim bilir, indi hardadırlar, başlarına nələr gəlib. Əmin- əmanlıq olsaydı indi evin qadını hər yeri həvəslə səliqəyə salmışdı”. Qadının cizgiləri qəfil dəyişdi, qəlbində nifrət oyandı. –  “Müharibə, səni yox olasan yer üzündən” deyib  göz yaşı tökdü”. Bunu qarğış kimi söyləyən qadın əslində ən böyük arzusunu dilə gətirirdi. – “Görəsən, mənim evimdə də,  gecələyən varmı, yoxsa xarabalığa dönüb? Artıq gecə düşmüşdü. Ətrafda qəribə səslər eşidilirdi. Həşəratmı, meşə heyvanlarımı olduğunu qadın seçə bilmirdi. Arabir uzaqdan güllə səsləri də eşidilirdi. Qadın yuxu ilə müharibədən də betər mübarizə aparırdı. Yatmağa cürət etmirdi. “Kaş bircə dənə güllə ataydılar elə burdaca öləydim...amma o içəri girməzdi” Bütün dərdlərinin ən ağırı bu idi. Bu anlarda itirdiyi əzizlərini belə unudurdu. Amma yuxuya düşəcəyi halda qapının açıla biləcəyi qorxusunu unuda bilmirdi. Arada stolu qapının arxasına çəkmək də ağlına gəldi. Belə də etdi. Bununla  özünü müdafiə etdiyini zənn edirdi. Stolun  üstünə də evdə  qalan nə vardısa hamısını yığdı. Onun yeganə müdafiə vasitəsi bu əşyalar idi. Bu sadəlöhv müdafiə tərzi əslində dünyanın zalımlığı qarşısında çox pak hislərdən doğurdu. Qadının daha çox balasınımı, yoxsa namusunumu qoruduğu sual altında idi. Balasını qorumaq üçün tanımadığı bir hərbçi ilə yola çıxmışdı. Eyni zamanda da bu adamdan qorxurdu. Şübhələr onu rahat buraxmırdı. Birdən o yuxulasa qapı açılanda stol ona mane olsun və səsə ayılsın deyə birtəhər stolu qapının arxasına çəkəndə belə yenə də ağlına yeni bir müdafiə vasitəsi gəlmişdi. Gözünə sataşan bıçağı da əlinin altına qoymuşdu. Demək, ağlına gələn pis işdən ötrü bu son addımı atmağa hazır idi. Qadın qurduğu “ehkamını” bir daha yoxlayıb oğlunun yanına qayıtdı. O əyilib yerdə xalçanın üstündə oturdu və kürəyini çarpayıya söykədi. Bu cür ağır düşüncələr içində xəbərsizcə onu yuxu apardı.   Hər yer qaranlığa elə bürünmüşdü ki, elə bil gecə özü oğurluğa hazırlaşırdı. Bu qaranlıq içində qadın tək qalmışdı. Bir yandan da kiminsə qapını açmağa cəhd göstərməsi onu vahiməyə salırdı.  Arxasındakı stol ona mane olsa da qüvvətli adamın qarşısında stol heç nəyə yaramırdı. Qapı yavaş- yavaş aralanırdı. Gecə ilə birgə dəhşətli qorxu da qadının olan-qalan  gücünü almışdı. O boranda daldalanmağa yer tapmayan sərçə kimi  sağa-sola vurnuxurdu. Heç olmaya sərçə belə anlarda civildəyirdi. Qadın isə nəfəs almağa da cürət etmirdi. Bir küncə qısılıb dayanmışdı. Nə edəcəyini dərk etməyə macal tapmamış qapı taybatay açıldı və hərbi geyimdə olan adam qəfil düşən kölgə kimi ortalıqda peyda oldu. Onun iri gövdəsini görəndə qadın artıq heç nə edə bilməyəcəyini dəqiq bildi. Bu qüvvənin sahibinə onsuz da gücü çatmazdı. “Bəlkə, yalvarsam, uşağın yanında məni rüsvay etmə desəm, insafa gələ” deyə düşündü. Hərbi geyimli adamın üzündə iyrənc ifadə duyduğundan irpətdi. ”Necə də həyasızca hırıldayır” Onun birbaşa özünə tərəf gəldiyini gördükcə qadın dönüb tez-tez oğluna tərəf baxırdı. – Qorxma. Görməz. – deyə hərbçi yenə hırıldadı. Qadın onun oğlunun yatdığına işarə etdiyini bildi. Saniyələr ötdükcə hərbçi ilə onun arasındakı məsafələr daralırdı. Sanki ölüm anları yaxınlaşdığını düşünən qadın bütün çətin günlərə sinə gərdiyi kimi bunu da dəf edəcəyinə özünü inandırmağa çalışırdı”. Necə olur-olsun bu alçağa özümü təslim etməyəcəm” fikri ilə arxaya çəkildi. Ona hiss etdirmədən qadın addım-addım geri, bayaq yastığın altına gizlətdiyi bıçağı götürməyə tərəf gedirdi. O dala çəkildiyi qədər də adam onun üzərinə gəlirdi. Qadının heç nə edə bilməyəcəyini zənn edən hərbçi arxayınlıqla üst geyimini çıxarmaqla məşgul idi. Qadın fürsətdən istifadə edib yastığa yaxınlaşdı. Əlini uzadıb bıçağı ordan götürdü. Hərbçi isə görəcəyi iş üçün hazırlaşırdı. Qadın bıçağı əlinə aldıqdan sonra bir az rahatlaşdı. “Ölüm bundan yaxşıdır”. Niyyətindən əmin idi. Hərbçi onu, o da düşündüyü məqamı gözləyirdi. Qəfildən