Dil hər bir xalqın milli dəyərlərinin biri, hətta birincisidir desək, kimsə etiraz etməz. Dil hər bir fərdin, ümumilikdə isə xalqın mövcudluğunun atributlarından biridir desək, yenə yanılmış olmarıq. Məşhur alman filosofu və dilçisi Vilhelm Humboldta görə, dil xalqın ruhunun təzahürüdür. Məşhur sovet dilçisi, SSRİ EA-nın akademiki Nikita İliç Tolstoy yazırdı ki, dil xalqın mədəniyyətinin, psixologiyasının, fəlsəfəsinin güzgüsü, bir çox hallarda xalqın tarixinin və ruhunun yeganə mənbəyidir. Azərbaycan dili qədim, zəngin, böyük inkişaf yolu keçmiş bir dildir. Uzun əsrlər boyu cilalanıb, inkişaf edib, ADR hakimiyyəti dövründə dövlət dili statusu alıb. Keçən əsrin sonlaında müstəqillik əldə ediləndən sonra dövlət dilinin qorunması və inkişafı ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edilib. Bu, milli dövlətçiliyin başlıca rəmzlərindən olan Azərbaycan dilinin zənginləşməsi, tətbiqi imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradılması demək idi. Azərbaycan ədəbi dili dövlətin və dövlətçiliyin mühüm atributlarından sayıldığı üçün onunla əlaqəli hər proses də, zənnimizcə, dövlətin nəzarətində olmalı, burada kortəbiiliyə, yaxud özfəaliyyətə yer verilməməlidir. Amma əvvəllər də qeyd etdiyimiz kimi, qanunvericilik səviyyəsində Azərbaycan dilinin qorunması üçün yetərincə qanun, dövlət proqramı, qanunvericilik aktları qəbul edilsə də, deyəsən, bunların hamısı kağız üzərində qalıb. Kimlərsə sanki bilərəkdən dili unutdurmağa, yaxud gözdən salmağa çalışır. "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” fəaliyyətə başlayandan paytaxtda xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdırmalı olan lövhələrdəki yazıların monitorinqini aparırıq. Məqsəd cəmiyyətin ədəbi dil normalarını qorumağa mükəlləf olan səlahiyyət sahiblərinin diqqətini bu obyektlərin üzərində yazıların əcnəbi dildə və ya ciddi orfoqrafik səhvlərə yol verilməklə yazılmasına diqqəti cəlb etməkdir. Bu dəfəki monitorinqimizin əhali arasında “Vosmoy” adlandırılan 8 km bazarının ərazisidir. Elə ilk müşahidələr göstərir ki, bu ərazi təkcə antisanitar vəziyyətə görə yox, elə “dil çirkliliyinə” görə də öndə gedənlərdəndir. Ərazidə ticarət və ya xidmət obyektlərinin əksəriyyətində yazılar ya əcnəbi dildə, ya “hibrid dildə”, ya da mütləq orfoqrafik xəta ilə Azərbaycan dilində yazılıb. Obyekt adlarının adında Azərbaycan dili və əcnəbi dilə aid sözlərin qarışığından ibarət lövhələr diqqəti cəlb edir. Məsələn, rastımıza çıxan ilk belə obyektlərdən biri elektirk avadanlıqları satılan mağazadır. Onun adı “CƏNUB ELEKTRONİCS”dir. Göründüyü kimi, burda birinci söz azərbaycanca, ikinci isə əcnəbi dildədir. Diqqəti çəkən növbəti obyekt adı mebel satışı ilə məşğul olur. Burda azərbaycanca olan “mebel” sözünə Türkiyə trükcəsində cəm şəkilçisi artırılıb: “MEBELLERİM”. Yenə də “ə” yerinə “e”. “Ə” hərfini əlifbadan çıxarmaq istəyənlərə bəhanə verən belə yazılara şəhərin hər yerində rast gəlmək olar, təəssüf. Digər bir “hibrid” obyeklərin üzərində yarırusca-yarıazərbayca yazılardır. Qısası, adamlar gündəlik danışığında işlətdiyi varvarizmləri obyektinin üzərinə də yazır. Məsələn, üzərində “Xalçaların daroşkaların və kavralitlərin satışı” yazılmış obyektin sahibi kimi. Birinci və ikinci sözün arasında vergülün qoyulmaması ilə yanaşı, sözün ikisi rus dilindədir. Bildiyimiz kimi, Azərbaycan dilində “daroşka” və “kavrolit” sözləri yoxdur. “SANTEXNİKA smesitel hamam aksesuarları” dukanının adında da ikinci söz rus dilindədir. Diqqətimizi