Birləşmiş Millətlər Təşkilatının rəsmi məlumatına görə 2019-cu ildə dünya əhalisinin sayı 7,7 milyard nəfər olub. Ötən əsrin 1970-ci ilinə kimi əhali artımı hiperbolik qanun üzrə yüksəlib. 1990-cı ildə əhali artımının tempi zəifləməyə başlayıb. Qeyd olunan ildə dünya əhalisi 87,4 milyon nəfər artıb. 2002-ci ildə bu rəqəm azalaraq 74 milyon nəfərə enib. 2014-cü ildə dünya əhalisinin artım statistikası yenidən yüksələrək 87 milyon nəfər olub. Maraqlı cəhət orasındadır ki, dünya əhalisinin artımı 2000-ci ildə ötən əsrin 1963-cü ili ilə müqayisədə təqribən iki dəfə az olub. BMT-nin məlumatına görə 1994 – 2004-cü illər arasında yaşı 60-dan yuxarı olan əhalinin sayı iki dəfə çoxalıb. 2014-cü ildə dünyadakı yaşlı insanların sayı 5 yaşınadək olan uşaqların sayından çox olub. Məlumatlara görə 2009-cu ildə bəşəriyyətin tarixində ilk dəfə olaraq şəhər əhalisi kənd əhalisinin sayı ilə bərabərləşərək 3,4 milyard nəfərə çatıb. Demoqrafik proqnozlardan ayrın olur ki, yaxın gələcəkdə şəhər əhalisinin sayı kənd əhalisinin sayını üstələyəcək. 2010-cu ildə dünya əhalisinin 60 faizi Asiya qitəsinin payına düşüb. Bu rəqəm Afrika qitəsində 15,5 faiz, Avropada 10,4 faiz təşkil edib. BMT-nin proqnozuna görə 2050-ci ildə isə dünya əhalisinin yarıdan çoxu Asiya qitəsinin,25 faizi Afrikanın,8,2 faizi Latın Amerikasının, 7,4 faizi Avropanın, 4,7 faizi isə Şimalı Amerikanın payına düşəcəkdir. BMT araşdırmaçıları və Vaşinqton Universitetinin demoqrafik prosesləri araşdıran alimləri 2100-cü ildə dünya əhalisinin 11 milyard nəfərə çatacağını bildirirlər.Belə ki, dünyanın ən böyük dövləti olan Çin 2025-ci ildə əhalisinin sayına görə yenə də öndə olacaq. İkinci yerin isə Hindistana məxsus olacağı bildirilir. Bu siyahıda ABŞ üçüncü (300 milyon), İndoneziya dördüncü, Braziliya beşinci pillədə duracaq. Bu siyahıda Rusiyanın Pakistan, Nigeriya və Banqladeşdən sonra doqquzuncu pillədə dayanacağı proqnozlaşdırılır. DÜNYAMIZIN MƏNZƏRƏSİ... BMT-nin Dünya əhalisi fondunun məlumatlarına görə dünya əhalisinin artım tempi son 200 ildə olduqca maraqlı bir trayektoriya üzrə inkişaf edib. Belə ki, dünya əhalisinin sayı; 1802-cü ildə 1 milyard nəfər, 1927-ci ildə 2 milyard nəfər, 1960-cı ildə 3 milyard nəfər, 1974-cü ildə 4 milyard nəfər 1987-ci ildə 5 milyard nəfər, 1999-cu ildə 6 milyard nəfər, 2011-ci ildə (oktyabrın 31-dək) 7 milyard nəfərə çatıb. Əgər əhali artımı bu templə davam edərsə təxminən 2024-cü ildə dünyada 8 milyard insanın yaşayacağı qaçılmazdır. 2011-ci ildə dünya KİV-ləri planetimizin 7 milyardıncı sakininin doğulduğu barədə gurultulu başlıqlar, sərlövhələr və manşetlər altinda xəbərlər tirajladılar. Avstriyadakı Beynəlxalq Sistem Analizləri İnstitutun ekspertlərinin fərziyyələrinə görə 162 min il əvvəl başlanmış bəşər cəmiyyətində indiyədək bütövlükdə 107 milyard insan doğulmüşdur. 