üstünə ayı atılmış kimi qadın birdən boğulmağa başladı. Arxada gizlətdiyi bıçağa görə əli ilə onu itələmək istəmirdi. Ani müddət üzərindəki ağırlıqdan az qala nəfəsi kəsiləcəkdi. Əlini yavaş-yavaş arxaya apardı, var gücünü toplayıb bıçağı bu vəhşinin kürəyinə sancdı. Bağırtı həqiqətən də ayı nəriltisinə bənzədi. Qan fişqıraraq qadının əllərinə yayılanda o özü də çığırdı. Bu iyrənc məxluqu üzərindən itələyib saldı. Birtəhər ayağa qalxdı və qışqıra-qışqıra həyətə qaçdı. Nə edəcəyini bilmirdi. Dəli kimi qışqırır, köməyə adam çağırırdı. Səsinə hardansa əsgərlər yüyürüb gəldilər. Əllərinin qanı üz-gözünə bulaşmış  qadın onlara adam öldürdüyünü söylədi. Dəhşət saçan görnüşündən əsgərlər qatil olduğunu anladılar, evin ətrafını mühasirəyə aldılar. – Birinci uşağı götürün – deyə qadın bağırırdı. Əsgərlər içəri girib meyiti gördülər. Onlardan biri hələ də bağıra-bağıra ağlayan qadına susmağı əmr edi. Onun qolundan tutub bir tərəfə çəkdi. Qadın səssiz rejimdə işləyən mobil telefon kimi titrəyirdi. Başına gələn dəhşətdən əldən düşən qadın hey “Oğlumu xilas edin” deyə əsgərlərə yalvarırdı. Birdən qadının gözü əsgərin qucağında ona tərəf baxıb ağlayan oğluna sataşdı. Qadın onların arxasınca yüyürmək istədisə də qolundan tutub saxlayan əsgərdən aralana bilmədi. Dili topuq vura- vura soruşdu: – Məə-ni tu-ta-caqsınııız? – Sən öz cəzanı almalısan. Sən qatilsən! – Əsgər ona nifrətlə baxdı. – Hə, mən qatiləm- deyə qadın ağlamağına ara verdi.  Üzündə qorxunc ifadə yarandı. – Mən bir nəfəri öldürmüşəm. Bəs sizi niyə cəzalandırmırlar? Axı siz məndən çox adam öldürmüsünüz. – Biz ölkəmizi müdafiə edirik. – Bəs müharibəni kim edir? – deyə qadın bağırdı. – Müharibəni də sizin kimi adamlar etmirmi? – Bizim kimi adamlar yox! –  deyə bu dəfə əsgər bağırdı. – Səni kimi qatillər edir müharibəni. Bizi də ev-eşiyimizdən uzaq salırlar. Qadın üzünə dağılmış saçlarını titrəyən əlləri ilə xışmalayıb arxaya atdı. Əlinin qanı üzünə yayıldı. Boğuq səsilə suallarını yağdırmaqda idi. – Bəs onları niyə həbs etmirlər? Bəs o müharibə əmrini verənləri niyə cəzalandırmırlar? Əsgər cavab vermədi. Qadının dəhşət yağan görkəminə baxdı və ona yazığı gəldi. – Niyə susursunuz? – deyə qadın eyni ifadə və eyni səs tonu ilə əsgərin üstünə yeridi. – Gücünüz bir qadına çatır! Gedin silah zavodlarını dayandırın, oyuncaq silahları yığışdırın,  onları düzəltməyə qoymayın. Dövlətlər, millətlər arasında çaxnaşma yaradanların cəzasını verin! Məni həbs etmək asandır, çox asan!  Mən suçumu bilirəm, əzab çəkməyi bacarıram. Bəs o bəşəriyyətin qatillərinin vicdanı niyə sızıldamır? Hara baxırsan qan gölü, hara baxırsan müharibə sırtıqcasına adamın üzünə irişir. Məni bu vəziyyətə o lənətə gəlmiş saldı. Günahkar odur. – Sakit olun, – deyə kənarda dayanıb qadını dinləyən əsgərlərdən biri irəli gəlib onu sakitləşdirməyə çalışdı. Qadın qolunu tutan əsgərə: – Burax qolumu. Mən heç yana qaçan deyiləm – deyərək dartınıb onun əlindən çıxmağa çalışdı. – Oğlumu mənə verin ona sözüm var. – Uşağı qorxutmayın- deyə əsgər etiraz etdi. Qadın kinayə ilə güldü: – Mən qorxuduram uşağı?  Anasını uşağın gözləri qarşısında əl- qolunu  qandallayıb aparan sizsiniz axı.  Siz uşağı həyatdan da, insanlardan da qorxudursunuz. Onun qəlbində hər şeyi  öldürdünüz. Bu dəhşətli mənzərədən qorxan  uşaq isə başqa bir əsgərin qucağından  əllərini anasına uzadaraq: – Ana! Ana! – deyə bağırırdı. – Baxın bu gözəl dünyanı insanlar uşaqların gözlərindən necə salırlar!  Qadın sağa-sola çönüb qışqırır, bütün əsgərlərin diqqətini özünə yönəldirdi. Səsini hamının eşitməsini istəyirdi. – Qəddar adamların düzəltdiyi mərmilər məndən ailəmi aldı,  təcavüz etmək istəyən  kişi isə həyatımı aldı. Övladımı da qanunlar alacaq əlimdən. Budur qadına verdiyiniz həyat. Gedin bu vəhşilikləri insanlara tərgidin ki, məni kimi heç kəs məhv olmasın. Qadın danışır, əsgərlər də onu dinləyirdilər. Bu ittihamların qarşısında heç kəs dinə bilmirdi. Gözləri yaşaran əsgərlər yavaş- yavaş silahlarını çiyinlərindən yerə endirirdilər. Silahların endiyini seyr etdikcə qadının üzünə təbəssüm  qonurdu. Onun göz yaşları sevincdən sel kimi axırdı. Qadın sevinirdi.  