Bir  Teyyub  müəllim  vardı …

                                                                    “Bir Əli müəllim vardı…” (Əli Kərim ) “ Yer insanı bəzəməz, insan yeri bəzəyər,” --- deyilir bir məsəldə. Elə bir böyük vəzifəsi, çox yüksək mövqeyi yox idi. Ancaq o vaxt elə bilirdik, peşə məktəbinin direktoru çox böyük, hörmətli bir vəzifədir və hər adam bu vəzifədə işləyə bilməz — bu vəzifədə işləmək üçün çox savadlı , zəkalı, mədəni olmalısan, sanballı olmalısan,sözü keçən olmalısan, camaatın arasında hörmət qazanmalısan, gözəl, bəlağətli, qüsursuz nitqin olmalıdır - Teyyub müəllim kimi. (Ona qədər də, ondan sonra da bu vəzifəni aparan, təbii ki olmuşdu və olacaqdı da, ancaq inanmıram ki, yaxın ətrafından və asılı olduğu instansiyalardan, bir də  öz məhdud təsir dairələrindən başqa onun qədər avtoritet qazanmış olsunlar.) Üstəlik, zahiri xüsusiyyətləri - ciddi görkəmi,zəhmi, boy- buxunu, saç düzümü…bir sözlə, xarizması idi bütün bunları tamamlayan. Üstəlik, ədəb-ərkanı, üstəlik - təəssübkeşliyi, qayğıkeşliyi, insana dəyər verməsi, dost-tanış,  qohum-qardaş qədri bilməsi… Onun üçün dostun, qohumun ögeyi-doğması yox idi, yoxsulu-varlısı yox idi… Yox, bu da bəs deyil -- onu tam olaraq tanıtmaq üçün… Üstəlik, yurd, torpaq qədri, el qədri  bilməsi…Teyyub müəllimi Teyyub müəllim edən bunlar idi… Yenə də sadalamadıqlarım qaldı… Gözəl  Azərbaycan dili və ədəbiyyat müəllimi olması, şeir yazması… qəzet və jurnallarda  elm, təhsil və ictimai həyata dair müxtəlif məzmunlu məqalələrlə çıxış etməsi… onun çoxtərəflli bacarıqlarına çox şey əlavə edib, portretini tamamlaq  olar. Harada, hansı tədbir olurdusa, Teyyub müəllimə söz verilirdi. Haraya yardım göstərmək lazım idi - Teyyub müəllim öndə idi. Xalqın ən keşməkeşli günlərində, azadlıq uğrunda meydanlara axışan, küçələrə toplaşan vaxtlarında, Bakıda   meydan qəhrəmanlarının başına toplanmış  millət  günlərlə çadırlarda qalanda da ərzaq və başqa ləvazimatla onun yanına tələsdi. Yanvar hadisələrində də xalqın yanında oldu.İşğal ərəfəsində Şuşanın harayına  da gedən hünərlilərdən biri o idi. Bəlkə də, ona və onunkimilərə  görə  idi, bölgədə müəllim adına bu qədər hörmət və dəyər verirdilər. Bəlkə də, buna görə idi, rayonda ən sanballı, ən mötəbər vəzifələr ola-ola və onların da o qədər özündənrazı yiyələri olduğu halda, Teyyub müəllimə daha üstün, daha mühüm bir mövqe sahibi qədər hörmət edilirdi, üstəlik, xətri əziz tutulurdu. O qədər ünsiyyətcil, sadə, səmimi idi  ki... Belələri üçün deyirlər, “cana yaxın adamdır“ , “özümüzünküdür“, “ürək adamıdır” --  “ürək “ adamdır. Özü də o, bu nüfuzu elə bir bölgədə, elə bir mühitdə qazanmışdı ki, bu yerlərdə hər insanın hünəri deyil elə ad-san, hörmət və sevgi  qazanmaq. Quba ölkəmizin milli-etnik cəhətdən mozaik struktura malik bir diyarıdır. Bununla belə, mərkəzdəki yerli əhali – məhz özlərini fəxrlə “əsl “qubalı