Bütün ölkəni qorxu içərisinə salan koronavirus pandemiyası (COVID-19) dünyada əksər təhsil müəssisələrinin bağlanmasına səbəb olub. O cümlədən Azərbaycanda fəaliyyət göstərən məktəb və bağçaların da işi dayandırılıb. Bəzi özəl məktəb və bağçalar ödənişli olduğundan təhsil haqları ya ilin əvvəlindən, ya da aylıq olaraq verilir. Tədrisin müvəqqəti dayandırılması martın əvvəlinə təsadüf edir. Bəs tədrisin dayandırıldığı aylar üçün aylıq ödənişlər geri qaytarılacaqmı? Yaxud həmin ödənişlər növbəti tədris ili üçün hesablanacaq? “Report” bununla bağlı bir sıra özəl məktəb və uşaq bağçaları ilə əlaqə saxlamağa çalışıb. “Sabis sun” Beynəlxalq Bakı məktəbindən “Report”a bildirilib ki, hazırda dərslər onlayn rejimdə keçirilir: “Bu il məktəbimizin 12-ci ilini başa vuran şagirdlərimiz olacaq. Yəni ilk buraxılışımız bu il üçün nəzərdə tutulub. Ona görə də bütün fikirlərimizi şagirdlərimizin dərslərindən kənar qalmaması işinə fokuslanmışıq. Hələlik təhsil haqları ilə bağlı rəhbərlikdən göstəriş gəlməyib. Məktəblər açıldıqdan sonra dəqiq nəsə demək olar. Yəqin ki, hansısa dəyişiklik olacaq. Amma dəqiq hansı dəyişikliklər olacaq bununla bağlı hələlik rəsmi qərar yoxdur”. "Evrika" liseyində təhsil alan şagirdin valideyni isə qeyd edib ki, təhsil üçün aylıq 550 manat ödəniş edir: “Mənə zəng edib mart ayının ödənişini tələb edirlər. Bu da həmin liseylə valideyn arasında imzalanan müqavilənin müddəasında öz əksini tapıb. Belə ki, müqavilədə qeyd olunub ki, ölkədə fövqəladə rejim qeyd olunsa da, təhsil haqqı ödənməlidir”. Övladı Türk dünyası Bakı Atatürk liseyində oxuyan valideyn “Report”a tədris ili başlamamışdan qabaq təhsil ocağına illik təhsil haqqı olaraq 1200 manat ödədiyini deyib: “Digər təhsil müəssisələrində olduğu kimi bu liseydə də dərslər dayandırılıb. Lisey bağlandıqdan bir müddət sonra müəllimlər şagirdlərə tapşırıqlar verib, onların yerinə yetirilməsini istəyir, cavabları həm səsli, həm də şəklini çəkib göndərirlər. Bu gündən etibarən dərslər görüntülü formada keçirilir”. Valideyn bu müddət ərzində liseydən narazı olmadığını və ödənişin geri qaytarılmasına ehtiyac duymadığını bildirib. Zərifə Əliyeva adına Uşaq bağçasında tərbiyə alan uşağın valideyni “Report”a söyləyib ki, aylıq 620 manat ödəniş edir: “Həmin bağçada illik ödəniş edənlər də var. Onların aqibəti barədə məlumatsızam. Bu ayın əvvəlindən uşağım bağçaya getmir. Ölkədəki məlum vəziyyəti nəzərə alaraq mart və aprel aylarının ödənişlərini etməmişəm. Bu da bağça rəhbərliyi və valideyn arasında imzalanan müqavilənin şərtlərindən asılıdır. Bu gün üçün də bağçadan bizə zəng edib “ödəniş edin” deyən olmayıb”. Digər valideyn isə övladının “Elif” Tədris Mərkəzinin yarımgünlük bağçasına getdiyini və aylıq 70 manat ödədiyini bildirib: “Ödənişlər burada illik deyil, biz bu ay üçün ödəniş etməmişik. Digər valideynlərin ödəniş edib-etməməyindən xəbərimiz yoxdur”. Mart ayının əvvəlindən ödəniş edən valideynlərdən biri də övladının tərbiyəsi üçün “İntellekt kids club” uşaq bağçasına yarım günlük apardıqlarından 100 manat pul verib: “Ancaq ödəniş geri qaytarılmayıb. Çünki bizim bağçada fərqlidir. Misal olaraq, nə zaman bağçalar fəaliyyətə başlayacaq həmin ayın ödənişi edilməyəcək və mart ayının pulu o zamana hesanlanacaq”. Digər özəl məktəblərlə (Bakı Oksford Məktəbi, Azərbaycan Britaniya Kolleci (ABC), Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və s.) və bir çox uşaq bağçası ilə əlaqə saxlamaq mümkün olmadı. Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək.
© 2020 - Created by İLK XEBER.