“Konqres” Nehmətulla

Yəqin ki, dəyərli oxucular Veravul kəndində yaşayan Nehmətulla müəllimi yaxşı tanıyır. O, kibriti lezva ilə uzununa yarıb iki dəfə istifadə etməsi ilə məşhurlaşıb. Nehmətulla müəllimin ailəsi qənaət üzrə etalon kimi götürülə bilər. Məsələn, o, çay içəndə əvvəlcə paketi stəkanına salıb verir Gilas xalaya, o da Sərxana, Sərxan Tərxana, ardınca Şirxan, Orxan, Turxan, Surxan və s.  Çay içilib qurtarandan sonra Gilas xala paketi götürüb səliqəli şəkildə şpilka ilə asıb təkrar istehlak üçün qurudur. Sərxan və Tərxan əkizdir, bir-birindən seçilmir. Tək günləri Sərxan məktəbə, Tərxan isə atası ilə ev tikməyə gedir, cüt günləri isə əksinə. Sərxan və Tərxan paralel siniflərdə oxuyurlar. Sərxan ortaq məktəbli paltarını geyinib əvvəlcə öz sinfinə gedir, dərsin ortasında su üstünə çıxmaq adı ilə müəllimdən icazə alıb gedir Tərxanın əvəzinə onun sinfinə. Beləcə onların ailəsi yüz manat cərimə edilmir. Tərxan isə ortaq iş paltarını geyinib tikintiyə gedir. Atası “qa” deyəndə kubik, “qu” deyəndə “rastvor”, “su” deyəndə elə su verir. Atası yorulub “tak” deyib “kozyol“un üstündə oturanda Tərxan əvvəlcə məhraba ilə onun tərini silir, sonra “Bostan” bankasındakı “Astra” “okurka”larından bir neçəsini söküb “Azərbaycan müəllimi” qəzetindən bir qədər cırıb bükür, dili ilə yalayıb yapışdırıb verir ona. Nehmətulla müəllim “kozyol“un üstündəki köhnə lezva ilə kibriti uzununa yarı bölüb siqareti yandırır, siqaretin tüstüsünü əvvəlcə acgözlüklə sinəsinə çəkir, sonra tüstünü ağzından buraxıb burun pərələri ilə təkrar qəbul edir və ağzından çıxarıb Lənkəranın səmasına buraxır. Onu Bıdı müəllimə sevdirən də elə budur (bu barədə bir az sonra). Sonra üzünü Tərxana (bəzən onları dəyişik salır və əvvəlcə “Sən hansısan?” deyə soruşur) tutub deyir: “Fikir verdin, oğul?”. Tərxan sevinclə dəsfaha: “Hə, ata birinci qullabda tüstü mavi, ikincidə qəhvəyi idi...”, - deyir.  Vaxt var idi, Nehmətulla müəllim “Astra” yox, “Konqres” çəkərdi. Könlündən çimmək keçəndə ağzında “Konqres” siqareti vannanın ortasında oturar, arvadına əmr edərdi ki, onu çimizdirsin. Çimmə prosesində siqaretə bircə damcı su düşüb cızıldadımı Gilasın başına yumruq dəyərdi: “Köpəyin qızı, gözün kordu?” Amma Gilas bundan bir cıqqan da inciməzdi. Çünki Nehmətullanın əli gətirirdi və camaat da ona “Konqres Nehmətulla” deyirdi... Nehmətulla müəllim bunları xatırlayıb gülümsəyir və zümzümə etməyə başlayır: “Lənkəranda xal qalmadı, O xal nə xaldı, ora düzdürmüsən?” Tərxan (və ya Sərxan) arada bic-bic gülərək soruşur: “Ata, kimdi ey o xal düzdürən?”. Nehmətulla müəllim bir qədər sərt şəkildə: “Kəs səsini, köpəyin oğlu” deyib işinə davam edir. Əlqərəz, siqaret partiyası bitəndən sonra Nehmətulla müəllim onu “rastvorun” içində cızıltı ilə söndürüb əlindəki yarı bölünmüş və yarı yanmış kibrit çöpü ilə qulağını eşələyir, sonra kibriti atıb yenidən ayağa qalxır və hörgü işlərini davam etdirir. Demək olmaz ki, Nehmətulla müəllim tam qayğısızdır. Onun da rəqibləri var. Ələxüsus bədən tərbiyəsi müəllimi Xıdır. Bu adam nə kibriti uzununa bölə bilir, nə də siqaretin tüstüsünü burundan çıxarıb ağzı ilə qəbul edərək təkrar istehlak etməyi bacarır. Buna görə paxıl Xıdır Nehmətulla müəllimi qarabaqara izləyir ki, nəsə donos versin. Nehmətulla müəllim bu üzdən ayıq-sayıq davranır. Hənirti duyan kimi bilir ki, Xıdır müəllimdi, divarın dalından onu dinşəməyə gəlib. Ona görə mahnını dəyişir:  “Ana Vətən, nə gözəldir ellərin...”. Nehmətulla müəllim dost sarıdan yarıyıb. Dedik axı, Milli Məclisin üzvü Bıdı müəllimlə aralarında haqq-salam, dostluq əlaqələri var. Hər dəfə seçki olanda (fərq etməz hansı seçkidir) Bıdı müəllim kəndə gəlir. Nehmətulla müəllim onu görcək: “O, Bıdı müəllim!” deyərək qollarını açır və xəfif gülümsəyən Bıdı müəllimi bağrına basıb öpür. Sonra hər şey protokol üzrə gedir. Bıdı müəllim əlini onun cibinə salıb konvert qoyur. Nehmətulla müəllim “Xəcalət verdiniz” deyib əlini cibinə salır və konverti sıxmaqla içində nə qədər pul olduğunu müəyyən etmək istəyir...   Və seçki günü o konvertin yüz misli qalınlığında bülletenləri seçki qutularına salır. Bircə arzusu var Nehmətulla müəllimin. Bir dəfə cəsarət toplayıb arzusunu Bıdı müəllimə dedi: “Seçkiləri bir az tez-tez keçirmək olmaz?”. Bıdı müəllim gülümsəyib: “Çalışaram, amma söz vermirəm”, - dedi. Nehmətulla müəllim Bıdı müəllimə inanır. Əsas olan elə budu. Həm də inanır ki, Bıdı müəllim növbəti seçkidə konvertə əskinas qoyanda devalvasiyanı nəzərə alacaq...