İnsanların qəlbində ölməyən hisslər üçün sevinirdi.Fəlakətlərə səbəb olan müharibəyə  qəlblərdə nifrət hissinin olduğuna sevinirdi. Onun qollarını artıq açmışdılar.  Oğlu da uzaqdan anasına tərəf gəlirdi. – Ana! Ay ana! Səsə ayıldı. Beyni dumanlanırdı. Gözlərini çətinliklə açdı.  Oğlu onun qolundan tutub silkələyərək oyatmağa çalışırdı. Ayılıb  gördüklərinin yuxu olduğuna sevindi. Yavaş-yavaş özünə gəldi. Ürəyi hələ də çırpınırdı. ”Necə də pis yuxu idi. Yaxşı ki, uşaq oyatdı” dedi. Yuxunun sonunu xatırlayanda isə təəssüfləndi. “Kaş yuxunun sonu çin olaydı”  deyə arzu etdi.  Birdən bütün gerçəkləri xatırlayıb qəfildən dik atıldı. Belə ağır yatdığı üçün özünü qınadı”. “Axı mən yatmaq isəmirdim. Necə də daş kimi düşmüşəm. Bəs, görəsən, o, hardadır?” – deyərək otağa göz gəzdirdi.  Bəlkə bizi qoyub gedib”. O yuxuda ikən hərbçinin onlara baş çəkmək üçün pəncərədən baxıb getməyindən xəbərsiz olan qadın onun haqqında yenə bədgüman oldu.  Hardan bilsin ki, onun stolu qapının arxasına çəkməyi hərbçinin bütün hisslərini təhqir etmişdi. Gecə səhərəcən  düşünmüş, insanların bir- birinə etibar etməməsinə görə üzülmüşdü. “Biz bir- birimizə inamımızı itirmişik. Dünyaya yaşamaq üçün gələn insanların birinin digərinin yaşamaq haqqını əlindən alandan sonra bir- birimizə necə inanaq. Hər gün qadınlara, uşaqlara təcavüz edilən dünyada hansı etibardan danışmaq olar”. Bu fikirlər hərbçiyə səhərəcən yoldaşlıq etmişdilər. Ana-balanın keşiyini onunla birgə çəkmişdilər. Bunlardan xəbərsiz olan  qadın isə qorxularını hələ də atmamışdı. – Ana, çişim var. Qadın yad evdə olduğundan çaşıb qalmışdı. Axşam qapının arxasına çəkdiyi stolu elə özü də qaytarmalı oldu. Pəncərəyə yaxınlaşıb həyətə boylandı. Heç kim görünmürdü. Qapıya tərəf qayıdaraq, stolu əvvəlki yerinə çəkdi. Hərbçi  evin arxa tərəfindən hərlənib qapının ağzına gəlmişdi.  İçəridən gələn səsi eşitmişdi. Bildi ki, oyanıblar. Bayıra çıxmalarını gözlədi. Bütün vəziyyətlərdə səbirli olan hərbçi siqareti azaldığından bərk darıxırdı. Yoldaşlarını səbirsizliklə gözləyirdi. Qapını açıb ətrafa boylandı. Hərbçi onları görüb gülümsündü. Yaxınlaşıb uşağın saçlarını qarışdırdı, salamlaşmaq üçün ona əl uzatdı.
Uşaq əllərini arxasında bərk-bərk gizlətdi. Hərbçi əlini geri çəkib yenə soruşdu. – Yuxunda nə gördün? Deyəsən, uşaq sirr verməyən hərbçilər kimi onunla danışmamaqda israrlı idi. Onun  zarafatyana uşaqdan soruşduğu sualdan  qadın həyəcanlandı. Onsuz da yuxunun təsirindən ayılmamışdı. Ona elə gəldi ki, hərbçi onun yuxusundan da xəbərdardır. – Ana, ayaqyolu.. Hərbçi işin nə yerdə olduğunu başa düşüb əli ilə sol tərəfi göstərib: – Ordadır – dedi və içəri keçib avtomatını götürdü. Gözlədi ki, onlar qayıdıb gəlsin. Həyətdə işləməyən su kranı vardı. Amma kranın böyründə qabda su qoyulmuşdu. Qadın bunu qayıdanda gördü. Heyrətləndi. Səhər tezdən  suyu hansı tərəfdən gətirdiyini bilməsə də onu hərbçinin onlar üçün qoyduğunu dəqiq bildi.  Yavaş- yavaş ona inanmağa başlamışdı. – Hazırlaşın, indi maşın gələcək sizi onunla qonşu kəndə göndərəcəm. – Bəs siz? – deyə qadın zəif səslə soruşdu. Hərbçi qadının canıyananlığından məmnun qalaraq gülümsündü. – Mənə bu sualı eşitmək bəs edir, – dedi – nigaran qalmayın, əsgər yoldaşlarım gələcək. Bizim hələ burda işlərimiz çoxdur – dedi. Qadın ona kömək edən bu adamı bu qorxulu yerlərdə qoyub gedəcəyinə təəssüfləndi. Artıq onun qorxulu adam olmadığına inanmışdı. Bir saat sonra hərbçinin dediyi əsgərlər gəldilər. Onlar vaxt itirmədən qadınla uşağın maşına minməklərinə  kömək etdilər. Hərbçi əsgər yoldaşlarına: – Bunlar sizə əmanət! – dedi, – onları qəsəbəyə çatdırın. Məndən xəbər gözləyin. Bütün əsgərlər hərbçi ilə