Ad günü

  Aydın müəllim yaxınlaşanda marketin qapısı öz-özünə açıldı. Əlini cəftəyə atmadan qapının açılması ağlına “Arxasınca getdiyin uğurun qapıları da insanın üzünə beləcə açılaydı...” fikrinin gəlməyinə səbəb oldu. Son vaxtlar ən çox arzuladığı bu idi. Parıldayan döşəməyə ayağını elə ehtiyatla qoyurdu ki, sanki fikirlərinin düşüb şüşə kimi çiliklənəcəyindən qorxurdu. Ona elə gəlirdi ki, maraqlı fikirləri “əzizləmək” lazımdır. Ərzaqların qoxusu bir-birinə qarışmışdı. Tanış qoxular Aydın müəllimə alacaqlarını bircə-bircə xatırlatdı. “Ən əsası tortdur” öz-özünə dedi,– uşağı sevindirmək üçün üstünə bir şam da qoyub, “Ad günü” mahnısı oxusaq işimiz düzələr”.  Birdən-birə tutuldu. “Uşaqları ovundurmaq necə asanmış. Onlar o qədər də böyük şeylər ummurlar”. Marketi hərlənib gözü gördüyündən xeyli ərzaq alıb kassaya yaxınlaşdı, pulu ödəmək istəyirdi ki, gözü özündən solda dayanan keçmiş işçisinə sataşdı. O da piştaxtanın üstünə xeyli torba yığmışdı. Aydın müəllimin diqqətini onun aldığı böyük və bəzəkli tort çəkdi. İstehza ilə gülümsündü. Belə tortdan hər il onun oğlu üçün alır, ad günündə onlara gəlib uşağı əyləndirirdi. Amma əmin idi ki, bu dəfə belə etməyəcək. İndi onun yeni müdiri  vardı. Bundan belə də tez-tez  onun qonağı olacaqdı. Ta ki, onu da başqası əvəz edənəcən. Əvvəlcə istədi görməzliyə vursun, amma birdən- birdən ürəyindən onu acılamaq keçdi. Etdiyi namərdlikləri yadına salıb nəsə deməklə bir az ürəyini soyutmaq istədi. Yavaşca irəli gəldi. Düz onun qarşısında dayandı. Adam başını qaldırıb keçmiş müdirinə baxdı və onun nifrət yağan baxışlarlarıyla üz-üzə qaldı. Birdən-birə özünün əzik-üzük bir şeyə döndüyünü hiss etdi. Aydın müəllimin baxışları onu rəndə kimi sıyırıb yonqara çevirirdi. Hələ qəfildən qolundan tutub kinayə ilə: – Bizəmi gedirsən? – deməsi əməlli-başlı alçaltdı. Cavabı hər ikisi yaxşı bilirdi, amma keçmiş işçinin cavabı Aydın müəllimə  maraqlı görünürdü.  Bir qədər tərəddüddən sonra dili tutar-tutmaz: – Bir başqa vaxt mütləq... – deyib udqundu. – Aydın müəllimin kəlməsi dilindən zorla qopdu. Dili-dodağı necə qurumuşdusa könlündən aldığı  suların hamısını birnəfəsə  içmək keçdi. Aydın müəllim “Əlimin altında gəzib- dolaşdığın halda başqa bir şirkətə “işləməyin” xəcalətindən üzümə  baxa bilmirsən, Sübhan” desə yəqin ki, dinməyəcəkdi. Satqın olduğu kimi həm də qorxaq idi. Aradakı gərgin anları dəf etmək üçün: – Hə, bir başqa vaxt mütləq... – deyə Aydın müəllim onun yolunu gözləyəcəkmiş kimi kinayə ilə təkrarladı, – söhbətimiz maraqlı olar, – deyə əlavə də etdi. Sonuncu dediyi sözlə keçmiş işçisini yenə də “sıyırıb” yerə tökdü. Aydın müəllimin gözlərində  onun dayandığı yerdə insan əvəzinə bir ovuc yonqar görünürdü. Bir azdan hər ikisi marketdən çıxdı.  