Onu qorumağa borclusan, məsulsan, cavabdehsən...

Ana dili! Ulularımız  birgə əmək zamanı yaratdığı nəğmələri, balalarını şirin yuxuya batırdığı laylaları, min bir sehrinə inandırdığı əfsanələri, nağılları, dastanları, hikmət xəzinəsi olan atalar sözü və məsəlləri ...bu dilə bükdü, keşməkeşli döyüşlərdən, faciələrdən, yaman təsirlərdən, bəd ağızlardan qoruyub əmanət olaraq bizə çatdırdı. Min illərdən gələn bu uzun yol boyunca dili daha da zəninləşdirdilər, cilaladılar, mükəmməlləşdirdilər – ustadlarımız barmaqları qanaya- qanaya bu bakirə təbiət guşəsini tikanlardan təmizləyib gülüstana döndərdilər, burda bəslədikləri şəhvar  sənət çiçəklərini dünya söz bazarına çıxardılar. Xətiblərimiz bu dildə bəlağətlə söz mülkündəki cəvahirlərini xırıd edib ürəklər aldılar. Bu dildən döyüşlərdə şəmşir, şənliklərdə şərbət, şölənlərdə gülab kimi yararlanmışlar. Alimlərimiz bu dilin söz ehtiyatını, səslənmə, yazı, cümlə, danışıq qayda-qanununlarını elmi şəkildə  təsbit etmiş, başqa dillərdən fərqli xüsusiyyətlərini əsaslandıraraq hazır şəkildə bizə təqdim etmişlər. Bizə onu yaşatmaq, qorumaq, təəssübünü çəkmək, məsuliyyətini daşımaq qalır. Yaşatmağına yaşatmışıq. Dildən milyonlarca istifadə edən varsa, bu dil yaşayır, demək. Lazımınca qoruyuruqmu? Təəssübünü çəkə bilirikmi? Məsuliyyətini daşımağı bacarırırqmı? Dili qorumaq tək dilçilərin, dilşünasların, dil-ədəbiyyat müəllimlərinin deyil, dildən ünsiyyət vasitəsi kimi istifadə edən hər kəsin işidir, vəzifəsidir. Dili qorumaq bu dildə onun bütün normalarına yerli- yerində riayət etmək, düzgün istifadə etmək, aydın, səlis danışmaq, yazılı və şifahi nitqdə fikri konkret, lakonik, lazımi üslubda çatdırmaq  deməkdir. Dili qorumaq yad ünsürləri ona calamamaq,  yersiz alınma sözlərdən imtina etmək deməkdir. Burada başqa dillərə məxsus söz və ifadələrin işlənməməsindən getmir, təbii ki. Hamıya bəllidir ki, insanların, xalqların özləri kimi dil də başqa dillərin təsirinə məruz qalmadan başqa dillərlə təmasda olmadan mövcud ola, inkişaf edə bilməz, bunu ərtləndirən tarixi, iqtisadi, coğrafi və sosial amillər var. Ancaq dildə zərurət olmadan işlənən başqa dilə məxsus sözlər - varvarizmlər nə qədər yersiz çıxır... “ Evi ...ot i do təmir etdirək  gərək”. ”V smısle...  geçən ilki məzunların sənədləri sənəd qəbulu komissiylarında təsdiq ediləcək...“.  “Bu hazırlıqla 350 bal toplaya bilər, v kraynem sluçaye -380”.  “Mən ona cavab verə bilərdim, prosto pərt etmək istəmədim. Voobşşe məndən bu barədə heç nə soruşma.”