HAFİZ ŞİRAZİNİN QƏZƏLLƏRİ (151 qəzəl) adlı kitaba yazdığım Ön söz Nə qədər qalsa cahan, qalsa məhəbbətdən əsər, Hafizin şeri də dillərdə bəyan olmalıdır. Hafizin şeri Günəş çeşməsidir, yoxdu sonu, Əbədi feyz ilə bu çeşmə rəvan olmalıdır. M.H.Şəhriyar “İran coğrafiyasında Samanilər, Qəznəlilər, Elxanilər, Səlcuqlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və digər siyasi rejimlər altında eyni qədəri paylaşan türklər və farslar hər sahədə bir-birlərinə təsir göstərmişlər. Avropalı şair və yazıçılar zaman-zaman əski yunan və latın qaynaqlarına qayıtdıqları kimi Anadoludakı müsəlman türk şair və yazıçıları da eyni mədəniyyət içərisində fars şair və yazıçılarının əsərlərinə müraciət etmişlər. Bu mənada əsərlərinə müraciət edilən fars şairlərindən birisi də heç şübhəsiz Hafiz Şirazidir”. (Hamdi Birgören) *** Hələ fars dilini bilmək bütün Şərqdə qüdrətli poeziya dili kimi tanınan bu “şəkər dil”ə kamil yiyələnməyin göstəricisi ola bilməz. İllah ki, Hafiz kimi dünya şöhrətli bir şairin yaradıcılığına müraciət edəsən və hətta onu öz doğma dilinə çevirməyə risk edəsən. İranın Şiraz şəhərində dünyaya göz açmış, müstəsna yaddaşı olan Hafiz Şəmsəddin Məhəmməd Şirazi (1325 – 1389/90) Quranı əzbər bildiyinə görə Hafiz ləqəbi almış, fars ədəbiyyatında lirik şair kimi şöhrət qazanmışdır. Hafiz mənsub olduğu xalqın ictimai fikir və həyat tərzinə daxil olan elə xoşbəxt dahilərdəndir ki, yüzillərdən bəri onun “Divan”ı həm də “Fali-Hafiz” kimi –istixarə kitabı kimi istifadə edilir. O, hələ sağlığında qəzəlləri ilə əksər Şərq ölkələrində dillər əzbəri olmuşdur: İraqı, Farsı tutdun, Hafiz, xoş sözün ilə Bağdad növbəsi bitdi, indi vəqti-Təbrizdir. Hind şərqşünası Şibli Nemanın nəzərində o, Everestdən də yüksəkdədir: Əgər söz iqlimində Allahı arasan sən, Tək Hafiz Şiraziyə bəndəlik etməlisən. Onun zəngin yaradıcılığı təkcə Şərq ədəbiyyatına deyil, Qərb ədəbiyyatına da təsirsiz qalmamışdır. Alman şairi Höte bu lirika cadugərinə öz heyranlığını aşağıdakı şəkildə ifadə etmişdir: O qədər böyüksən ki, əbədiyyət kimi sən, Əvvəlin yox, sonun yox, əbədiyyət kimisən. Şerin bir asiman ki, daima hərəkətdə, Sonu da əks olunmuş əvvəliylə vəhdətdə. Ancaq sənətdə yoxdur təkrar...Var ol yenə sən! Sən bizdən çox böyüksən, sən həmişə yenisən. Bir Azərbaycan türkü olaraq qabaqcadan qeyd edim ki, indiki İranın və bütünlüklə Yaxın Şərqin orta əsrlərdə (ümumiyyətlə, son minillik bir zamanda) türklər tərəfindən idarə olunduğu və ictimai-siyasi həyatda olduğu kimi ədəbiyyatda da, sənətdə də türk təsirinin gücləndiyi (İ.Quliyev) bir dövrdə yaşamış H.Şirazi yeri gəldikcə real türk obrazlarından, türk epitetlərindən, türk təyini söz birləşmələrindən məharətlə istifadə etmişdir. Şairin qələmində türk tipi “cəsurluq, igidlik, gözəllik, həm də hakimiyyət” timsalıdır. Şair eyni bir məşhur qəzəlində türkü həm gözəl bir qız, həm də igid, yəğmaçı bir döyüşçü kimi xarakterizə edir: Əgər o türki-Şirazi ələ alsaydı bu canı, Verərdim hindu xalına Səmərqəndlə Buxaranı. Aman, əyləndirən şəhri , bu şirin, şux gözəllərdən! Elə talan edib səbri, necə türk xani-yəğmanı. Əslində Hafizin böyüklüyünün və