Həcəzi-müsəmməni-salim
Səni görcək könül əql adlı dilbərdən uzaqlaşdı,
Baxıb eşq tacına, elm adlı zivərdən uzaqlaşdı.
Səni dost bildi, ülfət adlı kişvərdən uzaqlaşdı.
Üzündən nur alıb, Şəms adlı ənvərdən uzaqlaşdı.
Görüb ləli-ləbin, qənd adlı şəkkərdən uzaqlaşdı.
Sənə qul oldu, hər qul adlı çakərdən uzaqlaşdı.
Boyandı qanına, mey adlı əhmərdən uzaqlaşdı.
Təriqi-eşqdə hər adlı gövhərdən uzaqlaşdı.
Xəbərdar oldu halından, qəmindən güllər ağlaşdı.
Boyandı qanə bir anda bütün bülbüllər ağlaşdı.
O qədri qan axıb getdi, bu qəmdən sellər ağlaşdı.
Deyib ağı, ötüb dil-dil o dəmdə ellər ağlaşdı.
Həvani sardı buyi-qəm, inan ki, yellər ağlaşdı.
Kor olmuş gözləri görcək, günahsız millər ağlaşdı.
Uzun sürdü bu dərdü qəm, fəsillər, illər ağlaşdı.
Niyə döndün, könül sən tək güli-tərdən uzaqlaşdı?
Hamı sevdi, yarın tapdı, elə dünyadə birləşdi.
Biz özmüz imtina etdik bu bəxtdən, yadə birləşdi.
Bütün çaylar axıb gəldi axır dəryadə birləşdi.
Mürəkkəblər olub tarac, hamısı sadə birləşdi.
Sevənlər tapmağa imkan olub amadə, birləşdi.
Bölünmüş xəlqü millətlər elə azadə birləşdi.
Bu ülfətdən də əhli-şər gəlib fəryadə, birləşdi.
Nəhayət, adəm əhli qandı, kafərdən uzaqlaşdı.