qaldılar. Tək bir nəfər sürücü qadınla uşağı götürüb geri qayıtdı. Qadın hərbi işlərdən heç nə anlamırdı. Eşitdiyi söhbətlər ona aydın deyildi. Düşündüyü yalnız balasını bu ölüm yuvasından aparmaq idi. Neçə vaxtı xilas olmaq arzusu ilə çırpınsa da qadın indi burda neçə nəfər əsgər qoyub getməyə razı ola bilmirdi. Amma onunla hesablaşan olmadığından başqa çarəsi qalmadı. Nigarançılıqla tez-tez çönüb arxaya baxır, ”Allah özün qoru onları” deyə dua edirdi. Gücü bundan başqa heç nəyə çatmırdı. Maşının pəncərəsindən hərbçiyə baxan qadının gözlərindən minnətdarlıq yağırdı. Ona necə təşəkkür edəcəyini bilmirdi. Hərbçi uzaqdan onlara əl elədi. Elə bil maşını saatın əqrəbləri itələyib zamanı əridirdi. Çala-çuxur yollarda silkələnməkdən qadın yorulsa da ölümdən qurtardıqlarına görə şad idi. Onlar getdikdən sonra başlayan atışmadan qadının xəbəri olmadı. Burdan güllə səsləri eşidilmrdi. Xeyli getmişdilər. Amma qadının bütün fikri hərbçinin yanında idi. Arabir çönüb geri baxsa da heç kəs görünmürdü. Hərbçinin başına bir iş gələcəyindən narahat idi. Sürücüdən: – Bəs o biri yoldaşlarınız nə vaxt qayıdacaqlar? – deyə soruşdu. Sualın cavabını heç özü də bilmədiyindən sürücü könülsüz halda: – Yaxınlarda qayıdarlar – deyə cavab verdi. Bu ümidmi, yalançı təsəllimi idi, qadın anlamadı. Təlatümlər qadını selin dağa-daşa çırparaq apardığı əşyaların vəziyyətinə salmışdı. Sanki didik-didik olmuşdu. Ruhu içində sürünürdü. Ona bu cür kömək edən birini təhlükədə qoyub getdiyi üçün xəcalət hissi keçirirdi. “Mən onu ölümlə birgə buraxıb gəldim. Hər kimdirsə böyük insandır. Təkcə hərbçi deyil, yalnız döyüşməyi bilmir. O, adamların qorxusunu, sevincini ani müddətdə baxışlarından duyur. Mənə inam hissimi qaytardı, balamı xilas etdi. Nə qədər axmaq olmuşam ki, onun haqqında pis fikirlərə düşmüşəm. Nə yaxşı ki, ona rast gəldim” – deyə qadın yol boyu öz- özünə danışırdı. – İndi necə olacaq? – deyə qadın bir qədər sonra yenə narahatlıqla soruşdu. Sürücü də bayaqkı soyuqqanlılığı ilə: – Eşidəcəyik – dedi. Cavab mərmi kimi partladı. Qəlpələr qadını yerlə-yeksan etdi. Sürücünün soyuqqanlılığına təəccübləndi. “Necə də laqeyddir” deyə qınadı da.  Sürücü isə həqiqəti deməkdən çəkinmədiyinə görə özünü rahat hiss edirdi. Daha nəsə soruşmayacağını qərarlaşdırıb qadın susdu.  Bundan sonra heç biri dinmədi. Uşağın ac-susuz, çirk içində olması ananın ürəyini parçalayırdı. Evlərindən çıxan gündən çəkdikləri məşəqqətlər ana- balanı əldən salmışdı. İndi haraya getdiyini, kimə üz tutacağını bilmədən yenə də bu üzücü yolçuluğa başlamışdılar. Maşın irəlilədikcə qadın hər şeyi arxada qoyub gəldiyini düşünür və gözlərindən axan yaşları çirkli jaketinin qollarına silirdi. “O xoşbəxt günləri də  səninlə dəfn etdim” deyə ərinə ürəyində xitab etdi. Yan-yörədəki dağlar, dərələr  də matəm saxlayan adamlar kimi görünürdü. Təbiət sanki yas içində idi. Kəndə yaxınlaşdıqca yavaş- yavaş adamlar gözə dəyməyə başladılar. Orda-burda qoyun-quzu otaran, üst-başlarından kasıblıq yağan uşaqlar daşların üstündə oturub söhbətləşirdilər. Elə kəndin girəcəyindən sakinlərin heç də şən olmadıqları hiss olunurdu. Heç kimin üzü gülmürdü. Bayaqdan bəri sürən sükutu sürücünün: – Çatmışıq – deməsi pozdu. O maşını kəndin içində saxladı. Düşüb onlara  kömək etdi. Ana-bala maşından düşüb hara gedəcəklərini gözlədilər. Sürücü onlara – gedək – deyib özü qabağa düşdü. Yoldan sola dönüb o qədər də böyük olmayan bir evin həyətinə daxil oldular. Sürücü qapını döyüb gözlədi. Bir qədər sonra qapını cavan bir qadın açdı. Ərinin yanındakı qadınla uşağı görüb təəccüblə əvvəlcə ərinə, sonra da qadına baxdı. Onun duruxduğunu görən əri: – Qonağımız var – deyə işarə ilə yanındakıları  göstərdi. Qadın qapıdan geri çəkilib onlara yol verərək: – Buyurun – deyə  onları içəri dəvət etdi. Qonaq qadın da çəkinə-çəkinə içəri keçdi. Otağın tən ortasında dayanıb əyləşməsi üçün təklif gözlədi. Bu