novatorluğunun sirri nədədir? Bəlkə onun lirikasındakı cazibədarlıq cəzbə və çalışma, seyrü süluk, əruc, hicab və məqam, tərkü təcrid, həqiqi eşq, vüsul, sima, mükaşifə, didari-Xuda, İlahi lütf, heyrət, fəna fillah və bəqa billah, vəhdəti-vücud, şəkk ilə güman, istiğna, himmət, irşad və rəhbərlik ünvanlarından yaranıb? Bəlkə İlahinin cəmal və cəlal sifətlərini tərənnüm edən şairin qüdrətli poeziyasının mahiyyəti hüsni-Xuda, eşq, aşiq və məşuq, şahid və məşhud, gül-bülbül, şam-pərvanə, piri-muğan, rindü zahid, mey, saqi, ariz və zülf, xəttü xal, ləli-ləb və s. kimi məfhumların, obrazların zahiri, fiziki mənalarından fərqli sətiraltı, rəmzi, metafizik mənalarındadır? Doktor Məhəmməd Muindən tərcümə edib bu kitaba daxil etdiyimiz “Hafiz sufizmi” məhz bu ədəbi-dini-fəlsəfi suallara aydınlıq gətirməyə və heç şübhəsiz oxucularımıza “lisanül-qeybi” daha real və obyektiv dərk etməyə imkan verəcəkdir. *** Əgər fikir versəniz, 2-ci (rəməl: fAilAtün fAilAtün fAilAtün fAilün) və 3-cü (həzəc: məFAİlün məFAİlün məFAİlün məFAİlün) qəzəlləri orijinallarında olduğu kimi tərcümə etmişəm. Ancaq bəzi qəzəlləri orijinallarında olduğu kimi tərcümə etmək mümkün olmadığından hecaya çevirdim. Hərçənd bütün bunlar hələ tərcümənin texniki məsələsi hesab olunur. Bundan əlavə müşahidələrimə əsasən fars milli düşüncəsi, həyat tərzi, zehniyyəti və bunların bizim dillə müqayisədə fərqli ifadəsini, başqa sözlə qarşılıqlarını vermək də tərcüməçidən əlavə səy, bacarıq və dözüm tələb edir. Vaxtilə qonorar aldığımıza görə bu tərcümə işgəncələrini vecimizə almırdıq. Tam səmimiyyətlə deyirəm ki, heç bir yaxın dostuma məsləhət görməzdim ki, bu tərcümə zülmü ilə çörək pulu qazanmaq iştahasına düşsün. Preambula kimi razılaşaq ki, əsl poetik söz ümumbəşəridir. Dünyanın müxtəlif millətlərinə mənsub olan bütün şairlər (istər qədim olsun, istər müasir) öz dillərində olan sözlərdən poetik material hazırlayır, dünya mədəniyyətinə öz töhfələrini bəxş edirlər. Hafizin bu beytləri hansı dilə, hansı formada tərcümə olunsa, “bülbülün kobudluğu” və “gülün incəliyi” mahiyyəti aşağıdakı motivlərlə həmişə müasir və ibrətamiz görünəcək: Sübh çağı bülbül özü söylədi bir tazə gülə: -Bağda səntək təzə gül çoxdu, yetər, az naz elə. Güldü gül: - İncimirəm doğru sözündən ancaq, Hansı aşiq dindirər məşuqunu sərt söz ilə? Yaxud eşq insanı – Allaha, insanı – insana, insanı – təbiətə yaxınlaşdıran müqəddəs bir qüvvədir. Dostluq, mehribanlıq, səmimiyyət məhz Eşqdən yaranır. Bütün gözəllikləri özündə ehtiva edən, mənəvi cəhətdən qüdrətli olan İnsan İlahi Hüsnün təcəllasıdır. Eşq elə bir qüdrətdir ki, insanı öz şəxsi mənfəətindən əl çəkməyə, ümumi mənfəət üçün fədakarlıq göstərməyə sövq edir. Hafiz dillərdə əzbər olan aşağıdakı şahbeytində həm Eşqi- İlahini, həm Eşqi-İlahinin təcəssümü olan əbədi həyat eşqini, yəni ürəyi eşqilə diri olanın əsla ölməyəcəyini, onun dünyada davamının əbədi təsbitini tərənnüm edir: Qəlbi eşq ilə diri heç zaman ölə bilməz, Dünya səhifəsində sabit davamımız var. Qeyd edim ki, Hafizin orijinaldan tərcümə etdiyim qəzəllərinin bəzilərinin məzmun və formalarını (yazıldığı əruz bəhrlərini) saxlamağa