Düriyyə xanım -   iki xalqın  bir övladı

Düriyyə xanım Rəhimova   haqqında çox deyilib, çox danışılıb. Məqalələr də yazılıb, kitablar nəşr edilib, verilişlər hazırlanıb, film də çəkilib. Bütün həyatı, yaradıcılığı, gözəl insani keyfiyyətləri, böyük istedadı, füsunkar səsi, səhnə yaradıcılığı... lazımınca təhlil edilib, dəyərləndirilib. Sağlığında da belə idi, indi də. Ancaq nə söz tükənir, nə xatirələr  bitir... nə söyləyən dillər susur, nə yazan əllər  yorulur, nə anan könüllər usanır... Çünki özü də belə idi... xalq üçün yaratmaqdan, yazmaqdan, oxumaqdan, oynamaqdan, yazmaqdan bezmədi, usanmadı, yorulmadı... İki xalq üçün: bir doğma ləzgi xalqı  üçün, bir də doğma Azərbaycan xalqı üçün... Onu yaxşı tanıyanlar “Bu xalqlardan hansı ona daha əzizdir, daha doğmadır?”-sualını verməyi artıq sanardılar... Çünki onsuz da hamı bilirdi ki, bu iki xalq rasında o heç vaxt fərq qoymayıb və bu fərqi görməyib. Quba elinin  əhalisi ləzgilər olan Qımıl kəndində, müəllim ailəsində doğulub-böyüyən, boya-başa çatan  dağlar gözəli azərbaycanca elə səlis, elə rəvan, elə şirin danışırdı ki, öz nitqi ilə azərbaycanlıların özünə belə nümunə ola bilərdi. Azərbaycan mahnılarını öz məxmər səsinin içərisində elə cilalayıb-pardaqlayırdı ki, mahnı sanki parıldayırdı, ətir saçırdı, şəlalə kimi çağlayırdı, ilıq məlhəm kimi könülləri isidirdi... Düriyyə xanımın həyatının ən gözəl illəri, ömrünün qönçə çağı Quba torpağında keçib. İlk sənət uğurlarını da burada olarkən qazanıb, böyük sənətə də buradan başlanğıc götürüb. Quba Pedaqoji məktəbində oxuyarkən  müəllimləri tərəfindən gözəl səsi kəşf edilən dağlar gözəli elə onların təkidi ilə özfəaliyyət dərnəyinə cəlb edilir və həmin illərdə də hospitallarda ön cəbhədən gəlmiş yaralı əsgərlər qarşısında çıxışlar edir. Daha sonra müxtəlif musiqi yarışmalarında – I Musiqi olimpiadasında, festivallarda, müsabiqələrdə qaliblər sırasında olur, Azərbaycan və ləzgi dillərində oxuduğu mahnılarla öz ipək səsini dinləyənlərin  qəlblərərinə, ruhlarına hopdurur. Bir dəfə rayon tədbirində böyük bəstəkarımız  Tofiq Quliyev və şair Yusif Həsənbəylə birlikdə qonaq qismində iştirak edən Dağıstan Dövlət Radiosunun rəhbəri Bayram Səlimov onun iki dildə oxuduğu mahnıları dinləyərək səsinə valeh olur. Tədbirdən bir neçə gün  sonra Mahacqala radiosundan rayon partiya komitəsinə göndərilən məktubda Düriyyə Rəhimova mahnılarını lentə yazdırmaq üçün Dağıstana dəvət edilmişdi... O zaman Düriyyə xanım artıq Qubada mədəniyyət evinin direktoru işləyirdi.  