2016-cı ilin məlumatlarına görə əhalisi 80 milyon nəfərdən çox olan çağdaş dünya ölkələrində əhalinin sayı belədir; 1. ÇİN 1 395 602 389 2. HİNDİSTAN 1 359 204 088 3. ABŞ 330 936 453 4. İNDONEZİYA 270 122 854 5. BRAZİLİYA 215 038 337 6. PAKİSTAN 204 177 001 7. NİGERİYA 201 002 595 8. BANQLADEŞ 168 310 241 9. RUSİYA 146 523 559 10. MEKSİKA 133 659 800 11. YAPONİYA 126 053 706 12. EFİOPİYA 109 110 128 13. FİLPPİN 106 767 239 Göründüyü kimi dünya əhalisinin əsas ağırlıq mərkəzini təşkil edən ölkələr cədvəldə məhz belə görünür. Məşhur demoqraf Pol Erlixin araşdırmalarına görə 10000 il əvvəl bu günkü planetimizdə cəmi 5 milyon insan yaşayıb. Demək daha bir 10000 il lazım gəlib ki,( 1930-cu ildə ) dünya əhalisini sayı 2 milyard nəfərə çatsın. Bundan sonrakı rəqəmlər isə daha maraqlıdır. Sən demə cəmi 44 il ərzində (1974) əhali artımı fantastik bir sıçrayışla artaraq iki dəfə çoxalıb.BMT-nin məlumatlarına görə XXI əsrin sonlarınadək dünya əhalisinin sayı doğum faizinin aşağı olması səbəbindən azalan xətt üzrə gedəcək. Bu rəqəmin 2100-cü ildə 10.9 milyard nəfəri əhatə edəcəyi bildirilir.Dünya üzrə doğum faizinin isə 0,1 faiz olacağı proqnozlaşdırılır. Məlumatlarda qeyd edilir ki, dünya əhalisinin həm də sürətlə qocalması prosesı gedir. 2050 –ci ilədək dünya əhalisinin hər 6 nəfərindən birinin 65 və daha yuxarı yaş həddində olacağı bildirilir. Demoqrafik tədqiqatların nəticəsələrinə görə 2075 –ci ilədək 65 və daha çox yaşı olanların sayı 15 və aşağı yaş həddində olanların ümumi sayından çox olacaq. QOÇAQ QOCALAR! Yəqin ki, bu fakt qocalardan bezib onlardan can qurtarmağa çalışanları heç də sevindirməyəcək.Qoy olsun. Həqiqətin bir üzü var. SƏBİRLİ ANA TƏK FIRLANAN DÜNYA... Elə bir söz qaldımı Dünyanın ünvanına söyləməyək? Elə bir ittiham qaldımı Dünyanın adına möhürləməyək? Elə bir kin-küdurət qaldımı Dünyanın üzünə püskürməyək? Yadıma yaxın keçmişimizin şairlərindən birinin vaxtilə “cib dəftərçəsi” boyda nəşr olunan kitabçasındakı şeirlərindən biri düşdü: İnsanlar bombayla dağlayır yeri, Yerdə daha böyük yer tutmaq üçün. Səbrli ana tək yersə fırlanır, Fırladır onları ovutmaq üçün. Bəli, doğrudan da min illərdir ki, Anamız Yer kürəsi səbrli, qayğıkeş, müdrik ana kimi bir-birlərini didib-parçalamağa hazır olan və fürsət düşdükcə bu rəzil və iyrənc xislətini həyata keçirən “övladlarını” ovundurmaqla məşğuldur. “Bu övladlar” isə heç cürə ovunmur, ovunmaq istəmir, sakit və mehriban yaşamağı qəbul etmirlər. Bəs görəsən bu günkü son dərəcə narahat, qarışıq, qloballaşan və həm də cığallaşan dünyamızın sabahı bizə nə vəd edir? Gəlin yenə də dünya uzmanlarının son demoqrafik tədqiatlarına, araşdırma və gəldikləri nəticələrə baxaq. Belə məlumatlardan birində qeyd edilir ki, əsrin sonuna – 2100-cü ilədək dünyada ən çox doğum faizi Afrika qitəsində yaşayanların payına düşəcək. 