çalışmışam. Yüksək zövqlü türk oxucusu bu çətin və məsuliyyətli işin öhdəsindən necə gəldiyimi, nə dərəcədə bu klassiki doğmalaşdıra bildiyimi aydın hiss edəcək. Nə gizlədim ki, bəzən bu tərcümə yaradıcılığındakı çətinliklər - arxaik sözlər, iki dildə müştərək işlənən sinonimlər, xüsusilə izafət zəncirləri, eyni zamanda tam fərqli məfhumları ifadə edən, qarşılığı olan istilahları axtarıb tapınca adamın anadan əmdiyi süd burnundan gəlir. Hələ onu demirəm ki, müəllifin yazdığı əruz bəhrlərinin də ritmikasını bütün ağırlığı və riskliliyi ilə nəzərə almaq, müasir oxucuların da zövqünü oxşayıb-oxşaya bilməmək də məni daxilən narahat edib. H.Şirazidən etdiyim tərcümələrdə üç mühüm komponenti nəzərə almağa çalışmışam: 1. Şairin yaşadığı tarixi dövrün (XIV əsr) koloritini əks etdirən ədəbi-bədii leksikanı, klassik ədəbiyyatda arxaikləşməyən, bu gün də əruz yönlü şeirlərdə işlənməsi məqbul olan müştərək ərəb-fars sözlərini - həmcins və izafətli söz birləşmələrini, yəni realiyaları. Elə buna görə də bədii tərcümə dilinin bizim XIV - XV əsrlərin, yəni orta əsrlər Azərbaycan ədəbiyyatı nümayəndələrinin dili ilə təxminən eyni səviyyədə olmasına cəhd etmişəm. Hərçənd bugünkü qəzəl şairlərimizin poetik dili bəzi hallarda A.Ərdəbilinin (XIV əsr), Əssar Təbrizinin (1325 - 1370), Qazi Bürhanəddinin (1344 - 1398), İmadəddin Nəsiminin (1369 - 1417) bədii dilindən fərqlənmir. Hələ sonrakı Ş.İ.Xətainin (1487 - 1524), M.Füzulinin (1494 - 1556) poetik dilini demirəm. H.Şirazinin poetik dili də ən azından XIV -XVI əsrlərin poetik dili səviyyəsində olmasını məqbul hesab etmişəm. 2. Yuxarıdakı mühüm səbəblərə görə H.Şirazinin dilini bizim hazırkı müasir dilimiz qədər sadələşdirsək, poetik gözəllik, əruz bəhrlərinin rəvan ifadəsi öz orijinal təravətini ancaq itirə bilər. Təcrübə göstərir ki, klassiklərin qəzəllərinin tamamilə müasir dildə ifadə edilməsi həmin əsərlərin ədəbi-poetik gücünü azaldır, ona görə də yeri gəldikcə bu gün bəzi hallarda arxaik görünən həmin fars-ərəb tərkiblərini olduğu kimi saxlamaq lazımdır. Bu, həm də şerin yarandığı tarixi dövrün koloritini, leksik mənzərəsini özündə əks etdirir. Bununla yanaşı qəzəlləri yazıldığı bəhrlərdə tərcümə etmək böyük ustalıq və məsuliyyət tələb edir. Bir mühüm nüansı da nəzərə alaq ki, bu böyük fars şairinin poetik irsini yüksək professionallıqla tərcümə etmək hələ həmin irsə həmhüquq, eyni səviyyəli yeni, milli-klassik sənət örnəyi yaratmaq demək deyildir. Dünya tərcümə praktikasında xüsusilə klassik-milli şairləri, onların hər birinin mənsub olduğu öz xalqından əlavə dünyanın digər xalqlarının milli şairlərinə çevirmək cəhdləri həmişə qabaqcadan iflasa uğrayıb. Bu baxımdan Hafizi nə qədər çox və keyfiyyətli tərcümə etməyə çalışsam da, bir o qədər də ondan daha da uzaqlaşdığımı hiss etməyə başladım. Burada öz xalqı içində Hafizi-Quran olan, şeirləri Quran ayələri kimi oxunan böyük bir şairə məxsus sırf fərdi-milli üslub, hətta bu gün müasir fars dilində işlənməyən qəliz arxaizmlər, məhz orta əsr fars həyat və düşüncə tərzinə aid dini-mifoloji, dünyəvi tiplər, prototiplər, arxetiplər, bütün bu və digər fərqli milli