adlandıran, tarixən daha qədimdən burada yaşaması ilə , əsl- nəsəbi ilə  qürurlanan  şəhər əhalisi nəinki başqa bölgə və şəhərlərdən, hələ əslən onun kəndlərindən gəlib məskunlaşan sakinlərə də müəyyən qədər qısqnclıq və tələbkarlıqla, bir qədər də skeptik - tənqidi yanaşırlar, onların hər birini öz etalonları ilə, öz meyarları ilə sınağa çəkirlər. Gərək nə qədər ədəb-ərkanını, abrını gözləyən, ətrafındakılara qayğı və diqqətlə yanaşan, yerli camaata, özləri demişkən, “qaynayıb-qarışan“, eyni zamanda, onların mənəvi-sosial dəyərlərinə, etnik –etik meyarlarına hörmətlə yanaşan biri olasan ki,  onlar sənə öz  aralarında yer edələr,  ailələrinə səni  yaxın buraxalar, məclislərində səni yuxarı başa keçirələr, güzəranlarında problem olduqda səni yaxın bilib dərd-sərini bölüşələr... Bütün bunları o qazanmışdı.Dediyim kimi, bir qədər özündən razı, özlərinin xan-bəy nəslindən olması ilə qürrələnməyə  meyilli olan qubalıların qəlblərini fəth etməyi bacarmışdı  bizim Teyyub müəllim, onlar üçün “iç adamı“, ”cana yaxın“ olmuşdu, “ürək“ olmuşdu. Bir Teyyub müəllim vardı... Bəlkə, elə bu canayaxınlığı, bu səmimiliyi, bu həssaslığı..., “ürək “ olması onun ürəyini  millət  yolunda əritdi, son qətrəsinə kimi el yolunda - el uğrunda yandırdı... Xalqın ən ağrılı günlərində onunla idi, xalq arasında idi, xalqının içində idi Teyyub müəlllim. Təmkini, ağlı, müdrikliyi, həm də gözəl nitqi, inandırmaq bacarığı ilə hamını ətrafına toplaya bilirdi.Əsl ziyalı idi  Teyyub müəllim.Belələri haqqa qovuşanda deyirlər: ”...evdən getmədi, eldən getdi ...” Bütün rayon tədbirlərində , zona və respublika əhəmiyyətli  toplantılarda   tribunadan etdiyi  məzmunlu çıxışları  da,, el tədbirlərində  və ya hüznlərində   söylədikləri  dəuzun müddət, hətta  daimilik, öz təsirini  saxlayırdı:həqiqətən, gözəl natiq idi.  Tələffüzündə bir azacıq mənsub olduğu ləzgi xalqına məxsus aksent özünü büruzə verirdisə də, bu, onun nitqinə xələl gətirmirdi, hətta daha  şirin, daha da unikal bir çalar qatırdı. Çünki ürəkdən, səmimi çıxış edirdi, boğazdan yuxarı danışmırıdı, danışdığını, söylədiyini yaşayırdı, yaşadığını söyləyirdi... Həssas qəlbi ilə döyüş bölgəsində baş verən bütün hadisələri, səhid cənazəsi gətirilən ailələrin dərdini, daha uzaq zamanlarda baş verən faciələrimizi öz qəlbində daşıyırdı, bu mövzulardakı saysız çıxışları, mətbuatdakı yazıları  o qədər səmimi və sirayətedici olurdu ki,sevinci, kədəri,həyəcanı,zəhmi, qəzəbi ,düşmənə nifrəti dinləyənin, oxuyanın  daxilinə sızırdı. Həmin gün isə çıxış etmək istəmirdi. Bir gün əvvəldən xahiş etmişdi ki, çıxışını ixtisara  salsınlar: narahat idi, həyəcanlı idi. Onsuz da həmişə bu hadisələri yaşayırdı, bu qanlı tarixi unutmamışdı ki... o qətliamı, ərşə dirək olan düşmıən zülmünü, Qanlı dərədə öz qan qohumlarının – doğma digahlılarının qanına qəltan olmuş cisimlərinin hissələrini, göylərə