Bir-birimizə verdiyimiz dəhşətli səslənən sual: haralısan? Və yaxud filan yerdən deyilsən ki? O filan bölgəni nişan verən, Şəkilimi, Qazaxlımı, Naxçıvanlımı və s. olduğumuzu təyin edən göstəricilərdən ən birincisi ləhcədir. Ana dili deyə hər kəs doğulduğu bölgədə dil açandan valideynlərinin, nənə-babalarının, hətta qonşularının nitqindən götürdüyü danışıq tərzini nəzərdə tutur. Doğuldu yerdən təhsil, iş və digər məqsədlər üçün şəhərlərə üz tutanlardan kimisi ətrafındakıların ələ salacağından çəkindiyindən, kimisi də nitqini formalaşdırmaq istəyindən ləhcəsini tərgiyir. Elələri də var ki, 40-50 il şəhərdə yaşamağına baxmayaraq, adət etdiyi ləhcədə danışır. Qəribədir, ləhcə dəyişənlərə münasibət də birmənalı deyil. Adamı az qala bunun üstündə dar ağacına çəkələr. “Tısbağa çanağından çıxıb, çanağını bəyənmir” məşhur atalar sözü də “cəza” növüdür. Bu bənzətməni özünə eyib sayanlar da var. Deyəsən, ləhcəni ancaq “dil muzeyi” yaradıb “eksponat” etmək yaxşı olar. Adamlar dili lokallaşdıraraq ana dili deyəndə doğulduqları bölgənin ləhcəsini nəzərdə tuturlar. Onlara necə izah edəsən ki, ədəbi dil üçün mövcud olan bir neçə fərqləndirici əlamətlərdən biri kollektivin bütün üzvləri üçün məcburi olması, dialekt variantlarına yol verilməməsidir. İndi gəl sən gürcü dilçisi A.S.Çikobavanın “Ədəbi dil mədəniyyət məhsuludur, eyni zamanda, mədəni inkişaf alətidir... heç kimə dəxli yoxdur ki, hansısa bir kənddə, hansısa bir vilayətin hansısa bir rayonunda necə danışırlar; dialekt nitqi üçün normalar düzəldilmir; onun inkişafı hər hansı bir idarə tərəfindən normallaşdırılmır” fikrini bu cür adamlara izah et. Ləhcə mövzusunda tanışlarla mübahisəm tez-tez olur. Bircə kəlmə “ləhcə ilə danışmağı sevmirəm” dedimsə, tənqid edənlər sıraya düzülürlər. Ana dillərini korlayanlara gücləri çatmayanlar ləhcə söhbətinə görə az qalırlar məni məhkəməyədək aparalar. Onlar deyir, hər kəs öz doğulduğu bölgənin ləhcəsi ilə danışıb, onu qorumalıdır, mən də deyirəm, ana dilini qorumaq, ədəbi dili formalaşdırmaq lazımdır. Şah İsmayıl Xətainin Azərbaycan dilini Dövlət dili elan etməsindən danışıram, ipə-sapa yatmır, fikirlərini dəyişmirlər. Axırda günahı anamın boynuna atıram. Deyirəm ki, gedin onunla savaşın, uşaqlıqdan qoymayıb ləhcə ilə danışmağa. Mütaliə etdiyi kitabların “dilini” öyrədib bizə. Doğrudur, Ə.Dəmirçizadə ədəbi dil deyə yalnız bədii ədəbiyyatın dilini başa düşməyi yanlış hesab edir, amma bölgədə ləhcə ilə danışan adamların arasında “kitab dili” mədəni dil hesab olunduğundan anam bizi o cür danışmağa sövq edib. Azərbaycan dili deyə onu bilmişik. Heç bir ləhcəni xoşlamıram. Nəzərə alanda ki, ədəbi dil anlayışı barədə dilçilər arasında da birlik yoxdur, onda sıravi insanlarla mübahisəm paradoksaldır. Ağamusa Axundovun “Ümumi dilçilik” kitabında ədəbi dillə bağlı dilçilərin müqayisəli fikirləri verilib. Bu dəfə yazdığım mövzunun “personajı”, “ədəbi qəhrəmanı”, surəti, bir sözlə, əsərlərdə iştirak edənə nə deyilirsə, bax ondan olanı qatı ləhcə ilə danışan bir qadındır. Yox, yaşım artıb kövrəkləşib təzədən şivəyə meyillənməmişəm. İzah edəndə məni nəyin kövrəltdiyini özünüz biləcəksiniz. Ləhcəni xoşlamamağıma baxmayaraq, tanışların hərdən zarafatla göndərdikləri kənd adamlarının səslərini nə dinləmişəm, nə də şəbədə etmişəm. Bu dəfə isə Rusiyada yaşayan qohumumdan başqa bir qohumuma gələn mesajı dinlədim. Başqasının səsini bizə göndərmişdi. Təbii ki, zarafat idi, hamı da güldü. Bir qadın Novruz bayramı münasibətilə Rusiyada yaşayan qohumlarına xeyir-dua verirdi. Müraciəti elə nəvazişli idi ki, sanki balasına oxşama deyirdi. Gülmədim, üzümdə təbəssüm belə yaranmadı, necəsə bir ifadə donub qaldı. Ürəyimi titrədən məqam oldu o səsdə. Elə bil müxtəlif səbəbdən Vətəni tərk edib qürbətə gedənlərin hamısının qayğısı o qadının idi. Onları Allaha əmanət edirdi. Uzaqlara gedənləri haraylayırdı: “Oy qadanız alım, ay eldən-obadan ayrı yaşayanlar!” Vətən eşqi, soydaş, yurddaş məhəbbəti, canıyananlıq duyulurdu. Keçirdiyim hisslərin təsirindən xeyli müddət dinə bilmədim. Ləhcənin ucuz komediyalarda yersiz işləndiyi məqamlardan fərqli olaraq, bu səsdəki səmimilik, təbiilik adamı kövrəldirdi: “Ay milli adət-ənənəlirimizi Azərbaycandan uzaqlarda yaşadanlar, sizə qurban olum!” Gülməyin bu səsə. Daşıdığı dərdi duymaq lazımdır. O səs ləhcəyə münasibətimə görə sərt cəza olsa da, ürəyim ağrısa da, dərin düşüncələrə dalsam da... fikrimdə qaldım. Niyəsi bəlli: tutaq ki, bir nəfər rus o qadının səsini dinlədi. Azərbaycan dili deyə həmin ləhcəni qəbul etməzmi? 23 mart 2020
© 2020 - Created by İLK XEBER.