təfəkkürün, diferensial qrammatik quruluşun, dini-fəlsəfi istilahların bizim dildə poetik-qrammatik qarşılıqlarını yaratmaq heç də asanlıqla başa gəlmir. Bütün bunları çox hallarda ana dilimizdə olduğu kimi kompleks şəkildə canlandırmaq ümumiyyətlə, mümkün olmur. Bir də hər iki dildə vaxtilə müştərək işlənmiş, eyni zamanda bu gün də eyni cür anlaşılan külli miqdarda ərəb mənşəli sözlərin və bütün bunların əruz vəzninə uyğunluğuna baxmayaraq, məhz fars dili üçün xarakterik olan izafət tərkiblərinin – onların doğma dilimizdə qarşılığı olan ismi birləşmələrə nisbətən əruz bəhrlərinin təqtilərinə daha çevik və maniəsiz uyğunlaşması hallarını da əlavə etmək lazımdır. Elə buna görə də tərcümə etdiyim bəzi qəzəllərdə bizim klassik şeirdə də müştərək işlənmiş, bu gün də elm və ədəbiyyat adamları tərəfindən əsasən başa düşülən analoji əruz bəhrlərinin təfilələrinə - qəliblərinə təbii şəkildə yerləşən bəzi ərəb və fars tərkiblərini olduğu kimi saxlamaq məcburiyyətində qaldım. Oxucularımız üçün daha anlaşıqlı olsun deyə həmin çətin söz və ifadələrin bəzilərinin lüğətini verməyi də zəruri hesab etdim. *** “Biz həyat idealını deyil, həyatın özünü olduğu kimi tələb edirik. Bu həyat pisdirmi, yaxşıdırmı, hər halda biz onu bəzəmək istəmirik; çünki biz zənn edirik ki, bədii əsərlərdə təqdim edilən həyatın pisliyi də, yaxşılığı da eyni dərəcədə gözəldir, zira o həqiqətdir. Həqiqət harada isə, poeziya da oradadır”(V.Q.Belinski): H.Şirazinin bu beytində həqiqət onun sinonimi olan “Allah” sözü ilə ifadə olunub: Eyni sırada deyil xanəgahla xərabat, Allah harada vardır, mən də orada varam. Xanəgah – bir şeyx, ya mürşidin rəhbərliyi altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, təkyədir. Xərabat isə meyxana, yəni təsəvvüfə görə, kamil mürşidin batini, cəbərut və münacat məqamıdır. Aşiqlərin məstliyi bu məqamdan başlayır. Bu həm də kamil mürşidin saf qəlbinə və lahut aləminə, başqa bir təfsirdə isə meyxana, meykədə və xərabat peyğəmbərlərin qəlbinə işarədir. 2018-ci ildən başlayaraq Hafiz Şirazinin qəzəllərini tərcümə edərkən, başqa sözlə, bu ölməz şairi “milliləşdirərkən” bir daha əmin oldum ki, dil fərqlərindən, yaşadıqları tarixi dövrlərdən, ictimai-siyasi-fəlsəfi görüşlərindən asılı olmayaraq dünya şairləri həyatın pozitiv və neqativ lövhələrini yüksək həssaslıq və obyektivliklə əks etdirirlər. Bəhs etdiyimiz konkret Hafiz dövründən – orta əsrlərdən bu günə qədər siyasi leksika ilə desək, saysız-hesabsız avtoritar, despotik rejimlərin dağılmasına və yeni açıq və ədalətli seçki sistemi ilə birlikdə bütün vətəndaşların hüquqi aspektdən fürsət bərabərliyinə malik olmalarına baxmayaraq, hələ də liberal dəyərlər – şəxsiyyətin toxunulmazlığı, azad və əksfikirlilik, fərdiyyətin özünüifadəsi, tənqidi mülahizələr kimi prioritetlər qanunla müdafiə olunmur, əksinə, seçkilər saxtalaşdırılır, xalq bir ovuc təsadüfi dələduzların uzunmüddətli hakimiyyəti altında, hədə-qorxularla hər cür istismara məruz qalır. Xüsusilə, Azərbaycan da daxil Şərq ölkələrində despotik hakimiyyətlər rüşvət və korrupsiya ilə dünyanın demokratik hakimiyyətlərinin də əsaslarını sarsıtmağa