uçan, meşələrə hopan, dağlara dəyib əks –səda verən insan nalələrinin  yüz il qulaqlrda səslənən  zərbini unuda bilərdimi?. Bütün bunları böyüklərindən eşitmək nədir, içində  gəzdirir, genlərində daşıyırdı, yazılarında, çıxışlarında  hayqırırdı... O gün yaxınlaşdıqca haldan-hala düşürdü, daha dözmürdü. Ürəyi incidirdi. O tədbir bir başqa tədbir idi. Son zamanlarda  hər il eyni yerdə, eyni vaxtda ildönümü keçirilsə də, dövlət qurumlarından nümayəndələr gəlsələr də, o tədbir heç vaxt o qədər ehtişamlı keçməmişdi. Həmin yerdə - 31 Mart  Soyqırım qurbanlarına qoyulmuş xatirə lövhə - abidəsinin  önündəki meydançada və onun qarşısındakı  küçədə   iynə atsaydın, yerə düşməzdi.  Yollar bağlanmış, gediş-gəliş kəsilmişdi .Polis nəfərləri yanlarında da inzibati-xidməti maşınları, bütün tədbirin keçiriləcəyi ərazini əhatəyə almışdılar.Əvvəldən  -- bura gələrkən bir kənarda ambulans- təcili yardım maşınlarını gördükdə  təəccüblənmişdik : bunlar nə üçündür? Bir yoldaş  məntiqə əsaslanıb dedi ki, yəqin kiminsə ürəyi  pis olar, vəziyyəti pisləşə bilər, ona görə... Rayonun bütün rəsmi , ictimai qurumlarının rəhbərləri və kollektivləri burada idi. Bir qədər sonra paytaxtdan  müxtəlif tipli və formalı avtomobillər karvanı gəldi. Nəhəng  tutumlu modern avtobuslardan tutmuş,  dövlət  və şəxsi  avtomobillərdə saysız – hesabsız  insanlar gəlmişdilər. Bunların arasında ölkənin ən nüfuzlu simaları: hökumət başçıları, millət vəkilləri,qeyri- hökümət təşkilatlarının təmsilçiləri, mətbuat xidmətləri,   KİV nümayəndələri, xarici və  beynəlxalq  qurumların  rəsmiləri... var idilər. Çıxışlar  başlanmışdı..Hamıda bir canlanma, qeyri- adi bir əzm, təəssübkeşlik , bununla belə, gizli bir hüzn, kədər hiss olunurdu. Sanki hamıy ən əziz olan bir insan indicə  dünyadan köçmüşdü.Sanki burada xalq və hakimiyyət birləşmişdi.Doğrudan da, hamımızın televiziyada izlədiyimiz, mətbuatda haqqında oxuduğumuz bir çox   yüksək vəzifəli dövlət  rəsmiləri , vaxt- vaxt gördüyümüz  və ya ilk dəfə gördüyümüz ayrı- ayrı millət vəkilləri, komitə sədrləri və s.və s...  o gün  xalqa elə yaxın məsafədə dayanmışdılar  və  hamının üzünə  kədərqarışıq elə bir dilsiz məhrəmlik ifadəsi vardı ki...   Sanki dilsiz ifadə  xalqa deyirdi ki, mən sənin ynındayam,bu  soyqırımda həlak olan tək sənin həmyerlin deyildi, baban ya ulu baban, qohumun,deyildi, o saçından tutulub sürülən, yanar tonqallara atılan  qadınlar, təkcə sənin nənən deyil,güllə yağışına tutulan  uşaqlar yalnız sənin nəslinin yetirmələri deyildi, bizim millətin övladı idi...Hər kəsin – iştirakçıların da üzündə səssiz bir kədər , hüzn , məyusluq duyulurdu.Həmişə belə vaxtlarda ara söhbəti etməkdən özlərini saxlaya bilməyənlər də indi səslərini xırp kəsib dayanmışdılar, danışmaq istəyəni də işarə ilə susmağa çağırırdılar ki, çıxışları  tam eşidib- başa düşsünlər. Tədbiri aparan Teyyub müəllimin  çıxış edəcəyini elan etdi. O, kürsüyə yanaşdı. Həmişəkitək  təmkinlə,bir qədər də hüznlə  danışmağa başlamışdı,normal  davam edirdi.Yenə hamı diqqət kəsilmişdi. Ağzında dediyi cümləni bitirəndə səsi  titrədi.Növbəti cümləyə başladı və birdən..