vaxt çarpayıda yatan uşaqlar da ayıldılar. Başlarını dik qaldırıb bu yad adamlara baxırdılar. Ev yiyəsi qonağa “əyləşin” deyib tələsik uşaqlara tərəf getdi. Onların paltarlarını geyindirib yatağı səliqəyə saldı. – Çimiblər, xəstələnməsinlər deyə yatağa qoymuşdum. Bunu ev sahibəsi qonağına söhbət xatirinə söylədi. Qadın uşaqların tər-təmiz paltarlarını görüb oğlunun çirkli geyimindən utandı. “Yəqin burda bizi ələ salacaqlar”. Axı onlar indi balaca uşağın da diksinəcəyi görkəmdə idilər. Qonağı olduqları evdə kasıbçılıq hər şeyə hökmranlıq  etsə də səliqə-səhmana bata bilmirdi. Onun cırıb-tökdüyü paltarları qadının ilmə-ilmə tikib, tez-tez yuyub təzələdiyi aydın görünürdü. O da kasıblıqla müharibə edirdi. Uşaqlarını rahatlayıb qonaqlarına əvvəlcə çay süfrəsi düzəldən qadın ən əziz adamı gəlibmiş kimi sevincli idi.  Qonaqpərvər olduğu hiss olunurdu. Qonaq gələn qadın üçün bunun böyük əhəmiyyəti vardı. Bu mərhəmətə isti şal kimi bürünüb qızınmaq istəməsinə onu yaşadığı dəhşətlər məcbur edirdi. Bu ev də olmasaydı haraya gedəcəyini düşünmək istəmirdi. Ev sahibi çaydanı içəri qoyub təzədən çölə – ərinin yanına qayıtdı. – Əkbər, bunlar kimdir? – deyə ətraflı öyrənməyə çalışdı. – Kənddən sağ qalanlardandır. Etibar çıxarıb kənddən. Dedi apar hökumətə məlumat ver yerləşdirsinlər. Hələlik bir- iki gün bizdə qalacaqlar. Qadın narazılıq hiss olunası heç nə demədi. “Yazıqdır, hər kəsini itirib” deyə ona can yandırdı. “Bir də ki, axı onu Etibar qardaş əmanət etmişdir”. Ev sahibəsi hazırladığı suyu qadının əlinə tökdü. Qadın da oğlunun əl-üzünü yudu, sonra da özü yuyunub təzədən otağa qayıtdılar. Bir azdan hamı süfrə başında əyləşmişdi. Susuzluqdan yanan ana-bala doyunca çay içdilər. Uşaqlar kənarda dayanıb evlərinə gələn qonaq uşağı süzürdülər. Ona yaxınlaşmağa cəhd göstərmirdilər. Deyəsən, uşaqdan xoşları gəlməmişdi. Qonaq ilə ünsiyyətə can atan ev sahibəsi gileyli səslə: – Bu yazıq da evdə tapılmır, – (Ərini nəzərdə tutduğu bəlli idi.) – gah silah daşıyır, gah da adam. Sonuncu sözü nahaq işlətdiyini bir neçə saniyə sonra anladı. “Birdən qadın bu sözdən inciyər” deyə özünü qınadı. “Gərək belə deməzdim” Qadın isə bunun fərqinə varmamışdı. Lap incisə də edə biləcəyi bir şey, gedə biləcəyi də yeri yox idi. – Bizi bir hərbçi xilas etdi – deyə qonaq zəif səslə dilləndi. Bundan sonra onu necə bir həyat gözlədiyini bilmirdi. Haraya gedəcəyini, başına nələr gələcəyini düşünüb üzülürdü. Ev sahibəsinin üzünə baxmağa utanırdı. Bilirdi ki, onun rahatlığını pozmuşdur. Qadın başını aşağı salıb yazıq- yazıq: – Yoldaşın bizi buraya gətirməsə gedəsi başqa yerimiz olmayacaqdı – dedi. – Burda özünü rahat hiss elə, bacı, –  ev sahibəsi dedi, – hələlik qalın sonra bir şey fikirləşərik. Onun bu təsəllisi qonaq üçün söylənilmiş nəzakət xatirinə olan sözlərdən çox uzaq idi. Müharibənin sərt üzündən  usanmış bu sadə insanların  artıq bir- birilərindən başqa sığınacaqları bir kəsləri qalmamışdı. Ev sahibəsi uşağı ovundurmaq məqsədilə ona yaxınlaşsa da bu balaca oğlan ondan qaçıb anasına qısılırdı. Çünki ona anasından başqa kiminsə yaxşılıq edəcəyini düşünə bilmirdi. Bu qanlı-qadalı günlərdə anası onu qorumuşdu. Anasına güvənən balaca ananın daxili təlatümlərindən xəbərsiz idi. Uşaq necə bilsin ki, indi anası da onu kimi kiməsə qısılmaq istəyir. – Siz Etibar qardaşa harda rast gəldiniz? – deyə ev sahibəsi soruşdu. – Elə atışmadan sonra. – Qadın cavab verdi. – Kənddən çıxan çıxdı, çıxmayanlar da gözlərimin qarşısındaca mərmidən parça-parça oldular. Ev sahibəsi istədi ailəsi haqqında da soruşsun, amma onu təzədən o dəhşətə qaytarmamaq üçün susdu. Söhbəti komandirin üstünə gətirdi. – Allah qorusun, Etibar qardaşı, həmişə əhaliyə arxa durub. Onu hamımız çox istəyirik. Onları xilas edən hərbçinin adını öyrəndiyinə qadın sevindi. Onun haqqında daha çox məlumat almaq istəyirdi. – Qohumunuzdur? – Yox qonşumuzdur. Müharibədən qabaq tanıyırdım. Sonra da necə mərd insan olduğunun şahidi olduq. Atam həmişə deyir ki, çətin günlər üçün Allah- təala  həmişə insanlara səməndər quşu kimi kömək edən birini yaradır. Biz də Etibar qardaşa səməndər quşu deyirik. Özü bunu xoşlamır. Deyir nağıllara ilişib qalmısınız, başımıza güllə yağır siz də quşdan-muşdan danışırsınız. Qadın onun uşaqdan “nağıl bilirsənmi?” deyə soruşduğunu xatırladı.  “Nağıl sevməyən adam, bu yaşda uşaqdan bundan başqa soruşmağa heç nə tapmadığından nağıl soruşmuşdu”. Onun haqqında  pis fikirlərə düşdüyü üçün, deyəsən, hələ çox xəcalət çəkəcəkdi. Özü özünə təsəlli də verirdi. “Axı bütün bunları hardan biləcəkdim, mən ki, onu tanımırdım”.   Bir azdan ev sahibəsi süfrəyə xörək gətirdi. O da beləcə xörək hazırlayar, evdəkiləri süfrəyə dəvət edərdi. Xoşbəxt vaxtlarının həsrəti qəlbindən sızıltı qopardı. Amma bunu ev sahibəsinə paxıllıq hissi kimi düşünüb unutmağa çalışdı. “Bu ədalətsizlikdir. Onun süfrə hazırladığı bir məqamda bu ağrını hiss etmək elə paxıllıqdır. Bu ağrıları yalnız tənha vaxtlarımda çəkəcəm. Heç kəsin xoşbəxt günündə öz bədbəxtliyimi yadıma salmayacam” Qadın bir az toxdadı. Uşaq süfrəyə həsrət- həsrət baxırdı. Neçə gündür yazıq yavan çörək yeyirdi. Qadın oğlunun baxışlarından üzülsə də qonaqlara məxsus utancaqlıqdan əlini süfrəyə uzada bilmirdi. Bir də ki, süfrədən də kasıblıq duyulurdu. Qadın bu sadə süfrədəki heç nəyə əl vurmaq istəmirdi. “Bəlkə də, yazıq sonuncu ərzağını istifadə etmişdir”  Nazik doğranmış bir neçə dilim çörək və sulu xörək bu ac vaxtında ona ən dadlı xörək kimi görünsə də “bəs sonra özləri nə yeyəcəklər” düşüncəsinin ağırlığından qadın başını yuxarı qaldıra bilmirdi”. Öz uşaqları da süfrəyə necə həsrətlə baxır. Biz də bunlara bir yük olduq” deyə sıxıntıdan büzüşüb qalmışdı. Ev sahibəsi də öz növbəsində kasıbyana süfrəsindən utanırdı. Bilirdi ki, süfrədəki çatışmazlıqlar diqqət çəkən dərəcədədir. Amma mümkün qədər şən görünməyə çalışırdı. Elə rəftar edirdi ki, qadın utanmasın. Əvvəlcə uşağa xörək çəkdi. Sonra ümumi boşqabı qadının qabağına qoyub – Xörək çəkin – dedi. Yalnız bundan sonra öz uşaqlarını süfrəyə səslədi. O gecə yatmağı səbirsizliklə gözləyən qadın tələsik  çarpayıya uzandı. Nahar vaxtı keçirdiyi hissləri təkrar-təkrar yaşadı. Amma ötən gecəyə nisbətən sakit olduğundan balasını qoxulayıb dərindən nəfəs aldı və rahatca yuxuya getdi. Səhər tezdən kəndi bürümüş qışqırıq səsi onu yuxudan oyatdı. Bütün qonşular yaxınlıqdakı həyətə toplaşmışdılar. Qadın əynini geyinib uşağı oyatmasın deyə ayaqlarının ucunda yeriyərək bayıra çıxdı. Şəhla da adamların içində idi. Ağlaşma səsi ətrafa yayılmışdı. Bir ağbirçəyi sakitləşdirməyə çalışırdılar. Lakin heç kəs buna nail ola bilmirdi. Qadın özünü döyür, “Balam getdi” deyə nalə çəkirdi.  Kiminsə əsgər oğlunun meyitini gətirmişdilər. Qadın eyvandan bu dəhşətli mənzərəyə tamaşa etməyə başladı. Övladının tabutuna sarılan ananı görüb hönkürdü. “Müharibə edənlərin evləri yıxılsın” deyə üzünü görmədiyi cəlladlara qarğadı. Ananın fəryadı kəndə yayılırdı. Şəhlanın da ah-naləsi göyə qalxırdı. Qadın tələsik həmin həyətə qaçdı. Özünü Şəhlaya yetirib onu sakitləşdirməyə çalışdı. Şəhla onu görcək kimdənsə şikayət edirmiş kimi görkəm aldı və dili tutar- tutmaz inildədi: – Səməndər quşumuz uçub getdi, bacı! – Necə!! – deyib qadın diz üstə düşdü. Bu xəbər onu növbəti dəfə sarsıtdı. Axı nə vaxtsa onun yaxşılığının əvəzini ödəyəcəyini düşünürdü. Amma bundan sonra o heç kəsin köməyinə çata bilməyəcəkdi. Onun sonuncu dəfə xilas etdiyi onlar idi. Əllərindən ağlamaqdan başqa bir şey gəlməyən qadınlar səs-səsə verib nalə çəkirdilər. Qadınların hamısını bir dərd birləşdirmişdi. İtki! Hərə bir əzizini itirmişdi. Bu itki insanları soyuq havada ətrafına toplayan ocaq kimi onları başına yığmışdı. Nalə səsləri göyə ucalırdı. Bu anlarda haralardasa  yeni silah növləri düşünülür, zavodlar işə salınırdı. Hərbçi qonşu Gülsüm