2060-ci ilədək isə bu qitədəki doğum faizi Asiya qitəsinı geridə qoyacaq. Məsələn proqnozlara görə 2020 – 2100-cü illər arasında dünyada ən böyük doğuş faktı Nigeriyada olacaq. Təqribi hesablamalara görə qeyd olunan müddətdəbu Afrika ölkəsində doğulan uşaqların sayı 864 milyon nəfərə çatacq. Bu rəqəmin hətta Çini belə ötüb keçəcəyi bildirilir. Qeyd etmək lazımdır ki, dünya əhalisinin artımı və demoqrafik proseslər barədə ən müfəssəl araşdırmalar aparan alimlərdən biri də ingilis bioloqu Culian Xaksli olub. O. Hələ 1964-cü ildə planet əhalisinin 2000-ci ildə 6 milyard nəfər olacağını bildirirdi. BMT-nin məlumatlarından aydın olur ki, 12 oktyabr 1999-cu il tarixinədək dünya əhalisnin sayı həqiqətən 6 milyard nəfər olub. Əsrin sonunadək Dünya əhalisinin sayının hansı ölkələrdə azalacağı da maraq doğurur.BMT-nin rəsmi məlumatlarına görə 2050-ci ilədək əhali artımının nisbətən azalacağı ölkələr sırasında Almaniya, Çin,Polşa, Rumıniya, Serbiya,Tailand. Yaponiya, Ukrayna və Şərqi, Cənub şərqi və Qərbi Asiyanın bir sıra inkişaf etməkdə olan ölkələrində qeydə alınacağı bildirilir. Tanınmış rus sosioloqu İqor Beloborodovun araşdırmalarına görə yaxın gələcəkdə dünyada əhalinin depopulyasiyası ( doğumun azalması və ölüm faizinin çoxalması hesabına əhali artımının enməsi) gözlənilir. Alimin depopulyasiya ilə bağlı gəldiyi ən maraqlı nəticələrdən biri də qloballaşma və yad ölkələrdən gələn neqativ təsirlər nəticəsində klassik ailə bağlarının tədricən qırılması, abort və boşanmaların artması, əxlaqi-etik dəyərlərin tədricən aşınması,çoxuşaqlı ailələrdə həyat şəraitinin enməsi və sair neqativ halların yüksək templə irəliləməsi olacağı barədə gəldiyi qənaətdir.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, əxlaqi-mənəvi dəyərlərin deqradasiyaya ugramasında TV-lərin də mühüm rolu olduğu bildirilir. Cəlal Yaquboğlu S.A. ( P.S. əvəzinə Söz Ardı). Bu yazını eksklüziv olaraq dostluğumda olan və olmayan, bu gün evdə oturub darıxan, əsəbiləşən, hətta depressiv ovqatda olan Facebook izləyiciləri üçün yazdım. Dünya gözəldir və bu gözəlliyi yaradan Tanrı onu bizə ərməğan edibsə biz bu hədiyyəyə layiq yaşamalıyıq. Kimin necə yaşaması isə onun öz qənaəti və seçdiyi yoldur. Tale nədir? Tale hər bir kəsin xarakterindən, xislətindən, dünyaya münasibətindən doğan YAŞANTIDIR. Niyyətin hara, mənzilin də ora,-deyib müdriklər.Niyyətiniz xoş, mənziliniz sevinc və fərəh dolu sabahlar olsun!
© 2020 - Created by İLK XEBER.