“Dilini unudan kimliyini də, vətənini də unuda bilər”

“İlkxəbər” Azərbaycan, Türkiyə və İraq Türkmənləri Yazarlar Birliyinin, üzvü, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, Çukurova (Türkiyə-Adana) Ədəbiyyatçılar Dərnəyinin fəxri başqanı, hüquqşünas İlqar Türkoğlu ilə ana dili mövzusunda Pərvanə Bayramqızının hazırladığı müsahibəni təqdim edir. - Təxəllüsünüz “Azərbaycan dili, yoxsa türk dili?” sualını verməyə sövq edir... – Müsahibə zamanı mənə belə bir sual ünvanlanacağını təxmin edirdim. Çünki bütün müsahibələrdə “Türkoğlu” təxəllüsü ilə bağlı mənə bu sual verilib. Bu, geniş bir qonu olduğundan, çalışacam həm ictimai, həm də siyasi məqamlara aydınlıq gətirim. “Türkoğlu” təxəllüsünün seçilməsi təsadüfi deyil. Hələ uşaqkən, 40-45 il öncədən ata nənəmin Nikolay dövründən qalma əski slavyan (staroslavyan) – kiril qrafikasında yazılmış doğum sənədinə baxanda milliyət bölümündə türk (turçanka) yazısının fərqinə çox da varmamışdım. Nənəm 112 il (1880-1992-ci il) ömür sürüb. Bu, o zamanlar idi ki, türk-türkçülük anlayışı Osmanlıda yox dərəcəsində idi. 1980-1982-ci illərdə həqiqi hərbi xidmət keçdiyim dönəmlərdə bizimlə bərabər xidmət keçən qazax, türkmən, özbək, qırğız, tatar, saxa, tuva, çuvaş, qaqauzlarla eyni dildə danışıb anlaşa bilsək də, rus imperiyasının, kommunizm kabusunun qurbanları olduğumuzu çoxlarımız hələ dərk etmirdik. Sizə bununla bağlı çox maraqlı bir epizod danışmaq istəyirəm. Günlərin birində xidmət keçdiyimiz hərbi hissədən sıravi əsgər itkin düşür və dərhal komandirin əmri ilə mən və başqa bir əsgər Yekaterinburqdan (köhnə Sverdlovsk) aldığımız şifroqram (şifrəli teleqram) əsasında yeri bəlli olan əsgərin dalınca İrkutsk şəhərinə ezam edilirik. 30 dəqiqədən sonra uçaq İrkutsk hava limanına enir. Vaxtı itirmədən vağzala gəlib elektrik qatarına minirik. Əsgərin gizləndiyi yerə, şəhərdən 20 km məsafədə yerləşən bir qəsəbəyə yola düşən zaman maraqlı bir olayla üzləşirik. Bir az “sərbəstliyimizdən” sui-istifadə edərək əsgər yoldaşımla ucadan danışır, deyib-gülürük. Və birdən bizimlə üzbəüz oturan, təxminən həmyaşıdlarımız olan, gözləri tipik asiyalılara bənzəyən iki qızın birinin iradı ilə üzləşməli oluruq. Həmin qızın doğma dilimizlə eyni dildə danışması bizi əməlli-başlı çaş-baş salmışdı. Təəccüblə bir-birimizin üzünə baxdıqdan sonra onların bizim dili, Azərbaycan dilini hardan öyrənmələri ilə maraqlanıram. Cavabında belə bir dilin adını eşitmədiklərini və öz dillərində danışdıqlarını israr edirlər. Sonra məlum olur ki, uyğur türkləri olan bu qızlar şərqşünaslıq üzrə universitet tələbələridir. Nizamidən həm farsca, həm türkcə, Füzuli və Nəsimidən azərbaycan-türkcə şeirlər söylədilər. Çində, doğu Türküstanda yaşayan uyğurlardan, Türkiyə və sovetlər birliyində yaşayan, eynu soyun-ulusun daşıyıcıları