Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirib. "Report"un məlumatına görə, Hikmət Hacıyev AzərTac-a müsahibəsində deyib: “İlk növbədə onu qeyd etməliyik ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə müraciətində siyasi partiyalara dialoq təklif edib. Dövlət başçısı Novruz bayramı münasibətilə siyasi partiya rəhbərlərini təbrik edib. Yeni tərkibdə formalaşmış Milli Məclisdə sədr müavini daxil olmaqla, səkkiz komitənin rəhbərliyində müxalifət partiyalarının nümayəndələri təmsil olunublar. Bütün bunlar onu göstərir ki, ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır. Amma sual olunur ki, niyə AŞPA məruzəçiləri və digərləri bunu görmək istəmirlər? Çünki bu şəxslər manipulyasiya və saxtakarlıqla məşğuldurlar. Onların ölkəmizə qarşı münasibəti həmişə qərəzli olub. AŞPA-nın məruzəçiləri olan S.Evarsdottir, Roger Gale və Stefan Şennak saxtakarlıqla məşğuldurlarsa, onda onlarla gələcək əməkdaşlıq sual altındadır. Qlobal pandemiya şəraitində Azərbaycan hökumətinin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçün Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrini nəzərə alaraq, atdığı önləyici və səmərəli addımlar, görünür ki, AŞPA-da özünü “məruzəçi” kimi təqdim edən bəzi şəxsləri ciddi şəkildə narahat edir”.