çalışırlar. Elə buna görə də orta əsrlərdə olduğu kimi varlı-yoxsul antaqonizmi, şər, hakim qüvvələrin hegemonluğu, güc strukturları ilə, siyasi sifarişləri sözsüz yerinə yetirən hakimlərlə gözləri qorxudulmuş əhalinin əksər təbəqələrinin yoxsul və acınacaqlı güzəranı və s. mahiyyətcə dəyişməyib – Hafizin ixtisarla verdiyim aşağıdakı qəzəlində təsvir olunan neqativ hallar XXI əsrdə də eynən təkrar olunur (həzəc VIII növ: məfUlü məfAİlü məfAİlü fəUlün): Çəng ilə udu gör necə təqdir eləyirlər, Gizli için o badəni, təkfir eləyirlər. Eşq namusuna, rövnəqi-üşşaqa qıyırlar, Gəncə tutub eyb, piri də təhqir eləyirlər. Qəlbi qaralıqdan savay hasil deyil heç nə, Batin xəyalı sonra da iksir eləyirlər. Haqqı qoyaraq qapıda, min hiylə qururlar, Tez pərdə dalında ona tədbir eləyirlər. Hafiz, meyini iç ki, bu şeyx, müfti və darğa Yaxşı nəzər et, hamısı təzvir eləyirlər. Buradan aydın olur ki, müxtəlif coğrafiyada, tarixi dövrlərdə, ictimai-iqtisadi formasiyalarda baş vermiş ictimai-siyasi proseslər mahiyyətcə indi də başqa bir tipik şəraitdə, yeni bir formada eynən təkrarlanır: yenə də despotik həyat tərzi hökm sürür, insan beynini yuyan musiqi və əyləncələrlə (çəng və ud qədim şərq musiqi alətləri indi digər musiqi alətləri ilə əvəz olunsa da, eyni effektlə kütlələri yatızdırır, insanları fəal həyat mövqeyindən uzaqlaşdırır) xalqın başı qatışdırılır, gənclər, qocalar, uşaqlar da təhqirlərə məruz qalır, qaranlıq ideyalar, xüsusilə əxlaqsızlıq və yüngül qazanc təbliğ olunur, haqq pərdə dalında qalır, bir ovuc kriminal mütəşəkkil dəstə hakimiyyətdən yararlanır, iqtidar nümayəndələri – şeyxlər/başçılar, müftilər/mollalar və məmurlar hiylə ilə xalqın qanını içirlər. Klassiklər həmişə müasir və aktual fikirlərilə fərqlənirlər – onların öz əsərlərində təsvir və tərənnüm etdikləri tipik fakt və hadisələr digər tarixi dövr və şəraitdə eynən “ təkrarlanır”. Biz burada H.Şirazinin dini-fəlsəfi görüşlərindən daha çox onun həmişə müasir olan ictimai-siyasi, bir qədər də fəlsəfi mülahizələri barədə bir neçə fraqmentlə kifayətlənəcəyik. Bununla da sanki müasirimiz olan xacənin cahanşümul ideya və aforizmlərini şərh etməyə çalışacağıq. Yəqin ki, xronoloji ardıcıllıqla XIII - XVI əsrlərdə yaşamış, əruz bəhrlərində yazmış klassik şairlərimizdən İzzəddin Həsənoğlunu, müəllifi bilinməyən "Dastani-Əhməd Hərami"ni, Qazi Bürhanəddini, İmadəddin Nəsimini, Şah İsmayıl Xətaini, Məhəmməd Füzulini oxumusunuz. Anadilli poeziyamızın bu zirvələrinin ədəbi irsləri ərəb-fars tərkiblərilə o qədər doludur ki, bu günkü oxucularımızın əksəriyyəti onları həzm edə bilmirlər. Mənə elə gəlir ki, anadilli klassiklərimizlə müqayisədə XIV əsr fars şairi Hafizi yazıldığı münsərih bəhrində (Müftəilün FAilAT Müftəilün FAilün) doğma dilimizə daha çox yaxınlaşdırmışam: Hərçənd qoca, xəstədil, həm də natəvan oldum, Hərgah üzünü andım, gəncləşdim, cavan oldum. Şükr Xudaya, Ondan hər nə ki, tələb etdim, Nəhayət himmətilə xoşbəxt , kamiran oldum. Ey sütül gül fidanı, bəxtin meyvəsini ye, Sayəndə gül bağında bülbüli-xəndan oldum. Məni aylar, illər yox, vəfasız yar qocaltdı, Ömür keçdi, əfsus ki, mən də qocaman oldum. Dünən Tanrı Hafizə müjdə inayət etdi, Gəl, keçim günahından, sənə mən həyan oldum. H.