xalanın oğlu idi. Onun digər bir oğlu da müharibədə həlak olmuşdu. İndi yazıq qadının başqa heç kəsi qalmamışdı. Ümidi bircə Etibara qalmışdı, o da anasına etibarsız çıxdı. İndi bu dərdli ananın üzünə  baxmağa qadın cəsarət etmirdi. Onun oğlunu xilas edən adam öz anasını kimsəsiz qoymuş. insanları qoruduğu tək  özünü qoruya bilməmişdi. Meyiti gətirənlərdən bir- iki söz qoparan qadınlar tələsik bildiklərini hamıya çatdırdılar. – Yazıq bir uşaqlı qadını kənddən çıxarıb özü yoldaşlarıyla orda qalıb. Dünən şiddətli döyüş olubmuş. Sona qədər vuruşublar. – Yoldaşlarından eləsi olub ki, meyitini döyüş bölgəsindən çıxara bilməyiblər. Bunu da bir qadın deyirdi. ”Həyatdan bir etibarlı insan da getdi” deyə heyifsiləndi. Yaşasaydı, varlığıyla yenə də hardasa kiməsə həyatda yaxşı insanların olduğunu sübut edəcəkdi.  Onu tanıyandan sonra adam həyatda pisliklər olduğunu unudur. Bu səhəri də beləcə matəmlə açdılar. Bu evdə qadının hər günü sıxıntı ilə keçirdi. Uşaqlar artıq bir- biri ilə oynayırdılar. Amma  onların hər şeylərini yarı böldüyü üçün tezliklə burdan getməyi arzulayırdı. Daha burada qalmağa üzü yox idi. Hər gün oğluna sarılıb ağlamaqdan uşağın da ürəyini üzürdü. – Ana, nə vaxt burdan gedəcəyik? – deyə sual verən uşağa cavab verə bilmirdi. Beləcə günlər ötürdü. Qadın hər səhər nəsə ürəkaçan xəbər eşidəcəyi ümidilə oyanırdı. Lakin bir səhər yenə də üzücü xəbər yayıldı.  Hərbçinin anası iflic olmuşdur. Yazıq qadın qoca vaxtında ikinci itkisinin dəhşətinə tab gətirə bilməmişdi. İndi onun qayğısına qalacaq bircə nəfər övladı yox idi. Həyatı mərhəmətli qonşulardan asılı qalmışdı. Elə rayon xəstəxanasına da onu qonşular çatdırmışdılar. Həkimlər müayinə edib diaqnoz qoyduqdan sonra kəndə qaytarmışdılar. Bundan belə ona ancaq nəzarət və qayğı lazım idi. Ömrünün son günlərini oğulları ilə birgə keçirmək ona qismət olmadı. Oğul-uşaq, nəvə-nəticə ətrinin birdəfəlik  tərk etdiyi bu evdən bundan belə yalnız dərman qoxusu gələcək, anaya gecə- gündüz təkcə çarpayısı sadiq qalacaqdı. Qonşular ona çarpayısı qədər dözə bilməyəcəkdilər. Bir gün qonşunun üzü ondan dönsə, onu tərk etsə də çarpayısı onu tərk etməyəcəkdi. Ta ki, o özü onu tərk etməyincə. O gündən sonra hər gün bir qonşu ona xörək aparır, dərmanlarını verirdi. Nəhayət, bir gün sürücü qadına şad xəbər gətirdi ki, evsiz qalmış adamlar üçün hökumətin şəhərdə verdiyi sığınacaqda onunçün də yer ayırıblar. Bu xəbərdən qadın elə sevindi ki, az qala ağlını itirəcəkdi. Axır ki, başqasına yük olmaqdan xilas olacaqdı. Gedib işləyəcək, hər çətinliyə dözəcək, balasını böyüdəcəkdi. Axşamüstü bir neçə ailə maşının ətrafına toplaşıb getməyə hazırlaşmışdı. Onlar da sığınacaqları yeri səbirsizliklə gözləyirdilər. Yığışdırmağa heç nəyi olmayan qadın vaxt itirmədən tələsik həyətə düşdü. Ev sahibəsi onun dalınca qaça-qaça gəlib, əlində tutduğu bağlamanı ona uzatdı. –  Bacı, bunu da götür –  dedi, – iş tapanacan lazım olacaq. İkisi də qəhərləndi. Qadın götürmək istəməsə də əlləri qeyri-ixtiyari bağlamaya tərəf uzandı. Yaş dolmuş gözləri ilə ev sahibəsinə baxıb səmimiyyətlə: – Var olun, bacı, – söylədi. Onlar yaxın adamlar kimi qucaqlaşdılar. Hər ikisinin göz yaşları bir-birinə qarışdı. Ev sahibəsindən ayrılandan sonra qadın onları gözləyən maşına tərəf yox başqa bir səmtə getdi. Gözləyənlər təəccüblə qadının getdiyi səmtə baxdılar. “Bu hara gedir?” mənası verən baxışlara heç kəs cavab vermədi. Qadın oğlunun da əlindən tutub qonşu həyətə keçdi. Onun məqsədindən xəbərdar olan sürücüylə arvadı qadının arxasınca gedirdilər. Qadın dünən axşam niyyətini onlara bildirəndə əvvəlcə sürücü razılaşmamışdı: – “Olmaz”, – demişdi, – biz qeydinə qalacağıq onun”. Qadın isə onu yola gətirmək üçün çox xahiş etmişdi. Sürücünün razılığını almaqda özünün yaxşı niyyətinin köməyi olduğunu düşünməkdə qadın yanılırdı. Sürücü bir gün özünün də başına bir iş gələcəyini düşünüb çarəsizlikdən razılıq