Uşaqların mütaliəsi

Kitaba, mütaliəyə marağın təbliği kitabxanaçıların əsas vəzifə borcudur, bu işə xüsusi diqqət və həvəs qarışanda da görülən işin faydası olur. Fəaliyyətə başladığım ilk ayların birində tərəddüd etmədən təkbaşına “Kitabxana nədir” mövzusunda tədbir təşkil etmişdim. Öhdəsindən gələcəyimə inanırdım. Məktəbəqədər yaşlı uşaqlar, ibtidai sinif şagirdləri ilə o görüşüm indi də qəlbimi riqqətə gətirir. Fiziki ağırlığına baxmayaraq uşaq ensiklopediyalarını kitabxanadan uzaqda yerləşən məktəbə gətirib şagirdlərə ordan maraqlı məlumatlar oxumağımdan, onların təsəvvüründə yeni dünya canlandırmağımdan uşaqlarla bərabər özüm də məmnun olmuşdum. Gördüyüm işin özəlliyi sevgiylə, xüsusi maraqla edilməyində idi. Kitabxana haqqında təsəvvür yaratmaq, mütaliə vərdişi aşılamaq vacib və şərəfli işdir. Həmin şagirdlər indi də qarşılaşanda məndən kitab istəyirlər. Qəlbimə xoş hisslər dolur. Məsuliyyətli, faydalı işin öhdəsindən gəlib uşaqları düzgün istiqamətə yönləndirməklə əsl vətəndaşlıq borcumu yerinə yetirmişəm. Çoxunun valideyni ömründə bircə dəfə də olsun kitabxanada olmadığını etiraf edir. Həmin valideynlər indi övladının kitabxanaya tez-tez getdiyini bildirəndə qürurlanıram.  Gördüyüm bu təqdirəlayiq işin kitabda yer almasını vacib bildim. Hər halda bir-iki valideyn oxuyacaq. Yəqin ki, onlar da övladlarında körpə yaşlarından kitaba sevgi hissi oyatmağa çalışacaqlar. Övladlarımı, tanışların, qonşunun uşaqlarını kitabxanaya aparır, onlardan oxuduqları eyni əsər haqqında bir-birilərilə fikirlərini bölüşməklərini istəyirdim. “Dəridən-qabıqdan” çıxmağımın bircə səbəbi vardı – millətimin balalarını düzgün səmtə yönəltmək, uşaq ədəbiyyatı adına çap olunan məzmunsuz kitablardan uzaq tutmaq!