"Niyə məni azərbaycanca danışmağa məcbur edirsiniz?"

...Bir neçə gün əvvəl mənzilin qazının sənədləşdirilməsi və kartın qeydiyyatdan keçirilməsi üçün dəmir yol vağzalının 2-ci mərtəbəsindəki "Asan kommunal" xidmətinə getmişdim. Növbəmin çatması 2 saatdan çox çəkdiyinə görə öz iradəmdən asılı olmayaraq bir neçə maraqlı hadisənin şahidi oldum. Onlardan birini – mənim yaralı yerimə daha çox toxunanı dostlara danışmaq istəyirəm. Bir gözəl qadın xidmətin gənc əməkdaşına yaxınlaşaraq əlindəki sənədləri ona uzadıb rus dilində surətini çıxarmaq lazım olduğunu dedi. Gənc əməkdaş: – Xahiş edirəm, azərbaycanca danışın, – deyə cavab verdi. Xanım (rusca): – Sənədlərin surətini çıxardın! Əməkdaş: – Azərbaycanca danışın! Xanım (gözləri heyrətdən böyümüş, gözəl çöhrəsi əsəbdən qızarmış halda): – Necə yəni azərbaycanca, mən hansı dildə istəyirəm, danışıram! Əməkdaş: – Mən isə yalnız Azərbaycan dilində danışmalıyam. Bura dövlət müəssisəsidir, burda dövlət dilində danışmalıyıq. Dözvlət dili isə Azərbaycan dilidir. Xanım: – Yaxşı, kopiya edin! – hiss olunur ki, qəsdən belə deyir. Əməkdaş (sənədlərin surətini çıxardır): – Buyurun! – hiss olunur ki, xanımın narazılığını daha da dərinləşdirmək istəmədiyindən “kopiya”nın üstünü vurmur. Qadın sənədlər dəstini alıb qəzəbli və kinli baxışlarını gənc əməkdaşa zilləyir və yenə də rus dilində deyir: – Niyə məni azərbaycanca danışmağa məcbur edirsiniz? Əməkdaş cavab verir: – Bir sualınız varsa, xahiş edirəm, Azərbaycan dilində müraciət edəsiniz. Xanım Azərbaycan dilində nitqini bir az da (hiss olunur ki, qəsdən) sınıqlaya-sınıqlaya: – Deyirəm ki, niyə məni başqa dildə, istəmədiyim dildə danışmağa məcbiur edirsiniz? – Azərbaycan dili başqa dil deyil, dövlətimizin dilidir, – deyə əməkdaş təbəssümlə cavab verir. – Bu dildə danışmağa məcbur olmamaq üçün özünüz bu dildə danışmalısınız, xanım. İşimizə aid başqa sualınız yoxdursa, sağ olun. – Mən sizdən şikayət edəcəyəm, – xanım təmiz Azərbaycan dilində, sakit, amma bir az da qəzəblə deyir. Sonra isə dönüb başqa masaya yaxınlaşmaq məqsədi ilə aralanır. Qəlbimdən gənc, mədəni və qeyrətli əməkdaşa minnətdarlıq etmək keçir. Ancaq birdən xidməti işində ona ziyanı dəyə biləcəyini düşünüb yaxınlaşmıram. Buna baxmayaraq mənim hörmət dolu baxışlarımdan ürəyimdən keçən minnətdarlığı oxuduğunu hiss edirəm. Mən də aralanıram... Amma bir hiss məni rahat buraxmır. O hissi burada “ucadan” ifadə etmək istəyirəm: – Bu dövlətin ərazisində onun dilini bəyənib danışmaq istəməyənləri bu dildə danışmağa məcbur etmək lazımdlır... Asan xidmətin gənc əməkdaşı kimi... Adını bilmədiyim gənc əməkdaşa isə orada demədiyim təşəkkürümü burada bildirirəm!!! Kərim Kərimli