Çöldə sağollaşmadan ayrıldılar. “Haqq-hesabları” marketə sığmayan keçmiş müdir və işçi hərəsi bir səmtə getdi. “Ötən ilki ad günüm necə də maraqlı keçmişdi” Bu fikir isə atasının onun ad günü üçün alıb gətirdiklərinə baxıb eyni açılmayan Muradın beynindən keçirdi. “Onda evimizdə çoxlu qonaqlar vardı, mənə cürbəcür hədiyyələr almışdılar”. – Murad, bax, atan səninçün necə qəşəng tort alıb! Anası onu ovundurmaq üçün belə deyirdi. Bunu başa düşürdü. Alınan ərzaqları bir- bir torbalardan çıxarıb yerləşdirən ana oğlunun kefini açmağa çalışırdı. – İstəsən parka da gedərik. Muradı isə heç nə ovundurmurdu. Keçən ilki ad gününü xatırlayır və niyə indi heç kimin onu təbrik etmədiyini anlaya bilmirdi. Atası da onun kefini açmaq üçün yanından ötəndə dostyana əli ilə kürəyinə şappıldadıb: – Yekə kişi olmusan ey! – dedi. Murad bu zarafatın da onu ad gününün xiffətindən  “xilas etmək” üçün olduğunu bilirdi. Ürəyində “Heç xoşuma gəlmədi” desə də atasına cavab vermədi. Divana tərəf gedən atasının məqsədini başa düşdü. Televizora baxacaqdı. Özü də “Xəbərlər”ə. Bu dəfə lap hirsləndi. “Heç mənimlə maraqlanmırlar. Anam da mətbəxdən çıxmır. Qonaq da dəvət etmirlər ki, məni təbrik etsinlər”. – Murad, bax cizgi filmi tapdım sənə. Atasının haqqında yanlış düşündüyü üçün utandı. – Bax, Pepe də səni kimi böyüyüb, artıq paltarları əyninə olmur. Üzünə bir azca təbəssüm qondu. Gəlib divanda atasının yanında əyləşdi. Pepenin səsi otağa yayılırdı. – Ata, Pepe doğrudan böyüyüb? – Bütün balaca uşaqlar hamısı Pepedir də. Günlər ötdükcə böyüyürlər. – Bizim də Pepemiz var? – Bəs sən kimsən? – Yox bizi kimi danışan Pepe deyirəm. – Həə, sən azərbaycanlı Pepeni nəzərdə tutursan. –  Atası gülümsədi. – Var. Bəs Cırtdan kimdir. – Cırtdan lap çoxdan olub ey – deyə Murad əlini havaya qaldırıb keçmişi göstərməyə çalışdı. – İndi bir gün səninlə rejissorlarımızın elektron ünvanlarına məktub yazıb xahiş edərik ki, onlar da uşaqlar üçün yeni qəhrəmanlar yaratsınlar. Yəqin ki, ismarışımızı oxuyub nəzərə alarlar. – Bəs deyirdin ki, adamlar özləri qəhrəman olmalıdırlar. Qəhrəmanı necə düzəldəcəklər? Atası ciddi görkəm aldı. – Bax, oğlum, əvvəlcə rejissorlar balaca bir adam obrazı yaradırlar, sonra onların xeyirxah olduqlarını göstərirlər. Uşaqlar da bu qəhrəmanları görüb xoşlayır və onlar kimi olmağa çalışırlar. Buna görə də gərək yaxşı cizgi filmlərinə baxasan. Yaxşı hisslərlə böyüyəndə uşaqlar  da qəhrəmana çevrilirlər. Atası ilə söhbəti xoşuna gəldiyindən anasının süfrəyə gətirdiyi torta laqeydliklə baxdı. – Gəlin çay içək, sonra gəzməyə gedərik – deyərək anası çayları da süfrəyə düzdü. Amma nə atası, nə də Murad yerindən tərpənmədi. – Ata, niyə xoşladığım cizgi film qəhrəmanları