olan türk xalqları, türk qurumları haqqında bizə xeyli bilgilər verməyə çalışdılar. Fəqət qatar artıq mənzil başına çatmışdı, sağollaşıb xoş təəssüratla ayrıldıq. – Yəni soykökə bağlılıqdan. – Hə. - Sizcə, ana dilimizi qoruya bilirikmi? – Dilçi, ədəbiyyatçı olmasam da, bu qonuda özümü heç vaxt kənarda tutmaq istəməmişəm. Bununla bərabər, dilimizin saflığının, onun yad kəlmələrdən qorunması kimi boğazdan yuxarı şüarları da qəbul etmirəm. Hər şeyi adı ilə söyləyəndə gözəl olur. Biz sovetlərin - rus imperiyasının cəngindən qopmağı bacarsaq da, nə milli mənsubiyyətimizin, nə də dilimizin adının təsdiqinə nail ola bilməmişik. BMT-də, adından da göründüyü kimi, təmsil olunanlar ilk növbədə milli kimlik baxımından təmsil olunurlar. Bu həm millətin varlığının təsdiqidir, həm də dövlət quruculuğu ilə birbaşa bağlıdır. Bizi birləşdirən, ortaq məxrəcə gətirən yeganə milli mənsubiyyətimiz – türklüyümüz və ana dilimizdir. Gəlin, görək, hay-küylə saflığından danışdığımız Azərbaycan dili doğrudanmı təmiz türk dilidir?! Dilimizin tərkibinin çox hissəsinin -  60-65%-nin ərəb və fars sözlərindən ibarət olduğu hər kəsə bəllidir. Biz yüz illərdir yad ideologiyalara boyun əyməklə milli dəyərlərimizi-dinimizi, dilimizi, demək olar ki, itirdik. Mən həm Azərbaycan, həm də rus dilində təhsil almışam. İki universiteti rusca bitirmişəm. Rus dilinin qrammatik qaydalarından az-çox xəbərim var. Sizə təəccüblü gəlsə də, etiraf edək ki, tərkibinin çoxu ərəb və fars sözləri ilə zəngin olan, rus dili türk dili deyə istifadə etdiyimiz Azərbaycan türkcəsindən daha çox türk dilidir. Etimoloji lüğətlərində olan sözlərin 60%-nin türkmənşəli olduğunu rus etimoloqlarının özləri də etiraf edirlər. Bəllidir ki, millətə daha çox xarakterik olan hərəkətlə – feillə bağlı olan sözlərdir. Türkmənşəli feillərin rus dilində istifadəsi faktlarının mövcudluğu haqqında araşdırma aparılsa, böyük bir elmi araşdırma alınar. Bu qonuda olan fikrimi bir misalla tamamlamaq istəyirəm. Rus dilində daha çox işlənən “xodit”-infinitiv.t.e. n.f.qlaqola (məsdər: getmək) sözündən (sözün kökü: get-ked-xed-xod) tutmuş Orta Asiya türklərində istifadə edilən “bol”duma kimi feillər yetərincədir. - Aparıcıların nitqindəki qüsurlar ana dilinə zərbə vurmaq gücündədirmi? – Təbii, nitq böyük bir mədəniyyətdir. Müasir televiziya məkanında səslənən dil ədəbi tələffüz normalarına əməl edilməklə işlədilməli olan milli-mədəni dil olmalıdır. Ədəbi dil normalarının təbliğində və nitq mədəniyyəti problemlərinin praktik həllində televiziyaların üzərinə çox böyük məsuliyyət düşür. Müşahidələr göstərir ki, televiziya dilində nitq prosesi zamanı yayınma halları çoxdur. Televiziyalardakı dil qüsurlarının əsas səbəblərindən biri jurnalistlərin bəhs etdikləri mövzunu yaxşı biməməsidir. Daha acınacaqlısı isə, orfoepik