Şirazini dünyaca məşhurlaşdıran əsərlərindəki cahanşümul ideyalar, eyni zamanda hətta iki dünyaya şamil aforizmlərdir. İki dünyanın, yəni bu dünya ilə axirət dünyasının qiyməti aşiqlərin nəzərində bir arpa qədərdir. Bu arpa bu dünya üçün az matah, o biri dünya üçün çoxlu hədiyyədir. Fikir verirsinizmi Allah aşiqləri üçün iki dünyanın dəyəri bir arpa qədərdir. Bu obrazlı ifadədə qənaətcillik, gözütoxluq, başqalarını da özün kimi düşünmək, israfçı olmamaq təlqin olunur. Əhalisinin əksəriyyəti Allah aşiqləri olan despotik rejimli ölkələrin yeraltı və yerüstü sərvətləri demək olar ki, bir kriminal cinayətkar qrupun, klanın - xalq düşmənlərinin mədələrinə pərçimlədilib. Görəsən, BMT, AŞPA və digər beynəlxalq təşkilatların gözləri qarşısında rəhbəri olduqları ölkələri şəxsi mülkiyyətlərinə çevirmiş, milyonlarla vətəndaşların haqlarını sanki bir oturuma həzmi-rabedən keçirmiş bu sonsuz iştahalı, acgöz,oğru, quldur hakim sülalələri nəhayət son mənzilləri olacaq qara torpaq doyuzduracaqmı? İki dünya neməti aşiqlərə bir arpa, Ki bu matah azdır, az, o əta isə kəsir. Sən demə, XIV əsrdə də indiki dövrdə olduğu kimi elm və fəzilət sahibi olmaq "günah" imiş, söhbət əlbəttə, saxta elmi dərəcələr alanlardan getmir. Bu, taleyin yox, Hafizin dırnaqarası ironiyasıdır! Biz kimik ki? Dünyanın sahibinin ironik, məcazi dünyasıdır - əsasən ədalətsiz bir dünyadır. Həqiqi dünya deyilən o dünyanın hələlik canlı, hal şahidləri yoxdur, yəni o dünyalıq olanlardan hələ heç kəs bu dünyaya qayıtmayıb ki, əbədi cənnət və cəhənnəm haqqında konkret təsəvvürlər olsun. Əbədi zaman tunelinin işıqlı nəhayətini görən bir BƏSİRƏT GÖZÜ yox. Əgər elə bir GÖZ olsaydı soruşardım ki, məsələn, bu dünyanı yaradanda - Ruzi-Ələstdə, Qırxlar Məclisində görəsən, sosial ədalət haqqında cüzi bir söhbət gedibmi? Niyə ən azından maddiyyat bölgüsündə aqilə yox, məhz cahilə bərabər də yox, ziyadə ruzi çatır? Elə buna görə də sosial ədalətin mövcud olmadığı məs. bizim cəmiyyət nə bu dünyaya, nə də o dünyaya şərəf gətirmir, məncə: Zəmanə nadanlara murad cilovu verir, Sən fəzlü elm əhlisən, həmin bu günah bəsdir! Yaxud: Elminlə qürurlanıb, sevincdən məhrum olma, Zahid, bil ki, cahilə çatar ziyadə ruzi. Aşağıdakı tərcüməni fb səhifəmdə paylaşarkən şair Xaqani Həbiboğlu yazdı: “Hafizə-rəhmət,sizə-can sağlığı!Farsı bilməsəm də, türk dilində bulaq kimi axır”. Digər bir tanınmış qələm əhlimiz Etibar Etibarlı isə öz məmnunluğunu bu cür ifadə etdi: “Gözəl, qardaşm, bu əzablı yolda sənə uğurlar! Heyf ki, fars dilini bilmirəm!. Klassikləri orijinaldan oxumaq xoşbəxtlikdir!” Mən nə qədər söylədim dərdimi təbiblərə, Əlac eləmədilər biz miskin qəriblərə. O gülün ki, taleyi küləyin əlindədir, De ki, çox ayıb olsun bütün əndəliblərə. İlahi, sən aman ver, sevənlərin gözləri Heç vaxt həsrət qalmasın sevimli həbiblərə. Məhəbbətin fərmanı öz xoşuna deyildir, Nəbadə kam verəsən, ya Rəbbim, rəqiblərə. Ey inkarçı, comərd ol, həm də səxavətli ol, Kömək əlini uzat barı binəsiblərə. Dünyaya vurulmazdı, Hafiz qulaq assaydı Ağıllı nasehlərə, ya