bizim kimi danışmırlar? – Onlar öz ana dillərini sevirlər. – Bağçadakı dostlarım da onlar kimi danışırlar. – Yox, oğlum, belə olmamalıdır. Biz başqa dilləri öyrənməli, amma ana dilimizdə danışmalıyıq. – Onda rejissor əmiyə tez yazaq məktubu. – Yaxşı. Ata bir qədər rahatlandı. – Ata, axı niyə bu gün qonaq gəlmədi bizə? Həmişə mənim ad günümdə evimizdə çoxlu adamlar olurdu? Bayaqdan asanlıqla izah etdiyi fikirlərdən fərqli olaraq bu dəfə ata çətin vəziyyətə düşdü. Uşağa  izah edə bilməyəcəyi məsələlər dilinin ucunda düyünlənib qalmışdı. Hər il dəvətsiz  təbrikə gələn qonaqların əsil niyyətlərini oğluna bildirmək doğru olmazdı. Ona necə desin ki, hər şeyə səbəb vəzifədən çıxarılması, adamların ona işinin düşməməsidir. Bu yaşdan uşaqda adamların haqqında pis münasibət formalaşdırmaq zərərlidir. – Ata, hamıdan çox Sübhan əminin gəlməyini istəyirəm. O məni çox istəyir, hətta mənə özü “Ad günü”mahnısı da qoşub oxuyurdu. Lap müğənni kimi. Uşağın üzündə sevinc duyuldu. Oğlunun xatırlayıb məmnun olduğu hadisələrdən atası mütəssir olurdu. Xüsusilə də Sübhan əminin “qayğısından” danışdıqca Muradın gözləri gülürdü. O da ən çox  buna üzülürdü.  Uşaqlar ancaq gördüklərinə inanırlar. Onların gözəl gördükləri bəzənmiş eybəcərliklərdir.  Oyuncaqları ilə istədikləri kimi davranan uşaqlar hardan bilsinlər ki, böyüklər də bəzən onlarla  bu cür davaranır, niyyətləri üçün onlardan hər cür istifadə edirlər. Murad atasının dostunun  bütün rəftarını sevgi sanır, hər il ad günündə dəvətsiz olaraq gəlib can- fəşanlıq etməyinin yaltaqlıq olduğunu bilmirdi. Bu cür məqamları dərk etməsinə hələ çox illər vardı. Birdən- birə bütün bu söhbətləri oğlu ilə bölüşüb sakitləşməsi üçün atası onun hələ çox kiçik olduğuna təəssüfləndi. Yaşının çox olduğundan “Birdən o günləri görmərəm” deyə ürəyindən ağrı keçdi. Ömrünün neçə ilini ata olmaq həsrətilə ötürmüşdü. Ona görə də bəzən oğlu ilə hər sözünü bölüşə biləcəyi günləri görə bilməyəcəyi qorxusunu yaşayırdı. – Ata, yəqin ki, Sübhan əmi məni təbrik etməyə gələcək. Atanın oğluna canı yandı. “Uşağın qəlbini necə ələ alıbsa onu əsil əmi hesab edir. Uşağın hissləri ilə oynadı” deyə düşündüsə də: – Bəlkə, unudub, oğlum, – dedi, – böyüklərin problemi çox olduğundan, bəzən nəyisə unutduqlarını onlara bağışlamaq olar. – Yox, ata, unutmaz. Sübhan əmi mənə demişdi ki, bir yaş da böyü yenə də gəlib səni təbrik edəcəm. Aydın müəllim marketdə onu gördüyünü oğluna demədi. “Sübhan əmi bu gün başqa bir uşağı təbrik etməyə getdi” demək Muradı üzəcəkdi. Oğlunun onun yolunu gözləməsi atanı üzürdü. “Sübhan əminin xüsusiyyəti belədir, oğlum. Atasını gərəkli bildiyi uşaqların ad günlərini unutmaz, onların qəlbinə yol tapar, istəklərini həyata keçirəndən