Dağıstanda Azərbaycan və ləzgi dillərində mahnılarını lentə yazdırıb qayıdandan sonra isə Quba Dövlət  Dram Teatrında işləməyə başlayır, gələcək həyat yoldaşı, əslən azərbaycanlı teatr rejissoru Nəsir Haşımoğlu ilə də burada tanış olur. İş elə gətirir ki, 1962- ci ildə neçə ildə teatr bağlanır. Teatrın Səyavuş Aslan, Ofeliya Aslan, Məcnun Hacıbəyli kimi aktyorları Bakı teatrlarına gedərək işlə təmin olunurlar, Düriyyə xanım və Nəsir bəy isə Bakı  və Gəncə  teatrlarından təklif alsalar da, həmin teatrlar reallıqda münasib dəstək  görmürlər. Sonra isə  Dağıstan  Radiosunun təklifini qəbul edir və Mahacqlaya köçürlər. Bir ildən sonra isə Dərbənddə yaradılan Süleyman Stalski adına Ləzgi Musiqili Teatrına dəvət alırlar. Həmin  teatrda  Azərbaycan, rus və xarici ölkə dramaturqlarının əsərlərini ləzgicəyə çevirib səhnəyə qoymağın necə çətin  olduğunu təsəvvür etmək olar, məncə.  Bir var, Azərbaycanda yaşayan ləzgilər Azərbaycan dilində - dövlət dilində bu əsərləri mütaliə etsin, ya o tamaşalara  baxsın, bu ayrı məsələ. Bir də var, ailədə öz ana dillərində danışan, ana dilində və ya  və ya rus dilində təhsil alan, azərbaycancanı başa düşməyən ləzgilər bu əsərlərlə doğma dillərndə tanış olsunlar. Doğrudan, “Aydın“ı (C.Cabbarlı), “Pəri xanım“ı, “Qayınana”nı (M.Şamxalov) azərbaycancadan, “Kral Lİr”i (V,Şekspir ) qoy ruscadan olsun, həm ləzgi dilinə tərcümə edəsən, həm səhnəyə qoyasan, həm də aktyor kimi çıxış edəsən, bu ki böyük bir əziyyətdir. Ancaq onlar əzaba qatlaşdılar. Ləzgi xalqının teatrını repertuarla təmin etmək üçün özləri də pyeslər yazırdılar, səhnəyə qoyur, özləri də başqa aktyorlarla bərbər obrazları canlandırırdılar. Bütün bunlara görə 1965-ci ildə Düriyyə Rəhimova Dağıstan Muxtar Respublikasının əməkdar artisti adını alır, demək azdır, bu adı sözün həqiqi mənasında qazanır. Düriyyə xanım  bununla bərabər, bütün ömrü boyu müğənnilikdən də əl çəkməyib,Dağıstanın, eləcə də Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan, ləzgi və bəzən rus dillərində oxuduğu gözəl mahnıları öz ipək səsi ilə ellərə yayıb. Əbəs yerə onu “iki xalqın səsi”, “iki xalqın bülbülü“ deyə  əzizləməyiblər ki... Oxuduğu “Ananın səsi“, “Qal, sənə qurban“, “Yaşa, könül“ , “Göy göl”, ” Sənin sözün...” “Bülbül“ mahnılarını eşidənlər, “ Kəsmə- şikəstə”sinə   qulaq asanlar  yalnız səsini deyil, qəlbini, nəfəsini, ruhunu dinləyirdilər. Bu hələ hamısı deyil... Bilirsinizmi, Düriyyə xanımın və onun ömür-gün yoldaşının  bizim üçün  bir azərbaycanlı  olaraq,  ən qürurverici xidməti, işıqlı əməli   nədir ? 1967-ci ildə Dərbənddə Azərbaycan Dövlət Teatrı  yaradılır. Teatra rejissorluq  edən Nəsir müəllim çox şəraitsiz, maddi çətinliklə dolu bir vəziyyətdə işə başlayır, ancaq qısa müddətdə teatrı ayağa qaldırmağı bacarır. Düriyyə xanım da ləzgi teatrında işləməklə bərabər, ona yaxından kömək edir. Kadr çatışmazlığı olduğundan Nəsir müəllim baş rolları, əsasən, özü  oynayır, yerli  pedaqoji məktəbin tələbələrindən də teatra cəlb edib