şBu nədir ? Teyyub müəllimdən   nə əcəb,  belə  rabitəsiz dnışır? Özü də necə bir tədbirdə...Saniyənin bəlkə də onda biri qədər keçən ani bir zamanda bunu düşünməyə macal tapmamışdıq ki, bir tərəfdə dayanan  tədbir  aparıcısının ona tərəf qacaraq,  onu ehtiyatla qolları arasında tutduğunu görüb  heç nə anlamadıq , o arada isə  başqa iştirakçıların - rəyasət heyətindəki və ətrafdakı insanların bir neçəsinin  tez  onu götürərək  artıq yaxına sürülüb  qapıları açılaraq xəstəniqəbul etmək üçün  hazır  vəziyyətə gətirilmiş   təcili yardım  maşınına  qoymaları  cəmi bir  dəqiqə  çəkdi ,elə  bu bir dəqqiqənin  içərisində də bu xəbər bütün şəhərin , bölgənin əhalisi arasında  şimşək kimi çaxdı : Teyyub müəllimin ürəyi tutub, xəstəxanaya apardılar... Tədbir  davam edirdisə də, insnlar bu qəfil hadisənin təsirindən özlərinə gələ bilmirdilər.Üzlərdə  bayaqkı dilziz kədərin, məyusluğun  üzərinə qəmgin bir təlaş,çaşqınlıq  bir çoxlarında  da  göz yaşları əlavə olunmuşdu ... O  tədbiri  bizim yaddaşımızda   əbədi həkk edən xalqın qanlı tarix salnamələrindən birinin – 31 Mart  Soyqırımının   90- cı  ildönümü , acılı- ağrılı hadisələlərin qurbanları olmuş  şəhidlərimizin  xatirəsi  ilə bərabər, həm də Teyyub müəllimin – nəhəng palıd kimi tufanlara sinə gərmiş,qəfil ildırımdan  köksündən sınmış bu insanın gözümüz qbağındakı çökməsi oldu...Zira  bu, cismin, fiziki varlığın, maddiyyətin  çöküşü  idi, şəxsiyyətin çöküşü deyildi... Şəhidlər yalnız cəbhə bölgəsində ,döyüş meydnında canını fəda edən igidlərimiz ,  və yalnız   məslək uğrundaqanlı qırğınlarda  həlak olan günahsız qurbanlarımız   deyil . Xalqın dar günündə də, var günündə də onun yanında olan, hər zaman, hər an onu düşünən, məşəl olub onun yolunda yanan, səməndər quşu kimi   özünü  onun  sevgisi ilə oda ata bilən  insanlarımız da  da şəhiddir- -adsız şəhidlərimiz.. Teyyub  müəllim  də şəhid oldu –soyqırım şəhidlərinin xatirəsini  yad etdiyimiz o gün, gözlərimizin qarşısında...Və  xəstəxanada  cəmi  üçcə gün qaldı- keçmişlərə bir daha qayıdıb yad etmək üçün, yaxınları,əzizləri ,doğmaları ilə,doğma  Qubası ilə  vidalaşmaq üçün... Aprelin 3- ü  Teyyub müəllimin  anım günüdür.  3 aprel  onu  sevənlər , xatirəsini əziz tutanlar,qədrini bilənlər istəyənlər  üçün  – ailəsi, həyat yoldaşı Zenfira müəllimə, oğlu  Rafiq, qızı Sevda, gəlini Vəfa, kürəkəni Xəzər üçün, 5 nəvəsi üçün  – o cümlədən adını daşıyan sonbeşik Teyyub üçün, başqa əziz qohumları, dostları, tanışları üçün hər il ayrıca qeyd edilən ağrılı, həm də əziz xatirəsinə , vicdanına nur salan şərəfli bir gündür. ... Bir Teyyub müəllim vardı, Səməndər  kimi yanardı...