sonra isə elə atası kimi övladını da unudar. İndi şirkətin yeni sahibinin övladları da yəqin ki, onu çox istəyirlər” sözlərini dilində zorla saxlayırdı. Muradın yadına həmişə ad günlərində onu təbrik edənlərin arasında olan, amma sevmədiyi bir nəfər düşdü. Özü kimi hədiyyəsi də ona maraqsız görünürdü. Alınan robot, planşet və digər oyuncaqların yanında kitab heç ürəyindən olmazdı. Amma Teymur əmi bundan sıxılmırdı. Muradın düşündüyünün əksinə olaraq gələn il yenə də kitab alırdı. “Necə höcət adamdır” deyə ürəyində Teymur əmini qınayırdı. Başqaları kimi oyuncaq və geyim almadığı üçün ondan xoşu gəlmirdi. Bir də ki, Teymur əmi Sübhan əmi kimi mahnı da qoşmurdu, onu boynuna mindirmirdi. İndiki ad günü Muradın qanını bərk qaraltmışdı. Anasının gətirdiyi çayı da içmədi. Dostları olmadan şamı üfürüb söndürmək onu əyləndirmirdi. Hər üçü könülsüz halda süfrə başında əyləşmişdi. Atası oğlunun alnından öpdü. Mülayimliklə onu başa salmağa başladı. – Oğlum, – dedi – ad gününün sakit keçməsi üçün üzülməyə dəyməz. Bunu qeyd etmədən də uşaqlar böyüyür, ağıllanırlar. Görürsənmi, ananla mənim ad günümüzdə qonaqlar olmur, bizə hədiyyə almırlar. Nə istəsək özümüz üçün alırıq. Böyüdükcə bu belə olur. Bu il məktəbə gedəcəksən, daha çox sevinəcəyik. Dərslərini yaxşı oxuduqca sevincimiz artacaq, hər gün ad günü keçirirmiş kimi şadlıq edəcəyik. Murad atasının sözlərini dinlədikcə, yavaş-yavaş sakitləşirdi. Amma birdən- birə bütün təəssüratlarını atmaq asan deyildi. Atası onun qəlbində yeni hislər oyadırdı. Qonaqsız və təbriksiz ad günü  onu bayaqkı tək sıxmırdı. Televizora baxan yox idi. Studiyadakılarsa  bundan xəbərsiz olduqlarından şövqlə çalıb-oxuyurdular. Anası televizoru söndürəndə otağa sakitlik çökdü. Bu vaxt qapının zəngi çalındı. Zəngin səsi ona təbrik üçün gələnin olduğunu bildirmişdi. Atasından qabaq yüyürüb qapıya tərəf getdi. Sevinirdi, mütləq Sübhan əmi olacağını düşünürdü. Atası gəlib qapını açanacan ürəyinin şiddətli döyüntüsü zəngin səsinə qarışdı. Qapını açanda Aydın müəllim oğlundan da çox sevindi. Uşaq sadəlöhvlüyü ilə: – Teymuur! –  deyə səsini uzatdı – Xoş gəlmisən! Qapıda ucaboy adam dayanmışdı. Əlini uzadıb Aydın müəllimlə salamlaşdı. Atasının arxasında gizlənmiş uşağa tərəf əyilib mehribanlıqla – Gəldim ki, görüm Murad böyüyübmü. Axı bu gün onun ad günüdür. – deyə elə girəcəkdəcə gəlişinin səbəbini söylədi. Murada da bu lazım idi. Sevincindən titrəyirdi. Gözlədiyi adamın əvəzinə başqasını gördüsə də təəssüflənmədi. Əksinə ilk dəfə olaraq Teymur əminin gəlişi onu sevindirmişdi. O, Muradı bərk- bərk qucaqladı. İlk dəfə idi ki, Murad ona qarşı doğmalıq hiss edirdi. – Hə, bu gecə də Murad mənim yuxuma girmişdi. İndi desin görüm uşaq da gecə vaxtı evdən