aktyor kimi yetişdirir. Ləzgi teatrının  yaradıcı heyətinin  qüvvəsindən də istifadə etmək kara gəlirdi, - burada artıq  mükəmməl təhsilli ixtisaslaşmış kadrlar - Moskva Dövlət Teatr Sənəti İnstitutunun məzunları çalışırdılar. Dağıstanın müxtəif şəhərərinə, eləcə də Rusiyanın bir çox guşələrinə (yeri gəmişkən, rus dilində də tamaşalar hazırlanırdı), həmçinin Azərbaycana qastrollar müvəffəqiyyətlə keçirdi. Mən özüm dəfələrlə bu teatrın Quba qastrollarında tamaşalarına baxmışam, məktəb kollektivləri ilə də kütləvi şəkildə bu tamaşalara baxmışıq. Bu, o dövrlər idi ki, respublikamızın teatrları böhran yaşayırdı, bəzi teatrların rəhbərliyi vəzifə çəkişmələri aparır, intriqa səhnələri ifa edirdilər, aktyorlar məvacibə-qonorara, rejissorlar repertuara, salonlar  isə tamaşaçıya tamarzı qalmışdı... Bu dövrlərdə uşaq və gənclərimizdə teatr, nitq mədəniyyəti, səhnə estetikası, tamaşaçı etikası tərbiyə etmək  məsələsində dadımıza Dərbənd teatrı çatırdı - ucuz, əlçatan qiymətə... Hətta xeyriyyə tamaşaları da göstərilirdi. Bir dəfə Qubadakı Uşaq evi-internat məktəbinin nəfinə də belə bir tamaşa göstərilmişdi. Zira S.Vurğunun “Fərhad və Şirin“ (bu tamaşaya görə  teatr 1976-cı ildə Dağıstan MR-nın dövlət mükfatına layiq grülmüşdü), C.Cabbarlının “Solğun çiçəklər“, “Aydın“, S,Rüstəmovun “Beş manatlıq gəlin“, ”Rəis arvadı“, M.Şamxalovun “Qayınana”, G.Xuqayevin “Elbrus evlənir“ və s. səhnə əsərləri ilə şəhərbəşəhər, elbəel gəzən teatrın maddi imkanı bir o qədər də yaxşı deyildi.  Demək  olmazdı,   həmişə bütün tamaşaları uğurlu alınırdı,  qüsurları  da olmamış deyildi. Ancaq  əsas mərm nəcibliyi, amal paklığıdır. Yurddaşlarımızın  amalı, məramı isə söz yox ki, nəcib idi, pak idi:  qədim Azərbaycan torpağıında  Azərbaycan teatrını  yaratmaq, yaşatmaq, inkişaf etdirmək... milli  aktyor heyəti formalaşdırmaq... Tanış  motivdir, deyilmi? Ancaq qəhrəmanlarımız Oqtay Eloğlundan fərqli, sivil bir zamanda və mühitdə yaşasalar da,özlərinə görə onların da çətinlikləri vardı: məramlarını inzibati-siyasi asılılıqda olan vətəndə həyata keçirirdilər. Sonda demək istədiyim budur ki, dilimizə yasaq qoyulmasından, mədəniyyətimizin, tariximizin, milli dəyərlərimizin üzərindən xətt çəkilməsindən,  mədəniyyətimizin zorən assimilyasiya edilməsindən gileylənirik. Bəs bütün bunları yaşadan, qorumasına can qoyan, fədakarlıq edən dəyərlilərimizə  niyə dəyər verə, onları lazımınca tanıda bilmirik? Bu da mı öz əlimizdə deyil, indi də mi yasaq  qorxusu var? Düriyyə xanımın keçən il yubileyi onun ikinci vətənində təntənə ilə keçirildi. Vəfatından sonra Dərbənddə yaşadığı evin üzərinə barelyef vuruldu. Bizim eldə - əsl vətənində isə kiçik bir xatirə lövhəsinə, bir qəzet məqaləsinə belə layiq görülmədi. Görəsən, niyə ?