çəkən növbəti obyekt “SIYAH BEYAZ club” idi. Burada meydan Türkiyə türkcəsi ilə ingilis dilinə verilib. Dəftərxana ləvazimatları satılan mağaza “Oyal Ofisait bazaar” adlanır. Burda obyektin adindakı “ait” Türkiyə türkcəsinə aiddir və obyektin adı “ofsayd”a bənzədilərək cilvə yaradılıb. Bu obyektə bitişik “MARCO POLO”, bir qədər aralıda yerləşən “RED_SHOES_666” ayaqqabı dükanlarının adlarının da Azərbaycan dilinə heç bir aidiyyatı yoxdur. “ÖMƏR” Türk Kişi Geyimləri” mağazasının adı Azərbaycan dilində olsa da, kobud səhvlərə yox verilib, sözlərin hamısı böyük hərflə başlayır. Bu irad “Ramal Mebel Vitrin Aksesiarları” dükanının adına da aiddir. “OBOY luxury design” dukanının adında bütün sözlər əcnəbi dildədir. Burada rusca ilə ingiliscə “dinc, yanaşı” yaşayır. “Sevil Dekarasyon banyo ürünləri” dükanda yalnız birinci söz azərbaycancadır. “LUSTUR ucuzluq”, “Sparta kombi mərkəzi”, “HILL FAN elektrik” dükanlarının adlarında da əcnəbi sözlərdən istifadə edilib. Azərbaycan dilində “lustur”, “sparta” və “hıll fan” sözləri yoxdur. “PROQRESS laminat lambir asma tavan podokonik”, ona bitişik “LEPKA-KARNİZ” adlanan obyektlərin adları bu qəbildəndir. “Podokonik” və “lepka” sözləri rus dilindədir. Üzərində “KARNİZ-PLİNTUS naliçnik, aboy, kafel kantları, laminat (07 paroklar laminat” yazılan obyektin də adındakı sözlərinə də yarısı rus dilindədir – “naliçnik, aboy (burda hətta rus dilində hərf səhvi var), paroklar”. Bir qədər aralı da eyni təyinalı dükanın üzərindəki yazılar da səhvlərlə doludur. “İDEAL” adlı dükanın üzərində “Karniz Oboy Tinləri topdan və PƏRAKƏNDƏ”, “Naliçnik Paroklar Kafel Tinləri” yazılıb. Burda bütün növ səhvlərə rast gəlmək olar. Cümlədən sözlərin yarısı böyük hərflə başlayır, sözlərin də yarısı rus dilindədir. “KABLO SATIŞI” ilə məşğul olan dükanın adındakı ilk söz əcnəbi dildədir. Xalça satışı ilə məşğul olan “Karmen halı” adlı dükanın adının əcnəbi dildə olması ilə yanaşı, reklam lövhəsindəki qaçan sətirlərdə də kobud səhvlərə yol verilib. Dükan “FESTIVAL HALI”nın satışı üçün “şok kompaniya” elan edib. Bəli, kampaniya yox, məhz “kompaniya”. Ümumiyyətlə, “kompaniya” ilə “kampaniya” sözlərinin səhv salınması biabirçı həddə çatıb. Bilməyənlər üçin bir daha xatırladaq – “kompaniya” şirkət deməkdir. Digər hallarda kampaniya sözü olmalıdır - “təbliğat kampaniyası”, “seçki kampaniyası”, “satış kampaniyası”, həmçinin “şok kampaniya” və s. Kobud səhvlərlə bol olan bu dükanın yanında üzərində “1001 cehiz aləmi parçalar” yazılmış obyektdə satış çeşidlərinin arasında yenə əcnəbi sözə rast gəldik – “xalçalar, pərdələr, pakrıvallar, yorğan-döşək”. Azərbaycan dilində “pakrival” sözü yoxdur. Bir qədər aralıda isə yaxınlığında “LYUSTR” satışı ilə məşğul olan dükanın olduğunu göstərən işarə qoyulub. Azərbaycan dilində “lyustr” sözü yoxdur. Şirniyyat satışı ilə məşğul olan “Yeni Şanlı Şirniyyat UN MƏMULATLARI” dükanın adında bütün sözlər, göstərdiyini xidmətlərin siyahısında isə (“Toy, Ad günü və Nişan üçün şirniyyatların sifarişi”) sözlərin bir hissəsi böyük hərflərlə başlayır. Ev üçün əşyaların satıldığı dükanın adı “Siesta”dır. Stol-stul, plastik qablarının “Siesta” sözü ilə heç bir əlaqəsi olmasa da, görünür, obyekt sahibi ona əcnəbi ad qoymaqla daha çox satıcı cəlb edəcəyinə ümid edir. “SEYİDİN DÖNƏR EVİ”nin (burada səhv yoxdu, sadəcə, adı diqqəti çəkdi) yanında “Kolbasa, Sosiska məhsullarının topdan və pərakəndə satışı” ilə məşğul olan obyektin sahibi alıcıları əmin edir ki, malın