26 Fevral 1992-ci il. Xocalıya yağan qarın üzərində 613 cəsəd var: 63 uşaq, 106 qadın, 70 qoca. Həmin gün Xocalıda iki rəng var idi: ağ və qırmızı. Xocalı ilk işğal olunan şəhər deyildi, növbətilər Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı olacaqdı. “Fəryad” filmindəki çox səhnələr mənə ağır gəlir, amma ən ağırı bu səhnə idi: “Diqqət, diqqət! Bu gün rəşadətli özünümüdafiə hissələrimiz qədim şəhərimiz olan Şuşanı aldı” Bundan sonra isə ermənilər şıdırğı rəqslə oynamağa başlayırlar. Hər dəfə şəhərlərimiz alındıqca erməni sevincək bu xəbəri azərbaycanlı əsirə deyirdi. Ürəyində Azərbaycan sevgisi olan, qanı təmiz azərbaycanlı olan hər bir insanın bu səhnədən sonra pis olmaması mümkün deyil. Bu müharibəni biz başlamadıq, amma biz sona çatdırmalıyıq, özü də mütləq qələbə ilə. Keçmiş ANS kanalında Qarabağ haqqında bir çox kadrların sonunda belə bir cümlə olurdu: “Allah səbr verməsin!” Bəli, məhz bu mövzuda Allah bizə səbr verməsin! Qarabağı nə illərdir boş-boşuna gedib gələn, sülh danışıqları aparan ATƏT-in Minsk qrupu, nə ona həsr edilən saysız-hesabsız mahnılar, nə də ki çəkilən ah-nalələr qaytarmayacaq. “Lazım gəlsə, Azərbaycan ordusu Qarabağı 3 günə azad edər”. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə “lazım” gəlmişdi. Amma 4 gün çəkən müharibə yenidən atəşkəs müqaviləsinin imzalanması ilə bitdi. Yaranmış böyük ümidlər də elə bununla bitdi. Yenidən Qarabağı görmək, sonuncu dəfə o torpaqları görüb bu dünyadan köçmək arzusu bir çox insan üçün yenə puç oldu. Mən əslən Qarabağlı olanları çox yaxşı başa düşürəm: biz öz evimizdən 1 həftə aralı düşəndə darıxırıq, evə qayıdanda isə özümüzü xoşbəxt hiss edirik. Bu insanlar isə 30 ilə yaxındır öz doğma evlərindən didərgin düşüblər... Qonşumuz Güloğlan Məmmədovu çox çətin olsa da, xatırlayıram. 1991-ci il, 5 yaşım var idi. Müharibə başlayan zaman o, könüllü olaraq Milli orduya yazılmışdı. Doğma evi Qubadlının Əliquluuşağı kəndi uğrunda döyüşürdü. 1992-ci il noyabrın 19-da ömrü yarımçıq qaldı. Hal-hazırda bizim küçə onun adını daşıyır. Allah rəhmət eləsin, Allah Qarabağ uğrunda şəhid olan hər kəsə rəhmət eləsin! 26 Fevral 2020-ci il. Hava xəbərləri: Dağlıq Qarabağa qar yağır... 28 il əvvəl Xocalıya yağdığı kimi. Amma bu dəfə orada şəhid olan insanların izlərini örtmək üçün yox, bizə oranı yada salmaq üçün. 28 Mart 2020-ci il. Azərbaycan Respublikasının 20 faizi hələ də erməni işğalı altındadır... Allah səbr verməsin!
© 2020 - Created by İLK XEBER.