verdiyini qadın bilmirdi. Bu fikrin də sürücünün beyninə iz eləməsində onun rolu vardı. Qadın ona: – Axı siz evdə olmursunuz, insanların harayına gedirsiniz – deyə xahiş edəndə ağlına batmışdı. – Onda da Şəhla qeydinə qalacaq – deyə etiraz etsədə ürəyində ona haqq qazandırmışdı. Xəstə qadına mütləq qayğı  lazım idi. O da evdə tapılmırdı. Bir gün özünün də bir gülləyə tuş gələcəyini düşünüb yola gəlmişdi. –  Sizi gözləyirik, cəld olun! – deyə adamlardan biri sürücünü səslədi. Sürücü onu səsləyən adama baxıb: – Bir az da gözləyin – dedi. Qadınlarla birgə qonşu evə getdi. Onlar otağa girəndə xəstə qadın gözlərini tavana zilləyib donuq-donuq baxırdı. Ona yaxınlaşıb ehmalca çarpayıdan qaldırdılar. Sürücü bir həftə ərzində uşaq qədər balacalaşan qadını qollarına aldı. Qadın isə torbadakı  dərmanları,  bir-iki dəst də  paltar götürdü. Onu tez- tez dəyişmək lazım olacaqdı. Maddi durumunun pis olmağının fərqinə varmayan qadın necə olursa olsun, bu qadını aparacağını, ona son nəfəsinəcən qulluq edəcəyini qərarlaşdırmışdı. ”Qoy oğlunun ruhu şad olsun. O mənim balamı qoruduğu tək mən onun anasını qoruyacam. Əgər öləcəmsə mənimlə öləcək”. Onlar həyətə çıxanda sürücünün qucağında yaşlı qadını görənlərdən kömək etmək üçün irəli gələnlər oldu. Birtəhər maşına mindirdilər. Xəstənin qadının anası olduğunu güman etmişdilər. Şəhla da onların arxasınca gəlmişdi. Kədərli baxışlarla qonşusuna baxırdı. Uşaqlıqdan mehriban münasibətləri olmuşdu. Bəzən o, Şəhlaya “Gəlinim olacaqsan” deyirdi.  Amma oğlu buna etiraz etmiş, “Qonşu qızıyla evlənmək qadağan edilib” deyə anasını hirsləndirmişdi. Şəhla da öz sevdiyinə qoşulub qaçmışdı. Uzun illər atası onu dindirib-söylətməmişdi. Ölümünə bir ay qalmış ürəyi qızını istəmişdi. Yalnız bundan sonra  Şəhla ata evinə gedə bilmişd.  Yenə araya  ayrılıq düşdü. Həm qonşusundan, həm də təzəcə tanış olduğu qadından ayrılırdı. Müharibə onları qəfil tanış etdiyi kimi qəfil də ayırdı. Maşının yanındakı qadınların çoxunun əlində  özlərindən böyük yol çantaları vardı. Şəhla çantalarını adamlardan qabaq yerləşdirməyə cəhd göstərənlərə baxıb ”Bu qiyamətdə bunların dərdinə bax” deyə pıçıldadı. Çönüb qəlbində yenicə yer tutmuş qonağına baxdı. Onun heç nəyi yox idi. Əgər məcbur etməsəydi hazırladıqlarını da götürməyəcəkdi. Onunçün bu  xəstə qadın hər şeydən dəyərli idi. Yoxsul vaxtında belə xəstə, kimsəsiz  bir insanı ən dəyərli daş- qaşdan üstün bilirdi. Baxmayaraq ki, bu qadınla onun heç bir bioloji bağlılığı yox idi. Amma qadına onu elə gözəl hisslər bağlamışdı ki, bu duyğular güllənin altından sağ çıxan insana bənzəyirdi. – Aman Allah! Həyatda necə gözəl insanlar varmış. Sən demə, bu dünyada  heç nə əvəzsiz qalmırmış” – deyərək  Şəhla yaxına gəlib təkrar qadına sarıldı. Qadının bu sədaqətinə heyranlığını bütün hərəkətləri ilə bildirirdi. – Sizi unutmayacam, Şəhla bacı, – deyə qadın kövrəldi. Şəhla ona xoş söz deməyə fürsət tapdığına sevinərək bərkdən: – Mən bunu bilirəm – deyə gözü ilə xəstə qonşusuna işarə etdi. Biz görüşəcəyik. – dedi. – Halal olsun sənə – təzədən əlavə etdi. – Etibar qardaşın ruhu şad olacaq. Beş dəqiqə sonra onlar bir-birindən uzaqda idilər. Yenə qarşıda uzanan yollar görünürdü. Yolun qıraqlarındakı daşların üstü bomboş idi. Daşdan bərk olan o qədər silahlar vardı ki insanlar daha ondan üz döndərmişdilər. Qadın maşının çirkli şüşəsindən görünən çöllərə boylanırdı. Kimisə axtarırdı. Qarının başını dizləri üstünə almışdı. Maşın silkələndikcə onun yıxılacağından ehtiyat eləyirdi. Anasının öz nəvazişlərini yarı bölməsindən narazı uşaqsa oturacağın bir kümcünə qısılmışdı. Xəstəyə göstərdiyi qayğıdan qadının qəlbinə rahatlıq yayılır, bu mənzərəni müharibə adlı o kabusa göstərmək, insanlığa qalib gələ bilməyəcəyini söyləmək istəyirdi. Hekayənin Müəllif hüququları qorunur                                                                                            10.10.2017