Televizoru açmağa peşman olursan...

Söz – heç vaxt sənə yük olmayan, ağırlıq gətirməyən, lakin daim sənin tabeçiliyində olan bir silahdır. Bəzən bu silaha sarılaraq həyatını xilas edir, atom dünyasının ən ağır xətalarından  bəşəriyyəti qurtara bilirsən. Bəzən də söz səni ali mərtəbələrə çəkib aparır. Elə də olur ki, göylərdən yerə çırpa bilir. Söz körpələrin qəlbini oxşayan, ahıllara təsəlli olan elə bir anlamdır ki, bitkilər, quşlar, heyvanlar belə sənin dilində ondan xoşlana bilir, zövq alır, hətta sənə mehr salır, səni sevir. Güllə qarşısına keçə bilən qeyrətlilərimiz SÖZ qarşısına keçə bilməmişlər, keçməmişlər. SÖZ kişilərin qeyrətini, bütövlüyünü, kamilliyini müəyyənləşdirən amildir. Zaman-zaman heç bir KİŞİyə tənə etməmişlər ki, tüfəngini atıb getdi. Amma SÖZünü çeynəyənlərin hörmətsiz olduğu sayılmadığı danılmazdır. Sözlər milli dilimizin köküdür, dil sözdən pöhrələnır. Sözun saflığı dilin saflığıdır. Yetər ki, biz bu saflığı qoruya bilək. Bunun üçün hər cür imkanlarımız var: radio, televiziya kanalları, saysız qəzet və jurnallar, ən əsası isə təhsilli mütəxəssislər, aidiyyatı qurumlar. Amma bir jurnalistin nitqindəki uyğunsuzluğa diqqət edəndə və aidiyyatı qurumların susqunluğunu görəndə adam təəccüblənməyə bilmir. Nitq aydın, səlis, saf olanda dinləyənin zövqünü oxşayır, zövqsüzə zövq aşılayır, tərbiyəvi mövqedə dayanır. Əksinə olanda isə cəmiyyətin zövqünü, danışıq məsuliyyətini, yazı texnikasına münasıbətini korlayır. Bu səbəbdən nə vax idi yerli telekanallarla ünsiyyət saxlamırdım. “EVDƏQAL” çağırışı həyatımın bu qaydasını pozdu. Vəziyyətlə əlaqədar yerli telekanallara müraciət etməli oldum. Və şahidi olduğum bayağılığın, ədəbi dil normalarının pozulmasının adi hal alması məni bu yazını yazmağa vadar etdi. ATV kanalını açdım... Zaur Baxşəliyevin nitqindən: “bir an öncə” – yəni bir az bundan əvvəl (Türkiyə türkcəsində ən yaxın gələcəkdə) “ertələmək” –  tezləşdirmək, (Türkiyə türkcəsində gecikdirmək) “bir şeylər” – dilimizdə sayla işlənən isimlər cəm şəkilçisi qəbul etmir, “ayaqda durdu” –  ayaq tərəfdə, (Türkiyə türkcəsində dəyanət göstərdi) “mutlu” – xoşbəxt, “həppibözdi tu yuu” – ad günün mübarək, “bu konu” – bu mövzu, bu məsələ “bu üzdən” –  buna görə, “nə yazıqlar” –  heyf, təəssüf “aynən” – eynilə, “uğraşdım” – çalışdım. Bu, bir aparıcı-jurnalistin iki verilişindən seçdiyim sözlərdir. Bu, dilə yeni sözlər gətirmək deyil, dili sözün əsil mənasında, zibilləməkdir. Hər bir dilin özünəməxsus qanunauyğunluğu, fikri ifadə etmək üçün ümumişlək kəlmələri varsa, başqa dillərdən söz gətirmək, işlətmək nəyə lazımdır? Bununla biz dilimizi, milliliyimizi, millətimizi YOXa doğru sürükləmirikmi? Baxşəliyev yuxarıda deyilən söz və ifadələrin hamısını Türkiyə türkcəsində ifadə olunan mənada işlədir. (Məsələn, “Banklar kreditləri bir ay ertələdilər”)   REAL TV-yə keçdim. Operativ məlumat aparıcısı sevinə-sevinə deyirdi: ”Dördüncü mikrorayon dairəsində avtomobil qəzası baş verdi. Qəza zamanı bir nəfər xəstəxanalıq oldu” (17.03.2020, saat 10:00) Arsen adlı bir erməninin adının altında yazırlar “erməni əsiri”, bilmirsən, bu, erməni əsirdir, yoxsa erməninin əsiridir. (Arb/tv,31.03.2020) “Xəzər səhər”də verilişarası reklam: “Yeni Nəsil Şirniyyatlar – nəsil artırmaq əşyalara da aiddir bəyəm? Bütün sözlərin böyük hərflə başlaması da bir tərəfdən.... Yenə ATV kanalında: “103 və ya 15-42 qaynar xətTlərə zəng vurun”. Bəs “samitlə başlanan şəkilçi qəbul edəndə sonu qoşa samitli təkhecalı sözlərdə samitin biri düşür” qaydası necə oldu? Bir sözlə, televizoru açmağa peşman olursan. Çünki əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Qibtəediləcək qədər saf ədəbi dilimizi  korlamayaq, onun əvvəlki saflığını özünə qaytaraq. Biz məhz buradan başlasaq, dilimiz öz milliliyini qoruyacaq qədər güclü olar, “yaxasını” ləhcələşməkdən qurtarar, regionların yox, AZƏRBAYCANIN DİLİ olar. Sima Cəfərova