bayıra çıxar? Murad çiyinlərini yığıb əlləri ilə ağzını tutub güldü. Elə bil Teymur əmi balaca uşaq idi yuxunun gerçək olmadığını bilmirdi. – O yuxudur ey! –  Murad Teymur əmiyə izah etməyə çalışdı. – Hə, görürsən, böyümüsən. İndi hər şeyi bilirsən. Bu anlarda atası da bütün hissləriylə oğluna bənzəyirdi. O sədaqətli dostunu, Murad da onun ad gününü unutmayan əsil əmini tanımışdı. Gəlişinin belə sevinclə qarşılanmasından Teymur əmi də məmnun görünürdü. Hər üçünün sevincli idi. Hələ oğlunun istəyi yerinə yetdiyi xoşbəxt görünən, əl-ayağa düşən ana bilmirdi ki, birinci nədən başlasın. Tələsik süfrəni hazırlamağa başladı.  Murad isə atasıgillə qonaq otağına keçdi. Muradın fikri Teymur əminin hədiyyəsində idi. Hədiyyənin nə olacağını bilirdi. Amma indi buna görə ona acıqlanmırdı. Artıq bu hədiyyədən ötrü darıxmağa başlamışdı. Hər il qaş-qabaqla aldığı hədiyyə indi onu özünə tərəf çəkirdi. Teymur əmi də elə bil onun səbirsizlik etməyindən xoşlanaraq qəsdlə vaxtı uzadırdı. Murad yerindən qalxıb sürətlə otağına tərəf qaçdı. Anasının səliqə ilə taxçaya yığdığı kitablarına baxdı. Sanki küsdürdüyü kitabların könlünü almaq istəyirdi. Onlara etdiyi pislikdən xəcalət çəkirdi. “Anam deyir ki, kitablarda çox maraqlı hadisələr olur. Axı Teymur əmiyə qarşı niyə kobudluq edirdim” Səhvini dərk etdikcə elə bil kitablar gülümsəyirdi. Kitabın birini götürdü. Teymur əmi ona hər cür maraqlı kitablar almışdı. Bəzən bir dəfəyə üç kitab gətirmişdi. Murad indi otağında necə gözəl bir guşə olduğunun fərqinə varmışdı. İşdən azad ediləndən indiyəcən heç bir dostu və ya iş yoldaşı Aydın müəllimi yad etməmişdi. O da heç kəsin yanına gedib kömək istəməmişdi. Bunu qüruruna sığışdırmırdı. Hələ ki, gözləyirdi. Dostlarını tanımaq üçün fürsət tapmışdı. Muradı təmtəraqlı ad gününə öyrədən iş yoldaşları  bu il təbrik üçün heç zəng də etmədilər. – Murad hara getdi? –  deyə, nəhayət, Teymur əmi hədiyyəsini vermək qərarına gəldi. Anası: – İndi çağıraram – deyib oğlunun dalınca getdi. Gəlib Muradın kitablara baxdığını görəndə gözlərinə inanmadı. Onu kitablardan ayırmağa ürəyi gəlmədi. Amma gec idi. Murad anasını görərək sevincək ona tərəf qaçdı. – Ana, bax, gör mənim nə qədər kitabım var! – Ağıllı balam, daha böyümüsən, məktəbə gedəcək, hərfləri öyrənəcəksən. Onda hamısını oxuya biləcəksən. İndisə gedək, Teymur əmi səni çağırır. Murad sevinə- sevinə anasının yanınca qonaq otağına gəldi. – Hə, Murad, gəl görüm – deyərək Teymur əmi hədiyyəsini kamodun üstündən götürüb açmağa başladı. Murad hədiyyənin açılmasını gözləmədən həyəcanla qışqırdı: – Mən bilirəm, bu kitabdır! Onun belə həvəslə kitab gözləməsi hər kəsi sevindirdi. Anaya elə gəldi ki, oğlu hələ təzəcə addım atır,  dili ilk dəfə söz tutur. Onda da bu cür sevinmişdi.  