Ağbirçək, çöhrəsi nurlu, başı yaylıqlı bir nənə yol ilə gedirdi. Hamı kimi, bəlkə də, bir az yavaş addımlayır, arabir dayanırdı. Dayanır və ötüb keçənləri diqqətlə süzürdü. Sonra yenidən yoluna davam edirdi. Diqqətlə süzdüyü adamlardan birinə yaxınlaşıb, qulağına söz deyirmiş kimi dartınıb “İmkanın çatırsa, nənəyə bir az pul ver, balası” dedi. Sözünü yerə salmadılar. Ovcunda bir manatlıq xışıldayan kimi nənə şükranlıq içində xeyir-dua verdi. Əliaçıq adama işlərinin rəvan olmasını, şərdən uzaq durmasını Ulu Tanrıdan arzuladı. Sonunda əlavə elədi: - Bala, mən dilənçi deyiləm. İmkansızlıqdan sənə əl açdım. Mən dilənçi deyiləm… - Əlbəttə, mən də bilirəm, nənələr dilənməz. Vallah dilənməz. Bəyəm biz bilmirik ki, nənələr yolda durub gedib gələnə əl açmaz. Nənələr nağıl deyər. Çolma-çocuq nəvələrini başına yığıb, ən dəcəlini dizinin üstünə oturdub sinədəftərini açar, ordan ən ləzzətlisini, ən maraqlısını dilinə gətirib nəvələrinə canlandırar. Onlar birlikdə əjdahaların öhdəsindən gələr, təpəgözün təkcə gözünü ağlar qoyar, diz çökdürər. Sonra Məlikməmmədlə quyuya enib 40-cı qapını açar. Taleyinə rast gəlib onu divin əlindən alar. Simurq quşuna minib işıqlı dünyaya çıxar. İmkan tapılsa, tozlu xalçanı çırpıb, bağlısını ayaq altına salar. Dirilik suyundan içib gərnəşər. Sonra cənnət almasından çox yox, bir dişləm vurar ki, özünü doyurmasın. Nəvələr də bilər ki, nağılın sonunda nənələr cəmi 3 almanı hamıya elə bölüşdürər ki, heç kim inciməz. Əlbəttə, nənələr bir dişləmlik almaya görə dilənməz axı. Nənələr evin ən yaraşıqlı yerində sandığının üstündə oturar. Yaşamına gen-bol çatan təqaüdündən artıq qalanı səliqəylə cütləyib üstü butalı, naxışlı sandığının lap alt hissəsində gizlədər. Onu qəlbinin künc-bucağında gizlətdiyi balaca bir sevgisi üçün, çoxsaylı nəvələrinin içində ən zəifi, ən kifiri, ciyərparası üçün saxlayar. Sonra xəlvətə düşəndə gözdən oğurlanıb dəcəl nəvəsinin cibinə basar və “Özünə bir dondurma alarsan” deyər. Bu nəvə böyüyənəcən bilər ki, nənəsinin sandıqçasında onun dondurma payı həmişə var. Nənələr dondurma yeməz ki, ovcuna xırda pul atasan. Nənələr nər biləkli oğullar böyüdər. Gecələri yatmaz, beşik başında balalarının taleyi üçün dua edər. Səhər obaşdan durub onlara şirin firni bişirər. Onların ağzı-burnu batmış görüb gülməkdən ürəyi gedər. Ağıllısının başını tumarlar, dəcəlinə bir kötək ilişdirər. Yeri gəlsə, hamını qabağına qatıb həyət-bacada tufan qoparar, nənənin qabağından qaçan oğullara düşmən qabağından qaçmamağı öyrədər. Süpürgəsini əlinə keçənin gündəyməzinə yaxşıca çırpar ki, qulağında sırğa olsun. Kimsənin suçu olarsa, “İtil gözümün səkisindən” deyib sıyıq payından məhrum edər. Nənələr balalarını yeməməzliyə görə döyə də bilər. Amma nənələri bir qab sıyığa möhtac qoymazlar. Evində toy düşəndə nənələrin uçmağa qanadı olmaz. Zər-xara yorğan döşəyə, güllü xonçalara baxıb gözünün yaşını yaylığının bir ucuna silər. Sonra da ağladığını heç vəchlə boynuna almaz. Bəlkə də, ayaqlarının ağrısından heç toyun sonuna kimi dözə bilməz. Amma evdən çıxanda evlənənlərə xeyir-dua verməyə, Quranın altından keçirməyə özündə hal tapar nənələr. Nənələrin qanadını qırmazlar. Toyda qol açıb oynamağa taqəti olmayan nənələri əl açmağa məcbur eləməzlər. Nənələri qocalar evinə verməzlər. Orda nənə, baba olmur. Orda hamı Pasiyentə çevrilir. Orda hamının gözü yolda olur. Yanına uşaqları, lap nəvələri gəlsə də orda nənələr kimsəyə nağıl demir, nənə olmaqdan boyun qaçırırlar. Nənəsinə bir qab xörəyi qıymayan nəvənin nağıl payının Allah kəsər. O, 40-cı qapının heç vaxt aça bilməz. Qaranlıq dünyada azıb yolu tapmaz. Simurq quşu nənənin duasını eşitməmiş kimsəni işıqlı dünyaya çıxarmaz. Nənələr öləndə başının üstündə hamını görməlidi. Lap dünyanın o tayında olan sevimlisini görməsə canını rahat tapşıra bilməz. Özünü görən kimi, saçını sığallayan kimi rahatlaşar. Sonra uşaqlarının içində ən ürəklisini yanına çağırıb vəsiyyətini edər. Canamazının, kəfənini cütləyib yığdığı boxçasının yerini deyər. Ölülük pulunun butalı sandıqçanın hansı küncündə olduğunu qulağına pıçıldar. Hamı bilir ki, nənələr bunu öz təqaüdlərindən yığar. Üstəlik, xahiş edər ki, o biri küncdəki dondurma puluna dəyməsin, ciyərparasına versin. Nənələri bu son arzudan məhrum eləmək olmaz. Nənələrin ölülük pulunu yığacaq qədər təqaüdü olmalıdır. Axı buna görə nənələr dilənə bilməz. Nənələr dilənməz, vallah dilənməz.
© 2020 - Created by İLK XEBER.