normaların pozulmasıdır. Şou xarakterli verilişlərdə jurnalistlik, aparıcılıq bacarığı olmayan, ləhcə ilə danışan “aparıcıları” hamımız görür və bunun yolverilməz olduğunu anlayırıq. - Yəqin ki, şəhərin müxtəlif yerlərində qeyri dildə yazılmış reklam lövhələrini, ticarət obyektlərinin adlarını görürsünüz. Azərbaycanlı kimi bu, sizə necə təsir edir? – Təəssüflər olsun ki, bu sahədə Azərbaycan Dövlət Reklam Agentliyinin gördüyü işlər yarıtmaz, və mən deyərdim ki, antimillidir. Reklamların qeyri dildə yazılması bir yana, Azərbaycan dilində səhvlərin çox olmasını dilimizə olan ögeyliyin bariz nümunəsi hesab etmək olar. Qanunvericilik reklamların əcnəbi dildə yazılmasını qadağan etdiyi halda şəhərimizin küçələrində əcnəbi dildə yazılan reklamlar az qala gözümüzə meydan oxuyur. Mənə hələ də aydın deyil ki, ARDNŞ niyə SOCAR olub?! - Dil qaydalarına sovet dönəmində ciddi əməl olunurdu, ya indi? – Biz nə qədər tənqid etsək belə, sovet təhsil sistemində dilin qorunması və istifadə qaydaları daha mükəmməl idi. Düzdür, bəzi dönəmlərdə rus dilinin geniş tədbiqinə çalışsalar da, bunun ittifaq respublikalarında xoş qarşılanmayacağını dərk edirdilər. 1940-cı ilə qədər Dağıstan Respublikasında dövlət idarələrində və məktəblərdə Azərbaycan dili istifadə edilirdi. Təsəvvür edirsiniz, SSRİ kimi şər bir imperiyada beynəlxalq elmi jurnal olan “Sovet  türkologiyası” Azərbaycanda nəşr olunurdu. Dediyim odur ki, təkcə Azərbaycanda yox, digər türk qurumlarında da dillərinin istifadə qaydaları işlənir və təhlil edilirdi. - Bəzi adamları görəndə belə bir fikir formalaşa bilərmi ki, bir neçə dil biləndə ana dilimiz, ədəbiyyatımız və mədəniyyətimizdən uzaqlaşırıq? – Əksinə, insan nə qədər çox dil bilirsə, öz kökünə, milli dəyərlərinə daha çox bağlı olur. L.Vitqenşteyn yazırdı ki, “insanın dünyası onun dili kimidir”. İnsan daha çox dil öyrənməyə çalışanda bu, sinir sistemi və beyinin fəaliyyəti üçün də faydalıdır. Ərəb və fars dillərini mükəmməl bilən Füzulini və yaxud Nəsimini doğma dilindən, doğma elindən ayrı təsəvvür etmək mümkündürmü? Təbii, yox! Müasir ədəbiyyatımızın nümayəndələri olan Çingiz Abdullayev, Natiq Rəsulzadə vətənsevərlikdə, millilikdə hansı milli yazarlarımızdan geri qalır? Düşünürəm ki, milli mənsubiyyət və milli dil ulusu ayaqda tutan əsas fundamentdir. - İşlərinizlə bağlı xaricə səfərləriniz olur. “Vətən” sözü hansı dildə işlədilsə doğmadır, ya ana dilində daha gözəl səslənir? – Maraqlı sualdır. Təbii, uluslararası tədbirlərdə Vətənimizin, Azərbaycanımızın adı çəkiləndə qürur duymamaq mümkünsüzdür. Bildiyiniz kimi, 10-12 ildir, Türkiyəydə, Qazaxıstanda, Qırğızıstanda, Gürcüstanda, Ukraynada, Rusiyada və bir çox ölkələrdə fəaliyyət göstərən türk qurumlarının düzənlədiyi müxtəlif tədbirlərə qatılıram. Əslində isə, mənim amacım