qıtlığından narahat olmasınlar, “kolbasa xaladelnikdə var”. Kreditlə xalça təklif edən dükan iddia edir ki, “Kredit Yalnız Tək Şəxsiyyət Vəsiqəsi ilə”dir. Yəqin, düşünürlər ki, cümlədə bütün sözlər böyük hərflərlə yazılanda insanların kreditlə xalça almaq həvəsi də böyüyür. Türk və İran xalçalarının satışı ilə məşğul olan “XAN HALI” dükanı da xidmətlərinin təklifi əks olunan lövhədə cümlənin ortasında sözü böyük hərflə yazmaqla yanaşı, bəzi professorlar və xalq yazıçılarımızın “ə”, “x” və “q” hərflərinin əlifbadan çıxarılması ilə Böyük Turan yaradılmasına dəstəklərini ifadə ediblər. Eyni zamanda, Azərbaycan dilində olmayan sözdən istifadə edib – “Xalça və Yolluqların (daroşkaların) kənar sədlərinin tikilməsi”. “Dobrıy” dönər təklif edən “Dönər Evi” də diqqətimizi cəlb etdi. Obyektin və çeşidlərinin adında ikinci sözlər böyük hərflə yazılıb – “Dönər Sadə, Dönər Basdırma, Dönər Lavaş, Dönər Dobrıy”. “Hicaz” adlanan dönərxana öz işinin pak ustası olduğunu iddia edir: “Dönər Bizim İşimizdir”. Olsun. Ancaq alıcıları buna inandırmaq üçün cümlədəki bütün sözlər böyük hərflə başlamalı deyil. Yaxınlıqdakı “SALAFAN PAKETLƏR” satan köşkün üzərindəki yazılarda da xeyli səhv var. Belə ki, köşkdə “salafan”la yanaşı “sumka” da satılır. Azərbaycan dilində belə sözlər yoxdur. Bu sözlərin yerinə “sellofan”, “çanta” yazmaq olardı. Bazarın bayır hissəsində paltar satışı ilə məşğul olan dükanların, demək olar hamısının adı əcnəbi sözlərdən ibarətdir. Bunlardan “T&T 011 AFE”, “NEW NUR”, “NİS”, “LOTOS”, “ECE ADA T C”, “D&G” NUR, “RYOR BEBY”, “T&N”, “AHUM”, “MAŞA ENM”, F&S GROUP”u qeyd etmək olar. Əcnəbi dilli bu obyektlərdən bir qədər aralıda “Cehizlik” ev əşyalarının topdan və pərakəndə satışı ilə məşğul olan dükan səhv olaraq cümlədəki bütün sözlərin baş hərflərini böyük hərflərlə yazmaqla təklif edir ki, “Evinizi Bizimlə Bəzəyin”. “Kontakt Home”un reklam banerinin üzərində telefonlar üçün kredit təklifində də eyni səhvə yol verilib, “İlkin Ödənişsiz” söz birləşməsində hər iki söz böyük hərflə yazılıb. Dükan alıcılara “Mini Soba”, bəzi məhsullara “24 ay Faizsiz kredit Qızıl Zəmanət” təklif edərkən də eyni səhvlərə yol verib. Ev üçün əşyalar satan dükan isə “%50+%50`dək Endirim” təklif edir. Faiz işarəsinin rəqəmdən əvvəl yazılması ilə yanaşı, cümlənin sonuncu sözünün böyük hərflə yazılması da səhvdir. Adı əcnəbi dildə “AVVA” olan dükanın sahibləri yanlış olaraq cümlədəki bütün sözlərin baş hərflərini böyük yazmaqla satıcıları muştuluqlayır: “Novruz Endirimi Başladı 20%”. Onun yanında yerləşən dönərxananın adı diqqəti cəlb edir: “DönərZadə”. “Madeyra” mağazası iddia edir ki, bütün məhsullarının kreditlə satışı üçün nəzərdə tutulan faizlər “Sizə Uyğundu”. Yenə ikinci söz böyük hərflə yazılıb. Bu dəfə 8 km ərazisində rastımıza çıxan əcnəbi adlı, yaxud adında kobud səhvlərə yol verilmiş obyektlərin az hissəsini sadaladıq. Hamısını bir yazıya sığışdırmaq mümkün də deyil. Sadalanan bir neçə nümunə ərazidəki dükan və digər obyektlərin ana dilinə olan münasibətini ortaya qoyur. Deyəsən, elə obyekt sahiblərinin də puldan başqa prioriteti yoxdur. Bunlar həm də xalqın mədəniyyətinə, bu sahə üzrə qanun, fərman və qanunvericilik aktlarına hörmətsilziyin, eləcə də savadsızlığın göstəriciləridir. 8 km bazarında gördüklərimiz Azərbaycan təhsilinin, Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa vəzifəsinə olan münasibətinin səviyyəsinin göstəricisidir. Fizzə HEYDƏROVA, ilkxeber.org
© 2020 - Created by İLK XEBER.