müdrik ədiblərə. Mən nə qədər çalışdımsa, bu kifayət qədər məşhur qəzəlin rədif sistemini saxlamaqla, həm də yazıldığı rəməl bəhrində ana dilimizə tərcümə edə bilmədim. Çünki orijinalda “ nə oldu”? mənasını verən və farsca çox poetik səslənən bu bədii suallı rədifi saxlamaqla şeri müvafiq əruz bəhrində ana dilimizə çevirmək qeyri-mümkündür. Yarlıq bir kimsədə yox, o sadiq yarlar hanı? Dostluq nə vaxt tükəndi? Dostlar, dostdarlar hanı? Abi-həyat bulandı, mübarək Xızır harda? Gül şaxından qan damır, badi-baharlar hanı? Kimsə demir var idi dostu, dostluq haqqı da, Həqşünaslar nə halda? Bəs vəfadarlar hanı? İnsaf, mürvət kanından illərdir ləl çıxmır, Bəs günəş, sərt küləklər, yağışlar, qarlar hanı? Yüzminlərlə gül açdı, bircə bülbül ötmədi, Bülbüllərə nə oldu? O nəğməkarlar hanı? Aşağıdakı qoşa təqtili, kiçikhəcmli qəzəlin ilk beyti istisna olunmaqla hər beytinin birinci misrası əruzun bir bəhrində, ikinci misrası digər bəhrindədir. Mən də müəllifin bu yazı tərzini eynilə saxlamışam: Gül olmasa, yar xoş olmaz, Badəsiz bahar xoş olmaz. Seyri-çəmənü təvafi-bostan Yoxsa laləzar xoş olmaz. Sərv rəqs eləsə, gülün haləti Bulbul etsə ah-zar, xoş olmaz. Vaxtilə mən bu məşhur qəzəli yazıldığı rəməldə tərcümə etdim. Məhz əruzun tələblərinə riayət etdiyimdən qəzəlin orijinal mətnindən uzaqlaşmağa məcbur oldum. Çünki rəməlin təqtilərini saxlamaqla şerin məzmununu, müəllif dəsti-xəttini bütünlüklə olduğu kimi ifadə etmək bəzi hallarda qətiyyən mümkün olmur. Bu gün bu qəzəli hecada tərcümə etməklə bu iki vacib xüsusiyyətin üst-üstə düşdüyünün şahidi oldum. Təcrübə göstərir ki, heca şerinin ifadə imkanları heç də əruzun imkanlarından geri qalmır. Onu da xüsusilə qeyd edim ki, hər iki vəzn və onların növ və variantları bizim klassik və müasir ədəbiyyat tariximizdə müştərək əhəmiyyətli yer tutur. Aşağıda xüsusilə, son iki beytdə istənilən cəmiyyət həyatında hər addımbaşı rast gəldiyimiz ictimai eybəcərlik təkcə normal düşüncə tərzinə sığmayacaq bir satirik karikatura məhsulu deyil, mövcud xarakterik həyat fraqmentlərinin təmsil dilində obrazlı ifadəsidir: Bu nə hay-küy! Dövr edir göydə qəmər görürəm, Üfüqləri dopdolu fitnəylə şər görürəm. Hər kəs zəmanəsindən yaxşı gün tələb eylər, Müşkül o, günü gündən daha betər görürəm. Əbləhləri şərbətli, tamam qəndli, gülablı, Alimlərin ruzisin xuni-ciyər görürəm. Ərəb atı yaralı, yağır palan altında, Ulağın boynundasa mən tovqi-zər görürəm. P.S. - 1: Fars dilində “suzo saz”, yaxud “sazo suz” söz birləşməsini funksional bədii üslubda – şairlərin yaradıcılıq nümunələrində yeri gəldkcə müşahidə etmək olar. Bu obrazlı ifadə H.Şirazinin üç ayrı-ayrı qəzəlində fərqli, təkrarsız situasiyalarda və orijinal mənalardadır. Bu məşhur söz birləşməsinin birinci tərəfi digər bir tərkibdə də “suzo qodaz” ( 1) həyəcan, narahatlıq, əzabkeşlik, sevgi həsrəti; 2) məhəbbət lirikası; 3) qəmlənmə, qüssələnmə) şəklində də populyardır. “Suxtən” ( yanmaq) və “saxtən” (qurmaq, yaratmaq) fe”llərinin köklərindən yaranan bu söz birləşməsi “həyat – məmat”, yaxud “olum – ölüm” dilemmasını ehtiva edir. İzahlı lüğətlərdə “suzo saz” – 1) dözüm, dəyanət; 2) şövqlü, ehtiraslı, qızğın, coşqun sevgi; 3) dərd, qüssə mənalarında işlənir. Ancaq poeziyada, klassik əsərlərdə, məs. H.