Muradın oyuncaq və geyimə göstərdiyi həvəsi kitaba olan marağının əvəz etməsi sədaqətli dostun bu ailəyə etdiyi ən böyük yaxşılığı idi. Hər il Muradın qaş-qabaq etməsinə səbir edə-edə Teymur əmi məqsədinə çatmışdı. Muradda müşahidə etdiyi dəyişiklik onun ürəyindən idi. – Afərin sənə – dedi – bilirdim ki, bir gün kitabları sevəcəksən. Muradın sinəsi qabardı. – Bu məşhur uşaq yazıçısı H.Andersenin kitabıdır. Maraqlı nağılları var. Bütün uşaqlar  onun yazdıqlarını sevirlər. – Hərfləri öyrənib bunları oxuyacam, Teymur əmi. – Hə, Murad, görürsən, bir rəqəminin gücünü? Bunu atası söylədi. Oğlunun eyninin açıldığına, əvvəlki xiffətinin çəkilib getməsinə görə bir yaş da böyüməsinin səbəb olduğunu bilirdi. İndi onu başa salmaq ötən ilkindən daha asan olacaq. – Sən daha da böyüyəcəksən, sonra kitabxanaya gedib özün oxumaq istədiyin kitabları seçəcəksən. – Əgər kitabların hamısını oxumasan kəmərin belinə gəlməz haa. Teymur əminin zarafatını Murad başa düşmədi. Çönüb anasına baxdı. Bu baxışın mənasını anası duyduğundan: – Bu bir filmdəndir, Murad. Kitab oxumağın faydalı olmağını bildiri. Elşən adlı oğlan bütün kitabları oxuyandan sonra istədiyini əldə edə bilir. –dedi. – Biz səninlə kitab bayramına da gedərik – Teymur əmi Muradın xəyalında daha bir gözəllik yaratmağa çalışdı. –  Sən hər gün yuxudan oyananda bir gün ötəcək və gözəl bir yaz günü gələcək. Onda səninlə kitabların şənliyinə gedəcəyik. – Daha mənim yox,  kitabların ad gününü keçirərik, Teymur əmi. Mən daha  böyümüşəm. “Kitabların ad günü” deyə Murad Teymur əminin dediyi Beynəlxalq Uşaq  Kitabı Gününü nəzərdə tuturdu. – Afərin sənə, Murad. Teymur əmi, sən kitabları çox sevirsən deyə yaxşı adamsan? – Kitablar mənə yaxşı olmağı öyrədib, Murad. Əgər sən də indidən kitablarla dostluq etsən əsil insan olarsan. Sonra öz dostlarına da bunu tövsiyə edərsən. Onlar özləri də sənə baxıb kitab oxumaq istəyəcəklər. Murad atasının üzündəki ifadələri ayrı-ayrı təhlil edə bilməsə də onun da sevindiyini duyurdu. O gün həm atası, həm də Murad üçün  hər zaman xatırlayacaqları bir gün oldu. Teymur əminin gəlişi adi ad günü təbriki üçün deyildi. Bu gəlişlə o, dostuna itirdiyi inamını qaytarmışdı. Sədaqət, etibar hissi onların həyatına qayıtmışdı. Hər şeyini itirdiyini düşünən Aydın müəllim əksinə hələ indi qazandığını dərk etdi. Artıq səlahiyyəti çatmayan böyük bir şirkətin gəliri ilə müqayisədə daha dəyərli varlığı tapdığına görə gözlərində ümid qığılcımları parlayırdı. Muradın isə gələcəkdə xatırlayacağı ən gözəl ad günü bu gün olacaqdı. Teymur əmi onu əsil dostlarla tanış etmişdir. Atası kimi onun da etibarlı dostları olacaqdı. Həmin gün Murad ən qiymətli hədiyyənin nəyin olduğunu öyrənmişdi.