... Sovet dövründə bu cür — qarışıq  danışıqlara daha çox rast gəlinərdi. Bunu bəziləri təhsilinin rus dilində olmasını arqument gətirməklə izah edirdi, bəziləri isə “mən russkoyazıçnıyam, Azərbaycan dilli məktəbi bitirsəm də,  azərbaycanca yaxşı danışa  bilmirəm...”, - deyə izah edirdi. Ancaq əslində buna görə deyildi. Əslində o adamın savadsız olması ilə bağlı idi. Çünki diqqətlə fikir verib görürdün ki, şəhərin mərkəzində, ümumilikdə rusca danışan “elit “ insanların   ən qaynar yerində yaşayan bu yazıq heç qrammatik qaydalara riayət etmədən danışır. Çünki  savadsızdır, çünki məktəbdə yaxşı oxumayıb, çünki öz dilini də, eiraf etdiyi kimi düz-əməlli bilmir. O, rusca yaxşı danışmır, sadəcə, danışanları imitasiya edir, yamsılayır.... Belə ki, məlumdur, imitatorlardan yaxşı poliqlotlar yetişir, bu isə  yalnız imitasiya hesabına deyil, həm də səy və ciddi təhsil və ya özünütəhsil hesabına olur. Zira “imenno“, “qde-to”, “obıçno”, ”obed“, ”prikaz“, “zakaz“, ”soldat“, ”slujba“, ”pol“, “potolok“, “prosent“, ”otxod“. “doverennost“, “sdaça“, “ploşadka“ və onlarla bu kimi sözlərin ya Azərbaycan dilində tam qarşılığı, ya da çoxdan dildə oturuşmuş alınma paraleli olduğu halda, bu sözlərin nitqdə işlədilməsi sırf varvarizm  səciyyəsi daşıyır. Aşağıda həmin söz və ifadələrin bəzilərinin dilimizdə qarşılığını göstərməklə nitqdə əvəz edilə bilən variantını təklif edirik. Ən çox qıcıqlandırıcı  sözlərdən biri də “по-моему” sözüdür. İlahi, bu “məncə“ modalı – ara sözü  fikrə münasibəti də, münasibətin  mənbəyini də çox dürüst, dəqiq ifadə etdiyi halda,  ağızdan  şərbət dadmış kimi şirin bir feyzlə, incə ahənglə sızıb xaric olduğu halda, nə ehtiyac var, dodaqlara əziyyət verib müxtəlif formaya salaraq, saqqız çeynəyircəsinə tələffüz edib, nəfəs tezliyinə də, ahəngə də xələl gətirəsən? Son vaxtlar türk dilindən də dilimizə - danışıq dilimizə xeyli sayda söz, ifadə və ibarələr sürətlə axın edib özünə yer  edib. Mənşəcə dilimiz , ədəbiyyatımız qədim ortaq köklərə malik olsa da, hər birinin müasir filologiya baxımdan özünəməxsus inkişaf yolu, dil normalarındakı fərqlər danılmazdır.  “Başarılar“,  “okul“, “öyrətmən“, ”depresyon“, “bəncil“, ”acil“, “müsaidmisiniz?”,   ”önyarğı“, “mücadilə“  “aşağılamaq“, “yazıqlar olsun“, “insanlıq halı“ və s. kimi söz və ifadələr bizim dilimizə xas deyil.  “Depressiya“ sözünü biz  beynəlmiləl söz kimi işlədirik, buna hər bir dil daşıyıcısı kimi bizim də haqqımız var. Bunu “depresiyon” kimi işlətməyin nə mənası var? Bir sıra sözlər: “efir”, “zor“, babat“ kimi sözlər də  fərqli mənada işlənməkdədir.  “ Babat “ - ortabab, miyanə, pisdən bir qədər yuxarı, orta həddə yaxın... mənası ilə bərabər, ədəbi dildə olmasa da, danışıq dilində   “çox yaxşı”, “əla” mənasını da “kəsb edir”. Bu, bir növ “yaman” sözünün də “pis”, ”bəd“ mənasından başqa, antonimik  “yaxşı”, ”çox yaxşı“, “güclü“  mənasında işlənməsinə bənzəyir. Ancaq bu, həmin sözün çoxmənlılığı şəklində lüğətdə də öz əksini tapıb”. Babat “ sözünün “yüksək keyfiyyyətli“,  “yaxşı”, “əla“ kimi mənaları isə (özümə bir babat  ayasiyaqqabı aldım“, “...babat bişirmişdi“,  “babat bal toplayıb, hüquqşünaslıq fakültəsində