Şirazidə bu birləşmə öz lüğəvi, sətri-filoloji mənasından çox poetik-məcazi-fəlsəfi aspektləri ilə diqqəti cəlb edir. Bu birləşmənin işləndiyi beytləri (orijinalı) Əkbər Müdərrisi-Əvvəl Şivanın, həm də Hafiz Rüstəmin (yəni bəndəniz mənim – H.R.) bədii tərcümələrində - üç ayrı-ayrı qəzəl kontekstində nəzərdən keçirək. 101-ci qəzəl Dər aşeği qozir nəbaşəd ze sazo suz, İstadeəm ço şəm”, mətərsan ze atəşəm. Ə.M.Ə.Şiva: Aşiqin yoxdur əlacı, o düşər eşq oduna, Şəmtək qorxmayıram, canım əgər odda yanar. H.R.: Aşiqlikdə dözümdən, dərddən özgə seçim yox, Atəşimdən qorxmayın, dayanmışam sanki şam. 134-cü qəzəl Bərxod ço şəm” xəndezənan gerye mikonəm, Ta ba to, səngdel, çe konəd suzo saze-mən? Ə.M.Ə.Şiva: Gülərək şam kimi öz-özünə ağlayıram, Sən ilə ta nə edə əşgü dilxunbarım? H.R: Gülə-gülə ağlayıram özüm şamtək, Daşqəlb, sənlə neylər mənə qəmnəvazım? 151-ci qəzəl Coda şod yari-şirinət, konun tənha neşin, ey şəm”, Ke, hokme-asiman inəst: əgər sazi və gər suzi. Ə.M.Ə.Şiva: Gedib tək qalmısan,ey şam, şirin yar yanında sən, Qəzayi-asimanidir ki, dönməz öz qərarından. H.R.: Şirin yardan ayrıldın, indi tək otur, ey şam, Taleyin hökmü ilə tüstü kor edər gözü. Bu tərcümələrin hansının orijinala daha yaxın olduğunu oxucuların ixtiyarına buraxaraq, qeyd edim ki, hər iki mütərcim hər bir beytin mənasını, ideyasını, qafiyə-rədif sistemini, bu söz birləşməsinin müstəqim, yaxud məcazi-frazeoloji ifadəsinin ekvivalentini ana dilimizdə - yeni bir strukturda qoruyub-saxlamağa cəhd etmişik. P.S. - 2: “Hafiz və Füzuli ölüm tarixləri nəzərə alınmaqla 150 illik fərqlə biri XIV, digəri XVI əsrdə yaşamış iki böyük şairdir. Eyni mədəniyyət dairəsinə mənsub olmaqdan başqa Həkim Sənai (vəfat edib 1131, yaxud 1141), Fəridəddin Əttar (vəfat edib 1221), Mövlana Cəlaləddin Rumi (1207 – 1273), Əvhədi Marağai (1271 – 1338) və Mahmud Şəbüstəri (1289 – 1340) kimi qüdrətli şairlərin əsərlərindən bəhrələnmişlər. İki şair arasında oxşarlığa diqqət yetirən Hasibə Mazıoğlu hər ikisinin də qəzəllərinə ərəbcə misralarla başlamasını, bəzi beytlərini müqayisə etməklə Füzulinin Hafizdən təsirləndiyini əsaslandırmaqla bildirib ki, “bu təsirlənmə o demək deyildir ki, Füzuli Hafizi sadəcə köçürüb, əksinə, o, Hafizin təsirilə tamamilə yeni, orijinal şeirlər yazmışdır. Bu baxımdan Füzulinin Hafiz Divanını oxumamış olduğunu düşünmək mümkün deyildir. Ancaq eyni zamanda bu da təkzibedilməz faktdır ki, qüdrətli bir şair olan Füzulinin başqasının şerindən söz və ya fikir mənimsəməsinə ehtiyacı olmayıb. Bəzi tədqiqatçılar Hafiz ilə Füzulini təsəvvüf şairləri olduqlarını qeyd edirlər. Hər iki şairi ortaq olan bu dini-fəlsəfi cərəyan da birləşdirə bilir. Çünki hər iki şair irfan terminləri arxasında öz poetik fikirlərini məharətlə ifadə edə bilmişlər. Hafiz də, Füzuli də İslam mədəniyyətinin ortaq mənəvi sərvəti olan aşiqanə və rindanə qəzəl tərzini özlərindən sonrakılara miras buraxan şairlərdir” (Hasibə Mazıoğlu). Ön sözün müəllifi: Hafiz Rüstəm (şair-tərcüməçi)
© 2020 - Created by İLK XEBER.