və hədəfim uzun yüzillər bir-birindən ayrı salınmış bütün türk yurdlarının, ellərinin adlarının əzəmətlə səslənməsi, insanlarının bir arada olmasıdır. Dünya Türklərinin Koordinasiya Mərkəzinin yaranması da bu amala xidmət edir. - Ən çox hansı sözlərin dəyişməsini və yaxud ana dilində qarşılığının olmağını istəyirsiniz? – Elə sözlər var ki, onun dəyişdirilməsini, qarşılığını düzgün hesab etmirəm. Tutaq ki, rusların az qala iki əsr öncə istehsal etdikləri “samovar”a biz necə qarşılıq tapaq? “Atvyorka” kimi istifadə etdiyimiz sözün qarşılığını dəyərli yazıçı-dramaturq Firuz Mustafa “buraç” kimi təklif edir. Bu qəbildən olan sözlər çoxdur. Dəyərli professorumuz Nəsir Əhmədli “koronavirus”un “tacvari virus” kimi işlənməsini təklif edir. Niyə də olmasın?! Çox maraqlıdır, lüğət tərkibində çoxluq təşkil edən ərəb və fars sözlərinə etiraz edənlər niyə yox dərəcəsindədir? “Sabahın xeyir”i “Günaydın”, “Salam”ı “esenler”, “inşallah”ı “ümid edək ki”ni (bəzən bu sözü fars mənşəli hesab edirlər. Əslində “ummaq” feili ilə bağlıdır və “ümid” yox, “umud” kimi yazılmalıdır) kimi sözlərin qarşılığını çoxdan leksikonumuza daxil etməliydik. Min illərdən süzülüb gələn dastanlarmızdakı əski türk sözlərinin bərpası və işlənməsi qaydalarını işləyib hazırlamağın çoxdan zamanı gəlib. - Publisistik yazılarınız, şeirlərinizlə tanışam. Bəs ana dilinə olan sevginizi poetikləşdirmisinizmi? – Konkret olaraq, dillə bağlı şeirimi xatırlaya bilmədim. Əvəzində, dostlarımıza Vətənlə bağlı bir şeir ərmağan edə bilərəm: Xocalıda qurulmuşdu “oyunu” Bölündükcə bəyə-xana, vətənin. Bir lalənin, bir fidanın toyunu Boyadılar bayrağına vətənin. Qulağımda səsləndikcə ağılar Sıralanır gözlərimdə “axı”lar. Başa keçib, sahib olur yağılar, Həm balına, həm yağına vətənin! Başım üstən çəkilmədi, getmədi, “Min bir gecə” min ildi ki, bitmədi. Farsa-rusa əyildikcə, yetmədi Çiyinlərim dayağına vətənin. Bazar açıb, top əvəzi at alar, Düşmənini tanımayan atalar. Xəyanətin ürəyindən atalar, Daş dəyməsin ayağına vətənin! O tay, bu tay, hələ yarı gedirəm, Canımda can, gücüm varı, gedirəm. Bir yol tutub Tura sarı gedirəm, Ümid olub mayağına vətənin. - Ana dili ilə bağlı soydaşlarımıza hansı tövsiyələriniz var? – Xaricdə yaşayan soydaşlarımız Vətəndən uzaqlarda yaşasalar da, Azərbaycanı təmsil edirlər. Onlar yaşadığı ölkə ilə Vətəni arasında körpü rolunu oynayır. Bu soydaşlarımızın bəzisi iş, bəzisi karyera, bəzisi təhsil, eləcə də müxtəlif səbəblərdən vətəni tərk ediblər. Onların ilk və əsas vəzifələri  ailələrində ana dilini övladlarına öyrətməkdir. Xatırlayıram, müstəqilliyin ilk illərində bir dostumla Rusiya və Pribaltika ölkələrində yaşayan soydaşlarımıza öz hesabımıza dərsliklər alıb göndərirdik. Dilini unudan insan bir müddət sonra kimliyini və vətənini də unuda bilər. 27 mart 2020