Ayaqqabı

Etibarlı olmağı həmişə insanlarla heyvanlara aid etdiyimizdən əşyaların “etibarını” hiss etmirik. Bircə dəfə də olsun ürəyimizdə ayaqqabılarımıza minnətdarlıq hissi duymuruq. Çünki o özünü ayağa salıb. Başımızın üstündə gəzdirdiyimiz papağımıza isə həddindən çox hörmət bəsləyib, qeyrət rəmzinə çevirmişik. Biz beləyik. Başda gəzmək istəyənin qarşısında əyilir, ayağa düşənlərin üzərindənsə ayaqqabıları tapdadığımız kimi ayaqlayıb keçirik. On bir il məktəb, dörd il də universitet yollarında ayaqqabımızın necə sədaqətli oldğunu çoxumuz xatırlamırıq. Bu sadə əşyadan hamımız utanır, çıxaranda əyri-buruq, necə gəldi atırıq. Onu yalnız təzə vaxtlarında əzizləyirik. Elə ki köhnəldi, bir məclisdə olanda ayaqlarımızı arxaya çəkirik ki, görünməsin. Papağınsa köhnəsini də hündürə qoyuruq. Əvvəllər onu o dərəcədə əzizləyirlərmiş ki, teatra gedəndə papağı ayrıca “oturdurlarmış”, qadınlara isə buraya getmək qadağan imiş. Baş da, ayaq da eyni adama məxsus olsa da, onlara münasibət fərqlidir. Ayaq hörmətsizlik simvoluna çevrilib. Məclisin ayaq hissəsi də adi adamlar üçün ayrılır, ürəyimiz istəyən yerə isə ayaqlarımızla gedirik. Amma necə deyərlər, “Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz” Bir gün ayaqqabılar papaqdan heyfini yaxşıca çıxırlar. Deyirlər ey, ”papağın filan-filan olsun” bax onda ayaqqabıların qırışığı açılır. Belə bir müqayisəni orqanlarların arasında da aparmaq olar. Məsələn, götürək mədəylə ürəyi. Mədəmiz üçün yaşamırıqmı? Onun ehtiyacını ödəyib sakitləşdirməyə çalışmırıqmı? Bütün əziyyətlərimizin səbəbkarı mədə deyilmi? “Səsini kəsmək üçün” ömrümüzü fiziki əməklə başa vururuq. Gündə üç dəfə də nazıyla oynayırıq. Cürbəcür nemətlərlə təmin etməyə çalışırıq. Amma ürəyə mədəyə ayırdığımız diqqətin yarısını da ayırmırıq. Əksinə onun uğrunda çalışarkən başımıza gələn bütün hadisələrin əzabını ürəyə yükləyirik. Ürək hər şeyi qəbul edir, nə olsa tutub özündə saxlayır. Mədə isə ona verdiklərimizi bir balaca qarışdıranda həmin dəqiqə şivən salıb geri qaytarır. Taleyimizin yükünü ürəyin öhdəsinə buraxıb da mədəmizin tələblərinə əməl etməklə məşğuluq. Bir dəfə də olsun ürəyin qidasıyla maraqlanmırıq. Harın mədənin istəyi ilə çox yemək üçün pul toplayırıq. Ürək bu ögey münasibətə lal-dinməz tamaşa edir. Susanın “boynuna minmək” də ki bizim şakərimizdir. Mədə yersiz yeməkdən, ürək də hədsiz pislikdən ağrıyır. Ürəyimizin olduğundan yalnız kardeoqramadakı əyri xətləri görəndə xəbər tuturuq. Onda bilirik ki, ürək baş verənlərə etiraz etməyə başlayır. Orqanları bir gözdə görməməyin nəticəsi budur. Yalnız bundan sonra onu qorumağa çalışırıq. “Biz ürəyi ürək kimi saxlamırıq. Yağ içində böyrək kimi saxlamırıq” Vay! Sən demə böyrəyi də əzizləyirmişik. Ən çox əziyyət verdiyimiz isə ən çox qeydimizə qalan imiş. Ürək də insanın “Qara paltarlı qadınıdır” Biz ölməyək deyə ürəyimiz bizdən qabaq ölür. Əzizləmədiyimiz ürəyimiz əzizlədiklərimizin güdazına gedir. Bəlkə, haqsızam?