ödənişsiz oxuyacaq“ - hər halda burada ironik çalar hiss edilməmiş deyil, ortabab baldan söhbət getmir), ədəbi dilimizdə yoxdur, lüğətlərdə də rast gələ bilməzsiniz. Bəs onda nə əsasla sözü öz müstəqim mənasında deyil, ironik çalarla işlədirsiniz? Dilimizin,  həm də nitqimzin problemli, yanlışlı məqamlarından biri də  dialekt ünsürlərə meyillilikdir. Fərqli dilekt qruplarına malik dil daşıyıcılarının hər birinin ədəbi dildə danışması zərurətdir və mədəni nitqi şərtləndirən amillərdədir və hamıdan tələb edilir. Düzdür, dialektlər qədim dilimizin trixi köklərinin öyrənilməsi baxımındn çox böyük əhəmiyyət kəsb edir. Bəlkə də, kiməsə öz bölgəsində və ya bölgəsindən olan adamlarla öz ləhcəsində, şivəsində danışmaq xoş gəlir. Ancaq  cəmiyyətdə ləhcə ilə danışmaq olmaz, hər kəs Azərbycan ədəbi dilində danışmağa, özü də səlis, düzgün danışmağa borcludur. Bu həmişə ilk növbədə ziyalılardan: təhsilli və intellekti, mədəni səviyyəsi yüksək səviyyəsi daha yüksək adamlardan tələb edilirdi, ancaq  əslində  indi cəmiyyətin öz daxilində də inteqrasiya getdiyindən, onun üzvlərini kateqoriyalara, silklərə bölmək məqsədəuyğun deyil. Hər kəs bu cəmiyyətin üzvü olaraq onun bir hissəsidir, zərrəsidir, mədəni səviyyəli, məlumatlı, cəmiyyətin digər üzvləri ilə, eləcə də başqa ölkələrdəki insanlarla vizual və virtual ünsiyyət  imkanlarına malikdir, bütün bunlar da insanların mədəni səviyyəsinə, dünyagörüşünə təsir göstərməyə bilməz. Yəni bu gün yalnız dövlət rəsmilərindən, məmur və digər  vəzifəli şəxslərdən, müəllim və həkimlərdən deyil, ticarət, xidmət işçilərindən, texniki və fəhlə peşələrində çalışanlardan da peşə bcarıqları ilə yanaşı, mədəni rəftar və mədəni nitq tələb edilir, yoxsa insanlar iş yerlərində uzun müddət çalışmaq şansını itirərlər. Bununla belə, mədəni, düzgün nitq, ifadəli nitq dedikdə ilk növbədə ziyalılar, məmurlar, dövlət rəsmiləri, söz və sənət ustaları şair və yazarlar, bədii qiraət ustaları, səhnə xadimləri: aktyor və rejissorlar, veriliş aparıcıları və s. göz önünə gəlir, onların  dil-danışıq normlarına daha çox riayət etməli, səlis, bəlağətli, düzgün danışmalı və bunu başqalarından da tələb etməli olduqları düşünülür. Ancaq bəzi ziyalıların  nəinki gözəl nitq nümunəsi nümayiş etdirdiklərinin, nitq prosesində vacib olan adi normativlərə riayət etmədiklərini müşahidə etmək olar. Televiziya kanallarında verilişlər zamanı tərəf-müqabilinin sözünü kəsmək,öz fikirlərini iddialı şəkildə bəyan edib başqasının mülahizələrinə  etinasız yanaşmaq bir yana, mövzu ətrafında müsahibə və ya  müzakirələri mübahisə səviyyəsinə çatdıraraq, loru danışıq və  kobud ibarələrdən istifadə edənlər bəzən milyonlarla tamaşaçının onları izlədiyini sanki nəzərə almır və onlar tərəfindən haqlı qınağa məruz qalırlar. Sovet dövründə məşhur incəsənət  ustalarından birinin müsahibəzmanı xalq üçün işlətdiyi “qara camaat“ ifadəsi orta və yaşlı nəsi nümayəndələrindən bir çoxunun hələ də yaxşı xatirindədir. Onu da yaxşı xatırlayırıq ki, həmin müsahibədən sonra o xanım etimadını qazndığı xalqın gözündən düşmüşdü. O zaman üçün bu nadir hal sayılırdı. Son vaxtlar isə belə hallara, demək olar, hər gün rast gəlinir. Müxtəlif televiziya kanallarındakı ucuz, yüngül formatlı verilişlərdə də,  müzakirə, daha ciddi formatlı pproqramlar, internet saytlarında, canlı  tədbirərdə də.   Xalq  insanlara dərrakə və  istedadı ilə bərabər, həm də nitqinə görə qiymət verir. Loru sözlər, saya - danışıq leksikasına aid ibarələr, jarqonlara məişət üslubunda da yol verilməməlidir, halbuki  publisistik üslubda, kütlələrlə təmas yaradan xalq tribunasının dilində  bunu normal qarşılayanlar, etinasız yanaşanlar var . Bir çoxlarının   nitqində isə dalekt və şivə ünsürlərinə rast gəlinir. Bəzilərində bu az dərəcədə nəzərə çarpırsa, digərləri öz ləhcə və şivəsini qəsdən daha qabarıq büruzə verməklə ya bunu bir növ öz üslubu kimi korrektə edir, ya da  hansı bölgədən olduğunu çatdıraraq, hətta bununla fəxr etdiyini hiss etdirir. KİV-ə dəvət edilən, müsahibə verən, veriliş aparan, ya yazı dərc etdirən şəxs dialekt ünsürlərindən istifadə etməməidir. Bu həm ədəbi dilimizə, həm onların tərəf müqabillərinə, ünsiyyətdə olduğu şəxslərə qarşı bir növ hörmətsizlik deməkdir . Axı, “Sənsiz səni sevəjəyəm, elə sənin ajığına”  deyən  şairə xanımın nitqi doğrudanmı, vaxtilə telekanallarda  təkrar-təkrar göstərilən “Yaşıl eynəkli adam“ın  personajları - Moşu Göyəzənlinin və onun Söylüsünün nitqindən fərqlənməməlidi, doğrudanmı, xanım onların nitqində ədibin – V.Səmədoğlunun ironiyasını anlamayıb? Ləhcə xüsusiyyətlərini  digər yazar və şairlərimizdə, jurnalistlərimizdə, hansısa KİV rəhbərinin nitqində, hətta bir sıra parlament  üzvlərində də, həm də açıq-aydın müşahidə etmək mümkündür. ”Onu maa musiqiçilər danışmışdı...”(bir ədibin müsahibəsindən). Yenə də dildən düzgün istifadə etməyə, fikirləri düzgün ifadə etməyə, dildən dürüst faydlanmağa, onun təəssübünü çəkməyə görə əsas  məsuliyyəti dilin daşıyıcısı, yiyəsi olan xalqın ziyalısı daşıyır. Həmişəki kimi. Ancaq bu cəmiyyətin digər üzvlərini, xalqın digər nümayəndələrini - daha böyük çoxluğunu məsuliyyətdən kənar etmir ki. Ana dilinin – Azərbaycan dilinin yaşaması üçün bu dildə danışmaq gərəkdir. Düzgün, səlis, rəvan danışmaq gərəkdir. Həmişə danışmaq, hər yerdə danışmaq gərəkdir, xüsusən, ailədə, cəmiyyətdə, ofisdə, ziyafətdə... Fərqi yoxdur, hansı ölkədə böyüyüb, harada yaşayırsan. Hansı dildə istəsən, təhsil ala da bilərsən, lap xarici dildə əsərlər yazıb, cild-cild  kitablar  nəşr etdirə bilərsən. Ancaq ana dilində danışmağa, ana dilini sevməyə, ana dilini qorumağa borclusan, məsulsan, cavabdehsən, ey ana yurdun - Azərbaycanın övladı.